Məhkəmə qərarları › İş №1(004)-475/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-475/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-475/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxsın, müdafiəçi – Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Göygöl rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam’' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən “Mery Pub” kafesinin mətbəxində cuzi səbəbdən onunla eyni kafedə xadiməçi kimi çalışan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı öz şəxsiyyətini Zərərçəkmiş şəxs üstün tutması fovqündə heç bir əsaslı səbəb olmadan ucadan səs-küy salaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə 3-4 dəqiqə ərzində, səs-küyün yaranmasına səbəb olmuş, həmin səsə görə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək hərəkətlərini davam etdirməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olununan hərəkətlər edərək mətbəxdən götürdüyü silah qismində istifadə etdiyi şüşə külqabı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən vuraraq sonuncuya burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan, burunun şişkinliyi və səthi əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və üst dodağın şişkinliyi, içəri səthinin qançırı və səthinin əzilmiş yarası ilə müşayiət olunan, bu dodağın səthi əzilmiş yarası kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə, həmçinin ağzında olan 600 manat dəyərində diş protezinin sınaraq yararsız hala düşməsi ilə nəticələnən xəsarət yetirmiş və bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək “Mery Pub” kafesinin yerləşdiyi Zivərbəy Əhmədbəyov küçəsinə çıxaraq orada olan insanların gözü qarşısında yüksək səslə nalayiq ifadələr işlədib Zərərçəkmiş şəxs saçlarını yolmaqla qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Z.Əhmədbəyov küçəsi, ev 16 ünvanında yerləşən “Mery Pub” restoranında ofisiant olaraq qeyri-rəsmi çalışmış və müştəri olmadığı üçün xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində restoranın zalında olan divanda istirahət etmişdir. Axşamdan işdən çıxmış yorğun olduğu üçün divanda oturaraq söhbət edib, deyib-gülərkən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq həmin yeri təmizləyəcəyi üçün durmasını bildirmiş, Səma isə mətbəxə tərəf getmiş, bu zaman Zərərçəkmiş şəxs ondan nə üçün güldüyünü soruşmuş, o isə cavabında “ona gülmədiyini” bildirmiş, təkrar soruşduqda isə “mənim səninlə nə işim, sən mənim anam yaşında qadınsan” deyə cavab vermişdir. Zərərçəkmiş şəxs onun arxasınca mətbəxə gələrək ünvanına nalayiq sözlər, yəni “ana qədri bilənsən sən, küçə qadını, əxlaqsız, başqa kişilərlə görüşən” ifadələrini işlətməsinə görə aralarında mübahisə başlamışdır. Mübahisə zamanı həmin kafenin müdiri olan Şahid2 mətbəxə gəlmiş, mübahisənin böyüməməsi üçün onun qarşısında dayanmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs tərəf boş plastik coca-cola butulkalarını atmış, Şərqiyyə Abgül qızı isə Səmaya xlor qabını atmış və pol ağacı ilə onun üzərinə gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Səmanın ölmüş anasının ünvanına nalayiq söyüşlər işlətmişdir ki, onun bu sözlərindən sonra Təqsirləndirilən şəxs həmin təhqiredici sözlərdən təsirlənərək özündən çıxmış, özündən asılı olmayaraq stolun üstündə olan külqabını Şərqiyyəyə tərəf atmışdır. Külqabı Şərqiyyənin üzünə dəymiş və onun dodağı qanamağa başlamışdır. Bu zaman Səma qanı görüb dayanmış və Şərqiyyəyə başqa heç bir şey etməmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs yenə Səmanın ünvanına söyüşlər söyməyə başladığından, bu vaxt Seymur onların hər ikisini kafedən çölə çıxarmışdır. O, Şərqiyyə ilə kafedən çölə çıxdıqdan sonra ona, nə üçün anasını söydüyünü dedikdə Şərqiyyə ilk olaraq ondan telefonunu istəmiş, Səma isə ona telefonunun onda olmadığını demişdir. Bundan sonra Şərqiyyə onu yenidən təhqir edərək saçından tutmuş və dartmağa başlamışdır. Bu zaman onları Xəyalə ilə Seymur ayırmış və küçədə heç kim olmamışdır. Bundan sonra Şərqiyyə polisə müraciət etdiyi üçün polis əməkdaşları gələrək onu polis bölməsinə aparmışlar. Zərərçəkmiş şəxs ilə əvvəllər təmizliklə bağlı söz-söhbəti olsa da, ona qarşı heç bir qəsdiqərəzliyi və problemi olmamış, hadisə zamanı Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etməmiş və o, mətbəxdə onunla mübahisə edən zaman Xatirə ilə Seymur orada olmuşlar. Çarpaz dindirmə zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şərqiyyəni saçından tutaraq əli ilə onun sifətinə, boynuna vurmamışdır, ola bilər ki, külqabı ona dəyən zaman burnuna və ağzına dəydiyi üçün burnu və diş protezi sınmışdır. Şərqiyyənin hadisələri tam dəqiqliyi ilə danışmadığını, restoranın daxilində baş vermiş sözlü mübahisənin təxminən 2-3 dəqiqəyə qədər davam etdiyini, Şərqiyyəni vurmağının bir anlıq olduğunu, anasını təhqir etdiyi üçün ona külqabı ataraq xəsarət yetirdiyini bildirmişdir. Bundan başqa qarşılıqlı olaraq bir-birinin saçını yolmuşlar. Kafenin içərisində hadisə olan zaman onunla Şərqiyyəni Seymur və Xatirə ayırmış, kafenin qarşısında Şərqiyyə onun saçını yolan zaman isə onları Seymur və Xəyalə ayırmışdır. İki ildən artıq vaxtdır ki, orada işlədiyini, zərərçəkmiş şəxsin isə ondan öncə orada işlədiyini və onu yaxşı tanıdığını, əvvəllər təmizliklə bağlı aralarında sözlü mübahisələrinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə mübahisə edərkən mətbəxdə heç kəsin olmadığını, yalnız aralarındakı sözlü mübahisə davaya çevrilərkən Seymurun mətbəxə daxil olduğunu, Şərqiyyə onun anasının ünvanına söyüşlər səsləndirdikdən sonra ona qarşı qeyri ixtiyari ona tərəf külqabı atdığını və bundan sonra Seymur və Xatirə tərəfindən mətbəxdən çıxarıldığını, mətbəxdə gedən mübahisə zamanı əlinə bıçaq almadığı və kafenin çölündə mübahisə edən zaman Zərərçəkmiş şəxs üz nahiyyəsindən vurmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdən bu günə qədər ayda 3 və ya 4 dəfə olub ki, Zivərbəy Əhmədbəyov küçəsi 16 ünvanında yerləşən “Mery Pub” restoranının sahibi Seymur adlı şəxs onu restoranı xlorla təmizləməsi üçün çağırmışdır. Günün 1-ci hissəsi olduğu üçün kafedə heç bir müştəri olmamışdır, yalnız o, Səma, Seymur, Xatirə və Xəyalə olmuşdur. Səmanı birinci dəfədir görmüş və həmin gün aralarında mübahisə yaranmışdır. Zalın yerini süpürmək və silmək üçün orada ofisiant kimi çalışan X4 uzandığı divandan qalxmasını, təmizlik etməyi üçün divanı çəkmək lazım olduğunu demiş, Səma əsəbləşərək onu narahat etməməyini bildirmiş, ayağa qalxıb mətbəx tərəfə getmişdir. Daha sonra o, yeri silmək üçün döşəmə taxtasını götürmək məqsədilə mətbəx otağının yanında yerləşən, təmizlik alətləri olan otağın qarşısına getmişdir. Bu zaman Təqsirləndirilən şəxs mətbəxdə olanda onun qarşısına və qab-qacaq yuyulan krantın altına tüpürərək “xadiməsən təmizlə” demiş və onu təhqir etməyə başlamışdır. Şərqiyyə isə cavab olaraq Səmaya bu necə danışıqdır deyə irad bildirmişdir. Bu sözdən sonra Səma ona “əcəb etdiyini” bildirdikdə aralarındakı mübahisə qızışmış, Səma onu nalayiq küçə söyüşləri ilə söymüş və yanındakı boş plastik coca-cola butulkalarını ona atmışdır. Səma mətbəxdə masanın üstündən bıçaq götürən zaman “ay Seymur müəllim neyniyir bu” deyib qışqırmış, Səma da bıçağı tullayaraq masadan götürdüyü külqabını ona atmışdır. Külqabı onun sifətinə dəyən kimi burnundan və ağzından qan açılmışdır. Külqabının dəyməsi nəticəsində burnu sınmış, dodağı partlamış və diş protezi sınmışdır. Həmin vaxt otaqda onlardan başqa yalnız Şahid2 olmuşdur. Sonradan səsə gələn Xatirə və Seymur onları ayıraraq mətbəxdən çıxarmışlar. Lakin Səma yenidən kafenin zalında ona hücum edərək saçından yolmağa başlamış, Seymur Səmanı və onu sakitləşdirib kafedən çölə çıxmalarını tələb etmişdir. Həmin vaxt polisə zəng edib Səmanın ona xəsarət yetirəcəyini bildirəndə Səma telefonu əlindən almış, telefonu hara qoyduğunu görməmiş, Səma kafedən çölə çıxmış, o da çölə çıxanda Səma yenidən onun üstünə hücum edib saçlarını yolmağa başlamış, onun saçından tutub başını aşağı əyərək üzünə zərbələr vurmuşdur. Həmin vaxt Seymur və Xəyalə kafedən çıxıb Səmanı ondan aralamışlar. Ətrafda tanımadığı insanlar dayanıb Səmanın onun saçlarını yolmağına baxsalar da, heç kim onlara yaxınlaşıb aralamamışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, kafenin qarşısında, yəni Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində Səma onun saçından tutaraq üz nahiyəsinə bir neçə dəfə əlləri ilə zərbə vurmuş, bədən səthində xəsarət izi qalmamışdır. Həmçinin Səma əli ilə onun boynundan yumruqla vurmuş, həmin nahiyələrdə də xəsarətin izləri qalmadığından ekspertiza müayinəsi zamanı da həmin nahiyələrində xəsarət izləri aşkar edilməmişdir. Səma mətbəxdə külqabı götürərək onun sifət nahiyəsinə vuraraq burnunu sındırmış, dodağını partlatmış və diş protezini sındırmışdır. Hadisə zamanı diş protezinin sınması nəticəsində ona 600 manat məbləğində maddi ziyan dəymişdir. Münaqişə ümumilikdə təxminən 10-15 dəqiqə davam etmişdir. Səma mətbəxdə onu döyən zaman kafedə o, Səma, Seymur və Xəyalə və Xatirə olsa da, hadisə baş verən zaman mətbəxdə ikisindən başqa heç kim olmamışdır. Yalnız aralarındakı sözlü dava əlbəyaxa davaya çevrilən zaman Seymur mətbəxə daxil olmuş və bu zaman Səma külqabını ataraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Səmanın onu kafenin qarşısında döyməsini Seymur və Xəyalə görmüş, ətrafdan keçən şəxslər olmuş, lakin həmin şəxslərdən heç kim müdaxilə etməmişdir, Səmanın dedikləri tamamilə yalandır, O Səmanın, onun ailə üzvlərinin, eləcə də anasının ünvanına nalayiq sözlər işlətməmişdir. İlkin araşdırma zamanı hadisənin təsiri ilə bəzi şeyləri fərqli qeyd etmiş, lakin hadisə hazırda ifadəsində qeyd etdiyi kimi olmuşdur. Səma ilə mübahisələrinə Seymur, Xatirə, Xəyalə gəlmişdir, kafenin qarşısında onu döyən zaman isə Xəyalə və Seymur onları ayırmışdır. Həmçinin o, əvvəllər Səmanı görmədiyini və onu ümumiyyətlə tanımadığını, onunla ilk dəfə həmin gün restoranda qarşılaşdığını və Səmanın ona qarşı qərəzli münasibətinin səbəbini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs arada bir kafedə əsaslı təmizlik işi görməsi üçün çağırır. xx.xx.2024-cü il tarixdə kafedə təmizlik işi görmək üçün Zərərçəkmiş şəxs kafeyə çağırmış, Şərqiyyə gələrək orada təmizlik işləri aparmağa başlamışdır. Həmin tarixdə saat 12:00 radələrində Xəyalə ilə kafedə mətbəxdə söhbət edib zala çıxanda Səma mətbəxə gəlmiş və o, əlini yuyub qayıdanda mətbəxdən Şərqiyyə və Səmanın səs-küy salaraq mübahisə etmələrini eşitmiş, səs-küyün səbəbini öyrənmək üçün onlara yaxınlaşan zaman Şərqiyyənin Səmanın ünvanına nalayiq söyüşlər söydüyünü, Səmanın isə mətbəxdə olan plastik boş butulkaları Şərqiyyəyə tərəf atmasını, Şərqiyyənin isə Səmaya xlor qabını atmasını və pol ağacı ilə onun üzərinə gəldiyini görmüşdür. Daha sonra Şərqiyyə Səmanın anasının ünvanına nalayiq sözlər işlətmiş və Səma isə mətbəxdə olan şüşə külqabını Şərqiyyəyə atmış, külqabı Şərqiyyənin üz nahiyyəsindən dəymişdir. Həmin vaxt o, Səmanın əlindən vurmuş və onun əllərindən tutaraq, “utanmırsan anan yaşında arvaddır”, Şərqiyyəyə də “utanmırsan qızın yaşında adamdır, o nə sözlərdi onun ölüsünə deyirsən” sözlərini demişdir. Onun arxasınca mətbəxə daxil olmuş Xəyalə ilə Xatirə Səma və Şərqiyyəni ayıraraq mətbəxdən çıxarmış, onların zalda da mübahisələrini davam etdirdiyini görüb hər ikisinə restoranı tərk etmələri barədə göstəriş vermişdir. O, zalda olarkən kafenin qarşı tərəfindən Səma və Şərqiyyənin ucadan danışıqdıqlarını eşidib kafedən çıxıb görmüşdür ki, kafenin qarşısında Şərqiyyə ilə Səma bir-birinin saçlarından tutublar, dərhal onları Xəyalə ilə köməkləşib ayırmışdır. Ətrafda həmin vaxt heç kəs olmamışdır. Mətbəxdə baş verən mübahisə vaxtı isə orada, Səma, Şərqiyyə və özü olmuşdur. Xəyalə və Xatirə sonradan mətbəxə daxil olmuşdur. Növbəti məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 qeyd etmişdir ki, mübahisə vaxtı Şərqiyyənin Səmanın ölmüş anası barədə nalayiq sözlər işlətməsi, Səmanın özündən çıxmasına səbəb olmuş və bundan sonra Səma külqabını götürərək Şərqiyyəyə tərəf atmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər ümumiyyətlə görməyib tanımaması ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı o bildirmişdir ki, onlar kafedə dəfələrlə eyni vaxtda işdə olmuş və bir-birilərini tanımışlar. Həmçinin əlavə etmişdir ki, Şərqiyyə ilə Səma arasında əvvəllər də bir-birinə qarşı aqressiya mövcud olmuş, müxtəlif vaxtlarda onların hər ikisi ona yaxınlaşaraq bir-birinin əleyhinə fikirlər səsləndirmişlər. Şərqiyyə Səma barəsində “çox hozudur və natəmizdir”, Səma isə Şərqiyyə barəsində “bunun başqa işi gücü yoxdur, ancaq mənə ilişir” deyə bildirmişdir. Bundan başqa Seymur mətbəxdə mübahisə olan zaman Səmanın əlində bıçaq olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, “Mery Pub” restoranında işləyir. xx.xx.2024-cü il tarixdə kafedə təmizlik işləri görmək üçün Zərərçəkmiş şəxs kafeyə çağırılmış, həmin tarixdə, saat 12:00 radələrində onunla Seymur kafenin mətbəxində söhbət edib zala çıxmışlar. O və Seymur mətbəxdən çıxanda Səma mətbəxə gəlmişdir. Səma və Şərqiyyə arasında mətbəxdə mübahisə başlamış, Şərqiyyənin “niyə məni lağa qoyursan, niyə gülürsən?” sualına Səmanın “gülmürəm” cavabını verdiyini eşitmişdir. Daha sonra səs-küyün böyüdüyünü gördükdə mətbəxə getmiş, Şərqiyyə Səmanın anasını söydüyü üçün Səmanın Şərqiyyəyə külqabı atdığını bilmişdir. Həmin vaxt Seymur Şərqiyyə və Səmanı ayıraraq çölə çıxarmışdır. Səma və Şərqiyyənin çöldə yenə mübahisə etdiyini eşitdikdə çölə çıxmış və onların bir-birlərinin saçından tutduqlarını görmüş, Seymur ilə birlikdə onları ayırmışlar. Həmin vaxt kafenin ətrafında kənar şəxslər olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 bildirmişdir ki, mübahisədən öncə Səma kafedə divanda oturmuş, Şərqiyyə isə təmizlik işləri görmüşdür. Səma mətbəxə getdikdən sonra Şərqiyyə də mətbəxə tərəf getmiş, bu vaxt mətbəxdən Səma və Şərqiyyənin davadalaş səslərini eşitdikdə restoranın müdiri Seymuru çağıraraq, “ay Seymur onlar dalaşırlar deyəsən” bildirmişdir. Seymur mətbəxə getmiş, daha sonra isə onunla Xəyalə də mətbəxə daxil olmuşlar. Bu vaxt artıq Səmanın külqabı atdığı üçün Şərqiyyənin ağzının qanadığını görmüşdür. Seymur onları ayıraraq zala çıxdıqdan sonra Şərqiyyə telefonunu axtarmağa başlamış, bu zaman Səma ona yaxınlaşaraq “telefonu axtarırsan, polisə verəcəksən məni?” sözlərini söyləmişdir. O, öz növbəsində yenidən mübahisəni sakitləşdirməyə çalışaraq, Seymura “ay Seymur bunları çıxar çölə” sözlərini demişdir. Seymur onlara qışqıraraq çölə çıxarmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Səma və Şərqiyyə arasında əvvəllər də söz-söhbət olmuş, söz söhbətlər təmizlik üstündə baş vermişdir. Belə ki, Şərqiyyə iş görəndə işi təmiz görməyə çalışdığı, Səma isə biraz pinti, yəni natəmiz qız olduğu üçün aralarında əvvəllər də bir neçə dəfə mübahisə baş vermiş, lakin dava olmamışdır. Həmin gün mübahisənin səbəbini tam olaraq bilməsə də Şərqiyyənin dediklərinə görə Şərqiyyə döşəməni silərkən Səma silinən yerlərdə get-gəl etdiyi üçün ona bir yerdə oturmasını demişdir. Sonra Səma gülmüş, Şərqiyyə isə ona cavab olaraq “mən xadiməçiyəm də əlimdə pol taxtam var ona gülürsən” deyə cavab vermişdır. Şərqiyyə Səmanı belə “insan kimi” tanımasa da onlar bir-birini bir işçi kimi görüb tanımışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı hadisənin ünvan 2 ünvanında yerləşən “Mery Pub” kafesinin mətbəxində baş verdiyi müəyyən edilmiş, hadisə yerinə baxış vətəndaş Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş, “Mery Pub” kafesindən içəri daxil olduqda sağda bar hissəsi, solda isə 02 stol və ətrafında stullar, növbəti otaq 36 m2, içərisi stol və stullardan ibarət oturacaqlar, həmin otağın baş tərəfində 8 m2 mətbəxin yerləşdiyi müəyyən edilmiş, Seyidova X2 Səma Asif qızının mətbəxdən atdığı külqabının onun üz nahiyyəsinə dəyərək xəsarət aldığını bildirdirmişdir (i.v.11-12). 14 iyun 2024-cü il tarixdən üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, Şərqiyyə kafenin zalını təmizləyə-təmizləyə onun uzandığı divanın yanına gələrək ondan divandan durmağını istəmiş, o, Şərqiyyəyə sonra “təmizləyərsən” deməyinə baxmayaraq Şərqiyyə onu israrla yerindən qaldırmış, o, divandan durub telefonuna gələn smsə baxıb gülə-gülə mətbəxə keçmiş, o, gülərkən Şərqiyyə ondan niyə güldüyünü soruşub irad bildirmişdir. O, Şərqiyyəyə bildirmişdir ki, ona gülmür. O, mətbəxə keçən zaman orada Seymurla Xatirənin söhbət etdiyini görmüşdür. O, onlarla sağollaşıb getmək istəyirmiş. O, Şərqiyyəyə ona gülmədiyini deməyinə baxmayaraq Şərqiyyə onun yanına mətbəxə gələrək yenidən nə üçün güldüyünü soruşmuş, o, yenidən ona gülmədiyini demiş, lakin sonradan zarafat olsun deyə Şərqiyyəyə demişdir ki, “sənə gülürəm burada nə var?”. Belə olan halda Şərqiyyə ona əxlaqsızlıqla məşğul olduğunu, hər hərəkəti etdiyini demiş, lakin o, Şərqiyyəyə demişdir ki, “sən mənim anam yaşında qadınsan, get məni əsəbləşdirmə”. Belə olan zaman Şərqiyyə onun ünvanına nalayiq ifadələr işlətmiş və əlindəki süpürgə ilə onun üzərinə gələn zaman mətbəxdə olan plastik boş butulkaları onun üstünə atmışdır. Daha sonra Şərqiyyə onun dünyasını dəyişmiş anası Rənanın ünvanına nalayiq ifadələr işlətdikdə o, özünü itirərək mətbəxdə şüşədən olan kül qabını bir anlıq götürüb qeyri ixtiyarı Şərqiyyəyə tərəf atmış, həmin kül qabı Şərqiyyənin sifətinə dəyərək xəsarət yetirmişdir. O, mətbəxdə qalmış, Şərqiyyəni isə Xatirə ilə Seymur mətbəxdən çıxartmışlar. Həmin zaman Xatirə Şərqiyyəyə irad bildirmişdir ki, “sən nə üçün onun anasının ünvanına nalayiq ifadələr işlədirsən, bilirsən ki, onun anası dünyasını dəyişib”. Bundan sonra Şərqiyyə Seymura demişdir ki, “Səmanı mənə ver, mən də onu vurum”. Bu zaman Seymur onlarım hər ikisini kafedən çıxararaq “gedin davanızı çöldə edin” deyə bildirmişdir. Səma və Şərqiyyə kafedən çölə çıxdıqdan sonra Səma ondan nə üçün anasını söydüyünü demiş, Şərqiyyə ilk olaraq ondan telefonunu istəmiş, Səma ona telefonun onda olmadığını demişdir. Şərqiyyə Səmaya bildirmişdir ki, “sən mənim burnumu niyə sındırdın?”, Səma isə ona “sən mənim anamı təhqir etdin, mən də səni ona görə vurdum” deyə cavab vermişdir. Bundan sonra Şərqiyyə Səmanın anasını yenidən təhqir etdiyi üçün onlar bir-birinin saçından tutaraq yolmağa başlamışlar. Üzləşmə zamanı, Zərərçəkmiş şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “Mery Pub” kafesinin ümumi zalında yeri süpürmək üçün orada ofisiant kimi çalışan Səmaya uzandığı divandan qalmasını xahiş etmiş, Səma divandan qalxaraq mətbəx tərəfə gedərkən Şərqiyyəyə qarşı nalayiq söyüşlərlə təhqir etməyə başlamış, daha sonra Şərqiyyə döşəmə taxtasını götürmək üçün mətbəxin yaxınlığındakı otağa getmiş və bu vaxt mətbəxdə olan Səma yenidən onu təhqir etməyə başlamış, bu zaman səs-küyə Seymur gəlmiş və onlardan mübahisənin səbəbini soruşmuşdur. Bu vaxt Səma ona əvvəlcə bir-iki dənə plastik butulka atmış, lakin həmin butulkalar ona dəyməmiş, bunun ardınca isə ona mətbəxdə olan şüşə külqabını atmış, külqabı onun sifətinə dəyən kimi burnundan və ağzından qan açılmış, külqabının dəyməsi nəticəsində burnu sınmış, dodağı partlamış və diş protezi sınmışdır. Həmin vaxt Xəyalə və Xatirə də mətbəxdə olmuş. Seymur və Xatirə Səmanı onnan ayıraraq mətbəxdən çıxarmış, lakin Səma yenidən kafenin zalında ona hücum edərək saçından yolmağa başlamış, yenə Seymur Səmanı və onu sakitləşdirib kafedən çölə çıxmağını tələb etmiş, o, həmin vaxt polisə zəng edib, Səmanın ona xəsarət yetirəcəyini bildirəndə Səma telefonu onun əlindən almış, telefonu hara qoyduğunu görməmişdir. Səma kafedən çölə çıxmış, Şərqiyyə də çölə çıxanda Səma yenidən onun üstünə hücum edib saçlarını yolmağa başlamış, bu vaxt Seymur və Xəyalə kafedən çıxıb Səmanı ondan aralamışlar. Ətrafda tanımadığı insanlar dayanıb Səmanın onun saçlarını yolmağına baxsalar da, heç kim onlara yaxınlaşıb aralamamışdır. Səmadan telefonunu istədikdə zalda divanın üstünə qoyduğunu bildirmiş və o, zala daxil olub divanın üstündən telefonunu götürüb kafedən çıxıb getmişdir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-nə yaxınlaşıb, şikayət ərizəsi ilə müraciət etmişdir (i.v.150-154). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 xx.xx.2024-cü il tarixli, 203 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan, burunun şişkinliyi və səthi əzilmiş yarası, üst dodağın şişkinliyi, içəri səthinin qançırı və səthi əzilmiş yarası ilə müşayiət olunan, bu dodağın səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, bu xəsarətlərdən burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan, burunun şişkinliyi və səthi əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, üst dodağın şişkinliyi, içəri səthinin qançırı və səthi əzilmiş yarası ilə müşayiət olunan, bu dodağın səthi əzilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (i.v.19-22). “Sınmış diş protoezinin götürülməsi və baxış keçirilməsi haqqında” 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi diş protezinə baxış keçirilərkən həmin diş protezinin üstündə ağımtıl rəngli materialdan hazırlanmış 14 ədəd diş olduğu, protezin əsasının ət rəngli materialdan hazırlandığı, protezin qarşı hissəsində arxadan irəliyə 6-cı diş ucundan 2 mm hissəsinin sındığı, protezin əsasının qarşı sol hissəsinin sınaraq dairəvi formalı diametri 4 mm olan deşik açıldığı müəyyən edilmiş, həmin diş protezinin fotoşəkli çəkilmiş və iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq möhürlənmişdir (i.v 91). “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikaksı CM-nin 181-ci maddəsinin əlamətləri olmadığından həmin maddələr ilə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikaksı CM-nin 148-ci maddəsinin əlamətləri olmadığından həmin maddə ilə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs təqdim etdiyi, sınaraq yararsız vəziyyətə düşmüş diş protezinin maddi sübut kimi tanınması və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi, ilkin təhqiqat materialları, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, Zərərçəkmiş şəxs, şahidlərin işin faktiki hallarına uyğun olub, obyektiv həqiqəti əks etdirən ifadələri, hadisə yerinə baxış protokolu, ona əlavə edilmiş fotocədvəl, məhkəmə tibb ekspertizasının rəyi və tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktub, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərin cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barələrində qərarın təsviri hissəsində qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi ilə əlaqədar cinayət işindən zəruri sənədlərin surətlərinin çıxarılaraq saxlanılması üçün Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v.185-194). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 21 fevral 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonrakı davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 21 fevral 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Mery Pub” kafenin mətbəxində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə külqabını atmış və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 21 fevral 2024-cü il tarixdə baş vermiş hadisə ünvan 4 ünvanında yerləşən “ Mery Pub” kafesinin mətbəxində, yəni ictimai yerdə baş verməmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərkən hadisə yerində kafenin müdiri Şahid2 olmuş, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını hər hansı kənar şəxsin (şəxslərin) görməsi müəyyən edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, ictimai qaydanın pozulması başqa şəxs üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə və ya özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşayiət olunmadığından, təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətinin dəyişərək onun hərəkətlərinin şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevrilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. AR CM-nin 221.3-cü maddəsində isə AR CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduğu halda həmin maddə ilə cinayət məsuliyyətinin yaranması təsbit olunmuşdur. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.3-cümaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək, yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsiqərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, xuliqanlıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəldiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Məhkəmə ilk növbədə istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdikləri ifadələrə də ayrılıqda qiymət verilməsini və daha sonra həmin ifadələrlə müstəntiqin istinad etdiyi ifadələrinin müqayisəli təhlilinin aparılmasının məqsədəmüvafiq olması qənaətinə gəlir. Belə ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, o, zərərçəkmiş şəxsi əvvəllər tanıdığını və aralarında sözlü mübahisələr olduğunu, hadisə günü isə mətbəxə getdiyini və Zərərçəkmiş şəxs onun arxasınca mətbəxə gələrək ünvanına nalayiq sözlər, yəni “ana qədri bilənsən sən, küçə qadını, əxlaqsız, başqa kişilərlə görüşən” ifadələrini işlətməsinə görə aralarında mübahisə başlamışdır. Mübahisə zamanı həmin kafenin müdiri olan Şahid2 mətbəxə gəlmiş, mübahisənin böyüməməsi üçün onun qarşısında dayanmışdır. Bu zaman Səma, Zərərçəkmiş şəxs tərəf boş plastik coca-cola butulkalarını atmış, Şərqiyyə Abgül qızı isə Səmaya xlor qabını atmış və pol ağacı ilə onun üzərinə gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Səmanın ölmüş anasının ünvanına nalayiq söyüşlər işlətmişdir ki, onun bu sözlərindən sonra Təqsirləndirilən şəxs həmin təhqiredici sözlərdən təsirlənərək özündən çıxmış və onu stolun üstündə olan külqabını Zərərçəkmiş şəxs tərəfə atması özündən aslı olmamışdır. Daha sonra isə Zərərçəkmiş şəxs yenə Səmanın ünvanına söyüşlər söyməyə başladığından, bu vaxt Seymur onların hər ikisini kafedən çölə çıxarmışdır. Bundan sonra Şərqiyyə onu yenidən təhqir edərək saçından tutmuş və dartmağa başlamışdır. Bu zaman onları Xəyalə ilə Seymur ayırmış və həmin vaxt küçədə heç kim olmamışdır. Səma Şərqiyyənin hadisələri tam dəqiqliyi ilə danışmadığını və restoranın daxilində baş vermiş sözlü mübahisənin təxminən 2-3 dəqiqə qədər davam etdiyini, lakin Şərqiyyəni vurmağının isə bir anlıq olduğunu, mətbəxdə gedən mübahisə zamanı əlinə bıçaq almadığını, kafenin çölündə mübahisə edən zaman Zərərçəkmiş şəxs üz nahiyyəsindən vurmadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, əvvəllər Səmanı birinci dəfədir görmüş və həmin gün aralarında mübahisə yaranmışdır. Zalın yerini süpürmək və silmək üçün orada ofisiant kimi çalışan X4 uzandığı divandan qalxmasını xahiş etmişdir. Səma əsəbləşərək onu narahat etməməyini bildirmişdir, lakin ona təmizlik etməyi üçün divanı çəkmək lazım olduğunu demişdir. Bu zaman Təqsirləndirilən şəxs mətbəxdə olanda onun qarşısına və qab-qacaq yuyulan krantın altına tüpürərək “xadiməsən təmizlə” demiş və onu təhqir etməyə başlamışdır. Şərqiyyə isə cavab olaraq Səmaya bu necə danışıqdır deyə irad bildirmişdir. Bu sözdən sonra Səma ona “əcəb etdiyini” bildirdikdə aralarındakı mübahisə qızışmış, Səma onu nalayiq küçə söyüşləri ilə söymüş və yanındakı boş plastik coca-cola butulkalarını ona atmışdır. Səma mətbəxdə masanın üstündən bıçaq götürən zaman “ay Seymur müəllim neyniyir bu” deyib qışqırmış, Səma da bıçağı tullayaraq masadan götürdüyü külqabını ona atmışdır. Külqabının dəyməsi nəticəsində burnu sınmış, dodağı partlamış və diş protezi sınmışdır. Həmin vaxt otaqda onlardan başqa yalnız Seymur olmuşdur. Sonradan səsə gələn Xatirə və Seymur Səmanı və onu ayıraraq mətbəxdən çıxarmışdır, lakin Səma yenidən kafenin zalında ona hücum edərək saçından yolmağa başlamış, yenə Seymur Səmanı və onu sakitləşdirib kafedən çölə çıxmaqlarını tələb etmişdir. Səma kafedən çölə çıxmış, o da çölə çıxanda Səma yenidən onun üstünə hücum edib saçlarını yolmağa başlamış, onun saçından tutub başını aşağı əyərək üzünə zərbələr vurmuşdur. Ətrafda tanımadığı insanlar dayanıb Səmanın onun saçlarını yolmağına baxsalar da, heç kim onlara yaxınlaşıb aralamamışdır. Səma onun saçından tutaraq üz nahiyəsinə bir neçə dəfə əlləri ilə vursa da, bədəni səthində xəsarət izi qalmamışdır. Həmçinin bundan başqa Səma onun əli ilə boynundan yumruqla vurmuş, həmin nahiyələrdə də xəsarətin izləri qalmadığından ekspertiza müayinəsi zamanı da həmin nahiyələrində xəsarət izləri aşkar edilməmişdir. O nə Səmanın, nə ailə üzvlərinin, nədəki anasının ünvanına nalayiq sözlər deməmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, mətbəxdən Şərqiyyə və Səmanın ucadan danışaraq səs-küy salaraq mübahisə etmələrini eşitmiş, səs küyün səbəbini öyrənmək üçün onlara yaxınlaşan zaman Şərqiyyənin Səmanın ünvanına nalayiq söyüşlər söydüyünü, Səmanın isə mətbəxdə olan plastik boş butulkaları Şərqiyyəyə tərəf atmasını, Şərqiyyənin isə Səmaya xlor qabını atmasını və pol ağacı ilə onun üzərinə gəldiyini görmüşdür. Daha sonra Şərqiyyə Səmanın anasının ünvanına nalayiq sözlər işlətmiş və bu zaman Səma mətbəxdə olan şüşə külqabını Şərqiyyəyə atmış, külqabı Şərqiyyənin üz nahiyyəsindən dəymişdir. Həmin vaxt o, Səmanın əlindən vurmuş və onun əllərindən tutaraq, “utanmırsan, anan yaşında arvaddır”, Şərqiyyəyə də “utanmırsan qızın yaşında adamdır, o nə sözlərdi onun ölüsünə deyirsən?” sözlərini demişdir. Kafedən çölə çıxıb görmüşdür ki, kafenin qarşısında Şərqiyyə ilə Səma bir-birinin saçlarından tutublar, dərhal onları Xəyalə ilə köməkləşib ayırmışdır. Ətrafda həmin vaxt heç kəs olmamışdır. Mətbəxdə baş verən hadisə vaxtı isə orada, Səma, Şərqiyyə və özü olmuşdur. Xəyalə və Xatirə sonradan mətbəxə daxil olmuşdur. Şərqiyyənin Səmanı əvvəllər ümumiyyətlə görməyib tanımaması ilə bağlı səsləndirdiyi fikirlə bağlı isə o bildirmişdir ki, onlar kafedə dəfələrlə eyni vaxtda işdə olmuş və bir-birilərini tanımışlar. Həmçinin o, əlavə etmişdir ki, Şərqiyyə ilə Səma arasında əvvəllər də birbirinə qarşı aqressiya mövcud olmuş, müxtəlif vaxtlarda onların hər ikisi Seymura yaxınlaşaraq bir-biri əleyhinə fikirlər səsləndirmişlər. Belə ki, Şərqiyyə Səma barəsində “çox hozudur və natəmizdir ”, Səma isə Şərqiyyə barəsində “bunun başqa işi gücü yoxdur, ancaq mənə ilişir” deyə bildirmişdir. Həmçinin mətbəxdə mübahisə olan zaman Səmanın əlində bıçaq olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da ifadə verərək bildirmişdir ki, həmin tarixdə, təxminən saat 12:00 radələrində onunla Seymur kafenin mətbəxində söhbət edib zala çıxmış, bu vaxt Səma mətbəxə gəlmişdir. Səma və Şərqiyyə arasında mətbəxdə mübahisə başlamış, Şərqiyyənin “niyə məni lağa qoyursan, niyə gülürsən?” sualına Səmanın “gülmürəm” cavabını verdiyini eşitmişdir. Daha sonra səs-küyün böyüdüyünü gördükdə mətbəxə getmiş, Şərqiyyə Səmanın anasını söydüyü üçün Səmanın Şərqiyyəyə külqabı atdığını bilmişdir. Həmin vaxt Seymur Şərqiyyə və Səmanı ayıraraq çölə çıxarmışdır. Səma və Şərqiyyənin çöldə yenə mübahisə etdiyini eşitdikdə çölə çıxmış və onların bir-birlərinin saçından tutduqlarını görmüş, Seymur ilə birlikdə onları ayırmışlar. Həmin vaxt kafenin ətrafında kənar şəxslər olmamışdır. İbtidai istintaq zamanı Şahid1 ifadə verərək bildirmişdir ki, divanda oturub danışıb gülərkən Şərqiyyə Səmanın üzərinə gədərək nə üçün ondan danışdığını və nə üçün onun barəsində danışıb güldüyünü soruşduğu zaman Səmanın Şərqiyyəyə “mən sənin nəyindən danışacam” deyib mətbəxə keçdiyini, bu zaman Şərqiyyənin də onun arxasınca mətbəxə getdiyini və Səmaya “sən özün əxlaqsızlıqla məşğulsan, hər iş görürsən, nə üçün məndən danışırsan” dediyini, Səmanın isə Şərqiyyəyə bir daha onun barəsində heçnə danışmadığını dediyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, mübahisədən öncə Səma kafedə divanda oturmuş, Şərqiyyə isə təmizlik işləri görmüşdür. Səma mətbəxə getdikdən sonra Şərqiyyə də mətbəxə tərəf getmiş, bu vaxt mətbəxdən Səma və Şərqiyyənin dava-dalaş səslərini eşitdikdə restoranın müdiri Seymuru çağıraraq, “ay Seymur onlar dalaşırlar deyəsən” bildirmişdir. Seymur mətbəxə getmiş, daha sonra isə onunla Xəyalə də mətbəxə daxil olmuşlar. Bu vaxt artıq Səmanın külqabı atdığı üçün Şərqiyyənin ağzının qanadığını görmüşdür. Bundan başqa o qeyd etmişdir ki, Səma və Şərqiyyə arasında əvvəllər də söz-söhbət olmuş, söz söhbətlər təmizlik üstündə baş vermişdir. Belə ki, Şərqiyyə iş görəndə işi təmiz görməyə çalışdığı, Səma isə biraz pinti, yəni natəmiz qız olduğu üçün aralarında əvvəllər də bir neçə dəfə mübahisə baş vermiş, lakin dava olmamışdır, Şərqiyyə Səmanı belə “insan kimi” tanımasa da onlar bir-birini bir işçi kimi görüb tanımışlar. Göründüyü kimi, 21 fevral 2024-cü il tarixdə Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 16 ünvanında yerləşən “Mery Pub” kafedə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, Şahid2, Şahid1, Şahid3 hər biri eyni məzmunda verdikləri ifadələrə əsasən müəyyən olunmuşdur ki, Səma ilə Şərqiyyə arasında əvvəlcədən şəxsi münasibətlər zəminində təmizliklə əlaqədar münaqişəli vəziyyət olmuş, hadisə günü də eyni səbəbdən, yəni zərəçəkmiş həmin sahədə iş görmək istəmiş, təqsirkar isə göründüyü kimi mübahisə yaratmayaraq mətbəxə getsə də Şərqiyyə onun arxasınca gedərək ona güldüyünü soruşduqda Səma ona gülmədiyini bildirdikdən sonra Şərqiyyə onun ünvanına nalayiq sözlər işlədərək təhqir etməsi ilə mübahisə başlamışdır. Davam edən mübahisədə Şərqiyyə Səmanın anası haqqında nalayiq ifadələr işlətdiyi vaxt Səma həmin təhqiredici sözlərdən təsirlənərək əsəbini cilovlamayaraq külqabını Şərqiyyəyə tərəf atmış və həmin külqabı Zərərçəkmiş şəxs onun üz nahiyyəsinə dəymişdir. Bundan başqa zərərçəkən Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi - Səmanın mətbəxdə masanın üstündən bıçaq götürən zaman Şərqiyyənin “ay Seymur müəllim neyniyir bu” deyib qışqırması, bundan sonra Səmanın bıçağı tullayaraq masadan götürdüyü külqabını ona atması faktı heç bir sübutla öz təsdiqini tapmamış, təqsirləndirilən şəxs və şahid ifadələri ilə Səmanın bıçağa əl atması barədə zərərçəkənin ifadəsi təkzib olunmuşdur. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında uzun müddət təmizliklə bağlı mübahisə və bundan irəli gələn münaqişəli vəziyyət olmuş və qeyd olunan zorakı hərəkətlərin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmişdir. İbtidai istintaqı aparan müstəntiq insanların gözü onündə kafenin qarşısında Səmanın yüksək səslə Şərqiyyəni nalayiq sözlərlə təhqir edərək, saçlarını yolmaqla xuliqanlıq hərəkəti törətməsini ittiham aktında qeyd etməklə xuliqanlıq cinayətinin tərkibinin yaranması və təqsirləndirilən şəxsin əməlinin AR CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli hesab etmişdir. Bununla da təqsirləndirilən şəxsin əməlinə xuliqanlıq donu geyindirmək üçün tam, hərtətəfli və obyektiv araşdırma aparmayaraq hadisənin törədilmə səbəbini müəyyən etməməklə, video görüntünün əldə edilməsi üçün tədbirlər görməmişdir. Lakin AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli maddi tərkibli olduğundan göstərilən səbəblə Səmanın Zərərçəkmiş şəxs tərəf külqabı atması və külqabının Şərqiyyənin üz nahiyyəsinə dəyərək xəsarət aldığı vaxt cinayət başa çatmış hesab olunur. Sonradan kafenin qarşısında bir-birilərinin saçının yolması göstərilsə də, məhkəmə - tibb ekspertizasının təyin olunması haqqında xx.xx.2024-cü il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Yasamal rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 203 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən olmamışdır ki, Səmanın və Şərqiyyənin baş hissələrində hər hansı bir xəsarət var və həmçinin hadisə yerinin video görüntüsü də yoxdur, sadəcə müstəntiq deyilənləri ifadədə qeyd etməklə araşdırma aparmadan heç bir əsası olmadan əmələ xuliqanlıq qiyməti vermişdir. O da qeyd edilməlidir ki, göstərilən halın məhkəmə istintaqı zamanı araşdırılması, yəni bir-birilərinin saçlarının yolunması nəticəsində xəsarətlərinin müəyyən edilməsi hadisə günündən uzun müddət keçməsi səbəbi ilə mümkün olmayacağından həmin halın araşdırması məhkəmə prosesini əsassız uzatmaqla prosesual qənaət prinsipinə zidd olardı. Halbuki, AR CM-nin 221.1-ci maddəsinin dispozisiyası qanunverici tərəfindən dəqiq müəyyən olunmuş və əməlin xuliqanlıq kimi tövsif olunması üçün nə başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunmadan ayrılıqda ictimai qaydanın pozulması, nə də ictimai qaydanın pozulması müəyyən edilmədən ayrılıqda başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin edilməsi kifayət etməməklə hər iki halın-həm ictimai qaydanın pozulmasının, həm də təqsirləndirilən şəxsin yuxarıda sadalanan qərəzli hərəkətlərinin birgə mövcud olması birmənalı şəkildə müəyyən edilməmişdir ki, bu da müstəntiqin hazırki iş üzrə gəldiyi qənaətlə cinayət qanunu normasına şəxsi mülahizələri əsasında şərh verərək şəxsin əməlinə düzgün hüquqi qiymət verməməsinə dəlalət edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlini AR CM-nin 221.3-cü maddəsi ilə tövsif edərkən istinad etdiyi yeganə sübut şahid ifadələri və ya digər mötəbər sübutlarla öz təsdiqini tapmayan zərərçəkmiş şəxsin ifadəsidir ki, həmin ifadədə göstərilən və təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsinə əsas olan hallar isə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilməməklə təkzib edilmişdir. Həmçinin o da qeyd edilməlidir ki, 21 fevral 2024-cü il tarixdə Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 16 ünvanında yerləşən “Mery Pub” kafenin qarşısında Səmanın Şərqiyyəyə xəsarət yetirən zaman mətbəxdə yalnız Seymurun olması, həmin hadisəyə hər hansı kənar şəxsin şahidlik etməməsi, daha sonra kafenin qarşısında yalnız təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin olması, kənar şəxslərin, yəni Seymur və Xəyalənin yalnız bundan sonra Səma ilə Şərqiyyənin mübahisə etdiklərini və ucadan danışdıqlarını eşidərək hadisə yerinə gəlmələri ictimai qaydanın pozulmasının başqa şəxsə zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunmaması, bununla da təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olmaması mübahisəsiz qaydada müəyyən edilmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünən odur ki, istintaq orqanı iki hala istinad edərək şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması qənaətinə gəlmişdir: 1. Hadisənin cüzi səbəbdən baş verməsi; 2. Hadisənin ictimai yer hesab olunan küçədə baş verməsi. Məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, o, zərərçəkmiş şəxs onunla mübahisə yaratmaq istəyən zaman onun göstərişinə tabe olub otağı tərk edərək mətbəxə getməz və zərərçəkənin verdiyi suala isə ona gülmədiyini, onun haqqında heçnə danışmadığını bildirməzdi. Bundan başqa zərərçəkmiş şəxs əvvəlcədən aralarında yaranmış olan təmizliklə bağlı şəxsi münasibətlər zəminində mübahisənin davam etməsinə öz təşəbbüsü ilə şərait yaratmış, təqsirləndirilən şəxs isə edilən təhqirin təsirindən özünü saxlamayaraq külqabını atarq cəmiyyət üçün qapalı şəraitdə, kafenin mətbəxində zərərçəkənə xəsarət yetirmişdir. Həmçinin kafedən çölə çıxan zaman küçədə bir-birilərinin saçından tutaraq yolmaları eyni ilə edilmiş təhqirlər səbəbindən olmuş, xəsarətlərinin olması müəyyən olunmamış, həmin zaman orada heç kim olmamışdır. Səs-küyə Seymur və Xəyalə gəlsə də, digər şəxslərin görməsinin mümkün olduğu o şəraitdə olardı ki, bu hal isə nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə cinayət prosesi iştirakçılarının hər birininin ifadəsindəki xüsusatlarla təkzib olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş və öz ehtimalları əsasında şəxsə ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.3-cü maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən sadəcə təqsirləndirilən şəxsin cüzi səbəbdən zərərçəkən şəxsi vurması və davam edən mübahisənin kafenin qarşısında olmasına əsaslanaraq əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Lakin müstəntiq hadisə yerində kənar şəxslərin toplanmış olduğu halda həmin şəxsləri müəyyən edərək ifadələrini almamış və yaranmış mübahisənin isə hansı səbəbdən baş verdiyini və əvvəllər arasında münaqişəli vəziyyətin olmasını araşdırmamışdır. Mübahisənin davamı olaraq küçədə Səma ilə Şərqiyənin saç yolmaları cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış qaydalarının pozuntuları kimi də şərh edilə bilər ki, nə qədər ki, istənilən qəsdən törədilmiş cinayət cəmiyyətdə təşəkkül tapmış birgəyaşayış qaydalarından, ümumqəbuledilmiş normalardan kənara çıxma, onlara etinasızlığın təzahürü kimi özünü göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolun təsdiq edilməməsi, material üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərarın ləğv edilməsi və cinayət işi başlanaraq aidiyyəti üzrə göndərilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində toplanmış böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Natiq Abdullayev tərəfindən tərtib edilmiş 02 mart 2024-cü il tarixli yekun protokol təsdiq edilməmiş, Təqsirləndirilən şəxs barəsində başlanmış böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qəbul edilmiş 01 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar ləğv edilmiş, həmin böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqının aparılması üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (i.v.1-4). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (i.v.75). “Cinayəti törətməkdə şübhəli şəxs barəsində axtarış elan olunması və cinayət işi üzrə icraatın dayandırılması barədə” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və müəyyən edildikdən sonra Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilməsi, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (i.v.96-97). “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da könüllü olaraq Yasamal RPİ İstintaq şöbəsinə gəlmişdir (i.v.113). “Cinayət işi üzrə icraatın təzələnməsi barədə” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v.114). “DİN-nin BƏSİİ-dən daxil olmuş 26 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göy-göl Rayon Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək həmin cəza 02 il sınaq müddəti müəyyən edilərək şərti olaraq təyin edilmiş, xx.xx.2015-ci ildə təyin olunmuş sınaq müddəti başa çatmışdır (i.v.102-103). Göygöl Rayon Məhkəməsinin 1(066)-52/2013 saylı, 13 sentyabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 03 il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmişdir (i.v.106-112). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.135-136). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 147-148). “Cinayət işinin materiallarının və əməlin tövsif edilməsi haqqında” 30 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət işinin materialları və törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir (i.v.166-167). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 30 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v.172-173). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması onu cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs məxsus hadisə zamanı sınaraq yararsız vəziyyətə düşmüş diş protezinin maddi sübut tanınası və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut: Zərərçəkmiş şəxs məxsus hadisə zamanı sınaraq yararsız vəziyyətə düşmüş diş protezinin maddi sübut kimi tanınması və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 45 iş saatına görə 270 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar