Məhkəmə qərarları › İş №1(004)-475/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-475/2021

29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-475/2021 29.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1997-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Favorit” marketin yaxınlığında şəxsiyyəti isintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata əldə edib saxlayaraq üzərində daşımış, Bakı şəhəri, Yasamal RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən 25 sentyabr 2021-ci il tarixdə saat 17:45 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3ləşən Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır, subaydır və heç bir yerdə işləmir. Hər hansı bir psixiatrik uçotda deyil və psixi cəhətdən sağlamdır. Nizami Rayon Məhkəməsinin 2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 iyun 2020-ci il tarixdə azadlığa buraxılmışdır. Neçə vaxtdır ki, narkotik vasitə heroin qəbul etmişdir. Gündəlik istifadəsi üçün heroin olmadığından o, 25 sentyabr 2021-ci il tarixdə saat 14:00 radələrdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Favorit” marketin yanına getmiş, oradan üzdən tanıdığı və adını bilmədiyi orta yaşlarında oğlandan 20 manata bir ədəd bükümdə narkotik vasitə olan heroini almışdır. Narkotik vasitə olan aldığı həmin heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin günü saat 17:45 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman ona iki nəfər mülki geyimdə yaxınlaşmış və özlərini Yasamal rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlum verməyini bildirəndə o, onlara Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları ondan qanunla gəzdirilməsi qadağan edilən əşya və maddələrin olub-olmadığını soruşduqda o, polislərə hər şeyi olduğu kimi danışmış və onlara üstündə heroin olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Yasamal rayon Polis İdarəsimin binasında olan otaqlardan birinə gətirmişlər. Araşdırmanı aparan təhqiqatçı tərəfindən ona üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və təhqiqatçı tərəfindən ona hüquqlarımı müdafiə etmək üçün vəkil də dəvət edilmişdir. Şəxsi axtarışın videoçəkilişlə aparılacağı barədə ona məlumat verilmiş, bundan sonra ona və digər şəxslərə onların hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və maddələrin olub-olmadığını və olduğu halda təqdim etməyini dedikdə o, əynində olan tünd göy rəngli idman şalvarımın sağ yan cibində olan bir ədəd heroin olan bükümü çıxardıb təqdim etmişdir. Büküm açıldıqda içərisində olan maddənin nə olduğunu təhqiqatçı ondan soruşduqda o, həmin maddənin heroin olduğunu və həmin günü 20 manata Yasamaldakı “Favorit“ marektin yanından üzdən tanıdığı oğlandan özü itifadə etmək üçün aldığımı demişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç nə aşkar edilməmişdir.Ondan götürülmüş içərisində heroin olan büküm zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmişdir. Şəxsi axtarışa görə təhtiqatçı tərəfindən yazılmış protokola bütün iştirakçılar kimi onun özü də imza etmişdir. Şəxsi axtarış zamanı ona hər hansı psixi təsir və fiziki güc tətbiq olunmamışdır. Heroini satmaq üçün yox, özü istifadə etmək üçün almışdır. Onun bədənində ağrılar olur, narkotik istifadə etdiyi zaman isə ağrıları olmur. İlkin Quliyev onun tanışıdır və İlkinin onda heroin olmasından xəbəri olmayıb. Ondan aşkar olunaraq götürülmüş heroinin İlkin Quliyevlə heç bir bağlılığı yoxdur. İlkin onun yanında olduğundan onu da polis idarəsinə aparmışlar. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, DİO-da 2015-ci il tarixdən 2021-ci il tarixdən isə Bakı şəhəri Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Yasamal RPİ-nin NMB-nə 25 sentyabr 2021-ci il tarixdə xx xxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də bu barədə raportla Yasamal RPİ-nin rəisi, polis polkovniki cənab Cəmil Əmirova məruzə edilmiş və Yasamal RPİ-nin rəisi tərəfindən 25 sentyabr 2021-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qəbul edilmiş qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o, həmçinin Yasamal RPİ-nin CAŞ- nə ezam edilmiş, 27-ci PB-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. NMB-nin rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 25 sentyabr 2021-ci il tarixdə saat 17:45 radələrində qrup üzvü Şahid2la Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, 2 saylı bina evinin qarşısında olan zaman Təqsirləndirilən şəxs və X1 və onlara özlərini Yasamal RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslərə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxalanılan şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə X7 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs və onun tanışı İlkin Quliyevə onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasına getməli olduqlarını bildirib avtomobillə həmin şəxsləri ünvan 3ləşən Yasamal RPİ-nin inzibati binasına gətirmişlər və bu barədə raportla idarə rəisinə məruzə edildikdən sonra müvafiq araşdırmanın aparılması Yasamal RPİ-nin təhqiqatçısı Tural Abdullayevə həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Yasamal RPİ-nə müdafiəçi dəvət edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı iştirakçıların və Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi diqqətinə çatdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, bükümdəkinin heroin olduğunu və heroini 25 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində “Favorit” marketin yaxınlığında üzdən tanıdığı şəxsdən 20 manata özünün istifadə etməsi üçün aldığını demişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli maddənin olduğu müəyyən olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Bundan sonra təhqiqatçı tərəfindən X4 üzərinə şəxsi axtarış aparıılmış və şəxsi axtarış zamanı İlkin Quliyevin üzərindən qanunla dövriyyəsi qadağan edilən maddə və əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmayıb. Onun ancaq Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur.Əməliyyat axtarış-tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş 25.09.2021-ci il tarixli qərar Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 26.09.2021-ci il tarixli, 6/4263 № saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “...imza Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan narkotik maddələr” in İ siyahsına daxildir. (Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,313 qram, tədqiqata sərf edilmiş 0,050 qram və 0,263 qram qalıq qalmışdır.) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X2 01.11.2021-ci il tarixli 4228 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Nizami Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli, 1(007)-334/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq üzərində 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 17.06.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 27.09.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25.09.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 ay (səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 25 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81,82 manat (səksən bir manat 82 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,263 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar