Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-463/2025 18.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olmamış, işləməyən, Cəbrayıl rayonu, Mahmudlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, "Qobu-Park" yaşayış kompleksi, ev № 03, 77 saylı mənzildə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 aprel 2025-ci il tarixdə gecə saat 01 radələrində ünvan 1 ünvandakı “Bravo” adlı super-marketin qarşısında taksi kimi fəaliyyət göstərdiyi ağ rəngli “Chevrolet Cobalt” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda olduğu zaman sərnişin kimi həmin avtomaşına əyləşmiş Zərərçəkmiş şəxs sərxoş vəziyyətində olmasından istifadə etməklə həmin gün saat 04:26 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 314 saylı ünvandakı “Araz” adlı super-marketin qarşısında sonuncuya məxsus “Redmi” markalı mobil telefonu götürüb tətbiqə daxil olmaqla elektron informasiya daşıyıcısı olan 5411- 2498-0765- 1968 nömrəli “Leo Bank” kartından məxfi məlumatlarını əldə edib, qeyd olunmuş kartın hesabından 5.000 manat məbləğində pul vəsaitini özünə məxsus elektron məlumat daşıyıcısı olan 4098-5844-7880-1747 nömrəli “Leo Bank” kart hesabına köçürməklə gizli yolla talayıb Zərərçəkmiş şəxs 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında ağ rəngdə olan “Chevrolet Cobalt” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş və həmin nəqliyyat vasitəsi ilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, 20 aprel 2025ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən “Bravo” adlı super-marketin qarşısında avtomaşınla olan zaman, tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb “Hökməli” dairəsinə aparmasını sifariş vermişdir. Yolda gedən zaman adını sonradan Atif kimi təqdim edən sərnişin ona aid 4098-5844- 7880-1747 nömrəli "Leo Bank" kart hesabına on beş manat pul köçürmüşdür. Atif həmin vaxt spirtli içki təsiri altında olduğundan ondan bir müddət idarə etdiyi avtomaşınla şəhəri gəzdirməyi xahiş etmişdir. Onlar avtomaşınla bir neçə saat hərəkət edən zaman bir-biri ilə müxtəlif mövzularda söhbət etmiş və bununlada öz aralarında xoş ünsiyyət yaranmışdır. Bir az sonra Atif sərxoş vəziyyətdə olduğu üçün avtomobildə yuxulamışdır. O, atifin yatmasından istifadə edib həmin gün saat 04:26 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 314 saylı ünvandakı “Araz” supermarketin qarşısında sonuncuya məxsus “Redmi” markalı mobil telefonunu götürüb mobil tətbiq vasitəsi ilə sonuncuya məxsus 5411-2498-0765-1968 nömrəli “Leo Bank” kart hesabına daxil olmuşdur. O, karta daxil olan zaman Atifin hesabında 6.000 manat məbləğində pulun olduğunu görmüş və həmin vəsaitdən yalnız 5.000 manat məbləğində pulu özünə məxsus “Leo Bank” kart hesabına köçürmüşdür. Həmin gün axşam polis əməkdaşları onu saxlayaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında olduğu zaman o, oğurladığı 5.000 manat məbləğində pulu törətdiyi hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etmişdir. Yekun olaraq zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tamamilə ödədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi tələbinin olmamasını nəzərə alaraq barəsində azadlıqdam məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hal-hazırda heç bir yerdə işləmədiyi üçün müxtəlif yerlərdə fəhləliklə məşğul olmuşdur. O, 20 aprel 2025-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən "Secret Pub" restoranında spirtli içkisi qəbul etmişdir. Həmin tarixdə gecə saat 03 radələrində o, qeyd etdiyi restorandan çıxıb “Bolt” tətbiqi vasitəsi ilə Qobu Yolu istiqamətinə taksi sifariş vermişdir. Bir az sonra o, markası ilə dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinə əyləşmiş və öz yoluna davam etmişdir. Sonradan adının Məcid olduğu bildiyi taksi sürücüsü həmin vaxt ona sifarişi ləğv edərək ödənişi həmin şəxsin kartına atmasını xahiş etmişdir. O, sürücünün xahişini nəzərə alıb, verdiyi sifarişi ləğv etdirmiş və Məcidin təqdim etdiyi şəxsi kart nömrəsinə 15 manat məbləğində pul göndərmişdir. Bir müddət sonra Məcidlə onun arasında xoş ünsiyyət yaranmışdır. Həmin vaxt sərxoş olduğu üçün o, avtomaşını saxlatdırmış və xatırlamadığı mağazalardan birinə daxil olub, sürücünün xahişinə əsasən sonuncunun ailəsinə qırx bir manat məbləğində bazarlıq etmişdir. Avtomobilə bir daha əyləşib yolunu davam edəndən bir qədər sonra o, yuxulamışdır. Daha sonra sürücü onu tanımadığı bir ərazidə düşməyi xahiş etmiş və qısa müddət ərzində digər işlərini görüb yenidən gəlib onu oradan götürəcəyini bildirmişdir. O, Məcidə inanıb avtomobildən düşmüş və sürücünü orada gözləməyə başlamışdır. Lakin xeyli bir müddət keçsədə Məcid adlı sürücü geri qayıtmamışdır. Bundan sonra o, məcbur olub yenidən markası ilə dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşmiş və Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində yerləşən bacısı Sevdanın kirayə yaşadığı ünvana getmişdir. 20 aprel 2025-ci il tarixdə səhər saat 06 radələrində o, yuxudan oyandıqdan sonra tez mobil tətbiqdə özünə məxsus 5411-2498-0765-1968 nömrəli "Leo Bank" kartını yoxlamış və kartında əvvəlcədən yığılmış 5.000 manat məbləğində pulun olmadığını aşkar etmişdir. Mobil tətbiqdə ətraflı araşdırma apardıqdan sonra o, həmin məbləğin taksi sürücüsü olan Məcidə məxsus 4098-5844-7880-1747 nömrəli "Leo Bank" kart hesabına köçürülməsini aşkar etmişdir. Belə ki, o, gecə avtomaşında olduğu zaman həmin kart hesabına gediş haqqı kimi 15 manat pul köçürmüşdür. Yalnız bundan sonra o, dəqiq anlamışdır ki, Məcid adlı taksi sürücüsü onun sərxoş vəziyyətində olub yatmasından istifadə edərək bank kartına daxil olmuş və orada olan 5.000 manat pulu oğurlamışdır. Baş vermiş hadisə ilə bağlı o, dərhal Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona cəmi 5.000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda isə təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin ünvan 4 ünvanında yerləşən “Araz” supermarketin qarşısında baş verməsi məlum olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. (Cild İ, i.v. 6- 9) “Pulların təqdim edilməsi haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 5.000 (beş min) manat məbləğində pulu Zərərçəkmiş şəxs 21 aprel 2025-ci il tarixdə, saat 20:15 dəqiqədə könüllü olaraq təqdim etmişdir. Həmin 5.000 (beş min) manat məbləğində pul Zərərçəkmiş şəxs tərəfindən götürülmüşdür. (Cild İ, i.v. 20) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması ilə bağlı xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. (Cild İ, i.v. 84-86) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da tutulmuşdur. (Cild İ, i.v. 36-37) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 4(004)-332/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 87-91) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 4(004)-378/2025 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs – xx xxxxx 2000-cı ıl tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış və Bakı şəhəri, Qaradağ rayonu, «Qobu Park» yaşayış kompleksi, ev № 03, 77 saylı mənzildə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. (Cild İ, i.v. 65-67) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 68-69) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, oğlunun əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (Cild İ, i.v. 71) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, onun yaşının cox olmasını, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2.3.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdən 24 aprel 2025-ci il tarixədək olan 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyan vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Göstərilənlərlə yanaşı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 22 aprel 2025-ci il tarixdən 24 aprel 2025-ci il tarixədək olan 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-463/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-463/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver