Məhkəmə qərarları › İş №1(004)-458/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-458/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-458/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmuş və Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 may 2023-cü il tarixdə səhər saat 11 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi həyət evinin pəncərəsini əli ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, həmin mənzildən Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla ona məxsus hər biri 400 manat olmaqla 800 manat dəyərində iki ədəd alüminium materialdan hazırlanmış qapı, hər biri 400 manat olmaqla 800 manat dəyərində iki ədəd alüminium materialdan hazırlanmış pəncərə, 140 manat dəyərində bir ədəd «Ariston» markalı su qızdırıcısı, 40 manat dəyərində bir ədəd peyk aparatı, 90 manat dəyərində bir ədəd duş suqarışdırıcısı və 30 manat dəyərində bir ədəd hamam suqarışdırıcısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.900 (bir min doqquz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, artıq xeyli müddət heç bir yerdə işləmədiyi üçün tüfeyli həyat sürməyə başlamış və uzun müddət narkotik maddə qəbul etdiyi üçün, bir neçə dəfə məhkum olunmuşdur. Qeyd olunan səbəbdən ağrıları yarandığı üçün onun həmişə pula bərk ehtiyacı olmuşdur. O, 24 may 2023-cü il tarixdə səhər saatlarında təkbaşına şəhəri gəzərkən hər hansı bir əşya əldə etdiyi zaman, həmin əşyanı satıb gündəlik təlabatını ödəmək fikrində olmuşdur. O, Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mustafa Sübhi küçəsi ilə piyada hərəkət edən zaman, 144 nömrəli evin qarşısında dayanmış və həmin ünvanda heç kimin yaşamadığını gördmüşdür. Ətrafa diqqətlə nəzər yetirdikdən sonra o, həmin həyətə daxil olmuş və həyətdəki evin giriş qapısının bağlı olduğunu görsə də, evin pəncərəsinin bərk bağlı olmadığını hiss etmişdir. Bundan sonra o, fikirləşmədən əli ilə pəncərəni açaraq mənzilin içərisinə daxil olmuşdur. Həmin vaxt o, ev sahibinin həqiqətən evdə xeyli müddət olmadığını və mənzildə olan bir çox əşyaların əvvəlcədən götürülüb aparıldığının şahidi olmuşdur. O, həmin evdə bahalı bir əşya tapa bilməmiş və məcbur olub mənzilin alüminium materialdan hazırlanmış bir ədəd qapısı ilə iki ədəd pəncərəsini quraşdırıldıqları yerdən götürmüş və oradan sakitcə çıxıb getmişdir. Həmin gün oğurladığı qapı ilə pəncərələri Yasamal rayonundakı Mustafa Sübhi küçəsi ilə piyada aparmış və ətrafda olan adamlardan heç kim ondan qətiyyən şübhələnməmişdir. O, evdən oğurladığı qapını tanımadığı şəxsə sata bilsə də, bir az sonra hər iki pəncərəni satmaq üçün aparmaq istəyən zaman polis əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin polis əməkdaşı ilə bir az söhbət etdikdən sonra o, özü ilə gəzdirdiyi pəncərələrin oğurluq olduğunu etiraf etmiş və birlikdə Yasamal Rayon Polis idarəsinin 26-cı polis bölməsinin inzibati binasına getmişlər. O, əlavə olaraq qeyd etmişdir ki, oğurluq hadisəsini tək törətmiş və digər yerlərdə buna oxşar cinayətlər törətməmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun hal-hazırda ailəsi ilə birlikdə yaşadığı evdən başqa, ünvan 2 ünvanda iki otaqlı mənzili vardır. O, hər ay bir neçə dəfə həmin evə gəlib baxmış və nəzarət etmişdir. 24 may 2023-cü il tarixdə səhər saat 11 radələrində o, yenidən evə baxmağa gəlmiş və mənzilə daxil olan zaman burada olmadığı müddətdə kimlərinsə evə girib oğurluq etdiyini hiss etmişdir. Belə ki, evdə olan əşyaların bəziləri yerə atılmış, digərlərini isə özü axtarıb tapa bilməmişdir. O, diqqətlə evə nəzər yetirmiş və məlum olmuşdur ki, olmadığı müddətdə naməlum şəxs tərəfindən həmin mənzildən ona məxsus hər biri 400 manat olmaqla 800 manat dəyərində iki ədəd alüminium materialdan hazırlanmış qapı, hər biri 400 manat olmaqla 800 manat dəyərində iki ədəd alüminium materialdan hazırlanmış pəncərə, 140 manat dəyərində bir ədəd «Ariston» markalı su qızdırıcısı, 40 manat dəyərində bir ədəd peyk aparatı, 90 manat dəyərində bir ədəd duş suqarışdırıcısı və 30 manat dəyərində bir ədəd hamam suqarışdırıcısı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 1900 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra o, evin başqa yerlərinə nəzər yetirmiş, lakin orada hər hansı əşyanın oğurlanmasını aşkar etməmişdir. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bir az sonra həmin evə qardaşı Şahid2 da gəlmiş və ondan hadisə ilə bağlı maraqlanmışdır. Söhbət zamanı qardaşı bir az bundan əvvəl Mustafa Sübhi küçəsi ilə onun evinə tərəf piyada gələn zaman bir nəfər tanımadığı cavan oğlanın əlində qapı və pəncərə apardığını gördüyünü bildirmişdir. Qardaşı həmin vaxt səhər olduğu üçün heçnədən şübhələnməmişdir. O, evdən qeyd olunan əşyaların oğurlandığını bildirsə də, mənzildə ciddi sındırılma və yaxud dağıntı əlamətləri aşkar etməmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, oğurluq hadisəsindən sonra aşkar edilmiş iki ədəd alüminium materialdan hazırlanan pəncərə polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. Digər əşyalar qaytarılmamışdır, vurulmuş ziyan ödənilməmişdir. Bu səbəbdən də şikayətçidir və ciddi cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən daxili işlər orqanlarında, 09 mart 2023-cü ildən isə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində sahə inspektoru vəzifəsində işləyir. 24 may 2023-cü il tarixdə səhər saat 11 radələrində xidmət aparan zaman ona məlum olmuşdur ki, ünvan 2 ünvanda oğurluq hadisəsi baş vermişdir. Bir az sonra o, qeyd olunan əraziyə getmiş və baş vermiş hadisə ilə yaxından maraqlanmağa başlamışdır. O, Yasamal rayonundakı Mustafa Sübhi küçəsi ilə piyada xidmət aparan zaman bir nəfər tanımadığı cavan oğlanın əlində iki ədəd alüminium materialdan hazırlanmış pəncərə apardığını görmüş və şübhələndiyi üçün dərhal yaxınlaşaraq həmin şəxsi saxlamışdır. O, sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs apardığı pəncərələri haradan əldə etməsi və hansı istiqamətə aparması barədə maraqlanmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs hər iki pəncərənin oğurluq olduğunu etiraf etmiş və bundan sonra onlar birlikdə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin inzibati binasına getmişlər. Saxlanılmış şəxs orada olduğu zaman oğurladığı iki ədəd alüminium materialdan hazırlanmış pəncərəni polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 4 dəfə məhkum edilmişdir, həmin məhkumluqlardan 2-si üzrə məhkumluğu ödənilməmişdir. 1) Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur.xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilib. 2) Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilib. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilib. 3) Bundan başqa Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilimişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunub. 4) Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilimişdir. xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 01 ay 25 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Bununla da hazırkı əməli xx.xx.2023-cü il tarixdə törətməklə, son 2 hökm üzrə məhkumluğu ödənilməmişdir. Bununla da Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər 2 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin məhkumluqları ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər 02 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətin təhlükəli residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən təhlükəli residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış iki ədəd alüminium materialdan hazırlanan pəncərənin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 08 ay (üç il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 25 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış iki ədəd alüminium materialdan hazırlanan pəncərənin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar