Məhkəmə qərarları › İş №1(004)-461/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-461/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-461/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X8, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, “Youtube” platformasında “Kanal 13” və “Laf TV” TV kanallarında yayımlanan videoçarxda X5, xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirdiyi konfansda çıxış edərək onun barəsində yalan və böhtan xarakterli fikirlər söyləmiş, xüsusi ilə ağır cinayətlər törətməkdə ittiham edərək böhtan atmış, şəxsi və işgüzar nüfuzunu ləkələmişdir. Bununla əlaqədar E.T.Məmmədov xüsusi ittiham qaydasında Bakı Hərbi Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1-1 (093)-161/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin şəxs verilmiş cəzadan nəticə çıxarmayaraq, islah olunmamış və azadlığa buraxıldıqdan sonra yenidən öz qanunsuz əməllərini davam etdirmişdir. Belə ki, “Youtube” platformasında “Hürriyyət TV” internet televiziya kanalında yayımlanan videoçarxda E.T.Məmmədov xx.xx.2023-cü il tarixdə “Hürriyyət TV”-nin baş redaktoru və təsisçisi X4 iştirakı ilə keçirdiyi müsahibədə çıxış edərək onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, o, həmin videoçarxın 33:41-ci dəqiqəsində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldacaq ifadələr işlətmişdir: “Hüquq İdarəsinin rəisi Elçin Əliyev üzə durandır, təsəvvürünüzə gətirin üzünə durmadığı adam yoxdur, bu adam Hüquq İdarəsində şöbə rəisi olub, bu adam orduya gələnə kimi Respublika Hərbi Prokurorluğunda xidmət edib, oradan da bunu rədd ediblər. Oradan da gedib Vergilər Nazirliyinə. İşləyib Vergilər Nazirliyində. Oradan təsəvvürünüzə gətirin tutub gətiriblər bizim orduya, ordumuzu düzəltmək üçün, tərsinə. Bu adamın fəaliyyəti var axı, prokurorluqda yarıtmayıb, vergilərdə yarıtmayıb, hər ikisindən qovublar. Gəlib indi də Azərbaycan Ordusuna. 2009-cu ildə yaş həddi ilə əlaqədar ordudan xaric olunub. Tərtər hadisələri dövründə təhqiqatın işinə rəhbərlik edib. 2019-cu ildə təxris olunduğu halda təzədən bunu çağırırlar. Bölmə rəisində uvolit olunub, qoyublar idarə rəisi. Elçin Əliyevi oradan rədd eləsinlər ora qoysunlar ağıllı başlı adam. Elçin Əliyev 3 ilə yaxındır İdarə rəisidir, on vərəqlik qanun layihəsini Milli Məclisə təqdim edə bilməyiblər.” X1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi olduğundan onu həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edərkən həmin şəxs barəsində cinayətin təkrarən törədilməsini nəzərə alaraq həmin maddədə göstərilmiş daha ciddi cəza tətbiq edilməsini və bununla əlaqədar ona dəymiş mənəvi ziyana görə 20000 (iyirmi min) AZN pul kompensasiyasının ödənilməsini təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X6 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və onun xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni, şikayətin vermiş şəxsin doğulduğu il, məşğuliyyət növü və vəzifəsi bundan əlavə şikayətin verildiyi yer göstərilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. (293.3.1 - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) və 293.3.6 - şikayətin verildiyi tarix (il, ay və gün) və yer) Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar