Məhkəmə qərarları › İş №1(004)-473/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-473/2021

23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-473/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X6 nümayəndəsi və vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 və onun müdafiəçiləri “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X2 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onu həmin maddə ilə təqsirli bilinib, maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 yaşadığı ünvanda 15.08.2021-ci il tarixində barəsində böhtan xarakterli ərizə tərtib edərək “Dilarə Əliyeva adına qadın hüquqları müdafiə cəmiyyəti”nə göndərmişdir. Cəmiyyət isə öz növbəsində ərizəni işlədiyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərmişdir. Keçmiş həyat yoldaşı Fərhadova (Əfəndiyevə) Nilufər Zakir qızının bibisi X5 “Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin (QHT)” sədri Novella Cəfərovanın yaxın rəfiqəsidir. Keçmiş həyat yoldaşı onun işə bərpa olunduğumu bildikdən sonra, işində ona xələl gətirmək, mənəvi və peşəkar dəyərlərini ləkələndirərək nüfuzdan salmaq məqsədini güdən ona qarşı planlaşdırılmış qərəzli addımıdır. Nazirlikdə barəsində araşdırma başlanılmış və onu 7 (yeddi) saat ərzində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları dindirmişlər. Ərizənin mətni ilə tanış olmasa da, xaricdə fəaliyyəti ilə bağlı ifadələr vermişdir. Araşdırma nəticəsində onun hər hansı qanun pozuntusuna və ya xidməti vəzifəsinə uyğun gəlməyən hərəkətlərə yol verməyi aşkar edilməmişdir. Barəsində yazılan ərizə ilə tanış olduqda məlum olmuşdur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 onun barəsində həqiqətə uyğun olmayan, onu cəmiyyətdə və işlədiyi kollektivdə gözdən salan, işgüzar nüfuzuna xələl gətirən, şərəf və ləyaqətini ləkələyən, onu Azərbaycan Respublikasında ağır və xüsusilə ağır cinayətlərdə ittiham etmişdir. Beləliklə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X6 nümayəndəsi və vəkili Müdafiəçi xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X1 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7, barəsində şikayət verilən şəxs X1 “xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilməsinə dair” vəsatətini məhkəməyə təqdim edərək, bildirmişdir ki, N.Fərhadova şikayətçi barəsində şikayət ərizəsini Dilarə Əliyeva adına qadın hüquqları müdafiə cəmiyyəti”nə göndərib. Cəmiyyət də öz növbəsində Xarici İşlər nazirliyinə müraciət ünvanlayıb. Şikayətçi barəsində kütləvi informasiya vasitələrində hər hansı yazı dərc edilməyib. Təşkilata edilən müraciətsə Ali Məhkəmənin Plenumunun qərarında gəldiyi nəticəyə görə kütləvi çıxış şəklində yayılmış məlumat hesab edilmir. N. Fərhadovanın şikayətçiyə qarşı qərəzli münasibəti yoxdur və onun şərəf və ləyaqətini ləkələmək kimi niyyəti mövcud deyil, ümumiyyələ N. Fərhadovanın əməli Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkib hissəsinə düşmür. Qeyd olunanlara əsasən N.Fərhadova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs N.Fərhadova müdafiəçilərinin qeyd etdikləri hallarla razı olduğunu və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə, 148-ci maddəsinin dispozisiyasında isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Plenumun qeyd olunan qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1- 293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayətdən görünür ki, orada qeyd edilən məlumatlar N.Fərhadova tərəfindən D.Əliyeva adına Azərbaycan qadınlarının hüququnu müdafiə cəmiyyətinə, oradan isə həmin müraciət (ərizə) araşdırlması üçün Azərbaycan Respublikasının Xarici işlər nazirliyinə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vətəndaşın ərizə və ya şikayətlə müxtəli orqanlara müraciət etməsi və həmin müraciətində onu narahat edən halları qeyd etməsi kütləvi çıxış hesab edilə bilməz və belə hallarda onları yaymış şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 əməllərində Azərbaycan Respublikası CM-nin 147.2 maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Belə ki, N.Fərhadova tərəfindən təhqir və böhtan xarakterli məlumatların kütləvi çıxışlarda yayılmasını təsdiq edən hər hansı sənədlər və ya sübutlar əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinin tələblərinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimRəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar