Məhkəmə qərarları › İş №1(004)-471/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-471/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-471/2022 04.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Kubinka adlanan yerdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə Bakı şəhəri Mərdəkan çimərliyi adlanan ərazidə yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan torbanın içərisində 03 ədəd ayrı-ayrı sellofan torbalarda bükülmüş ayrı-ayrıllıqda təmiz çəkləri 73,4 qram, 34,889 qram, 90,421 qram, ümumi təmiz çəkisi 198,71 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 25 avqust 2022-ci il tarixdə saat 04:40 dəqiqədə Bakı şəhəri Yasamal rayonu inzibati ərazisində yerləşən Zivər bəy Əhmədbəyov küçəsində yerləşən yarımtikilinin yaxınlığı ilə piyada hərəkət edən zaman həmin ərazidə xidmət göstərən Bakı şəhər Yasamal RPİ-nin PPXB-un əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılaraq Bakı şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əlində olan 01 ədəd sellofan torbanın içərisində 03 ədəd ayrı-ayrı sellofan torbalarda bükülmüş ayrı-ayrıllıqda təmiz çəkləri 73,4 qram, 34,889 qram, 90,421 qram, ümumi təmiz çəkisi 198,71 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmiş, barəsində Yasamal RPİ-nin İŞnin müstəntiqi X3 tərəfindən xx.xx.2022-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir, cinayət işinin nömrəsi ********* olmuşdur. Cinayət işi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı bildirdi ki, məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin olunması üçün kifayət qədər əsas vardır, aparılan ibtidai araşdırma zamanı CPM-in tələbləri pozulmamışdır. İşin məhkəmə baxışına təyin edilməsini mümkün hesab edərək xahiş edirəm ki, bu barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Həmçinin işin geri qaytarılması barədə müdafiə tərəfinin vəsatətinin əsassız olmasını və rədd edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi bildirdi ki, ibtidai istintaq zamanı prosessul pozuntulara yol verilmişdir. İttiham aktına əlavə edilmiş siyahıda şahidlərin ifadələrinin iş vərəqələri göstərilməyib. Təqsirləndirilən şəxsin barəsində hökmlə azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, həmin hökmün nəticəsi üzrə onun nə vaxt azad edilməsinə dair sənədlər iş materiallarına əlavə edilməmişdir. Ona görə də ittiham aktı düzgün tərtib edilməmişdir. Bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməsi və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçinin vəsatətini müdafiə etdi və məhkəmədən xahiş etdi ki, cinayət işinin baxılmasına xitam verilməsi və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılsın. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin pozuntular aşağıdakılardan ibarətdir. Belə ki, ittiham aktı Cinayət-Prosessual Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun deyildir. Çünki CPM-nin 289.7-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. Lakin iş materiallarında olan ittiham aktında məhkəməyə çağırılmalı olan şəxslərin siyahısında göstərilən şahidlərin ifadələri olan işin vərəqləri göstərilməmişdir. Bundan əlavə ittiham aktı iş materiallarını əks etdirmir. Belə ki, CPM-nin 289.8.2-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin maddi sübutlar və onların saxlanıldığı yer barədə arayışları əlavə edilir. İttiham aktına müstəntiqin bu barədə əlavə etdiyi arayışda göstərilmişdir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üstündən ümumilikdə təmiz çəkisi 198,71 qram çəkidə aşkar olunub götürülmüş narkotik vasitə olan heroinin ekspertizadan qaytarılmış qalığı - 198,56 qram çəkidə narkotik vasitə olan heroin Bakı şəhər Yasamal RPİ-də saxlanılır. Halbuki, ittiham aktının nəticə hissəsində təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin növünün “heroin” yox, “qurudulmuş marixuana” olması qeyd edilmişdir. Bundan əlavə ittiham aktında təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi göstərilmişdir ki, o, CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuş şəxsdir, hazırkı əməli cinayətlərin residividir. İttiham aktının təsviri-əsaslandırıcı-nəticə hissələrində təqsirləndirilən şəxsi səciyyələndirən hallar üzrə barəsində olan məhkəmə hökmünə aid məlumatlar qeyri-dəqiq göstərilmişdir. Belə ki, ittiham aktının 5-ci səhifəsində göstərilib ki, istintaq zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırki əməli isə cinayətlərin residividir. Lakin iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin hökmünün tarixi xx.xx.2021-ci il olmuşdur. İttiham aktının 6-cı səhifəsində və ittihamın irəli sürülməsinə aid təqsirləndirilən şəxsə aid məlumatlarda göstərilib ki, Təqsirləndirilən şəxs - xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmuş, evli, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, tutulanadək Bakı şəhəri Kubinka adlanan yerdə kirayədə yaşaması, hazırda 1 saylı İstintaq Təcridxanasmda saxlanmasıdır. Lakin iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən o, CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan əlavə müstəntiqin cinayət işinin materiallarına əlavə etdiyi Nəsimi Rayon Məhkəməsinin 1(006)-261/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü və həmin hökmdəki yalnışlığın aradan qaldırılması barədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından (səhifə 96-105) görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, barəsində olan “həbs” qətimkan tədbirinin hökm qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Belə olduğu təqdirdə müstəntiqin əlavə etdiyi cinayət işi materialları onun ümumi rejimli cəzaçəkmə müəssisəsində xx.xx.2023-cü il tarixədək cəza çəkməli olmasını göstərir. Lakin belə bir təqsirləndirilən şəxsin, cinayət işi materiallarına əsasən cəzaçəkmə müəssisəsində olmalı olduğu vaxtda, yəni 25 avqust 2022-ci il tarixdə saat 04:40 dəqiqədə Bakı şəhəri Yasamal rayonu inzibati ərazisində yerləşən Zivər bəy Əhmədbəyov küçəsində yerləşən yarımtikilinin yaxınlığı ilə piyada hərəkət edən zaman üzərində narkotik vasitə aşkar edilməsinin necə mümkün olmasını ittiham aktında qeyd etməmişdir. Bu barədə ümumiyyətlə hər hansı bir əsaslandırma aparılmamışdır. Təqsirləndirilən şəxsin barəsində olan əvvəlki hökmə əsasən təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdirmi və ya digər hər hansı formada azadlıqda olmasına dair məhkəmə qərarlarını müəyyən edib, əldə edib, cinayət işi materiallarına əlavə edilməmişdir. Halbuki, CPM-nin 289.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilir. Bununla bağlı məhkəmə ilk olaraq qeyd edir ki, CPM-nin 140.0-cı maddəsinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər: 140.0.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi — məhkəmə hökmünün surəti CPM-nin 289.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsi səciyyələndirən hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Lakin cinayət işi materiallarına ümumiyyətlə təqsirlləndirilən şəxs barəsində əvvəllər çıxarılmış hökmün icrası vəziyyəti barədə, həmin hökm üzrə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib-edilməməsi, cəza çəkməkdən və ya cəzasının çəkilməmiş hissəsindən azad olunmasının digər bir əsasları, onun azadlıqda olmasına səbəb ola bilən məhkəmə aktının və ya digər bir orqanın qərarının surəti müstəntiq tərəfindən əldə edilib, cinayət işi materiallarına əlavə edilməmişdir. Bununla da sadalanan nöqsanlar onu deməyə əsas verir ki, ittiham aktının tərtibinə səthi yanaşılmışdır. İttiham aktı cinayət işinin materiallarını əks etdirmir. Halbuki, CPM-nin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Bununla da cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirmir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Qeyd olunan hallar kobud pozuntulara yol verilməsi ilə nəticələnmişdir. Bu hal CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Çünki CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolun müvafiq olaraq həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi qiymətləndirilmişdir. CPM-nin 301.1.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, həmçinin CPM-nin 301.1.2-ci maddəsinə əsasən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə və CPM-nin 301.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldıqda, məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Lakin hazır cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Çünki yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuya yol verildikdə, CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Hazırkı iş üzrə müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə, yəni 25 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş. Hazırda da həbsdədir. Beləliklə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırkı qərar qəbul edildikdən sonra 07 gün müddətində “həbs” qətimkan tədbirinin müddəti başa çatmır. Ona görə də məhkəmə hesab edir ki, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılanda həbsdə saxlama müddəti bitmədiyi üçün həmin müddət əlavə olaraq uzadılmamalıdır. Həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.5, 303, 306-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixədək seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərarın bu hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar