Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-46/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olan, işləməyən, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, xx.xx.2024-cü il tarixdə Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)- 209/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,481 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək özündə saxlamaqla daşımış, 13 may 2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:15-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli sviterinin sağ yan cibindən 01 bükümdə xeyli miqdarda təmiz çəkisi 1,481 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 28 may 2024-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,400 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:30-da Yasamal RPİnin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 12:30-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,400 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, hər zaman hər şeyi düz danışan insan olmuşdur. İstifadəçi olmuşdur. Bunu fəxrlə yox, başıaşağı deyir. Məhkəmə iclasına gəlmiş şahidlər ona çox zülm veriblər. Nəsimi Rayon Polis İdarəsində olan onu ayağına vuraraq işgəncə verib. O, bölmədə qaçıb müavinin yanına deyib ki, ona zülm veriblər. Əməliyyatçı bahalı Mercedes sürür. Onu bundan qabaq Nəsimi rayonunda baxmayaraq yükləmişdilər, Sevinc xanım nəzərə almışdı. Prokurorluq da onu nəzərə alıb buraxmışdı. Müalicəyə gedib. O, dərman istifadə edir. Valideyni də xəstədi. Cibində 100 manat pul olub. Özləri bilir, kimdən nəyi necə almışdır. Düzgün rəsmiləşdirmə aparılmamışdır. Onu saxladıqdan 1 saat, saat yarım sonra kamera çəkilişi aparılmışdır. Dövlət hesabına vəkil də ağzını ayırıb baxır, nə verirlər imzalayır. Ona çəkiliş zamanı deyiblər ki, cibindən ancaq narkotik vasitəni çıxar. Pul və ya başqa bir şey çıxarma. O, narkotik vasitəni yox, başqa bir şey çıxaranda video-çəkiliş yenidən başlayırdı. Keçən dəfə ondan soruşulmuşdur ki, niyə sanksiyaya çıxanda hakimə bunlar barədə deməmişdir? O, Allah şahiddir ki, təzyiq altında olmuşdur. Zalda həmin əməliyyatçı da oturmuşdu. Nə edəcəyini bilməmişdir. Onun rəhmətlik atası Nəsimi Rayon İstismar İdarəsində briqadir olmuşdur. Həmişə dövlətçiliyə prezidentə və xanımına hörmət və ehtiramla yanaşmışdırlar. Yəni o, belə bir ailədə böyümüşdür. Axırını seçkidə o, narkoman adam canı ağrıya-ağrıya gedib prezidentə səs verib. Amma bu əməkdaşlar qanunun arxasında gizlənib min əməldən çıxırlar. Səbailin rəis müavini Nəriman müəllim özü qabağına narkotik qoyub onu yola salıb. Orada müstəntiq başının altına yastıq qoyur ki, narahat olma. Bu, metamfetamindir. Prokuror səni buraxacaq. Sonra da gətirib onu məhkəməyə çıxardırlar. Prokurorluğun binasında onu təhqir edib divara dirəyiblər, var yox söyüşü söydülər. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, may ayının 13-ü əməliyyat məlumatı daxil olmuşdur. Şahid3 ilə birgə məlumat üzrə əməliyyat yerinə gediblər. Saat 13-15 radələri idi. Səməd Vurğun 107 ünvanında şəxsi saxlamışlar və idarəyə dəvət ediblər. Üzərinə baxış keçirilən zaman bank kartları, “bakıkart”, telefon və 1 ədəd şəffaf sellofonda narkotik maddə çıxıb. Toza bənzər maddə olub. Xeyr, şəxsə hər hansı fiziki-psixi təzyiq olmayıb. Özü də hər hansı müqavimət göstərməyib. Özü könüllü təqdim edib. Təhqiqatçı polis polkovniki İlham Məmmədov olmuşdur. Yanında ona heç kim narkotik təqdim etməyib. Heç kim təzyiq etməyib. Təqsirləndirilən şəxs şər-böhtan atır. Təqsirləndirilən şəxsi tanımır, hər hansı qərəzi də ola bilməz. Çəkilişdə də görsənir ki, özü könüllü təqdim edir. Vəkil də iştirak etmişdir. Təqsirləndirilən şəxsi döyməmiş, heç əlini də vurmamışdır. Hər yerdə kamera, ətrafda zabitlər necə əl qaldıra bilər axı. And içməyə ehtiyac yoxdur, bura məscid deyil. İdarəyə gətiriləndən dərhal sonra üzərinə baxış keçirildi. Baxış təhqiqatçının xidməti otağında keçirildi. Təqsirləndirilən şəxsin nə paltar geyindiyi yadında deyil. Göy cins şalvarı və Rotsman siqaret qutusu olduğu təxmini yadına gəlir. Futbolka ola bilsin geyinmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, may ayının 13-ü əməliyyat məlumatı daxil olub ki, Rövşən adlı şəxs narkotik vasitə istifadəçisidir. O, dərhal rəhbərliyə məruzə edərək əməliyyat qrupu yaratmışdır. Əməliyyat qrupunun üzvü Şahid2 olmuşdur. Əməliyyat qrupu yaratdıqdan sonra onlar öz mövqelərini seçmişdirlər. Səməd Vurğun küçəsində yerləşən “Bolmart” supermarketin qarşısında. Dəqiq ünvan səhv etmirsə, S.Vurğun 107-dir. Onlarda şəkli və adı var idi. Həmin şəxsi görüblər. Yaxınlaşıb xidməti vəsiqələrini təqdim ediblər. Heç bir müqavimət olmamışdır. Özü onların maşınına əyləşib. Nəsimi Rayon Polis İdarəsinə gediblər. Orada rəisə və təhqiqat şöbəsinə məlumat veriblər. Şəxsi aparıblar təhqiqatçı İlham müəllimin yanında. Dərhal dövlət hesabına vəkillə təmin olunub. Ekspert-kriminalist videoçəkilişlə üzərində axtarış aparmağa başlayıb. Üzərindən telefon, bank kartları, siqaret və qanunsuz şəkildə sellofana bükülmüş narkotik maddə aşkarlanıb. Daha sonra çəkilişdən qurtaranda təhqiqatçı işini bitirib. Ondan sonra prosessual qaydalara uyğun çıxıb sanksiyaya. Oradan da azadlığa buraxılıb. Xeyr, şəxsə hər hansı fiziki-psixi təzyiq olmayıb. Onun yanında Rövşəni heç kim döyməyib. O, sənədləşdirdiyi adama imkan verməz kimsə yaxın dursun. Şəxs dərhal vəkillə təmin olunub. Vəkilin yanında şəxsə qarşı hər hansı təzyiq ola bilməz. Narkotiki özü təqdim etdi. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. O, təqsirləndirilən şəxsi tanımır. Hər hansı qərəzi də ola bilməz. Onun buraxıldığını biləndən sonra da ona qarşı hər hansı qanunsuz hərəkəti olmamışdır. Onların məqsədi ancaq qanunsuz narkotik dövriyyəsini ortaya çıxarmaq olmuşdur. Təqsirləndirilən şəxs Yasamal Polis İdarəsi əməkdaşları onu tutana kimi azadlıqda olub. Gedib ekspertizadan, müayinədən keçə bilərdi. Daxili İşlər Nazirliyinə bizdən şikayət edə bilərdi. Bu adam indiyə kimi heç nə deməmişdir. Gəlib 6 ay sonra deyir ki, onu döyüblər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, may ayı olardı. Yasamal rayonu ərazisində şəxs tutulmuş və bölmədə üzərinə baxış keçirəndə metamfetamin aşkar olunmuşdur. Onda telefonda video və şəkil də var. Hansı ki, şəxsi tutduğu an çəkib bölmənin qrupuna atmaq üçün ki, bu adamı tutublar. Yanında əməliyyatçı Orxan olmuşdur. Üzərində narkotik vasitə aşkar etdilər, apardılar bölməyə. Xeyr, şəxsə hər hansı fiziki-psixi təzyiq olmayıb. Nə o, nə Orxan, nə də başqası təqsirləndirilən şəxsə əl qaldırmayıb. Bölmənin rəisi bu barədə ciddi xəbərdarlıq edib. Yanında da şəxsi heç kim vurmayıb. Videoçəkiliş var. Orada da üzərində hər hansı xəsarət olmadığı görsənir. Rövşən maşında onlara yalvara-yalvara gedirdi. Çünki polis bilir ki, bu şəxs narkomandır. Xəbərdarlıq etmişlər ki, uzaqlaş bu şeylərdən. Məhkumluğu, başqa epizodu və ya hər hansı əlaməti barədə məlumatı yoxdur. On beş gün əvvəl Nəsimi Rayon Polis İdarəsi tərəfindən tutulduğunu bilmirdi. Bölmədə üzərinə baxış keçirəndə orada hal şahidi və vəkil də olmuşdur. Polis bölməsində narkotik olmur. Ona görə heç kim ona narkotik verə bilməz. Özünün olmuşdur. Təqsirləndirilən şəxsin narkotik aldığı adam da tutulub, hazırda həbsdədir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istintaq ifadəsini təsdiq edir. O, Təqsirləndirilən şəxs tutmuşdur. Amma döyməmişdir. Yanında da kimsə döyməyib. Narkotik vasitə üzərində olmuşdur, heç kim ona narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs yalan ifadələrlə məhkəməni çaşdırmaq istəyir. Üzərində dərman olub-olmaması yadında deyil. Narkotik vasitə heç kimin cibinə atılmır, üstündən çıxmırsa, niyə videoda qəbul edir. Şəxsin üzərində döyülmə izləri olanda MSİ şəxsi bizdən qəbul etmir. O halda necə döyülmə ola bilər. Xeyr, heç kimin boğazından yapışmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı disklərə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2702 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 186” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,481 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3011 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN “zərflər üçün №170” dairəvi möhür əksləri olan, ”Zərf içərisində metamfetaminə bənzər maddə; Şübhəli şəxs: “imza” Vəliyev R” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,400 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2024-cü il tarixli 3241 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”da ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olmaması və polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sənədlər ilə tam təkzib edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarda Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı Təqsirləndirilən şəxs müraciəti əsasında əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsində aparılmış araşdırma materialı üzrə cinayət hadisəsi müəyyən olunmadığından iş üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin iş materiallarında olan Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət almadığını bildirmişdir. İlkin tibbi müayinə zamanı xəsarət aşkar olunmamış, hər iki bazunun arxa səthində, hər iki saidin ön və arxa səthində, qarının ön divarında, sol dizdə köhnə çapıq toxumalar müşahidə olunmuşdur. Həmçinin Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs MSY-nə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar edilməmişdir. Bundan başqa iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Yasamal RPİ-nin MSY-də saxlanılarkən, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə ərizə və şikayəti daxil olmamış, onun üzərinə baxış keçirlən zaman heç-bir xəsarət aşkar edilməmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cazası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 03 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Bundan əlavə iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-209/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan əməlləri 13 may və 28 may 2024-cü il tarixdə törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən hökmü çıxarılmazdan əvvəl törətdiyindən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 il 7 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 4 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 il 6 ay 26 gün (bir il altı ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 28 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 199 (yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,381 qram narkotik vasitə olan heroin və 0,350 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 24 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-46/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-46/2025
06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver