Məhkəmə qərarları › İş №1(004)-464/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-464/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-464/2025 06.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 13:55 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, məhkumluğu ödənilmiş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 1054 məhəlləsi, mənzil 71 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 iyun 2025-ci il tarixdə, saat 05:48-də Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 ünvanında yerləşən ofisin pəncərəsini üzərində saxladığı vintaçan ilə açıb qanunsuz daxil olaraq həmin ofisin ikinci mərtəbəsində olan, Zərərçəkmiş şəxs məxsus, hər birinin qiyməti ayrı ayrılıqda 35 manat təşkil edən 140 manat dəyərində 04 ədəd yataq dəsti, hər birinin qiyməti ayrı ayrılıqda 25 manat təşkil edən 50 manat dəyərində 02 ədəd məhraba, 01 ədəd 110 manat dəyərində «Jack Daniels» markalı viski spirtli içkisi, 01 ədəd 350 manat dəyərində «Hp» markalı monitor və 01 ədəd 250 manat dəyərində üzərində göyağ rəngli zolaqlar və «Adidas» yazısı olan qara rəngli çantanı gizli olaraq talayıb oranı tərk edərək Zərərçəkmiş şəxs ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmuş, subaydır, heç bir yerdə işləmir, 06 iyun 2025-ci il tarixdə, təxminən saat 05:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 ünvanında yerləşən obyektin qarşısından piyada keçən zaman oradan oğurluq edib maddi gəlir əldə etmək qərarına gəlmiş, bu məqsədlə o, ətrafda hər hansı bir şəxsin olmadığını görüb həmin obyektin giriş qapısına yaxınlaşıb üzərində olan vintaçan ilə giriş qapısına müdaxilə etsə də açmaya nail olmamış, bundan sonra o, həmin obyektin pəncərəsinə əlndə olan vintaçan ilə açaraq pəncərədən obyektin içərisinə daxil olmuş, sonra obyekin içərisində axtarış aparmağa başlamış, daha sonra obyektin künc hissəsində olan nərdivanla ikinci mərtəbəyə qalxmış, orada kameranın bağlı olduğu monitor olmuş, o, həmin monitoru obyektdən götürdüyü üzərində ağ və göy zolaqları və «adidas» yazısı yazılmış qara rəngli idman çantasının içərisinə qoymuş, bundan başqa obyektin ikinci mərtəbəsindən 4 ədəd yataq dəsti, 2 ədəd məhraba, 01 ədəd karton stəkan, bir ədəd viskini oğurlayıb həmin çantaya qoymaqla obyektin birinci mərtəbəsinə düşüb oradan uzaqlaşmış, 06 iyun 2025-ci il tarixdə o, 01 ədəd yataq dəsti, 2 ədəd məhraba, bir ədəd viskini və 1 ədəd monitoru Yasamal rayonu ərazisində tanımadığı şəxsə 10 manat pulun müqabilində satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərərin qismən qaytarılmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir, bu səbəbdən məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır lakin o, məhkəməyə gəlməməyin səbəbi kimi səhhətində problemlərin olmasını, o, səbəbdən iştirak etməsinin mümkünsüzlüyünü bildirməklə məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 65 ünvanında yerləşən ofis ona məxsusdur, təxminən bir ilə yaxındır ki, həmin ofis fəaliyyət göstərmir və həmin ofisdə təmin işləri aparılır, 06 iyun 2025-ci il tarixdə, təxminən saat 20 radələrində tanışı Şahid ona zəng edərək müşahidə kamerasının göstərmədiyini bildirmiş, o, internet borcunun olmasını zənn edib öz mobil telefonunda tətbiq vasitəsilə internetin aylıq ödənişini etmiş, həmin vaxt Qəbələ rayonunda olduğundan 10 iyun 2025-ci il tarixdə, təxminən saat 09:20 radələrində ofisə gəldikdə ofisin ikinci mərtəbəsində hər birinin qiyməti ayrı ayrılıqda 35 manat təşkil edən 140 manat dəyərində 04 ədəd yataq dəsti, hər birinin qiyməti ayrı ayrılıqda 25 manat təşkil edən 50 manat dəyərində 02 ədəd məhraba, 01 ədəd 110 manat dəyərində «Jack Daniels» markalı viski spirtli içkisi, 01 ədəd 350 manat dəyərində «Hp» markalı monitor və 01 ədəd 250 manat dəyərində üzərində göyağ rəngli zolaqları və «Adidas» yazısı olan qara rəngli çantanın və 01 ədəd karton birdəfəlik stəkanın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, sonradan müşahidə kamerasına baxdıqda 06 iyun 2025-ci il tarixdə, saat 05:48-də bir nəfər tanımadığı şəxsin əvvəlcə ofisin giriş qapısına müdaxilə etməklə açmağa cəhd etməsi, lakin buna nail olmaması, bundan sonra ofisin pəncərəsindən qanunsuz içəri daxil olaraq ofisin içərisində axtarış aparması və ofisin ikinci mərtəbəsinə qalxaraq oğurluq etməsini müşahidə etmiş, baş vermiş oğurluğa görə ona ümumilikdə 900 manat maddi ziyan dəymişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 16 iyun 2025ci il tarixli qərardan görünür ki, fakt üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlamışdır. (İ/V. 1). “Baxış və götürmə aparılması haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 4 mərtəbəli yarımtikili binaya baxış keçirilən zaman Təqsirləndirilən şəxs göy-ağ rəngli zolaqları və «Adidas» yazısı olan qara rəngli çantanı təqdim edərək içrəsində olan əşyalarla birlikdə 06 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 65 ünvanında yerləşən ofisdən oğurladığını bildirmişdir. Çantaya baxış keçirilən zaman içərisindən 3 hissədən ibarət olan yataq dəsti və 1 ədəd karton stəkan aşkar edilmişdir. Həmin əşyalar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. (İ/V. 18-19). “Diskə baxış keçirilməsi haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanında yerləşən ofisin xaricində quraşdırılmış müşahidə kamerasının görüntülərinin əks olunduğu kompakt diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən video görüntülərdə 06 iyun 2025-ci il tarixdə saat 05:48-də qapısına bir nəfər şəxsin açmaq üçün müdaxilə etməsi, sonradan isə 05:50 daqiqədə pəncərədən ofisə daxil olaraq nərdivanla ofisin ikinci mərtəbəsinə qalxması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntülərdəki şəxsin özü olduğunu bildirmişdir. (İ/V. 44). “Cinayət etməkdə şübhə edilən şəxsin tutulması haqqında” 28 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2025-ci il tarixdə (saat 12:30) şübhəli şəxs qismində tutulmuşdur. (İ/V.35). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (İ/V. 72-73). “Həbs qətimkan tədbirinin seçilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 16 iyun 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 87-91). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə Bakı Apelyasiya məhkəməsinin qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-in 177.2.4-cü maddəsi hökmdən xaric edilmişdir. xx.xx.2020-ci ildə cəza müddətinin qurtarması ilə əlaqədar cəzadan azad edilmişdir. (İ/V. 100-102). “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə baş vermiş oğurluq hadisəsini əks etdirən 02 (iki) ədəd “DVD- R” formatlı kompakt disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa iş üzrə 03 hissədən ibarət yataq dəsti, üzərində göy-ağ rəngli zolaqları və «Adidas» yazısı olan qara rəngli çanta və 01 ədəd karton stəkan maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. (İ/V. 125-131). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, “baxış və götürmə aparılması haqqında” protokol, “diskə baxış keçirilməsi” haqqında” protokol və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkimş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər və o cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxsnın müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-464/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 20 saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 ünvanında yerləşən ofisdən baş vermiş oğurluq hadisəsinin müşahidə kamerasında olan görüntülərinin əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə sübut kimi tanınmış 3 hissədən ibarət yataq dəsti, üzərində göy-ağ rəngli zolaqları və «Adidas» yazısı olan qara rəngli çanta və 01 ədəd karton stəkanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar