Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-47/2022 13.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Kredo” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 17 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,462 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 17.09.2021-ci il tarixdə saat 20:00-da Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 1,462 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Tərtər Hərbi Məhkməsinin 07.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə onun barəsində 01 il 06 ay müddətində sınaq müddəti təyin edilmişdir. O, təxminən 5-6 ay olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 17.09.2021ci il tarixdə saat təxminən 14 radələrində o, narkotik vasitə heroin almaq üçün Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 5 manat müqabilində şəxsi istifadəsi üçün təxminən 0.1 qram ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan heroin alıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 20 radələrində o, ünvan 3 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. O, da polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada polis əməkdaşları onun üzərində olan narkotik vasitəni götürərək ona başqa bükümdə və içərisində daha çox miqdarda narkotik vasitə olan bükümü verib, ona həmin bükümü cibinə qoyaraq çəkiliş zamanı çıxarıb təqdim edib özünə məxsus olmasını bildirməsini tapşırmışlar. O buna razılıq verdikdən sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən polis əməkdaşları tərəfindən ona verilmiş bir ədəd kağız bükümdə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni 17 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manata almışdır. Polis əməkdaşları daha əvvəl özləri verdikləri narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 sentyabr 2021 -ci il tarixdə 26-cı Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 sentyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Şahid2la birlikdə ünvan 2 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olubolmadığını soruşmuşlar və Kənan onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 26-cı Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə 26-cı PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Kənan əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Kənan həmin narkotik vasitə olan heroini həmin gün Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manata alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdikləri yalandır, yəni videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən ondan üzərində olan narkotik vasitə götürülərək, ona daha çox miqdarda olan narkotik vasitə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim edərək içərisində narkotik vasitə heroinin olduğunu, bu maddəni 2021-ci ilin sentyabr ayının 17-də günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki Kubinka deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini, habelə həmin tarixdə saat 20:00-da Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 1 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şükür oğlunun təqdim etdiyi bir ədəd ağ rəngli kağız bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. (i.v. 28-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 18 sentyabr 2021-ci il tarixli 6/4126 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,462 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəsi heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 43-48) “Diskə baxış keçirilməsi barədə” 27 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin CD-R diskdə əks edilmiş görüntülər 17 sentyabr 2021-ci il tarixdə saat 21:00-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru Ramil Qafarovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Ramil Qafarovun qarşısında daha sonra sağ tərərində masa arxasında əyləşmiş şəxs, “Yusif Allahverdiyev və partniyorları” vəkil bürosunun müdafiəçisi Müdafiəçidur. Xidməti otaqda olan masanın yanında - əynində göy rəngli cins şalvar və qara rəngli qolsuz gödəkçə (jilet) olan, iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər - adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Ramil Qafarov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülüdə qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa hər hansı bir qeyri qanuni əşya aşkar olunmamışdır. (i.v. 84) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 nəticələrinə dair 10.11.2021-ci il tarixli 4384 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 107-108) “Sübutların qiymətləndirilməsinə haqqında” 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1,462 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə - 1,412 qram narkotik vasitə heroin iş üzrə maddi sübüt kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlanca təhvil verilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 17.09.2021-ci il tarixdə Yasamal RPİ- nin, 26-cı PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD-R disk maddi sübut kimi tanınmışdır. İş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokolu, məhkəmə-kimyəvi ekspertizasının 18.09.2021-ci il tarixli, 6/4126 saylı ekspert rəyi, məhkəmə-narkoloji ekspertizasının 10.11.2021-ci il il tarixli, 4384 nömrəli ekspert rəyi sübut növü kimi qəbul olunmuşdur. (i.v. 109- 115) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun üzərində olan 0.1 qram narkotik vasitə olan heroinin polis əməkdaşları tərəfindən götürülərək çəki etibarilə daha çox olan heroin bükümünü verməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1.462 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 23) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2021-ci il tarixli 4(004)-544/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 17 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 82-84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 28.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkməsinin 07.03.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində 01 il 06 ay müddətində sınaq müddəti təyin edilmişdir. (i.v. 85- 86) Tərtər Hərbi Məhkəməsinin 07 mart 2012-ci il tarixli 52/2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilmişdir. (i.v. 98-99) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 17.11.2021ci il tarixli məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin 07.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına 01 il 06 ay müddətinə sınaq müddəti ərzində şərti məhkum edilmiş Təqsirləndirilən şəxs cəzası müddətinin bitməsi ilə əlaqədar Yasamal rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. (i.v. 106) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Tərtər Hərbi Məhkəməsinin 07 mart 2012-ci il tarixli 52/2012 saylı hökmünə əsasən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilmiş, cəza müddəti bitmişdir. CM-nın 83.3.1-ci maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.412 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 17 sentyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun, “Kredo” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.412 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına, “Kredo” Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-47/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-47/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver