Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-466/2022 29.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxx 1993-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3-1 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb elektron məlumat daşıyıcılarından istifadə etməklə saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq və rəsmi sənədləri məhv etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 iyun 2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Vaz 21014” markalı, H501BE05 rus dövlət nömrə nişanlı avtomobilin arxa sağ nəfəsliyinin şüşəsini çıxararaq sağ arxa qapını əli ilə açıb avtomobilin salonuna girmiş və salonda quraşdırılmış bir ədəd 200 manat dəyərində “Pioneer 7150” markalı maqnitofonu gizli olaraq talayıb, zərərçəkmiş şəxsə 200 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 iyun 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Vaz 2107” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobilin arxa sol qapısını əli ilə açaraq avtomobilin salonuna girmiş və avtomobilin salonunda quraşdırılmış bir ədəd 200 manat dəyərində “Pioneer” markalı maqnitofonu, hər birinin dəyəri 50 manat olan ümumi 200 manat dəyərində 4 ədəd səsgücləndirici kalonkaları, yəni ümumilikdə 400 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş şəxsə 400 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 iyun 2022-ci il tarixdə saat 06 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Vaz 2107” markalı, **-KT-*** dövlət nömrə nişanlı avtomobilin arxa sağ qapısını əli ilə açaraq avtomobilin salonuna girmiş, avtomobilin salonundakı saxlanc yeri kimi istifadə olunan dirsək altından bir ədəd 15 manat dəyərində ətiri, bir ədəd 20 manat dəyərində ətiri, bir ədəd 175 manat dəyərində “Audemars Piguet” markalı qol saatını, qabaq sağ oturacaqdan asılmış gödəkçənin cibində saxlanılan icərəsində ekvivalentlə 17 manat təşkil edən 10 ABŞ dolları, 503 manat nağd pul, Zərərçəkmiş şəxs1 adına olan sürücülük vəsiqəsi, 6 manat dəyərində olan "xxxx"a, "xxxx"ına aid plastik bank kartları olan 40 manat dəyərində dəridən hazırlanmış pul kisəsini gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 776 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, rəsmi sənədləri məhv etmə məqsədi ilə 18 iyun 2022-ci il tarixdə saat 06 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılmış “Vaz 2107” markalı, **-KT- *** dövlət nömrə nişanlı avtomobilin salonundan taladığı Zərərçəkmiş şəxs1 məxsus «B1, B, C1, C» kateqoriyalı, xx.xx.2032-ci ilədək istifadə müddəti olan 226976 nömrəli sürücülük vəsiqəsini zibil qutusuna ataraq məhv etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Qardaşlar” adlı ərzaq mağazasına gələrək saat 06:54-dən 07:01-dək olan müddət ərzində oradan aldığı 358.2 manat dəyərində siqaret məhsullarının ödənişini əvvəlcədən oğurluq yolu ilə əldə etdiyi elektron məlumat daşıyıcı hesab olunan Zərərçəkmiş şəxs1 məxsus “Paşa” və “Leo” banklarına aid plastik kartlardan istifadə etməklə təmassız pos-terminal xidməti vasitəsi ilə saxlanc yerinə qanunsuz daxil olmaqla ödəyərək zərərçəkmiş şəxsin 358.2 manat pulunu talayıb oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 18 iyun 2022-ci il tarixdə saat 06 radələrində Yasamal rayonu, 2-ci Alatava ərazisində olduğu zaman orada ağ rəngdə, “Vaz 2107” markalı, **-KT-*** dövlət nömrə nişanlı, əvvəllər tanımadığı, sonradan sahibinin Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi avtomobil onun diqqətini cəlb etmiş və o, həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. O, ətrafda heç kəsin onu görmədiyinə əmin olduqdan sonra oğurluq məqsədi ilə avtomobilin arxa sağ qapısının açıq olduğunu görmüş və əli ilə həmin qapını açmışdır. Bundan sonra o, avtomobilin salonuna daxil olaraq oradan iki ədəd ətir, bir ədəd qol saatı və içərisində 10 ABŞ dolları məbləğində pul, 2 ədəd bank kartı və sürücülük vəsiqəsi olan bir ədəd pul kisəsini oğurlayaraq oradan uzaqlaşmışdır. Bir qədər aralıda oğurladığı pul kisəsinin içərisində olan pulu və plastik kartları götürdükdən sonra həmin pul kisəsini və sürücülük vəsiqəsini zibil qabına tullamışdır. Bundan sonra o, Yasamal rayonu ərazisində yerləşən mağazalardan birinə gələrək oğurladığı bank kartları vasitəsi ilə ödəniş edərək 358 manat məbləğində müxtəlif növ siqaretlər almış, daha sonra bank kartlarını tullayaraq yaşadığı evə qayıtmışdır. Həmin gün yenidən yaşadığı evdən çıxaraq aldığı siqaretləri Yasamal rayonu ərazisində yerləşən köşklərin birində satmış və 250 manat məbləğində pul əldə etmişdir. Oğurladığı ətirləri və qol saatını istifadə etmiş, pul kisəsinin içərisindən götürdüyü 10 ABŞ dolları məbləğində pulu və oğurladığı digər əşyaların satışından əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin avtomobildə 503 manat məbləğində nəğd pul olmamış və onu oğurlamamışdır. Lakin yekun məhkəmə iclasında olan son sözündə o, ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, o hər 3 avtomobildən ittihamda qeyd edilən əşyaları oğurlamışdır. Əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 18 iyun 2022-ci il tarixdə, gecə saatlarında idarə etdiyi “Vaz 2107” markalı, **-KT-*** dövlət nömrə nişanlı avtomobili yaşadığı ünvan 4 ünvanının qarşısında saxlamışdır. Həmin gün, saat 10:30 radələrində avtomobilində qalan gödəkçəsini götürmək məqsədilə avtomobilə yaxınlaşdıqda avtomobilinin qapısının açıq olduğunu görmüşdür. O, dərhal avtomobilinin içərisini yoxlamış və ona məxsus ümumi dəyəri 35 manat olan 2 ədəd ətrin, dəyəri 175 manat olan 1 ədəd “Audemars Piguet” markalı saatının, 10 ABŞ dolları və 503 manat məbləğində nəğd pulun, sürücülük vəsiqəsinin, içərisində "xxxx" və "xxxx" kartlarının olduğu, 40 manat dəyərində pul kisəsinin avtomobilindən oğurlanması ona məlum olmuşdur. Daha sonra telefonunda bank kartlarının mobil tədbiqinə baxdıqda həmin kartlarda olan pullarının oğurlanmasından xəbər tutmuşdur. O, dərhal DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Aparılan araşdırma nəticəsində sonradan ona məlum olmuşdur ki, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi naməlum şəxs mağazaların birindən alış-veriş edərək ona məxsus “Leo” banka aid kartdan 336 manat pulu və “Paşa” banka aid bank kartından isə 23 manat məbləğində pulu oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1135 manat ziyan dəymişdir. Son olaraq o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini və ya oğurlanmış əşyaların ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 17 iyun 2022-ci il tarixdə, saat 19:30 radələrində ona məxsus “Vaz 21140” markalı, H501BE05 dövlət nömrə nişanlı avtomobili yaşadığı evin qarşısında saxlamışdır. Növbəti gün, yəni 18 iyun 2022-ci il tarixdə, saat 09 radələrində yaşadığı evin qarşısında saxladığı avtomobilinin arxa sağ yan nəfəsliyinin çıxarıldığını görmüşdür. O, bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində ona məlum olmuşdur ki, naməlum şəxs ona məxsus avtomobilin arxa sağ yan nəfəsliyini çıxarmaq yolu ilə avtomobilinə qanunsuz daxil olmuş və oradan dəyəri 200 manat olan "Pioneer 7150” markalı maqnitafonu oğurlamışdır. Avtomobilində başqa heç bir qiymətli əşya olmamışdır. Sonradan ona məlum olmuşdur ki, onun avtomobilindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 17 iyun 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 72 nömrəli binanın qarşısına gələrək ona məxsus “Vaz 21070” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobili yaşadığı evin həyətində saxlamışdır. Səhərisi gün, yəni 18 iyun 2022-ci il tarixdə, səhər saatlarında avtomobilinə yaxınlaşdığı zaman onun sol arxa qapısını açıq vəziyyətdə görmüşdür. O, dərhal avtomobilinin içərisinə baxış keçirmiş və bu zaman avtomobilində 1 ədəd, dəyəri 200 manat olan “Pioner” markalı maqnitafonun və hər birinin dəyəri 50 manat olan 4 ədəd səsgücləndiricinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, onun avtomobilindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Oğurluq nəticəsində ona ümumilikdə 400 manat məbləğində ziyan dəymişdir. Son olaraq o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini və ya oğurlanmış əşyaların ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçilrilməsi haqqında” 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 5-in qarşısıdır. Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə 29-cu PŞ-nə müraciət edərək yaşadığı evin qarşısında idarə etdiyi “Lada 21014” markalı avtomobilinin arxa sağ yan nəfəsliyinin çıxarılaraq “Pioneer” markalı maqnitofonunun oğurlanması barədə məlumat vermişdir. (i.v. 5-7) “Baxış keçilrilməsi haqqında” 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3-nin qarşısıdır. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə 29-cu PŞ-nə müraciət edərək yaşadığı evin qarşısında idarə etdiyi “Lada 2107” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin “Pioneer” markalı maqnitofonunun və 4 ədəd səsgücləndiricisinin oğurlanması barədə məlumat vermişdir. (i.v. 11-14) “Baxış keçilrilməsi haqqında” 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 89P-in qarşısıdır. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə 29-cu PŞ-nə müraciət edərək yaşadığı evin qarşısında idarə etdiyi “Lada 2107” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin oğurlanması barədə məlumat vermişdir. (i.v. 18-20) “Götürmə aparılması haqqında” 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadə verən zaman Zərərçəkmiş şəxs1 məxsus “Vaz 2107” markalı, **-KT-*** dövlət nömrə nişanlı avtomobildən oğurladığı “Saspiro” markalı 35 ml qram tutumlu ətiri təqdim etmiş və Zərərçəkmiş şəxs1 həmin ətir qabını tanımışdır. (i.v. 60-62) Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC və "xxxx" ASC-yə aid plastik bank kartlarının çıxarışlarından görünür ki, 18 iyun 2022-ci il saat 07 radələrində “Qardaşlar” mağazasında qeyd olunan kartlardan ümumilikdə 358.2 manat məbləğində pul çıxarılmışdır. (i.v. 91-103) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadələrin yoxlanması gedişatında Təqsirləndirilən şəxs etdiyi oğurluq əməllərinin baş verdiyi yerləri əyani şəkildə dəqiq olaraq göstərmişdir. Bununla bağlı protokol tərtib edilmiş və çəkilən fotoşəkillər iş materiallarına əlavə edilmişdir. (i.v. 133-137) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış ona məxsus 01 ədəd mavi rəngli, üzərində “Saspiro” yazılmış, 35 ml tutumlu ətir qabını məhkəmə baxışınadək saxlanması üçün qəbul etmişdir. (i.v. 173) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2-ci və 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; CM-nin 326.1-ci maddəsinə əsasən rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3-1 və 326.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da tutulmuşdur. (i.v. 48) Bakı Şəhər Yаsamal rayon Məhkəməsin 29 iyun 2022-ci il tarixli 4(004)-555/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 87-90) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 331.1 maddəsi ilə təqsirli bilinərək Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə N ay şərti sınaq müddəti müəyyən edilməklə N ay intizam xarakterlı hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. (i.v. 115-116) Azərbaycan Respublikasının CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 onunla barışmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3-1 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut 01 ədəd ətir qabının qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3-1 və 326.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 326.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 326.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 27 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd ətir qabının qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-466/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-466/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver