Məhkəmə qərarları › İş №1(004)-472/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-472/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-472/2025 26.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zakuta (İvanova) Yelena Nikolayevnanın hüquqi varisi X2, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qəbələ rayonunda doğulmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan və orada yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin olumünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, B1,B, C1,C kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi Şahid2 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan 2007-ci il buraxılışlı, ağ rəngli «Mercedes Benz» markalı, «Atego» modelli, **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 10 mart 2025-ci il tarixdə, saat 12:07-də ünvan 1 ünvanda yerləşən «Azərbaycan Dövlət Su Ehtiyatları» Agentliyinin inzibati binasının yaxınlığında üzü «20 yanvar» dairəsi istiqamətində beş hərəkət zolağından ibarət yolun üçüncü hərəkət zolağı üzərində işıqforun yaşıl işığından hərəkətə başlayarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobili hərəkətə başlamazdan əvvəl etdiyi manevri hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmaq, hərəkətin təhlükəsizliyinin təmin etməli, piyadaların hərəkətdə olduğu vəziyyətdə avtomobili hərəkətə gətirməməli olduğu halda və piyadanın avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən məsafədə aralanmasına əmin olmalı və bundan sonra hərəkətə başlamalı olduğu halda bunlara riayət etməyərək, ehtiyatsızlıqdan avtomobil yolunu sağdan sola doğru keçən piyada Zakuta (İvanova) Yelena Nikolayevnanı idarə etdiyi yük avtomobilin ön sağ hissəsi ilə vuraraq, ona hər iki ağciyərin cırılmış yaraları, döş sümüyünün, sağ tərəfli İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sol tərəfli İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ- İX-X qabırğalarının travmatik sınıqları, qabırğalararası əzələlərə qansızmalar, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, bədənin qançır və sıyrıqlarından ibarət dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan xəsarətlər yetirərək, həmin xəsarətlər hər iki ağciyərin cırılmış yaraları, döş sümüyünün, sağ tərəfli İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sol tərəfli İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğalarının travmatik sınıqları nəticəsində baş verən travmatik-hemorragik şok xəsarətləri isə zərərçəkmiş şəxs Zakuta (İvanova) Yelena Nikolayevnanın ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu Kürd kəndində qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır, 25 noyabr 2024-cü il tarixdə "xxxx" MMC ilə onun arasında bağlanılmış əmək müqaviləsinə əsasən 10 mart 2025-ci il tarixədək həmin MMC-də sürücü işləmiş, Şahid2 mülkiyyətində olan 2007-ci il buraxılışlı «X14» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Şahid2 «mobil notariat» tətbiqi vasitəsilə elektron qaydada ona verdiyi xx.xx.2025-ci il tarixli etibarnamə və özümə məxsus B1,B,C1,C kateqoriyalı, BB466383 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etmiş, 10 mart 2025-ci il tarixdə, təxminən saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə üzü Tbilisi prospekti istiqamətinə hərəkət edib, həmin prospektlərin kəsişməsində olan “20 Yanvar” abidəsinin qarşısındakı işıqforun qırmızı işığında avtomobili dayandırıb gözləmiş, bir neçə saniyədən sonra işıqforun yaşıl işığı yandığına görə o da digər avtomobillərlə yanaşı hərəkətə başlayıb Tbilisi prospektinə daxil olmuş, o, həmin yük avtomobili təxminən 10 metr qarşı tərəfə idarə etdikdən sonra ətrafdakı insanların işarələrindən idarə etdiyi yük avtomobilinin qarşısında nəsə maneə olduğunu anlamış, buna görə yük avtomobilini yolun ortasında saxlayıb yerə düşmüş və yük avtomobilinin qarşı tərəfinə baxış keçirən zaman yük avtomobilinin ön alt hissəsində tanımadığı bir qadının ilişib qaldığını və yerdə sürükləndiyini görmüş, bu zaman ətrafda olan insanlar cəld şəkildə köməyə gəlmiş, tanımadığı həmin şəxslərlə birlikdə o, həmin qadını avtomobilin altından çıxarıb dərhal Səhiyyə Nazirliyinin 103 Xidmətinə məlumat vermişlər və bir qədər sonra hadisə yerinə gələn X15 Stansiyasının həkim briqadası piyada qadına yardım göstərib həmin qadını X15 avtomobili ilə xəstəxanaya aparmışlar, o isə hadisə yerində qalıb polis əməkdaşlarının hadisə yerinə gəlməsini gözləmiş, bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o, həmin polis əməkdaşlarına törətmiş olduğu yol-nəqliyyat hadisəsi barədə məlumat vermiş, polis əməkdaşları tərəfindən hadisə yerinin sxemi və foto şəkilləri çəkilmiş, bundan sonra polis əməkdaşları onu Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər, o, etiraz etməyib Yasamal RPİ-nə yollanmış və baş vermiş yol-nəqliyyat hadisəsi barədə izahat vermişdir. Özünü təqsirli bilməsini, gənc olmasını, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Zakuta (İvanova) Yelena Nikolayevnanın hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zakuta (İvanova) Yelena Nikolayevna hadisə yerində vəfat etmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2007ci il buraxılışlı «X14» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur, o, həmin avtomobili "xxxx" MMC ilə 01 noyabr 2024-cü il tarixli, AVT/11-24/AN nömrəli müqavilə əsasında aylıq müxtəlif məbləğdə pulun müqabilində həmin MMC-yə icarəyə vermiş, həmin müddətdə qeyd olunan avtomobili Təqsirləndirilən şəxs onun sonuncuya «mobil notariat» tətbiqi vasitəsilə elektron qaydada verdiyi xx.xx.2025-ci il tarixli etibarnamə əsasında idarə etmiş, 10 mart 2025-ci il tarixdə Sadiq ona zəng edərək idarə etdiyi «X14» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə üzü Tbilisi prospekti istiqamətinə hərəkət edib, həmin prospektlərin kəsişməsində olan “20 Yanvar” abidəsinin yaxınlığında avtomobil yolunu keçən piyada qadını vurduğunu, sonuncunun almış olduğu bədən xəsarətləri səbəbindən X10 ölməsini bildirmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus «X14» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilə maddi ziyan dəyməmişdir, bununla bağlı onun Təqsirləndirilən şəxs, Şahid1 və ya digər şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, "xxxx" MMCnin direktor müavinidir, «X14» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin mülkiyyətçisi Şahid2 ilə 01 noyabr 2024-cü il tarixli, AVT/11-24/AN nömrəli müqavilə bağlayaraq aylıq müxtəlif məbləğdə icarə haqqı ödəməklə icarəyə götülmüş, Təqsirləndirilən şəxs da həmin tarixdən "xxxx" MMC-də sürücü işləyir və qeyd olunan avtomobili idarə etmiş, "xxxx" MMC-nin fəaliyyəti istiqaməti müxtəlif yüklərin bir ünvandan digər ünvana daşınmasından ibarətdir, belə ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında yüklərin daşınmasına dair bağlanılmış müqavilə əsasında sonuncu dəfə 10 mart 2025-ci il tarixdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarından 41-0002460, 41-0002450, 41-0002508, 41-0002442, 41-0002511, 41-0002464, 41-0002513, 41-0002657, 41-0002658, 41-0002372, 41-0002436, 41- 0002484, 41-0002373, 41-0002658, 41-0002657, 41-0002456, 41-0002457 və 41- 0002531 kodlu yüklər sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «X14» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklənmiş, belə ki, qeyd olunan yüklər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 tərəfindən həyata keçirilən lahiyə üzrə təmənnasız şəkildə müxtəlif vətəndaşlara təqdim edilməli imiş, onların şirkətin öhdəliyi həmin yükləri Bakı şəhəri, Ziya Bünyadov prospekti 313 ünvanında yerləşən 4 saylı Bakı DOST Mərkəzinin arxasında xüsusi ayrılmış əraziyə çatdırmaqdan ibarət olmuş, lakin 10 mart 2025-ci il tarixdə sürücü Təqsirləndirilən şəxs ona zəng edərək ünvan 5 ünvanda yerləşən «Azərbaycan Dövlət Su Ehtiyatları» Agentliyinin inzibatı binasının yaxınlığında bir nəfər piyada qadını yük avtomobili ilə ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. İcarə müqaviləsini və yük avtomobilində olan yüklərin siyahısını istintaqa təqdim etmişdir. Cinayət işinin 149-150-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» tədbiri seçilmişdir. Cinayət işinin 64-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYP-nin verdiyi xx.xx.2023-cü il tarixli 3-13-16/2-58370/2025 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə xx.xx.2035-ci il tarixədək müddətə etibarlı olan BB 466383 nömrəli «B1 B C1 C» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 63-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli, 2/13666 nömrəli protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Cinayət işinin 74-79-cu vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 xx.xx.2025-ci il tarixli, 30 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: -Hər iki ağciyərin cırılmış yaraları. Döş sümüyünün, sağ tərəfli İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sol tərəfli İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların travmatik sınıqları. Qabırğalararası əzələlərə qansızmalar. -Sol bud sümüyünün qapalı yerdəyişən sınığı. -Bədənin qançır və sıyrıqları.

2. Qeyd edilən xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən ölümüqdən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarda təsviri hissəsində göstərilən şəraitdə yəni, X1 piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür.

3. X1 ölümünün səbəbi – hər iki ciyərin cırılmış yaraları, döş sümüyünün, sağ tərəfli İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sol tərəfli İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların travmatik sınıqları nəticəsində baş verən travmatik-hemottagik şok olmuşdur.

4. X1 ölümü Kliniki Tibbi mərkəzdə xx.xx.2025-ci il tarixdə saat 17:07-də baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur.

5. Mərhum X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu tbrəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 96-99-cu vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/1068 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən X14 markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublikası Psixatriya Xəstəxanası» X13 xx.xx.2025-ci il tarixli, 3-28-29/2-2941/2025 nömrəli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 110-118-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmışdir. Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsində quraşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-13-5/2-7629/2025 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri gümüşü rəngdədir və diskin üzərinə «Verbatim» və «DVD- R» yazıları həkk olunmuşdur. Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağımda olan həmin disk «HP» markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin disk 4,7 Gb həcmlidir. Diskin içərisində «TŞ2-005 1-2025-03- 10_12h07min00s000ms», «TŞ2-005 2-2025-03-10_12h07min00s000ms», «TŞ2-064 2- 2025-03-10_12h05min00s000ms» və «TŞ2-064 4-2025-03-10_12h05min00s000ms» adlı, 04 ədəd «MP4 formatlı fayl olması müəyyən olundu. «TŞ2-005 1-2025-03-10_12h07min00s000ms» adlı video görüntüyə baxış keçirilərkən 10 mart 2025-ci il tarixdə, saat 12:07:14-də ağ rəngli «Mercedes Benz» markalı, «Atego» modelli, **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin soldan 4-cü hərəkət hissəsi ilə «20 Yanvar» dairəsi istiqamətində düzünə hərəkət etməsi, saat 12:08:05-də avtomobilin dayanması, saat 12:08:12-də yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşərək yük avtomobilinin ön hissəsinə keçib əyilərək yük avtomobilinin ön hissəsinə baxaraq yük avtomobilinin ön alt hissəsində asfalt örtüyü üzərində bir nəfər qadının uzanıqlı vəziyyətdə olmasını görməsi, yenidən sükan arxasına qayıdıb əyləşməsi, hadisə yerinə 3-4 nəfər şəxsin toplaşması, saat 12:08:22-də sürücünün yük avtomobilini bir qədər arxaya idarə edib saxlayaraq yenidən düşüb yük avtomobilin ön hissəsinə keçməsi, saat 12:09:01-də hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşının yaxınlaşması, saat 12:10:16-da yük avtomobilinin ön alt hissəsindən asfalt örtüyü üzərinə suya bənzər maye axması, saat 12:11:28-də YPX-nin əməkdaşının əyilərək yerdə uzanıqlı vəziyyətdə olan qadının səhhəti ilə maraqlanması, saat 12:11:45-də sürücünün yük avtomobilindən gödəkcə gətirib qadının başı altına qoyması, saat 12:12:22-də sürücünün yük avtomobilini bir qədər geriyə hərəkət etdirib saxlayaraq düşməsi, həmin vaxtı hadisə yerində altı nəfər YPX-nin əməkdaşının olması, saat 12:13:40-da hadisə yerində **-YP-*** dövlət qeydiyyat nişanlı YPX-nin avtomobilinin olması, saat 12:14:17-də piyada qadının asfalt örtüyü üzərində arxası üstə uzanıqlı vəziyyətdə sağ əlini üzürə tərəf hərəkət etdirməsi, saat 12:16:38-də TTYS-nın **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hadisə yerinə tərəf hərəkət etməsi, YPX-nin əməkdaşının X15 avtomobilinin xəsarət almış qadına yaxınlaşması üçün şərait yaratması, X15 avtomobilinin hadisə yerinə yaxınlaşması, TTYS-nın və YPX-nin əməkdaşlarının qadını X15 avtomobilinə qoymaları üçün yardım göstərmələri, saat 12:17:35-də hadisə yerinə 2-ci, **-JD-*** dövlət qeydiyyat nişanlı X15 avtomobilinin gələrək hadisə yerində dayanması, həmin avtomobildən TTYSnın əməkdaşlarının düşərək qadına tərəf yaxınlaşmaları, saat 12:19:29-da həmin şəxslərin köməkliyi ilə xəsarət almış qaının 1-ci gəlmiş X15 avtomobilinə qoyulması, saat 12:20:09da həmin X15 avtomobilinin hadisə yerindən getməsi, həmin vaxtı YPX-nin əməkdaşlarının avtomobil yolunu tənzimləyərək X15 avtomobilinin sərbəst yola çıxışına şərait yaratmaları, X15 avtomobilinin üzü Milli Onkologiya Xəstəxanası istiqamətdə hərəkət etməsi, arxasıyca isə 2-ci X15 avtomobilinin hərəkət etməsi müşahidə edilir «TŞ2-005 2-2025-03-10_12h07min00s000ms» adlı video görüntüyə baxış keçirilərkən 1-ci görüntü ilə eynilik təşkil etməsi müşahidə edilir. «TŞ2-064 2-2025-03-10_12h05min00s000ms» adlı video görüntüyə baxış keçirilərkən avtomobil yolunun 6 (altı) zolaqdan ibarət olması, xx.xx.2025-ci il tarixdə, saat 12:06:9-da bir nəfər piyadanın avtomobil yolunu sağdan sola doğru adi yürüşlə piyada hərəkət etdirərək soldan 3-cü hərəkət zolağında dayanmış vəziyyətdə olan ağ rəngli «Mercedes Benz» markalı, «Atego» modelli, **-RP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qarşısından keçən anda sürücünün avtomobili hərəkətə gətirib qarşı tərəfə düzünə hərəkət etdirməsi, həmin qadının avtomobilin ön alt hissəsində sürüklənməsi, lakin buna baxmayaraq sürücünün yük avtomobilini idarə etməyə davam etməsi müşahidə olunur. «TŞ2-064 4-2025-03-10_12h05min00s000ms» adlı video görüntüyə baxış keçirilərkən 1-ci görüntü ilə eynilik təşkil etməsi müşahidə edilir. Cinayət işinin materiallarında olan AZ-İİİ 341922 və AZ-İİİ 650582 seriyalı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü-ci il təvəllüdlü Məmmədxanlı Əli və xx.xx.2015-ci il təvəllüdlü Məmmədxanov Yusif adlı övladı var. Cinayət işinin materiallarında olan mərhum Zakuta (İvanova) Yelena Nikolayevnanın hüquqi varisi X2 təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, 59.1.11 və 59.1.12-ci maddəsinə əsasən hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardıma görə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 194.1-1-ci maddəsinə əsasən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, zərərçəkmiş şəxs Zakuta (İvanova) Yelena Nikolayevnanın hüquqi varisi qismində tanınmış Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili N.Q.Həsənova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili N.Q.Həsənova məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxs Zakuta (İvanova) Yelena Nikolayevnanın hüquqi varisi qismində tanınmış Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar