Məhkəmə qərarları › İş №1(004)-459/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-459/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-459/2023 01.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 17 aprel 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidəki avtoyuma məntəqəsinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz, çəkisi 1.134 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamaqla daşımış. 17 aprel 2023-cü il tarixdə saat 12:00 dəqiqədə isə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri. Yasamal rayonu, V.Əliyev küçəsi, 18 nömrəli evin qarşısında saxlanılaraq, qeyd olunan polis bölməsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol cibindən ağ rəngli selofana bükülmüş bir ədəd bükülünün içərisində ümumi təmiz çəkisi 1.134 qram qəhvəyi rəngli, toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Sabunçu rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Tutulmamışdan əvvəl Yasamal bazarında işləmiş və adətən bazarın yaxınlağında müxtəlif yerlərdə gecələmişdir. 17 aprel 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 01 büküm narkotik vasitə olan heroin alıb şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 12:00 radələrində ünvan 2 ünvanının qarışısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və ya hər hansı maddələrin olub-olmadığını soruşmuşlar və o səmimi olaraq polis əməkdaşlarına üzərində heroin adlanan narkotik vasitə olduğunu bidirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 28-ci polis bölməsinə getmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli idman şalvarının sol cibindən bir ədəd sellofana bükülmüş bükümdə olan narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 112-114-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, halhazırda qeyd olunan bölmənin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmçinin onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Ülvü adlı şəxsin Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın bir daha yoxlanılması məqsədi ilə o, digər iş yoldaşı olan, polis mayoru Şahid2 iştirakı ilə 17 aprel 2023-cü il tarixdə əməliyyat qrupu təşkil elmişdir. 17 aprel 2023-cü il tarixdə saat 12:00-dəqiqədə hər ikisi Bakı şəhəri, Yasamal rayonu. V. Əliyev küçəsi. 18 nömrəli ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, ona özlərini təqdim edib həmin şəxsin həqiqətən Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra həmin şəxsə onlar narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınması şübhəli olduğunu bildirib Yasamal Rayon Polis İdarəsinin 28ci Polis Bölməsinə dəvət elmişlər. Təqsirləndirilən şəxs etiraz, etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Orada xidməti iş otaqlarının birində həmin şəxsə hüquqları izah olunaraq Müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim elmək təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol cibindən bir ədəd şəffaf selo fan a bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üstündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya, yaxud predmet aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında təqdim edilən heroinə bənzər küllə olan bir ədəd şəffaf selofana bükülmüş büküm içi boş olan zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol cibindən aşkar olunmuş bir ədəd bükümün içərisində olan narkotik maddənin konkret nə olması və onu haradan əldə etməsi soruşulduqda həmin şəxs bildirmişdir ki, bükümdəki olan narkotik maddə heroindir və həmin narkotik maddəni 17 aprel 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu. «Kubinka» deyilən ərazidə yerləşən avtoyuma məntəqəsinin yaxınlığında tanımadığı kişi cinsli şəxsdən 20 manat pul müqabilində almış və yalnız özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşımışdır. İş üzrə şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşı Şahid2, iş yoldaşı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol cibindən şəffaf selofana bükülmüş bir ədəd bükülüdə qəhvəyi rəngli, toz şəkilli narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 32-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 18 aprel 2023-cü il tarixli 6/2281 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs 1.imza Kazımov...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1.134 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 41-45) “CD-R diskə baxış keçirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin CD-R diskdə əks edilmiş görüntülər 17 aprel 2023-cü il tarixdə saat 13:30 dəqiqədə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X4 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki. təhqiqatçı X4 qarşısında, daha sonra isə sol tərəfində masa arxasında əyləşmiş şəxs. Bakı şəhəri. 22 nömrəli Vəkil Bürosunun müdafiəçisi Müdafiəçidur. Xidməti otaqda olan masanın qarşısında, sağ tərəfdə əynində qara rəngli idman şalvarı ilə tünd göy rəngli gödəkçəsi olan və iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs Ülvi Kazımovun sol və sağ yanında dayanmış şəxslər isə adları videoçəkiliş zamanı təhqiqatçı X10 tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin CA üzrə baş əməliyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin bölmənin CA üzrə əməliyat müvəkkili, polis mayoru Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə aydın məlumat verdikdən sonra ona həmin təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və yaxud maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol cibindən şəffaf selofana bükülmüş və içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitəyə oxşar maddə olan bir ədəd bükülünü çıxarıb könüllü olaraq təqdim edir, həmin bükülünün içərisindəki maddənin «kokos» kimi tanıdığı narkotik maddə heroin olduğunu və qeyd olunan narkotik maddəni 30 may 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri. Nəsimi rayonu. «Kubinka» adlanan ərazidəki avtoyuma məntəqəsinin yaxınlığında tanımadığı kişi cinsli şəxsdən 20 manat pul müqabilində aldığını, daha sonra isə istifadə etmək üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülüdəki qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı X10 tərəfindən qablaşdırılaraq içi boş zərfə qoyulur və Azərbaycan Respublikasının DİNnin “Zərflər üçün" 169 saylı möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. (i.v. 54) “Maddi sübut kimi tanımaq haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1,134 qram narkotik maddə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq qalmış 1.084 qram narkotik vasitə olan heroin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin məsul saxlanc yerinə təhvil verilmişdir. (i.v. 83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 nəticələrinə dair 09 iyul 2023-cü il tarixli 3606 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 106-107) “Sübutların qiymətləndirilməsinə dair” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman keçirilmiş istintaq hərəkəti videoçəkiliş vasitəsi ilə həyala keçirilmiş və həmin videogörüntüləri özündə tam əks etdirən bir ədəd CD-R diski protokola əlavə edilməklə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün iş üzrə maddi sübut hesab edilmiş, eyni zamanda iş materiallarına əlavə edilmişdir. (i.v. 115-121) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 1.134 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:05-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 22) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 72-73) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 74-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən və Sabunçu rayon Məhkəməsinin 1(008)-399/09 saylı hökmündən görünür ki, Kazımov X6 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 90-91, 103-105) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin 28 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 94) “Təqsirləndirilən şəxsin azad edilməsi haqqında” 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 97-98) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 1(004)- 459/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin 26 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, X8 21 oktyabr 2023-cü il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2009-cu il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.084 qram çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 21 oktyabr 2023-cü il tarixdən hesablanmalı, 17 aprel 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 28 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi, 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 17 aprel 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək, yəni 02 (iki) gün və 28 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.084 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar