Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-470/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 19 dekabr 1992-ci ildə Lənkəran rayonu Liman şəhərində doğulmuş, Azərbaycan, Respublikasının vətəndaşı, orta təhsilli, evli olmaqla himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükülüdə, təmiz çəkisi 0,850 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsi 10 ünvanının qarşısına daşımış, 27 iyul 2023-cü il tarixdə, saat 18:30 radələrində Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən göstərilən ünvanda şübhəli şəxs qismində saxlanılaraq 28-ci Polis Şöbəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan bükülüdə və çəkidə narkotik vasitə heroin onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən 5 ildir heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı və şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən əldə etmişdir. xx.xx.2023-cü il tarixdə günorta radələrində Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə olarkən üzdən tanısa da adını bilmədiyi 35-40 yaşlarında kişi cinsindən olan şəxsə narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu bildirməklə 15 manat pula ondan 1 ədəd bükümdə heroin almış və həmin heroini öz istifadəsi üçün göy rəngli şalvarın sağ yan cibinə qoyaraq saxlayaraq ondan istifadə etməmişdir. 27 iyul 2023-ci il tarixdə saat 18:30 radələrində ünvan 5 ünvanının qarşısında təkbaşına piyada hərəkət edən zaman tanımadığı 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra şəxsiyyəti haqqında maraqlanmış və onunla şifahi sorğu- sual apararaq onlarla birlikdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə getməyini bildirəndə çıxış yolu olmadığını dərk etdiyindən polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin şöbənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra, ora tanımadığı 1 nəfər mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmiş, sonra ona üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymağını təklif edəndə artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən başqa çıxış yolu görmədiyindən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin olan şəffaf rəngli 1 ədəd bükülünü çıxarıb könüllü onlara təhvil vermişdir. Ondan sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bükümdə olan həmin narkotik vasitə heroini ekspertizaya göndərmək məqsədilə zərfə qoyularaq qablaşdırılmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edlməsini, himayəsində iki azyaşlı uşaqlarının olamsını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, ünvan 1 ünvanında daimi qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır, uzun bir müddətdir ki, faktiki olaraq ünvan 6 ünvanında ailəsi ilə birgə yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 28ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 27 iyul 2023-cü il tarixdə ünvan 8 ünvanında kirayədə yaşayan 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadə və daşınmasında şübhəli olduğu barədə məlumat daxil olmuş, onun ətrafında əməliyyat tədbirləri həyata keçirilməsi üçün raportla müaraciət edilib razılıq alındıqdan sonra həmin gün əməliyyat tədbirləri həyata keçirilmişdir. Həmin tarixdə Yasamal rayon 28-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs ünvan 9 ünvanının qarşısında saxlayıb Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən müşayiətləri altında qeyd olunan şöbəyə gələrək şöbədə bununla bağlı müvafiq raport yazandan sonra araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis mayoru Kamil Rahmanova həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçı Kamil Rahmanovun xidməti otağına aparmışlar. Aradan 10-15 dəqiqə keçəndən sonra, təhqiqatçının dəvəti ilə ora vəkil gəlmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edəndə, əynindəki göy rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükümü çıxarıb könüllü təhvil vermiş və üzərində digər hər hansı qanunsuz əşya və ya predmetin olmadığını demişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılaraq üzərində hər hansı digər əşya və ya predmet olmadığı müəyyən edilmiş, həmin vaxt bükümün içərisində nə olduğu soruşulanda Təqsirləndirilən şəxs səmimi olaraq bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini iki gün əvvəl təsadüfən Nəsimi rayonu ərazisində “Kubinka” adlanan yerdə gördüyü, təxminən 35-40 yaşlarında olmaqla qarayanız, arıq bədən quruluşlu və hündürboylu bir şəxsdən 15 manat pula əldə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 oğlu ilə eyni xarakterli ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə (saat 18:30 dəqiqədən) Bakı şəhəri Yasamal RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 20). «Şəxsi axtarış və götürmə aparılması” haqqında 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş öz dediyinə görə “kakos” olan 01 (bir) ədəd bükülü aşkarlandı. (İ/V. 22-23) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 27 iyul 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki oğlunun əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş öz dediyinə görə “kakos” olan 01 (bir) ədəd bükülübü çıxarıb könüllü təqdim edərək, 01 ədəd bükümün içərisindəki qəhvəyi rəngli, toz şəkilli maddənin “kokos” adlandırılan narkotik vasitə heroin olduğunu, həmin psixotrop maddəni Nəsimi rayonu «Kubinka» adlanan yerdən, adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirdi. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 68-70). “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ/V. 71-73). Məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2023-cü il tarixli, 6/4062 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində « Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №167” dairəvi möhür əksi olan, “Səfərli” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,850 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in İ siyahısına daxildir. Ekspertiza tədqiqinin dəyəri 65 manat təşkil edir (İ/V. 32-35). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının 03 avqust 2023-cü il tarixli, 4943 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhə görülür. (İ/V. 97-98). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. (İ/V. 78). “Sübutların qiymətləndirilməsi haqqında” 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 0,850 qram çəkidə narkotik vasitə heroin isə 30 iyul 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq tədqiqat keçirildikdən sonra qalan 0,800 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İ/V. 107-114). Elektron məhkəmə informasiya sistemində olan məlumatdan və cinayət işində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 adlı və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik maddə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətə cəlb edilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını onun vəziyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,800 qram olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-470/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,800 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun hesabına 180 ( yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-470/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-470/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver