Məhkəmə qərarları › İş №1(004)-468/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-468/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-468/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Xaçmaz rayonu, Müzəffəroba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, bundan başqa o, təkrarən özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə 29 iyun 2022-ci il tarixdə saat 11:45 dəqiqədə ünvan 1 ünvanda yerləşən “Kardiologiya İnistitutunun” X3 Şöbənin 1 saylı otağına giriş-çıxışın sərbəst olan qapısının açıq olmasından istifadə edib, otağa daxil olaraq orada Zərərçəkmiş şəxs1 masa yanında olan qadın əl çantasının içərisindən sonuncuya məxsus 1000 manat pulu talayıb, Zərərçəkmiş şəxs1 eyni məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa о, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 30 iyun 2022-ci il tarixdə saat 00:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 77 ünvanının yaxınlığında rastlaşdığı Zərərçəkmiş şəxs2 əlində gördüyü çantanı ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 həmin ünvandan ünvan 3ləyərək sonuncunun blokun giriş qapısını açaraq içəri keçməsindən istifadə edib arxası ilə bloka daxil olmuş, Zərərçəkmiş şəxs2 liftə daxil olarkən arxadan yaxınlaşıb Zərərçəkmiş şəxs2 sol çiynindən asdığı içərisində hər birinin dəyəri 5 (beş) manat olan 2 ( iki ) ədəd dodaq boyası, 1 ədəd dəyəri 10 ( on ) manat olan balansında 285 ( iki yüz səksən beş ) manat 14 ( on dörd ) qəpik pul olmuş Kapital Banka məxsus 1 (bir) ədəd bank kartını, 10 (on) manat dəyərində hesabında pul olmayan Paşa Banka məxsus 1 ( bir ) ədəd bank kartını, Zərərçəkmiş şəxs2 məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi, balansında 4 ( dörd ) manat pul olmaqla 2 ( iki ) manat dəyərində 1 ( bir ) ədəd metro kartı olan 25 ( iyirmi beş ) manat dəyərində ağ rəngli 1 (bir) ədəd qadın əl çantasını dartıb ələ keçirərək Zərərçəkmiş şəxs2 onu arxadan səsləməsinə məhəl qoymaraq həmin yerdən qaçıb uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus qeyd edilən əmlakları açıq talamaqla sonuncuya ümumilikdə 346 ( üç yüz qırx altı ) manat 14 ( on dörd ) qəpik dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 221 və 177-ci maddələri ilə məhkum olunmuş. Sonuncu dəfə Xaçmaz rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinərək 2019-cu ilin mart ayında tutulmuş və cəzası 14 iyun 2022- ci ildə başa çatdığı üçün azadlığa buraxılmış. xx.xx.2022 ci il tarixdə saat təxminən 11:30 dəqiqədə ünvan 4 ünvanda yerləşən Kardiologiya şöbəsinə yoxlanış üçün gəlmiş. Orada birinci mərtəbədə sonradan adı ona məlum olan Lətafət xanımın otağında olmuş və yoxlanışdan keçəcəyini bildirmişdir. Həmin qadın ondan sənəd istədikdə özünü təqdim edib şəxsiyət vəsiqəsini vermiş. O, orada olarkən görmüşdür ki, masa yanında əl çantası var. Daha sonra həmin otaqdan çıxmış və bayırda olarkən görmüşdür ki, Lətafət xanım öz otağından çıxmışdır. O, otağa daxil olmuş və otaqda başqa şəxs olsa da həmin şəxslərin digər həkimlə söhbət etməsinə başlarının qarışmasını görmüş. Masaya yaxınlaşıb onların görmədiyi şəraitdə əl çantasının icərisində olan pul kisəsini götürərək dərhal otağı tərk etmiş. Kənara gedib pul kisəsini içərisinə baxdıqda görmüşdür ki, icərisində 282 manat pul var. O, həmin pulu götürüb boz rəngli pul kisəsini isə kənarda tullayıb atmışdır. Həmin 282 manat pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Etdiyi əməli etiraf edib peşmançılıq hissi keçirdirmiş. Bundan başqa, o, 29 iyun 2022-ci il tarixdə saat 23 radələrində 20 yanvar metro stansiyasının çıxışının yaxınlığında dayanmış. Havanın isti olmasını nəzərə alıb sərinləmək üçün mağazadan bir neçə ədəd pivə və tərkibində spirt olan “Go” adlı içki alaraq içməyə başlamış. O, həmin içkiləri içə-içə ətrafda gəzinməyə başlamış. Saat təxminən 23:55 dəqiqədə o, “Alov zavodu” kimi bildiyi müəssisənin yaxınlığında olarkən bir nəfər təxminən 20-25 yaşlarında olan bir qadının hərəkət etməsini görmüş. Həmin qadını o, əvvəllər tanımırmış, anket məlumatları barədə heç bir məlumatı yox imiş. Həmin qadın biraz getdikdən sonra həmin ərazidə olan “Main” yaşayış kompleksinin binalarından birində doğru hərəkət etdiyini görmüş. Ətrafda heç kəsin olmadığına baxdıqdan sonra həmin qadının çiynində olan çantasını ələ keçirmək fikri yaranmış. Buna görədə həmin qadının arxasınca doğru getməyə başlamış. Həmin şəxs binalardan birinin qapısını açarla açaraq içəri keçdikdən sonra o, həmin qapını açmaq üçün müvafiq açarı tapa bilməyəcəyini və həmin qadın öz evinə qalxmadan cəld şəkildə onun arxasınca gedərək binaya daxil olmuş. Binanın blokundan içəri daxil olduqda o, həmin qadının binanın liftinə girməsini görmüş və liftin qapısı açıq olduğundan həmin qadının çiynində olan ağ rəngli dəri çantasını cəld şəkildə əlindən alaraq qaçmağa başlamış. Həmin qadın arxası ilə bir neçə dəfə uca səslə çantasını geri verməyini tələb etsə də o, həmin qadının sözlərinə əhəmiyyət verməyərək uzaqlaşmağa başlamış, arxasınca heçkəsin gəlmədiyinə əmin olduqdan sonra çantanın içərisində nə olmasına baxmış. Həmin çantada bir ədəd Kapital Banka məxsus bank kartı və bir ədəd Paşa banka məxsus bank kartı, həmin şəxsin şəxsiyyət vəsiqəsi, bir ədəd metro kartı və iki ədəd dodaq boyası var imiş. O, həmin çantadan bank kartlarını, həmin qadının şəxsiyyət vəsiqəsini və metro kartını götürmüş. Çantanın içərisində olan digər əşyalarla birlikdə ətrafa tullamışdır. Həmin çantadan götürdüyü bank kartlarında pul olubolmamasını yoxlamaq üçün 20 yanvar metrostansiyasından biraz aşağıda yerləşən “Bravo” hipermarketə getmiş. Orada özünə ilkin olaraq iki ədəd “Kent 8” markalı siqaret almış. O, cinayət yolu ilə ələ keçirdiyi kartlardan “Paşa” banka məxsus bank kartını ödəniş üçün versə də satıcı həmin kartda pul olmamasını bildirdiyindən o, digər kartı, yəni Kapital Banka məxsus kartı satıcıya təqdim etmiş. Satıcı həmin kartdan pulu çəkərək onun özünə geri qaytarmış. Həmin siqaretlərdən birini açaraq istifadə etmiş. Daha sonra ac olduğundan və həmin marketin yaxınlığında olduğundan içəri keçərək bir ədəd “kolbasa”, bir ədəd “red bull" adlı enerji içkisi və bir ədəd “Go red” adlı spirtli içki almış. O, yenə də ödənişi həmin cinayət yolu ilə ələ keçirdiyi bank kartından ödəmiş. Daha sonra o, çölə çıxmış. Həmin zaman onun yanına iki nəfər mülki geyimli şəxslər yaxınlaşmış. Onlar ona polis əməkdaşları olduqlarını və həmin bank kartının özünə məxsus olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına özünə məxsus olmasını demiş. Polis əməkdaşları onlarla birlikdə Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gəlməyini bildirmişlər. O, polis əməkdaşları ilə birgə Yasamal RPİ-nin 29-cu Şöbəsinə getmiş. Polis şöbəsinə getdikdən sonra o, həmin cinayət əməlini törətdiyini etiraf etmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, CD disklərdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu 28 MALL Ticarət Mərkəzində yerləşən Newyorker mağazasında menecer vəzifəsində işləyir. Ayın sonu olduğu üçün mağazada aylıq hesabatı hazırladığından həmin gün işdən gec çıxası olmuş. xx.xx.2022-ci il tarixdə 23:30 radələrində işlədiyi mağazadan çıxaraq metro vasitəsi ilə yaşadığı evə getməyə başlamış. O, metronun “20 yanvar” stansiyasından çıxaraq yaşadığı ünvan 5 ünvanında yerləşən “Main” yaşayış kompleksinə doğru hərəkətə başlamış. 20 yanvar metrosu ilə onun yaşadığı ev piyada 20 dəqiqəlik məsafədə olduğundan o, piyada şəkildə evə gedirmiş. Binanın həyətinə daxil olduqda onun arxası ilə kiminsə gəlməsini görmüş. Buna görədə cəld şəkildə yaşadığı binanın giriş qapısını bina sakinlərinə verilmiş xüsusi açar vasitəsi ilə açaraq içəri daxil olmuş. O, binanın blokunun giriş qapısından içəri keçdikdən sonra bir nəfər şəxsində gəldiyini görmüş. Bu zaman o, liftin içərisə daxil olmuş. Həmin zaman əvvəllər tanımadığı və heç bir yerdə görmədiyi həmin şəxs cəld şəkildə onun sol əlində olan ağ rəngli dəri materialdan olan çantasını əlindən dartaraq qaçmağa başlamış. O da həmin şəxsin arxası ilə getdikdə həmin şəxs cəld binanın blokundan çıxıb binanın həyətindən qaçaraq uzaqlaşmış. O, həmin şəxsin arxası ilə uca şəkildə dayanmasını, çantasını geri verməsini bir neçə dəfə desə də həmin şəxs onun sözlərinə əhəmiyyət verməyərək çıxıb getmiş. O, buna görədə baş vermiş həmin hadisəylə bağlı dərhal yəni xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində Azərbaycan Respublikası DİN-in 102 Zəng mərkəzinə məlumat vermiş. Onun zəngindən bir neçə dəqiqə sonra ona bir nəfər polis əməkdaşı zəng edərək hadisə yerinə gələcəklərini bildirmişlər. Polis əməkdaşları gəldikdən sonra ondan hadisənin necə baş verməsini soruşmuşlar. O, hadisənin baş verdiyi yeri və hadisə barədə məlumatı polis əməkdaşlarına bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə getmiş. Orada ərizəni və izahatını yazmış. O, Bölmədən çıxarkən mobil telefonuna baxdıqdan mobil telefonunda Kapital Banka məxsus “Birbank” mobil tətbiqindən ona ismarıc gəldiyini və bank hesabından 7 manat 60 qəpik (yeddi manat altmış qəpik) və 11 manat 12 qəpik (on bir manat on iki qəpik) pul çıxıldığını görmüş. O, bu barədə polis əməkdaşların məlumat vermiş. Həmin tətbiqə polis əməkdaşları tərəfindən baxış zamanı qeyd edilən məbləğin 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Bravo Hipermarket”-dən çıxarıldığı görünmüş. Buna görədə polis əməkdaşları həmin ünvana yollanmışlar. Ona da evə getməsini və həmin şəxs tapıldıqdan sonra əlavə məlumat veriləcəyini bildirmişlər. O da evə getdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 17 radələrində tanımadığı bir nəfər polis əməkdaşı ona zəng edərək ona qarşı cinayət törətmiş şəxsin əlamətləri barədə soruşduqda onun əyninə qara rəngli şalvar və qara rəngli qısa qol köynək geyindiyini, bədənin boyun və qol nahiyyələrində tatuaj olmasını bildirmiş. Polis əməkdaşı ona bildirmişdir göstərdiyi əlamətlərə uyğun gələn Rəşad adlı şəxs saxlanılıb və istintaqa təqdim ediləcəkdir. Hadisə nəticəsində onun 3-4 il bundan öncə Nəsimi rayonu 28 Mail Ticarət Mərkəzindən 40 (qırx) manata aldığı, hazırda 25 manata qiymətləndirdiyi, markasını, modelini xatırlamadığı ağ rəngli dəri materialdan çantasında iki ədəd dodaq boyası olmuşdur. Dodaq boyası biri şəffaf rəngli, digər isə çəhrayı rəngli olmuşdur. Hər iki dodaq boyasını haradan aldığını unutsa da həmin əşyaları hazırda hər birini 5 manata qiymətləndirirmiş. Bundan başqa çantada Kapital Banka məxsus olan 10 manat dəyərində bank kartı olmuşdur. Kapital Bank kartının hesabında 285 manat 14 qəpik pul olmuşdur. Bundan əlavə çantasında Paşa Banka məxsus üzəri tünd yaşıl rəngli dəyəri 10 manat olan bank kartı olmuşdur. “Paşa Bank”a məxsus bank kartının hesabında pul olmamışdır. Həmin kartın üzərində onun adı və soyadı yazılmışdır. Özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd balansında 4 (dörd) manat pul olmaqla 2 (iki) manat dəyərindəki metro kartı olmuşdur. Onun mobil telefonuna Kapital Bank tərəfindən göndərilmiş ismarıcda bank kartının üzərində olan rəqəminin “4169**6650” olmasını müəyyən etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 346 manat 14 qəpik maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu F.X.Xoyski küc 101 ünvanda yerləşən “X2 İnstitutunda X3 şöbəsinin müdiri vəzifəsində işləyir. 1 saylı otaqda xidmət edir. Belə ki, xx.xx.2022 ci il tarixdə səhər saatlarında o, həmişə olduğu kimi saat 09 radələrində işə gəlmiş və ona məxsus olan əl çantasını həmişə olduğu kimi iş masasının yan tərəfinə qoymuş. Həmin əl çantasının içərisində ona aid əşyalar və boz rəngli pul kisəsi olmuşdur ki, həmin pul kisəsinin içərisində də 1000 manat pulu olmuşdur. Daha sonra o, işləri ilə məşğul olmuş və saat təxminən 13 radələrində əl çantasına baxdıqda görmüşdür ki, pul kisəsi əl çantasının içərisində yoxdur. O, ilk əvvəl elə başa düşmüşdür ki, pul kisəsini yəqin götürməmiş və daha sonra isə pul kisəsini işlədiyi binanın yaxınlığından tapdıqda məlum olmuşdur ki, oğurlanmışdır, lakin pul kisəsinin içərisində olan 1000 manat pulu yox imiş. Ona görədə o, xəstəxanaya quraşdırılmış kamera görüntülərinə baxdıqda görmüşdür ki, saat 11.45 radələrində bir nəfər şəxs o otaqdan çıxan zaman otağa daxil olub əl çantasının içərisindən pul kisəsini götürərək dərhal tərk etmiş. O, həmin şəxsi tanımış. Belə ki, həmin gün saat 11 radələrində iş otağına xəstə kimi gələn şəxsdən ilk yardım üçün ondan şəxsiyyət vəsiqəsini icbari sıgortaya görə götürdüyü Təqsirləndirilən şəxs olan şəxs üzərində arxası ağ yazılar ilə qara köynək geyimindən tanımış. Daha sonra isə DİN-in 102 xidmətinə müraciət etmiş və Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 69-72-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 210-216-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan 1 ədəd Bakı Metro kartı, 1 ədəd üzərində **********492112 nömrəsi olan Paşa Banka məxsus bank kartı, 1 ədəd üzərində **********416610 nömrəsi qeyd olunan Kapital Banka məxsus bank kartı, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd şəxsiyyət vəsiqəsi, və 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, disklər cinayət işinin materiallarına əlavə edilmiş, digər maddi sübutlar isə məhkəmə baxışına qədər istifadə olunması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Cinayət işinin 88-95 və 142-1445-ci vərəqələrində olan hökmün surətindən və Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunur ki, xx.xx.2022 ci il tarixdə saat təxminən 11.45 radələrində ünvan 4 ünvanda yerləşən Kardioloqiya şöbəsində qiriş çıxışı sərbəst olan otağa bir nəfər şəxs qara arxasında ağ yazılar olan köynəkdə daxil olur və Zərərçəkmiş şəxs1 iş masasının kənarında olan əl çantasının içərisindən pul kisəsini götürüb dərhal otağı tərk edir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara köynəkdən özünü tanıyıb qeyd etdi ki, həmin pul kisəsi oğurlayan şəxs onun özüdür. Cinayət işinin materiallarında olan digər CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunur ki, ünvan 7 ünvanda yerləşən Main YK-in həyəti süni işıqlandırma ilə işıqlandırılmış həyətdir. Videogörüntüdən müəyyən edilir ki, həmin məhəllədə Zərərçəkmiş şəxs2 uzu yaşadığı bloka tərəf gedir, arxası ilə Təqsirləndirilən şəxs getməsi, bundan sonra zərərçəkmiş şəxs bloka daxil olan zaman blokun giriş qapısının bağlanmamışdan öncə arxası ilə Təqsirləndirilən şəxs daxil olur. Zərərçəkmiş şəxs2 liftə minmək istəyən zaman Təqsirləndirilən şəxs onun çiynindən asılmış çantanı dartb açıq talama yolu ilə ələ keçirib, blokdan çıxır, arxası ilə Zərərçəkmiş şəxs2 gedir, səsləyir. Təqsirləndirilən şəxs isə qaçaraq məhələdən uzaqlaşır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özünün olmasını bildirməklə törətdiyi əməli etiraf etdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD disklərdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 əl çantasının içərisindən sonuncuya məxsus 282 manat məbləğində pulu oğurlaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsini onun şəxsi mülahizələri kimi qiymətləndirir və hesab edir ki, həmin xüsusatlar zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tamamilə təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünümüdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Bakı şəhəri 27 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq 02 il keçmədən xx.xx.2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Bakı Metro” kartı, 1 ədəd üzərində **********492112 nömrəsi olan “Paşa Bank”a məxsus bank kartı, 1 ədəd üzərində **********416610 nömrəsi olan “Kapital Bank”a məxsus bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi Zərərçəkmiş şəxs2 təhvil verildiyindən sonuncunun istifadəsinə verilmiş hesab edilməli, həmçinin iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Bakı Metro” kartı, 1 ədəd üzərində **********492112 nömrəsi olan “Paşa Bank”a məxsus bank kartı, 1 ədəd üzərində **********416610 nömrəsi olan “Kapital Bank”a məxsus bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi Zərərçəkmiş şəxs2 təhvil verildiyindən sonuncunun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə digər maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar