Məhkəmə qərarları › İş №1(004)-468/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-468/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-468/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 2 qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir (qaçırmışdır). Belə ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən avtoyuma sexində avtomobil yuyucusu işləyərkən ona avtomobilini yumaq üçün Zərərçəkmiş şəxs verdiyi «Hyundai Santafe» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin icazəsi olmadan 21 yanvar 2024-cü il tarixdə saat 02:30 radələrində talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmış, bundan sonra 21 yanvar 2024-cü il tarixdə saat 03:05 radələrində sərxoş vəziyyətdə idarə edərək Yasamal rayonu A.M.Şərifzadə küçəsi Kaktus restoranın qarşısı ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə Bakı şəhər BPl-nin X5 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı əməkdaşları tərəfindən saxlanılaraq avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “avto yuma" məntəqəsində maşın yuyucusu işləyir. Avtomobil yuyulmasından başqada orada avtomobillərin kimyəvi təmizlənməsini həyata keçirir. Həmin avtoyuma məntəqəsində rəhbərliyi Fəqan adlı şəxs həyata keçirdir. O, çox zaman orada olmur. Əsasən özü avtomobilləri yuyur və sahiblərinə təhvil verir. xx.xx.2024cü il tarixdə daimi müştəri olan Səməd adlı şəxs onun işlədiyi avtoyuma məntəqəsinə idarə etdiyi “Hyundai Santafe" markalı avtomobilini gətirib kimyəvi təmizləmə eləmək istədiyini bildirmişdir. Ona bir gün sonra gəlib maşını götürə biləcəyini demişdir. Səməd idarə etidyi maşını həmin məntəqənin qarşısında saxlamış və ondan açarı tələb etmişdir ki, maşının qapılarını və yük yerini aça bilsin. Ertəsi gün yəni xx.xx.2024-cü il tarixdə Səməd avtomobili təhvil almaq üçün yenidən gəlmiş, lakin hava şəraiti ilə əalqədar olaraq işi yekunlaşdıra bilmədiyini və bir gün də möhlət verməsini bildirmişdm. Səməd bundan sonra çıxıb getmiş və ertəsi gün gələcəyini demişdir. Qeyd olunan avtomobili kimyəvi təmizləmə etdikdə görmüşdür ki, onun kimyəvi təmizləməsində isifadə olunan dərman bitmişdir. Həmçinin həmin vaxt bir qədər içki qəbul eləmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 02:30 radələrində həm bir qədər maşın sürmək, həmçinin qurtarmış dərman almaq üçün Səmədə məxsus maşını onun icazəsi olmadan sürmək istəmişdir. Buna görə həmin tarixdə ona məxsus “Hyundai Santafe” markalı maşına əyləşmiş və açarla mühərriki işə salıb yola düşmüşdür. Məqsədi maşını sürmək bir az əyləndikdən sonra dərman alıb qayıtmaq olmuşdur. İçkili halda Yasamal rayonu ərazisində bir qədər maşın idarə etdikdən sonra Yasamal rayonu, Şərifzadə küçəsində olan zaman YPX avtomobili onun arxasıyca düşmüş və maşını saxlamağına göstəriş verilmişdr. içkili olduğundan və maşın ona məxsus olmadığından qorxmuş və maşını sürərək moykanın yanında saxlamışdır. YPX əməkdaşı ona yaxınlaşmış və içkili olduğunu görüb onu müayinə mərkəzinə, maşını isə cərimə meydançasına aparmışlar. Bütün proseslər bitdikdən sonra o, işlədiyi moykaya qayıtmamaq qərarına gəlmişdir. Çünki, həm cərimələnmiş, həmçinin Səmədə məxsus «Hyundai Santafe» markalı maşını icazəsiz götürüb sürmüşdür. Buna görə də qaçmaq və ümumiyyətlə əlaqəni kəsmək məqsədi ilə mobil nömrəsini dəyişmiş və başqa yerdə işə düzəlmək qərarına gəlmişdir. Səməd ona sürmək üçün icazə verməmişdir. Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Santafe “ markalı ** RA *** d.q.n.-lı avtomobilinə məxsus açarını həmin maşının qapılarını və yük yerini açmaq üçün vermişdir. Zərərçəkmiş şəxs məxsus «Hyundai Santafe» markalı ** RA *** d.q.n.-lı avtomobili sürən zaman həmin maşına hər hansı zədə və ya ziyan vurmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşiman olmasını nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi «Hyundai Santafe» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 4 ünvanda olan avtoyuma məntəqəsində işləyən Əhməd adlı şəxsə avtomobili yuyub təmizləmək üçün vermiş və həmçinin avtomobilin açarlarını da ona vermişdir ki, avtomobilin qapı və yük yerini aça bilsin. 20 yanvar 2024-cü ildə həmin sexə gəldikdə avtomobilin hazır olmadığını görmüşdür Əhməddən nə üçün avtomobili yumadığını soruşduqda o, hava şəraiti ilə əlaqədar işləyə bilmədiyini demiş, daha bir gün vaxt istəmişdir. Ona görə də avtomobili götürməyib çıxıb getmişdir. Bundan sonra 21 yanvar 2024-cü il tarixdə saat 11 radələrində həmin sexə gəldikdə görmüşdür ki, avtomobili sexdə yoxdur. Dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra sexin digər işçiləri ilə söhbət zamanı məlum olmuşdur ki, Əhməd ondan xəbərsiz avtomobilini gecə saatlarında sərxoş vəziyyətdə idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış və avtomobil Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən cərimə medançasına yerləşdirilmişdir. Daha sonra Yasamal RPİ-nin 28-ci PŞ-nə gələrək bu barədə ərizə vermişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. Təqsirləndirilən şəxs əvvəlllər avtoyuyucu kimi tanımış, ancaq avtomobilini heç vaxt ona idarə etməyə verməmişdir. Avtomobili saz vəziyyətdə özünə qaytarılmışdır, heç bir maddi ziyan dəyməmişdir.İfadəsinin sonunda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirməklə onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, DYPİ-nə bilavasitə tabe olan YPX alayının yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. xx.xx.2024-cü il tarixdə YPXA-nın **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul avtomobili ilə baş serjant Hüseyn Nüseynovla birlikdə Yasamal rayonu ərazisində xidmətdə olmuşlar. Saat 03:05-də Yasamal rayonu Şərifzadə küçəsində «Hyundai Santafe» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti qaydalarına əməl etmədiyini, yəni dönmə işıq siqnalından istifadə etmədən dönmə manevri etdiyinə görə «saxla» işarəsi verib Kaktus restoranının qarşısında saxlatdırmışlar. Məlum olmuşdur ki, avtomobili idarə edən şəxs Təqsirləndirilən şəxsdur. Həmçinin hiss olunmuşdur ki, o alkoqol sərxoşluğu vəziyyətindədir. Ona görə də onu avtomobilin idarəetməsindən kənarlaşdırıb Narkoloji dispanserə apararaq sərxoş olması müəyyən edilmişdir. Avtomobil isə evakuatorla DYPlnin duracağına yerləşdirmişlər. Təqsirləndirilən şəxs barəsində İXM-nin müvafiq maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Həmin gün saat 11 radələrində isə avtomobilin sahibi Zərərçəkmiş şəxs gələrək sənədlərini təqdim etmiş və avtomobil sahibinə qaytarılmışdır. Məlum olmuşdur ki, Zərərçəkmiş şəxs avtomobili yuduzdurmaq üçün avtoyuma sexinə vermiş, avtoyuma sexində işləyən Təqsirləndirilən şəxs isə onun xəbəri olmadan avtomobili qaçıraraq sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə bildirmişdir ki, Yaşamal rayonu, Şərifzadə küçəsi 1 ünvanda yerləşən avtoyuma sexini icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs da 2 ildir ki, onunla həmin sexdə avtoyuyucu işləyir. Zərərçəkmiş şəxs da bir müştəri kimi tanıyır, tez-tez özünə məxsus «Hyundai Santafe» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili yuduzdurmaq üçün həmin sexə gətirib Əhmədə verir. O, isə işlərə nəzarət edir. O, bir neçə dəfə Səmədə demişdir ki, avtomobili sexə qoyanda açarlarını heç kimə verməsin, yanında dursun yuyulsun, sonra aparsın. X4 münasibəti yaxşı olduğundan avtomobilin açarını ona verirmiş. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Səmədin maşınını sexin qarşında olduğunu görmüşdür. Əhməddən soruşduqda demişdir ki, Səməd maşını təmizləmək və yumaq üçün qoyub getmişdir. xx.xx.2024-cü il tarixdə işi olduğu üçün avtoyuma sexinə gəlməmişdir. 21 yanvar 2024-cü ildə isə saat 11 radələrində Səməd sexə gələrək bildirmişdir ki, Əhməd ondan xəbərsiz avtomobili sürən zaman YPX əməkdaşları avtomobili saxladıb və cərimə meydançasına aparmışlar. O, yenə də Səmədə demişdir ki, «sənə demişdim açarları heç kimə vermə». Daha sonra sexdə olan maşın açarlarını Əhmədə göstərdikdə demişdir ki, onun açarlarıdır və açarları onra vermişdir. Həmin vaxtdan isə Əhməd bir daha sexə gəlməmişdir. Sonra isə ona məlum olmuşdur ki, Səməd Əhmədin barəsində polisə şikayət vermişdir. Əhmədin Səmədə məxsus avtomobili idarə etməsi barədə məlumatı olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 23 aprel 2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. (İ/V. 1). “Baxış keçirilməsi haqqında” 21 yanvar 2024-cü il tarixli protokol və fotocədvəldən məlum olur ki, Yasamal RPl-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru, Roman Məmmədov tərəfindən tərtib edilmiş hadisə yeri ünvan 5 ünvanıdır. (İ/V. 6-9). “Şübhəli olan şəxsin tutulması haqqında” 9 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 may 2024-cü il tarixdə saat 13:00-da tutularaq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. (İ/V. 41). “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 71). Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (İ/V. 75). “İfadənin yerində yoxlanılması haqqında” 21 yanvar 2024-cü il tarixli protokol və fotocədvəldən məlum olur ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, o Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “avto yuma" məntəqəsinin qarşısını göstərərək xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs məxsus «Hyundai Santafe» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin yerdən qaçırdığını bildirmişdir. (İ/V. 81-83). 15 may 2024-cü il tarixli “Çağırış vərəqəsindən” görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar Yasamal RPİ-yə dəvət olunmuşdur. (İ/V. 84). “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 19 may 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 90-91). “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə saat 14:00-da könüllü olaraq Yasamal RPİ-nin İŞ-nə gələrək istintaqa çağırılmasından xəbəri olmadığı üçün gəlmədiyini bildirmişdir. (İ/V. 94). “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 98-99). “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus «Hyundai Santafe» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmışdır. (İ/V. 103-106). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsi iştirakçısı və eyni zamanda qazisidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Kəlbəcərin azad olunması” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, “ifadənin yerində yoxlanması haqqında” protokol və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməldən peşman olmasını, ilk dəfə cinayət törətməsini, eləcə də İkinci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Kəlbəcərin azad olunması” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması hallarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış «Hyundai Santafe» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Nümayəndə vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-468/2024 saylı, 1 avqust 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 1 avqust 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Santafe" markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar