Məhkəmə qərarları › İş №1(004)-475/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-475/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-475/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, onun nümayəndəsi və vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2, onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında pasport qeydiyyatdında olmaqla yaşayır. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X4r. Bildirmək istəyir ki, E.Quliyeva televiziya verlişi “Bizimləsən”-də canlı efirdə onun barəsində nalayiq ifadələr işlətmiş, şərəf və ləyaqətini bilərəkdən alçaltmışdır. Bildirir ki, E.Quliyeva canlı efirdə onun barəsində “fırıldaq işlərlə məşğul olur, narkotik aludəçisidir” kimi ifadələr işlətmişdir. Hətta aparıcı onu bu ifadələrin cinayət məsuliyyəti yaradacağı barədə xəbərdarlıq etsə də, E.Quliyeva “gedib hara istəyirlər şikayət etsinlər” kimi ifadələr işlətmiş və öz təhqir və böhtanlarına davam etmişdir. Bildirmək istəyir ki, onun bu cür qəsdən etməsinə səbəb guya bu yolla onu hər kəsin yanında, eləcə də xalqın gözündən salmaqdır. Öz məqsədinə nail olmaq üçün hər kəsin yanında onun şərəf və ləyaqəti barədə ağıza alınmayacaq ifadələr işlətmişdir. Qeyd etdiklərinin hamısı təqdim olunacaq sübutlarla da öz təsdiqini tapacaq və hesab edir ki, ədalətli məhkəmə araşdırması nəticəsində azərbaycan qadınını bu cür şəkildə təhqir edən, böhtan atan bir insan cəzasız qalmayacaqdır. Göstərilənlərə əsasən E.Q.Quliyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmə iclasında çıxışında bildirmişdir ki, onun iki bibisi var. X3 da onun doğma bibisidir. Televiziya verilişi olan “Bizimləsən”-də canlı efirdə onun tərəfindən ümumi olaraq tənqid xarakterli fikirlər söylənilmiş, lakin heç bir təhqiredici və ya böhtan xarakterli sözlərdən istifadə etməmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müfaciəçisi X8 bildirmişdirlər ki, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə cavab vermir. Orada ümumiyyətlə təhqirdən söhbət getmir. Bundan başqa Rəna xanıma münasibətdə narkotik istifadəçisidir sözü işlədilməyib. Orada çox söz söhbətlər olub, bir çox ifadələr konkret qarşı tərəfin hansısa cinayətin törədilməsinə ittiham olunmasına yönəlməyib, orada emosional fikir səsləndirə bilər, çünki əvvəlki verilişdə qarşı tərəf kulis arxası “işverən”, “ərinin tutdurmusan” kimi ifadələr işlədib. Bu cür məişət xarakterli verilişlər guya nəyisə həll etmək məqsədilə ekspert və aparıcının təsirindən meydana gəlib. Hüquqlarını müdafiə etiyi şəxs birinci dəfə məhkəməyə müraciət edə bilərdi. Orda təhqir olsaydı, veriliş dayandırılardı, o ki qaldı narkotik istifadəçisidir sözünə, orda xanıma qarşı elə ifadə işlənməyib. Həm də ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə ona şər-böhtan atmasını fərqləndirilməmişdir. Şikayətçi E.Q.Quliyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Həmçinin şikayətçi şikayət ərizəsində qeyd olunan halları təsdiq edən ilkin sübutları da məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri və tədim edilmiş görüntüləri nəzərdən keçirərək, qeyd edir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (məşğuliyyət növü və vəzifəsi) qeyd edilməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş, bundan başqa xüsusi ittiham qaydasında şikayət ərizəsində ümumi formada qeyd edilib ki, ““E.Quliyeva canlı efirdə onun barəsində “fırıldaq işlərlə məşğul olur, narkotik aludəçisidir”, “gedib hara istəyirlər şikayət etsinlər”. Lakin, ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onların şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə onlara şər-böhtan atmasını fərqləndirilməmişdir. Həmçinin şikayət vermiş şəxs E.Q.Quliyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsələr də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Bundan əlavə nəzərə almaq lazımdır ki, 147-ci maddə iki bənddən ibarətdir. Şikayətdə isə konkret olaraq E.Q.Quliyevanın həmin maddənin hansı bəndi ilə məsuliyyətə cəlb edilməli olması da fərqləndirilməmişdir. Bundan başqa şikayətçi Rəna Quliyeva iddia edir ki, efirdə onun haqqında “fırıldaq işlərlə məşğul olur”, “narkotik aludəçisidir” kimi ifadələr işlədib. Lakin efirdə bu sözlərin onun barəsində deyildiyi sübut olunmayıb, çünki konkret olaraq Rəna Quliyevanın adı çəkilməklə ona heç bir fikir ünvanlanmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar