Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-46/2024 03.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci ildə İmişli rayonunda anadan olmuşdur. Hazırda Bakı şəhəri, Yasamal rayonu, X12 2A, mənzil 22 ünvanında qeydiyyatdadır və orada yaşayır. Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında laborant vəzifəsində çalışır. Şəhid ailəsi üzvüdür. 06 yanvar 2023cü il tarixində saat 12:00-13:00 radələrində keçmiş tanışı X6 tanımadığı telefon nömrələrindən - 055 *** ** ** və 070 *** ** ** nömrələrindən onun telefon nömrəsinə zəng edərək şərəf və ləyaqətini ən pis formada təhqir edən ifadələr işlətmiş, onu işlədiyi yerdə rüsvay edəcəyini, onun və ailəsi barəsində həqiqəti əks etdirməyən ifadələri işlədəcəyini bildirmiş, o, isə iş yerində onunla danışa bilmədiyi üçün dəstəyi asmışdır. Bu zəngdən təxminən 30 dəqiqə sonra B.Zeynəb iş yerinə - Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının laboratoriya şöbəsinə gələrək kolleqalarını ətrafına toplayıb qışqıra-qışqıra onun haqqında nalayiq, həqiqəti əks etdirməyən məlumatlar səsləndirmişdir. Onu görən Zeynəb hər kəsin gözü qarşısında üzərinə hücum edib onu ən pis söyüşlərlə - “əxlaqsız”, “evyıxan” kimi sözlərlə təhqir etmiş, üzünə tüpürmüş, əl atıb üz nayihəsinə ciddi xəsarət yetirmişdir. İş yoldaşları güc-bəla ilə onu xəstəxanadan çıxartmışlar. Bütün bu hadisələr laboratoriya şöbəsində baş vermiş və həmin ərazidə kamera quraşdırılıb və B.Zeynəbin onun iş yoldaşlarının gözü qarşısında üzünə tüpürdüyünü, ona xəsarət yetirdiyini əks etdirən görüntülər laboratoriya şöbəsində quraşdırılan kameralar vasitəsilə qeydə alınmışdır. Həmin kamera görüntülərini əldə etdikdən sonra o görüntüləri yaddaş kartına (flash kart) köçürmüşdür. Baxmayaraq ki, klinikanın laboratoriya şöbəsinə tibbi personal və əməkdaşlardan başqa kənar şəxsin daxil olmaq ixtiyarı yoxdur, lakin Zeynəb güclə ora daxil olub bu hadisəni edib. Hadisədən sonra Yasamal rayon 29-cu Polis Bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Təhqiqatçının göndərişi ilə həmin gün ekspertizaya getmişdir. B.Zeynəb həmin hadisənin səhərisi günü, 07 yanvar 2023-cü il tarixdə bir daha onun iş yerinə gəlib qışqıra-qışqıra haqqında həqiqəti əks etdirməyən məlumatları söyləyərək narahatlıq yaratmışdır. Yasamal Rayon Polis İdarəsi tərəfindən (Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Elnur Vəliyev) qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 mart 2023-cü il tarixli Qərara əsasən X6 barəsində AR İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilmişdir. Həmin Qərarın surəti bu şikayətə qoşma kimi əlavə edilərək məhkəməyə təqdim edilir. Həmin Qərarda qeyd edilmişdir ki, MTE və PA Birliyinin Yasamal rayon şöbəsinin 22 nömrəli rəyinə əsasən X5 aldığı xəsarətlərin alın nahiyyəsinin tüklü hissəsindən başlayaraq burun qanadına qədər uzanan sıyrıqlar olması, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ biməsi göstərilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Material üzrə izahatı alınan X6 xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində H.Arzunun işlədiyi RKX-nın laboratoriya şöbəsinə getdiyini, Arzu orada olmadığı üçün iş yoldaşlarına onu çağırmalarını bildirdiyini, təxminən 2-3 dəqiqə sonra Arzunun gəldiyini, sonuncuya nə üçün onun haqqında pis sözlər danışmısan sualını verdikdə Arzunun “yaxşı eləmişəm” ifadəsini işlətdiyini, bundan sonra Arzunun üzünə tüpürdüyünü, həmin vaxt əliylə Arzunun üz nahiyyəsinə vurduğunu, bu zaman orada olan insanlar, yəni Arzunun iş yoldaşlarının onları aralaşdırdığını, əsəbləri soyumadığı üçün bir neçə dəqiqə Arzunun ünvanına təhqiramiz ifadələr işlətdiyini, bundan sonra həmin yeri tərk edib getdiyini və hadisənin təxminən 5 dəqiqə çəkdiyini göstərmişdir”. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 mart 2023-cü il tarixli Qərardan göründüyü kimi, Babayeva Zeynəb iş üzrə istintaq zamanı verdiyi ifadəsində xx.xx.2023-cü il tarixdə iş yerinə gələrək iş yoldaşlarının gözü qarşısında onun üzünə tüpürdüyünü, onu təhqir etdiyini etiraf etmişdir. Həmin Qərarın surəti bu şikayətə qoşma kimi əlavə edilib məhkəməyə təqdim edilir. Yəni, X3 iş yerinə gələrək iş yoldaşlarının gözü qarşısında onun üzünə tüpürməsi, onu təhqir etməsi preyudisial xarakter daşıyan Qərar ilə öz təsdiqini tapıb. Babayeva Zeynəb bu əməli ilə kifayətlənməmiş, 16 yanvar 2023-cü il tarixində “Tiktok” sosial şəbəkəsində ona məxsus olan “ZuZuM_021” profili vasitəsilə canlı yayım zamanı onun barəsində böhtan xarakterli, eyni zamanda şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirmişdir. Həmin canlı yayımın görüntülərini telefon vasitəsilə çəkərək yaddaş kartına (flash karta) köçürmüşdür. Həmin canlı yayım zamanı B.Zeynəbin onun barəsində səsləndirdiyi fikirlər aşağıdakılardır: “O vaxtı mənim dayımın ailəsi var idi, gül kimi 2 uşağı var idi, bu qadın da (P.S. onu nəzərdə tutur) dayımın dükanında süpürgəçi və çörəkçi işləyirdi, həmin qadın mənim dayımın ailəsini dağıtdı, ondan uşaq dünyaya gətirdi. Bu qadın ona deyir ki, “istəyirəm sən məni döyüb öldürəsən ki, tutulasan”. Bunun da əri Şəhiddir. O Şəhidin qanı sənin haramın olsun, ay murdar. Sən ərivin adına ləkə gətirirsən, heç olmasa onun familiyasından uşağıvı çıxart. O qadın 1 aydır onu qoymur yaşamağa. O, 1 aydır 29-cu bölmə, 28-ci bölmə, bütün günü küçələrdə qalmışdır. Onu elə həddə çatdırmışdır ki, onun iş yerinə getmiş, başlamiş qışqırmağa, saçına əl atmiş demişdir ki, “döydü məni”. İndi də gedib ekspertizada deyir ki, “onu tutduracam, o türmələrə düşəcək, mən həzz alacam”. Bax bunu yeyəcəksən (P.S. dirsəyini göstərir). Qanun var, qayda var. Səni it balası kimi süründürəcəm. Sən məhkəmədə deyəcəksən ki, “pox yemişəm”, o poxu sənə yedizdirəcəm. Dayım bu tərbiyəsizi hardan tapdı bilmirəm. İmişlidəndir. Nəhlət olsun ona. Onun 2 dənə gəlini var idi. Birini boşayanda dedi ki, oğlanla danışırdı ayırdım onu, öz qohumu idi. O birisini də boşayanda dedi ki, oğlanla tutdum onu evdə. Gəlinlərə mebellərini vermədi. Sən kim idin, az mebel alasan, yolçu? Dilənçiydin də, süpürgəçi idin, gəlib laborant işdiyirsən Respublikanskidə. Şəhiddən olan oğlu qumarda ailəsini uduzdu (P.S. anası dediyini təsdiq edir)”. Canlı yayım zamanı B.Zeynəbin anası Suqra kənardan müdaxilə edərək onun haqqında aşağıdakı məlumatları səsləndirmişdir: “Qardaşım onu oxutdurdu, laboratoriyada işə qoydu, 1 uşaq doğdu, düşdü bunun (P.S. Zeynəbi nəzərdə tutur) dayısının canına. Bu necə Şəhid arvadıdır, camaatın zaksdı ərini soxub yanına uşaq doğur”. Hesab edir ki, X3 aşağıda qeyd edilən hərəkətləri və onun ünvanına dediyi sözlər təhqirdir: xx.xx.2023-cü il tarixdə iş yerinə gələrək iş yoldaşlarının gözü qarşısında onun üzünə tüpürməsi; xx.xx.2023-cü il tarixdə iş yerinə gələrək iş yoldaşlarımın gözü qarşısında onun ünvanına “əxlaqsız”, “evyıxan” sözlərini deməsi; 16 yanvar 2023-cü il tarixində “Tiktok” sosial şəbəkəsində ona məxsus olan “ZuZuM_021” profili vasitəsilə canlı yayım zamanı onun barəsində işlətdiyi bu ifadələr: “Bunun da əri Şəhiddir. O Şəhidin qanı sənin haramın olsun, ay murdar. Sən ərivin adına ləkə gətirirsən. Sən məhkəmədə deyəcəksən ki, “pox yemişəm”, o poxu sənə yedizdirəcəm. Dayım bu tərbiyəsizi hardan tapdı bilmirəm. İmişlidəndir”. Hesab edir ki, X3 onun ünvanına dediyi aşağıdakı sözlər böhtandır: “Həmin qadın mənim dayımın ailəsini dağıtdı; Bu qadın mənə deyir ki, “istəyirəm sən məni döyüb öldürəsən ki, tutulasan”; İndi də gedib ekspertizada deyir ki, “onu tutduracam, o türmələrə düşəcək, mən həzz alacam”; Onun 2 dənə gəlini var idi. Birini boşayanda dedi ki, oğlanla danışırdı ayırdım onu, öz qohumu idi. O birsini də boşayanda dedi ki, oğlanla tutdum onu evdə; Gəlinlərə mebellərini vermədi. Sən kim idin, az mebel alasan, yolçu? Dilənçiydin də, süpürgəçi idin, gəlib laborant işdiyirsən Respublikanskidə. Şəhiddən olan oğlu qumarda ailəsini uduzdu”. Bildirir ki, Babayeva Zeynəbin hərəkətləri nəticəsində o arzuolunmaz vəziyyətə düşmüş, onun barəsində bu cür yalan məlumatlar yayımlanması işlədiyi müəssisədə, cəmiyyət içərisində onun nüfuzuna ciddi xələl gətirmiş, xüsusilə ailəsinin psixologiyasına pis təsir göstərmiş, qanuni hüquqlarının və mənafeyinin pozulması ilə yanaşı, ailəsi onunla birgə mənəvi iztirab keçirmiş, əzab çəkmişdir. Həmçinin, Babayeva Zeynəbin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Ona görə də hesab edir ki, onun barəsində təhqir və böhtan xarakterli məlumatlar yayan Babayeva Zeynəb qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidir. Yuxarıda qeyd etdiyi kimi hesab edir ki, barəsində şikayət verilən şəxs onun barəsində böhtan, yəni yalan olduğunu biləbilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan, həmçinin təhqir, yəni kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları “Tiktok” sosial şəbəkəsində ona məxsus olan “ZuZuM_021” profili vasitəsilə canlı yayım zamanı səsləndirməklə, həmçinin iş yerində onun üzünə tüpürərək və nalayiq ifadələr səsləndirməklə öz hərəkətində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddəsində qeyd olunmuş cinayət əməllərini törətmişdir. Onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmiş, barəsində təhqir və böhtan xarakterli məlumatlar yaymış, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizə ilə müraciət edərək, xüsusi ittihamçı qismində çıxış etdiyi 1(004)- 503/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında müəyyən edilən məsələlərlə bağlı aşağıdakı xüsusatları diqqətə çatdırmışdır. Xüsusi ittiham qaydasında verdiyi şikayətdə Babayeva Zeynəbin 06 yanvar 2023-cü il tarixdə iş yerinə gələrək onu iş yoldaşlarının yanında rüsvay etməsi, üzünə tüpürməsi, onun ünvanına “əxlaqsız", “evyıxan ’ kimi ifadələr işlətməsini qeyd etmişdir. 07 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Babayeva Zeynəb verdiyi ifadəsində qeyd etmişdir ki, o həqiqətən də onun iş yerinə gəlmiş, iş yoldaşlarının yanında qışqıraraq ona “evyıxan” demişdir. Hakimin B.Zeynəbə ünvanladığı “Arzu xanımın üzünə tüpürmüsüz” sualına o cavab olaraq qeyd etmişdir ki, “yadımda deyil". Qeyd etmək istəyir ki, tərəflərindən məhkəməyə təqdim edilən video görüntülərdən də açıq-aşkar görünür ki, B.Zeynəb onun üzünə tüpürür və qaçır. Həmçinin, onu da qeyd etmək istəyir ki, X3 AR İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə Yasamal Rayon Məhkəməsində baxılmış və xx.xx.2023-cü ıl tarixli 3(004)-4560/2023 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarın 2-ci səhifəsində B.Zeynəbin məhkəməyə verdiyi izahatda qeyd edilmişdir: “Bundan sonra, o, Arzu Hümbətovanın üzünə tüpürmüşdür... Ətrafdan olan insanlar onları aralamışdırlar və ürəyi soyumadığından onun ünvanına təhqiramiz ifadələr işlətmiş və oranı tərk etmişdir". Göründüyü kimi Yasamal Rayon Məhkəməsinin qüvvəyə minmiş bir qərarında da qeyd edildiyi kimi B.Zeynəb iş yerinə gələrək iş yoldaşlarının yanında onun üzünə tüpürdüyünü və ünvanına təhqiramiz ifadələr işlətdiyini etiraf etmişdir. Məhkəmənin sözügedən qərarı preyudisial xarakter daşıyır. Belə kı, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-4560/2023 nömrəli Qərarından tərəflərindən apellyasiya şikayəti verilmiş, şikayət təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-4560/2023 nömrəli Qərarı qüvvəyə minmişdir (Qərarlar ərizəyə əlavə edilərək məhkəməyə təqdim edilir). Bu baxımdan məhkəmənin həmin Qərarı ilə müəyyən edilən hallar preyudisial xarakter daşıyır. Yasamal Rayon Polis idarəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 mart 2023-cü il tarixli Qərarda qeyd edilmişdir ki, “Material üzrə izahatı alınan X6 xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində H.Arzunun işlədiyi RKX-nın laboratoriya şöbəsinə getdiyini, Arzu orada olmadığı üçün iş yoldaşlarına onu çağırmalarını bildirdiyini, təxminən 2-3 dəqiqə sonra Arzunun gəldiyini, sonuncuya nə üçün onun haqqında pis sözlər danışmısan sualını verdikdə Arzunun “yaxşı eləmişəm" ifadəsini işlətdiyini, bundan sonra Arzunun üzünə tüpürdüyünü, həmin vaxt əliylə Arzunun üz nahiyyəsinə vurduğunu, bu zaman orada olan insanlar, yəni Arzunun iş yoldaşlarının onları aralaşdırdığını, əsəbləri soyumadığı üçün bir neçə dəqiqə Arzunun ünvanına təhqiramiz ifadələr işlətdiyini, bundan sonra həmin yeri tərk edib getdiyini və hadisənin təxminən 5 dəqiqə çəkdiyini göstərmişdir” (Qərar məhkəməyə təqdim edilib). 07 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Babayeva Zeynəb verdiyi ifadəsində qeyd etmişdir kı, məhkəməyə təqdim etdiyim video görüntülərdə əks olunan 16 yanvar 2023-cü il tarixində “Tiktok” sosial şəbəkəsində ona məxsus olan “ZuZuM_021” profili vasitəsilə canlı yayım zamanı dediyi sözləri onun barəsində deyib. Bir daha məhkəmənin diqqətinə çatdırır kı, В Zeynəb yuxarıda qeyd etdiyi ifadələri “Tiktok” sosial şəbəkəsində ona məxsus olan “ZuZuM_021" profili vasitəsilə canlı yayım zamanı mənim barəsində səsləndirdiyini məhkəmə iclasında etiraf edib və məhkəmə iclasının video çəkilişi zamanı onun ifadəsi qeydə alınıb. X6 16 yanvar 2023-cü il tarixində “Tiktok” sosial şəbəkəsində ona məxsus olan “ZuZuM_021” profili vasitəsilə məhz canlı yayım zamanı onun barəsində o sözləri demiş və o canlı yayımı yüzlərlə insan izləmişdir. Yəni, bu görüntülər video şəklində profildə yerləşdirilməyib, məhz canlı yayım zamanı o nalayiq ifadələr deyilmiş və yüzlərlə insan birbaşa (canlı) bu yayımı izləmiş, müxtəlif şərhlər yazmışlar. Canlı yayımı izləyən şəxslərin sayı videonun yuxarı sağ küncündə rəqəmlə ifadə olunub. Həmin rəqəm sayından da göründüyü kimi canlı yayımı həmin vaxt 260-490 nəfər insan izləyib (canlı yayım davam etdikcə izləyicilərin sayı da artıb). Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X6 16 yanvar 2023-cü il tarixində “Tik-Tok” internet sosial şəbəkəsində olan “ZuZuM 021” profili vasitəsi ilə “evyıxan”, “murdar”, “tərbiyəsiz”, “dilənçi”, “yolçu”, “o poxu sənə yedizdirəcəm”, “lənət olsun sənə”, “səni it balası kimi süründürəcəm” və s. kimi ifadələri işlətmiş, həmçinin 06 yanvarda 2023cü il tarixdə X5 iş yerinə gedib onun ünvanına “ev yıxan” ifadəsini söyləyib üzünə tüpürməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. X3 törətdiyi cinayət əməli məhkəmə linqvistik ekspertizasının rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən X5 nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, bildirmişdir ki, xüsusi ittihamla bağlı şikayətdə bütün xüsusatlar ətraflı qeyd olunub, hadisə necə olub, tərəflər arasında münaqişəyə görə şübhəli şəxs nümayəndəsi olduğu şəxsin iş yerinə gəlib, orada da aralarında mübahisə olub, mübahisə zamanı da Arzu xanımı təhqir edib, əxlaqsız, ev yıxan deyib, daha sonra polis idarəsinə bununla bağlı şikayət olub, müvafiq qərar qəbul olunub yüngül xəsarətlə bağlı, həmçinin Zeynəb xanımın da polis idarəsində izahatı alınıb, İXM-in 157-ci maddəsi ilə icraat başlanmış, hərçənd biz cinayət işi başlamasını istəmişdik, ancaq 3 ay ərzində şəxsi məsuliyyətə cəlb edə bilmədikləri, tapa bilmədikləri üçün onların səhvi ucbatından, müddət ötürüldüyü üçün məhkəmə tərəfindən iş xitam olunub, telefon vasitəsilə də Arzu xanıma təhqirlər olub, ancaq onlar kütləvi xarakter daşımır, Tik-Tok vasitəsilə də təhqirlər olub, orada birbaşa Arzu xanımın adı qeyd olunmasa da, lakin tərəfin xüsusiyyətləri qeyd olunub. Odur ki, X3 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 bildirmişdir ki, Zeynəb Babayeva onun iş yerinə gələrək camaatın yanında, iş yoldaşlarının yanında ona əxlaqsız, ev yıxan deməsi ilə onu təhqir edib, özünə məxsus Tik-tok səhifəsində yanvarın 16-da onun ünvanına nalayiq sözlər deyib, təhqir etmişdir. Zeynəb Babayeva 6 yanvar tarixində iş yerinə gələrək onu təhqir etmişdir. İş yerində ona əxlaqsız, ev yıxan deyib, üzünə tüpürmüşdür. 16 yanvarda Zeynəb Babayeva özünəməxsus “ZuZuM_021” Tik-Tok səhifəsində nalayiq sözlər deyibdir, “şəhidin həyat yoldaşıdır, şəhidin adı sənə haram olsun, ay murdar, dayımın instagramını tapıbdır, İmişlidəndir” ifadələrini işlətmişdir. Hesab edir ki, bu ifadələr təhqirdir. Məhkəməyə şikayətlə birgə təqdim olunan video-çarx sübut qismində nəzərdə tutulub. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 verilmiş şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 06 yanvar tarixində polisə də ərizə yazmışdır ki, bu xanım ondan əl çəksin, o, gedib şikayət etmişdir. Arzu xanımın iş yerinə də getmişdir. İş yerində yaxınlaşıb Arzu xanıma demişdir ki, nə istəyir ondan, o pozğundur, yanında olmuşdur mu, demişdir ki, əcəb eliyir, gör nələr eliyir, əl atmışdır, o da əlini çəkəndə dırnağı üzünə dəymiş, xanım da gedib işlədiyi yerdən ekspert kağız vermişdir. Daha sonra bu xanım şəhid xanımıdır, Allah yoldaşına rəhmət etsin, onun dayısının gül kimi tərbiyəli, qanacaqlı yoldaşı olub, bu xanım dayısının butkasında xadimə işləyib, dayısının ailəsini dağıdıb, qeyri-rəsmi uşaq dünyaya gətirib. Zaksa girməyiblər ki, dövlət bunlara rahat pul versin, zaksa girəndə pul vermirlər axı çox hissəsini ki, sənin yoldaşın var, o da demişdir ki, onun yoldaşı narkotik aludəçisi olub. Arzu xanım gedib onun qaynanasının qapısına deyib ki, gəlinin heç qız uşağı olmayıb, onun yoldaşı gəlib onu bıçaqlasa nə edəcək? 6 yanvarda Arzu xanımın iş yerinə getmişdir, üzünə tüpürməyi yadında deyil, nevroz xəstəsidir. Dayısının ailəsini dağıdıb, “qeyri-rəsmi uşaq dünyaya gətirmisən” deyib, bunu da hamı bilir. Əxlaqsız ifadəsi işlətməmişdir. Bəli Arzu xanıma “ev yıxan” deyib, ancaq əxlaqsız deməyib. Başqa ifadələr də işlətməmişdir. Tik-Tokda işlətdiyi ifadələr Arzu xanımla bağlı olub, sadəcə demişdir ki, dayısının ailəsini dağıdıb. Həmin görüntüləri canlı yayımda kimlər varsa, onlar görüblər. Məhkəmə iclasında iştirak edən Müdafiəçi bildirmişdir ki, hazırda tərəfin həmin şikayəti əsaslandırıb-əsaslandırmaması, eyni zamanda hadisənin şəxsin şərəf və ləyaqətini alçaltması barədə faktının sırf kütləvi nümayiş edilən yerlərdə və yaxud da CMin 147 və 148-ci maddələrinin dispozisiyalarında göstərilən faktlara uyğun olması, sübut qismində məhkəməyə fakt göstərməlidir. Tərəflər arasında mübahisə hesab edir ki, mülki xarakterli mübahisə olmalıdır, məhkəmədə mülki qaydada şikayət edən tərəf iddia qaldıra bilər, odur ki, yekunda müdafiəçi bəraət hökmünün çıxarılmasını xahiş etdi. İş materiallarında olan: Məhkəmə tərəfindən təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli, 4/128 saylı rəyindən görünür ki, “Tik-Tok” internet sosial şəbəkəsində olan “ZuZuM 021” profili vasitəsi ilə X3 çıxışında X5 şərəf və ləyaqətini nalayiq formada alçaldan və ya onu nüfuzdan salan məlumatlar mövcuddur. Video daşıyıcıda həmin məlumatlar belədir: “evyıxan”, “murdar”, “tərbiyəsiz”, “dilənçi”, “yolçu”, “o poxu sənə yedizdirəcəm”, “lənət olsun sənə”, “səni it balası kimi süründürəcəm” və s.. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X5 və X3 qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda X6 vermiş olduğu izahatında Arzunun üzünə tüpürdüyünü və əsəbləri soyumadığı üçün bir neçə dəqiqə Arzunun ünvanına təhqiramiz ifadələr işlətdiyini etiraf etmişdir. Həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)- 4560/2023 saylı X3 İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair qərarında da qeyd edilmişdir ki, X1 Hümbətovanın üzünə tüpürmüşdür, bu vaxt Arzu Hümbətova onu saçından tutmuşdur. O da əli ilə onun üzündən vurmuşdur. Dırnaqları uzun olduğundan onun üzündə dırnaqlarının izləri qalmışdır. Ətrafda olan insanlar onları aralamışdırlar və ürəyi soyumadığından onun ünvanına təhqiramiz ifadələr işlətmiş və oranı tərk etmişdir. Həmin qərara əsasən X6 İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlbetmə müddəti ötürüldüyündən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə uyğun olaraq xitam verilmişdir. X8 həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1893/2023 saylı qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-4560/2023 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında flash disk tədqiq edilmiş və ona cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmişdir. Həmin video görüntülərdə təqsirləndirilən şəxsin 06 yanvarda 2023-cü il tarixdə X5 iş yerinə X5 üzünə tüpürməsi öz əksini tapmışdır. Bundan əlavə məhkəmə iclasında təqsirləndirilən şəxs X6 06 yanvarda 2023-cü il tarixdə X5 iş yerinə gedib onun ünvanına “ev yıxan” ifadəsini söylədiyini etiraf etmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 “Tik-Tok” internet sosial şəbəkəsində olan “ZuZuM 021” profili vasitəsi ilə 16 yanvar 2023-cü il tarixdə yayımlanmış videoyayımda X8 barəsində təhqiredici və böhtan xarakterli məlumatları yaymışdır. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, qeydə alınmış videoyazılara, ekspert rəyinə, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X6 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif edilir. Çünki müəyyən edilir ki, 06 yanvar 2023-cü il tarixdə Bakı Şəhəri Yasamal Rayonu ərazisində yerləşən Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına gələrək kolleqaları toplayıb, “evyıxan” ifadəsini işlətmiş, daha sonra üzünə tüpürmüş, “Tik-Tok” internet sosial şəbəkəsində olan “ZuZuM 021” profili vasitəsi ilə “evyıxan”, “murdar”, “tərbiyəsiz”, “dilənçi”, “yolçu”, “o poxu sənə yedizdirəcəm”, “lənət olsun sənə”, “səni it balası kimi süründürəcəm” ifadələr işlətmiş, həmin ifadələr və hərəkətlər təhqir hesab edilir. Həmçinin məhkəmə hesab edir ki, “Tik-Tok” internet sosial şəbəkəsində olan “ZuZuM 021” profili vasitəsi ilə “Həmin qadın mənim dayımın ailəsini dağıtdı; Bu qadın mənə deyir ki, “istəyirəm sən məni döyüb öldürəsən ki, tutulasan”; İndi də gedib ekspertizada deyir ki, “onu tutduracam, o türmələrə düşəcək, mən həzz alacam”; Onun 2 dənə gəlini var idi. Birini boşayanda dedi ki, oğlanla danışırdı ayırdım onu, öz qohumu idi. O birsini də boşayanda dedi ki, oğlanla tutdum onu evdə; Gəlinlərə mebellərini vermədi. Sən kim idin, az mebel alasan, yolçu? Dilənçiydin də, süpürgəçi idin, gəlib laborant işdiyirsən Respublikanskidə. Şəhiddən olan oğlu qumarda ailəsini uduzdu” kimi ifadələr böhtan hesab edilir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « ...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkib əlamətləri vardır. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CMin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Elektron Çıxarışa əsasən Z.Babayevanın xx.xx.2016-cı il təvəllüdlü X7 adlı və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı uşaqları vardır. Məhkəmə, təqsirləndirilən şəxs X3 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində 2 azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, X3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və X4 cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, 01 ədəd flash disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək, CM-in 147.1-ci maddəsi ilə 1.000 (bir min) manat miqdarında cərimə cəzasına və CM-in 148-ci maddəsi ilə 1.000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 1.300 (bir min üç yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. İş üzrə maddi sübut 01 ədəd flash disk xüsusi ittiham qaydasında şikayət üzrə materiallarda saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 150 (bir yüz əlli) manat X2 tutulub dövlət nəfinə keçirilsin. X4 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “26 saylı” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-46/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-46/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver