Məhkəmə qərarları › İş №1(004)-472/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-472/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-472/2022 26.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 11:18 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş təmiz çəkisi 0,356 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla daşıyaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi, ev 1 ünvanının qarşısına gətirdikdən sonra, həmin gün saat 14:10 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş təmiz çəkisi 0,356 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o əvvəllər narkotik vasitədən istifadə etsədə artıq 3 aydır ki, bu əməllərinə son qoymuşdur. 10 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manat müqabilində bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə olan heroin alıb şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Həmin gün Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi, ev 1 ünvanının qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və ya hər hansı maddələrin olub-olmadığını soruşmuşlar və o səmimi olaraq polis əməkdaşlarına üzərində heroin adlanan narkotik vasitə olduğunu bidirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 26-ci PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 26-ci polis bölməsinə getmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində olan bir ədəd gümüşü kağıza bükülmüş heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni 10 iyun 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə 26-cı Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 10 iyun 2022-ci il tarixdə saat 14:10 radələrində Şahid2 ilə birlikdə ünvan 4 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Məmmədəli onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 26-cı Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə 26-cı PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Məmmədəli əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində olan bir ədəd gümüşü kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Məmmədəli həmin bükülünün içərisində olan narkotik vasitə olan heroini həmin gün saat təxminən 14 radələrində Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 10 manata alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 104-107-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1987-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məlikov X8 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında 26-ci Polis bölməsinin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin sinayət axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkil Şahid1 ilə birlikdə Polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat- axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 14:10-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi 1 ünvanının qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1987-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ona Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan 26-cı Polis bölməsinə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Polis bölməsinə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi 26-ci Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru X2 həvalə olunmuşdur. Bununla bağlı, baş təhqiqatçı X17 Rayon Polis İdarəsinin 26-cı Polis bölməsində iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim olunan vəkillərin siyahısından konkret olaraq heç bir vəkili seçməyərək maddi vəziyyətləri ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirib, dövlət hesabına onun üçün istənilən vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, baş təhqiqatçı Elnur Heydərov dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 26-cı PB-nə dəvət edərək Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Nofəl Əhmədovu təqdim etmiş və o da təqdim olunan vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra baş təhqiqatçı X13 Məlikovun şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edib ona hüquq və vəzifələrini izah edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını elan etmiş, daha sonra isə onun üzərinə vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü Şahid1 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. Baş təhqiqatçı Elnur Heydərov şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefon cihazı istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra baş təhqiqatçı Elnur Heydərov hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığnı və özü barədə anket məlumatlarını baş təhqiqatçı Elnur Heydərov bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. Baş təhqiqatçı Elnur Heydərov həmin bükümdə nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində heroin deyilən narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, saat 10:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiy şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini, həmin tarixdə saat 14:10-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi 1 ünvanın qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə gətirildiyini bildirmişdir. Baş təhqiqatçı Elnur Heydərov tərəfindən həmin bükülüyə keçirilən baxış zamanı bükülünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra X13 Məlikovun üzərində şəxsi axtarış aparmış, lakin onun üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli bükülüdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı Elnur Heydərov tərəfindən qablaşdırılmış və “Zərflər üçün 170 nömrəli” möhürlə ilə möhürlənmiş, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfin üstünə imza etmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı baş təhqiqatçı Elnur Heydərov tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin protokola imza etmişdir. Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, həmin bir ədəd bükümdə olan maddə həqiqətəndə narkotik vasitə heroindir və çəkisi 0,356 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 14:10-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi 1 ünvanın qarşısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Məlikov X8 Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb 26-ci Polis Bölməsinə gətirilərək həmin gün, saat 17:00-da üstünə “İphone” markalı mobil telefon vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynindəki əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız parçasına bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddənin aşkar olunaraq götürülməsi barədə iki nəfər polis əməkdaşın, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə gürüntülər 01 ədəd elektron maqnit daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. (i.v. 38- 39) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 11 iyun 2022-ci il tarixli 6/3278 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 170” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.356 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə tədiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 45-49) “Diskə baxış keçirilməsi haqqında” 14 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X4, həmin Polis Bölməsinin Cinayət axtarışı üzə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis baş leytenantı Şahid2, müdafiəçi X5 iştirakları ilə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 15:40-da şəxsi axtarışın aparılacağını elan edir. İstintaq hərəkətinin “İphone” markalı mobil telefon vasitəsi ilə qeydə alınacağını bildirir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunub- olunmadığını soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquqların izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını təhqiqatçıya bildirir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız parçasına bükülmüş bükülünü təqdim edərək masanın üzərin qoyması, baş təhqiqatçısı, polis mayoru Elnur Heydərov həmin bükümdə nə olduğunu soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs heroin deyilən narkotik maddə olduğunu bildirməsi, həmin narkotik maddəni həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, saat 10:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiy şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini, həmin tarixdə saat 14:10-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi 1 ünvanın qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə gətirildiyini aldığı bildirməsi, baş təhqiqatçı Elnur Heydərov tərəfindən həmin bükülüyə keçirilən baxış zamanı içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmaması, baş təhqiqatçı Elnur Heydərov tərəfindən Təqsirləndirilən şəxs un üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükülüdəki maddənin qablaşdırılması və “Zərflər üçün 170 nömrəli” möhürlə möhürlənməsi, qablaşdırılmış zərfin üzərinə Təqsirləndirilən şəxs, müdafiəçi X11, polis əməkdaşları və baş təhqiqatçı Elnur Heydarov tərəfindən imzalanması, daha sonra baş təhqiqatçı Elnur Heydərov içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. Bu səbəbdən də Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin elektron maqnit daşıyıcısı olan “DVD-R” təyinatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən xx.xx.2022-ci il tarixli qərarımla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 96-97) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 nəticələrinə dair 29 iyul 2022-ci il tarixli 4153 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 150-151) “Sübutların qiymətləndirilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,356 qram olan, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,306 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə birlikdə həmin maddi sübutla tanış olduqdan sonra maddi sübut saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılması prosessual hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin “DVD-R” markalı disk elektron maqnit daşıyıcısı obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallannda saxlanılmışdır. (i.v. 169-177) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.356 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:50-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 27) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin medafiə edilməsindən imtina edilməsi barədə” 12 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 80-81) “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 12 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 81-82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 27 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Baki Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 01 il 06 aya endirilmişdir. xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (i.v. 87-88) “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 115) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin medafiə edilməsindən imtina edilməsi barədə” 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 140-142) “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 29 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 143-145) Təqsirləndirilən şəxs barəsində olan 06 iyul 2018-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 10 iyun 2022ci il tarixdən 12 iyun 2022-ci il tarixədək 02 (iki) gün və təqsirləndirilən şəxs qismində tutulduğu 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək 02 (iki) gün, cəmi 04 (dörd) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.306 qram qalıq çəkisi olan narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutulduğu 10 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək 02 (iki) gün və 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla 08 (səkkiz) gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.306 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar