Məhkəmə qərarları › İş №1(004)-466/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-466/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-466/2023 29.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Bakıxanova Gülmira Akif qızı Təqsirləndirilən şəxs: xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində qeyri-rəsmi münasibətdə olduğu Bakıxanova Gülmira Akif qızının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 119 saylı evdə olarkən yataq otağında dolabda geyim əşyalarının arasından qiyməti 400 manat olan əyarı 585, çəkisi 3,55 qram bir ədəd qızıl qolbağı və qiyməti 700 manat olan əyarı 585, çəkisi 6,22 qram bir ədəd qızıl qolbağı gizli olaraq talamaqla zərərçəkmiş şəxs Bakıxanova Gülmira Akif qızına ümumilikdə 1100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4vanında yaşayır. Evli olmuşdur, lakin sonradan ayrılmışdır, arvadı uşağı ilə birlikdə başqa ünvanda yaşayır, onlarla əlaqəsi yoxdur. Bakıxanova Gülmira Akif qızı ilə 2 ilə yaxındır ki, tanış olmuş və onunla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxsnın yaşadığı Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 119 ünvanına getmiş və gecəni onunla birlikdə qalmışdır. Telefonunu itirdiyi üçün özünə telefon almaq istəmişdir. Bu səbəbdən gecə yatarkən xx.xx.2023-cü il tarixdə saat təxminən 3-4 arası yuxudan oyanıb yataq otağında olan dolabı açaraq orada paltarların arasında Zərərçəkmiş şəxsya aid 2 ədəd qızıl qolbağını götürüb şalvarının cibinə qoymuş və təkrarən yatmışdır. Qızıl qolbaqları oğurladığı paltar dolabında onun özünə aid paltarları da olmuşdur. Səhər saat 07:00 radələrində Zərərçəkmiş şəxs onu yuxudan oyatmış və o, oyanıb paltarını geyinərək onun mənzilindən cıxıb getmişdir. Zərərçəkmiş şəxsnın evində olan yataq otağında dolabdan götürdüyü 2 ədəd qızıl qolbağını təxminən 4 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında «Memar Əcəmi» metrostansiyasının yaxınlığında olan qızıl dükanlarının birinə 605 manata satmış və əldə etdiyi pulun bir hissəsinə bir ədəd 360 manata mobil telefon almış və qalan hisəsinə isə ərzaq məhsulları almaqla öz ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməli etiraf etməsini, səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Bakıxanova Gülmira Akif qızı ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanda azyaşlı 2010-cu il təvəllüdlü qızı X2 ilə birlikdə yaşayır. Yaşadığı ev 2 otaq, dəhliz və mətbəx,sanitar qovşağı və təxminən 30 kvadrat metrlik sahəsi olan həyətdən ibarətdir. Təxminən 2 ilə yaxındır ki, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq yaşayırlar. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında oğlu ilə yaşayır, dediyinə görə həyat yoldaşından boşanmışdır. O yaşadığı evdə olduğu vaxtlarda Təqsirləndirilən şəxs 2 gündən bir mütəmadi olaraq yaşadığı evə gəlmiş, gecəni onunla birlikdə gecələmişdir. Onunla münasibəti çox yaxşı olmuşdur. Onunla heç bir düşmənçiliyi, qərəzçiliyi və ədavəti olmamış və hal-hazırda da yoxdur. O, yaşadığı evə Təqsirləndirilən şəxs gəlib-getməsinə heç bir məhdudiyyət qoymamışdır. 03 may 2023-cü il tarixdə axşam saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, gecəni birlikdə gecələmişlər, Təqsirləndirilən şəxs yaşadığı evdə olarkən, yəni 03 may 2023-cü il tarixdə saat 20-21 radələrində 2 ədəd qızıl qolbağını üstündən çıxarıb yatdığı otaqda olan dolaba geyim paltarlarının arasına qoymuşdur. Təqsirləndirilən şəxs da paltarlarını həmin dolabdan asılqandan asmışdır. Lakin o, həmin 2 ədəd qızıl qolbağılarını dolabda olan paltarların arasına qoyanda Təqsirləndirilən şəxs bunu görüb görməməsinə əhəmiyyət verməmişdir. Ertəsi gün, yəni 04 may 2023-cü il tarixdə sat 07 radalərində Təqsirləndirilən şəxs yuxudan qalxıb getmişdir. Həmin gün saat 17 radələrində dolabın içərisində paltarların arasına qoyduğu 2 ədəd qızıl qolbağını götürüb üstünə taxtmaq istədikdə yerində olmadığını aşkar etmiş, güman etmişdir ki, ola bilsin ki, 2 ədəd qızıl qolbağını qoyduğu yeri unutmuşdur. Təqsirləndirilən şəxs da bu barədə bildirmiş, lakin Təqsirləndirilən şəxs and-aman etmişdir ki, 2 ədəd qızıl qolbağıları götürməmişdir. 05 iyun 2023-cü il tarixdə saat 20:36 radələrində DİN-nin 102 xidmətinə qızıl zinət əşyalarını oğurlanması barədə məlumat vermişdir. Daha sonra həmin gün əməkdaşları onu 26-cı PB-nə dəvət etdilər. Polis Bölməsində də eyni məzmunlu ərizə yazmışdır. Həmin polis bolməsində ondan izahat alınmış və onun razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ev 119 ünvana baxış keçirilmişdir, baxış zamanı 2 ədəd qızıl qolbağımın yataq otağında geyim dolabının içərisinə paltarların arasından oğurlandığını göstərmişdir. Oğurlanmış qızıl qolbağının birini 2023-cü ilin aprel ayında Bakı şəhərində «Moskva» univermağından 400 manata almışdır, digər qızıl qolbağını isə mərhum həyat yoldaşı Aydın ona hədiyyə etmişdir, həmin qızıl qolbağın qiyməti 700 manat olmuşdur. Oğurlanmış ona məxsus olan qızıl qolbaqlardan birinin əyarı 585, çəkisi 3,55 qram, qiyməti 400 manat, digərinin əyarı 585, çəkisi 6,22 qram, qiyməti 700 manat dəyərində olmuşdur, bu hadisə vaxı ona ümumilikdə 1100 manat miqdarında maddi ziyan dəymişdir. Hazırda da ona dəyən ziyan ödənilməmişdir, təqsirləndirilən şəxs ziyanı ödəməkdən yayınmışdır və hazırkı vaxtadək də ziyanı ödənilməmişdir. Həmçinin təqsirləndirilən şəxs dəfələrlə demişdir ki, şikayət etsə ziyanı ödəməyəcəkdir, o da uzun müddət gözləmiş, görmüşdür ki, heç nə ödəmir və onu alddadır, buna görə də şikayət etmişdir. Ona görə də təqsirləndirilən şəxsin ağır formada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanda yerləşən «Qold Marka» adlı qızın barteri, alışı və satışı mağazasında satıcı işləyir. 08 may 2023-cü il tarixdə axşam saatlarında bir nəfər şəxs dükana daxil olaraq özünə məxsus 2 ədəd qızıl qolbağını satmaq istədiyini birdirmişdir. Ondan üzərində hər hansı bir sənədinin olub-olmadığını soruşduqda o öz şəxsiyyətini təsdiq edən AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsini təqdim etmişdir, bundan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs satmaq istədiyi qızıl qolbağlara baxış keçirəndə qolbağlarının qızılının 585 əyarlı olması aşkar olmuş və onların hər ikisini elektron tərəzidə çəkmiş, çəkiləri 9,77 qram olması aşkar olmuşdur. Təqsirləndirilən şəxs qramını 61 manat 93 qəpikdən alacağını bildirdi və Təqsirləndirilən şəxs onunla razılaşdı, alqı-satqı ilə əlaqədar xx.xx.2023-cü il tarixli alqı-satqı qəbzi tərtib etdi. Qızıl qolbağları Təqsirləndirilən şəxs alarkən satdığı mal özünə məxsus olmasını, özü satdığını, qeyri qanuni olmamasını, qızılları satılmasına görə cavabdehlik daşıdığını bildirərək qəbzi imzalamışdır. Təqsirləndirilən şəxs ümumi çəkiləri 9,77 qram olan qızıl qolbağları alaraq ona 605 manat ödəmiş və bu barədə xx.xx.2023-cü il tarixli alqı-satqı qəbzi tərtib etmişdir. Qəbzə Təqsirləndirilən şəxs da imza etmişdir. Təqsirləndirilən şəxs aldığı 2 ədəd qızıl qolbağını sonradan başqa müştərilərə satmışdır. Həmin qolbağları alan müştərilərin şəxiyyətini və yaşadıqları ünvan barədə məlumatı yoxdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları ilə onun işlədiyi «Qold Marka» adlı qızılın barteri, alışı və satışı mağazanın qarşısına gəlmiş, qeyd olunan qızılları işlədiyi mağazaya satdığını bildirmişdir, onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs 2 ədəd qolbağını alması ilə əlaqədar izahat yazmış və xx.xx.2023-cü il tarixli alqı-satqı qəbzinin surətini izahatına əlavə etmişdir. Təqsirləndirilən şəxs ona qızıl qolbağları satarkən cinayət yolu ilə əldə etməsini bildirməmişdir. Qeyd olunan 2 ədəd qalbaqdan savayı Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya 2023-cü ilin yanvar ayında və sonrakı tarixlərdə heç bir qızıl zinət əşyası, o cümlədən qızıl üzük satmamış və almaq üçün ona təklif etməmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6413 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, may ayına 01 ədəd 585 əyarlı, çəkisi 3,55 qram qızıl boyunbağının orta bazar qiyməti 302 manat, 01 ədəd 585 əyarlı, çəkisi 6,22 qram olan qızıl boyunbağının orta bazar qiyməti 528 manat ümumilikdə 830 manat təşkil edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 3 dəfə məhkum edilmişdir. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 03 il 06 aya endirilmişdir. xx.xx.2018-ci ildə tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 08 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsin ziyanı ödənilməmişdir. Məhkəmə cinayətin xarakterini, bir evdə yaşadığı şəxsin əşyalarını oğurladığını, həmin şəxsin onunla birlikdə yaşamasından istifadə edərək, ona qarşı belə bir hərəkət etməsini, vurulmuş ziyanın hələ də qaytarılmamasını, zərərçəkmiş şəxsin onunla barışmamasını, şikayətçi olmasını təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. İş materiallarına əsasən (AZEMİS Elektron Məhkəmə Sistemi məlumatları) Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşağı vardır. Lakin təqsirləndirilən şəxs bildirir ki, ailəsindən boşanmışdır və uşağı ilə keçmiş arvadı başqa ünqvanda yaşayır, onlarla əlaqəsi yoxdur. Ona görə də belə bir halda, uşağı ilə əlaqəsi olmayan şəxsin uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilinmir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf eməsini, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 11:00-dək istintaq hərəkələri keçirilmiş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o 24 saatdan az, yəni 01 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixli alqı-satqı qəbzinin surəti cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 29 gün gün (beş ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixli alqı-satqı qəbzinin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar