Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-459/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili X10, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Şamaxinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan parçasına bükülmüş vəziyyətdə təmiz çəkisi 1,207 qram təşkil edən qəhvəyi rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşıyaraq ünvan 3 ünvana gətirdikdən sonra, 10 sentyabr 2021-ci il tarixdə saat 10:30 dəqiqədə Bakı şəhəri Yasamal RPl-nin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanın qarşısında saxlanılıb Yasamal RPl-nin 29-cu PŞnin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ cibindən qeyd olunan 1,207 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xeyli müddətdir ki, bədənində mütəmadi olaraq əzələ, sümük və sair ağrılar olduğu üçün narkotik vasitə “heroini” iynəmə və iynə vurma yolu ilə qəbul edir. Bundan əvvəl narkotik vasitələri Bakı şəhərində «Kubinka», «Sovetski», "Şamaxinka” və “Papanin» adlanan ərazilərdə tanımadığı müxtəlif şəxslərdən alıb sonradan da qəbul etmişdir. Hər dəfə narkotik vasitələrini ayrı-ayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. Sonuncu dəfə isə, yəni hal-hazırda tutulmamışdan əvvəl 09 sentyabr 2021-ci il tarixdə səhər saatlarında növbəti dəfə narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri Yasamal rayonunda yerləşən «Şamaxinka» adlanan əraziyə gəlib, həmin ərazidə olan piyadalar üçün nəzərdə tutulmuş səkidə ora-bura gəzərək narkotik satan şəxsləri axtarmağa başlamış və təxminən 10-15 dəqiqədən sonra oraya bir nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanını bilmədiyi təxminən 40-45 yaşlı, arıq bədən qurluşlu, qara saç, bığsız, qarabuğdayı, uzun sifətli, əynində göy rəngli qısaqol kəynək və qara rəngli şalvarı olan kişi gəlib onun yanında ora-bura gəzişməyə başladıqda, ona yaxınlaşıb, narkotik vasitəsi olub-olmamasını soruşmuş və həmin şəxsdə üstündə bir ədəd bükümdə narkotik vasitə heroinin olduğunu və onu 20 manata satdığını ona bildirmişdir. O da, razılaşıb, özündə olan 20 manat pulu həmin kişiyə verərək ondan bir ədəd sellofan parçasına bükülmüş vəziyyətdə olan bükümdə çəkisini dəqiq bilmədiyi narkotik vasitə heroini alıb, sonradan qəbul etmək məqsədi ilə dərhal həmin bükümü əynində olan qara rəngli idman şalvarının sağ cibinə qoyaraq oradan uzaqlaşıb, yaşadığı Yasamal rayonu, 11-ci Xrebtovı küçəsindəki 174 saylı evə gəlmişdir. Həmin gün o, göstərilən bükümdə olan heroinin az bir hissəsini yaşadığı evdə istifadə etmiş, qalan hisəssini isə elə həmin bükümə bükərək, sonradan istifadə etmək məqsədi ilə eyn olaraq əynindəki idman şalvarının sağ cibinə qoymuşdur. Sabahısı gün isə, yəni 10 sentyabr 2021-ci il tarixdə təxminən saat 10:20-10:25 radələrində o, ərzaq mağazasına getmək məqsədi ilə yaşadığı evdən çıxıb, təxminən 4-5 dəqiqə küçədə dayandığı zaman, qəflətən iki nəfər mülki geyimdə olan şəxslər evinin qarşısında ona yaxınlaşmış və vəsiqələrini çıxarıb özlərini Yasamal RPl-nin 29-cu Polis şöbəsinin polis əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək tələb etmişlər ki, onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getsin. O da, çıxılmaz vəziyyətdə qaldığından polislərin həmin tələbləri ilə razılaşdığı üçün onlar onu özləri ilə bir başa Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirərək və təxminən 10 dəqiqə 1 -ci mərtəbədə dəhlizdə gözlədikdən sonra digər polis əməkdaşı ona yaxınlaşıb, onu öz xidməti otağına apararaq baş təhqiqatçı Anar Əlizadə olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərinə axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da, maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin baş təhqiqatçı onu Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o da, həmin siyahıdan istənilən hən hansı bir vəkil tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Təxminən 15 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili Müdafiəçi kimi təqdim edən şəxs gəldiyi üçün baş təhqiqatçı ona təqdim etmişdir və o da, etiraz etmədiyi üçün baş təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə baş təhqiqatçı A.Əlizadə, ilkin olaraq vəkili Müdafiəçi iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir.Daha sonra isə baş təhqiqatçı A.Əlizadə, video yazan texniki vasitə kimi mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə, vəkili Müdafiəçi və onu küçədə tutmuş həmin iki nəfər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirməyə başlayarkən on təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O da, hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki qara rəngli idman şalvarının sağ cibində saxladığı yuxarıda göstərilən qaydada əldə etdiyi həmin, yəni bir ədəd sellofan parçasından ibarət bükümü içindəki qalıq qalmış çəkisini dəqiq bilmədiyi narkotik vasitə olan heroinlə birlikdə könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroindir və onu tutulmamışdan bir gün əvvəl, yəni 09 sentyabr 2021 -ci il tarixdə səhər saatlarında “Şamaxinka” adlanan ərazidə yalnız üzdən tanıdığı və barəsində heç bir anket məlumatını bilmədiyi bir kişi cinsli şəxsdən öz istifadəsi üçün 20 manata almış və istifadə etməkdən ötrü göstərilən bükümü əynindəki şalvarının sağ cibinə qoymaqla üstündə saxlamışdır. Daha sonra isə baş təhqiqatçı A.Əlizadə onun təqdim etdiyi həmin bükümə baxaraq bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəkilli halda olan narkotik vasitə heroinə bənzər maddənin olmasını müəyyən etmişdir. Bundan sonra baş təhqiqatçı A.Əlizadə özü onun üstünü axtırmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. Bununla da, baş təhqiqatçı A.Əlizadə, onun və vəkili Müdafiəçi, eləcə də orada iştirak edən, yəni onu yaxalamış həmin 2 nəfər polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarışla və həmin bükümdə olan narkotik vasitənin ondan aşkar olunubgötürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da, həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Həmçinin, ondan aşkar olunmuş həmin büküm içindəki narkotik vasitə heroinlə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Bundan əvvəl və ya bilavasitə 09 sentyabr 2021-ci il tarixdə aldığı narkotik vasitə heroini satmaq niyyətində olmamış, yalnız bədənində ağırlar olduğuna görə həmin heroini öz istehlakı üçün alaraq şalvarının cibinə qoyaraq üstündə daşımışdır. Həmin narkotik vasitə heroini ona satmış şəxsin anket məlumatları, iş və yaşayış yeri və ya telefon nömrəsi haqqında heç bir məlumatı yoxdur. Göstərilən bir ədəd sellofan bükümündə narkotik vasitə heroini 09 sentyabr.2021-ci il tarixdə alarkən, yanında hər hansı bir digər şəxslər olmamışdır. Bundan əvvəl və ya bilavasitə 09 sentyabr 2021-ci il tarixdə aldığı həmin narkotik vasitə heroinin qalıqları onda, yəni hər hansı bir yerdə və ya yaşadığı evdə qalmamışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, polis leytenantı rütbəsində Bakı şəhəri Yasamal RPİnin 29-cu Polis şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xidmət etdiyi bölməyə 10 sentyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində anadan olmuş və ünvan 5 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Qasımov X8 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəlidirlər. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında 29- cu PŞ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkili polis leytenantı X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkili Şahin Atakişiyevlə birlikdə Polis şöbəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar və həmin gün saat 10:30 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 8 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən oldu ki, həqiqətəndə o, Bakı şəhəri ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatlarının olduğunu bildirərək ona Yasamal RPİ-nin 29- cu PŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilərək tərəfləpindən dərhal barəsində raport əsasında rəhbərliyə məruzə edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxsla bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi PŞ-nin baş təhqiqatçısı polis mayoru X3 həvalə olunmuşdur. Bununla bağlı, baş təhqiqatçı Anar Əlizadə tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-də xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmüş və o da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin baş təhqiqatçı Anar Əlizadə ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən hər hansı bir vəkil tərəfindən dövlət hesabına hüquqlarımın müdafiə edilməsini xahiş etmişdir. Təxminən 15 dəqiqədən sonra oraya göstərilən büronun vəkili Müdafiəçi gəldi, baş təhqiqatçı Anar Əlizadə onu Təqsirləndirilən şəxs təqdim etmiş və o da, etiraz etmədiyi üçün baş təhqiqatçı Anar Əlizadə bu barədə protokol tərtib etdi. Daha sonra baş təhqiqatçı X17 Qasımovun şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və bundan sonra Təqsirləndirilən şəxs üstünə vəkilinin, eləcə də mənimlə Şahin Atakişiyevin iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, baş təhqiqatçı Anar Əlizadə tərəfindən Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmadı. Bundan sonra baş təhqiqatçı Anar Əlizadə video yazan texniki vasitə kimi mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan parçasına bükülmüş bükümünü çıxararaq təqdim etdi. Bundan sonra baş təhqiqatçı X17 Qasımovdan üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən o, təqdim etdiyi 1 ədəd bükümdə olan maddənin heroin adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni tutulmamışdan bir gün əvvəl, yəni 09.10.2021-ci il tarixdə səhər saatlarında Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə piyadalar üçün nəzərdə tutulmuş səkidə rast gəldiyi üzdən tanıdığı, lakin anket məlumatlarını, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üstündə daşıyaraq saxladığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı A.Əlizadənin Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan parçasına bükülmüş bükümə baxış keçirmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli heroinə oxşar maddə olması olması aşkar edilmişdir.Bundan sonra baş təhqiqatçı A.Əlizadənin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparmış, lakin Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən ona təzyiq olub-olmaması, narkotik vasitəni nə vaxtar qəbul etməsi barədə sorğu edildikdə Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən ona heç bir təzyiq göstərilmədiyini və üzərində aşkar olan bükümdə olan maddənin ona məxsus olduğunu, təxminən 8 ilə yaxındır ki, narkotik vasitə qəbul etməsini və hal-hazırda törətdiyi əməldən peşman olmasını bildimişdir. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı baş təhqiqatçı Anar Əlizadə tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin qeyd olunan bükümdə olan maddə zərfə qoyularaq DİN-nin 169 saylı möhürü ilə möhürlənərək götürüldü. O da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir.Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəylərə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,207 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində qanunsuz olaraq narkotik vasitənin ələ etmə və saxlama cinayətin tərkibi olduğu üçün barəsində toplanmış toplanmış material aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin narkotik vasitə hesab olunan heroini mənbəsi ilə bağlı o, eləcə də, xidmət etdiyi bölmənin digər əməkdaşları bununla bağlı müvafiq qayda da təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin əldə etdiyi narkotik vasitə olan heroini satmaq istəməsi və ya satmağa hazırlaşması haqqında hələki dəqiq və tam məlumat əldə olunmamış, yalnız müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir, o, üstündən aşkar olunmuş narkotik vasitə hesab edilən heroini məhz öz istehlakı üçün qanunsuz əldə edərək üstündə saxlamışdır. Onun narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X5 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 11.09.2021-ci il tarixli, 6/3995 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,207 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatına 0,050 qram çəkidə hissəsi sərf edilmiş, 1,157 qram çəkidə hissəsi qalıq qalmışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 17.11.2021-ci il tarixli 4524 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 11.09.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10.09.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,157 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili X6 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-459/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-459/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver