Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-476/2022 07.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X5, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə günorta saatlarında, Bakı şəhəri Səbail rayonu ərazisində istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd selofan paket bükümündə təmiz çəkisi 3.237 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 28 aprel 2022-ci il tarixdə saat 22:20 dəqiqədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid1 yaşadığı ünvan 3 ünvanda saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 01 ədəd selofan paket bükümündə təmiz çəkisi 3.237 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmiş, barəsində Yasamal RPİ-nin İŞnin müstəntiqi Kamran Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir, cinayət işinin nömrəsi ********* olmuşdur. Cinayət işi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı bildirdi ki, məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin olunması üçün kifayət qədər əsas vardır, aparılan ibtidai araşdırma zamanı CPM-in tələbləri pozulmamışdır. İşin məhkəmə baxışına təyin edilməsini mümkün hesab edərək xahiş edirəm ki, bu barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi və təqsirləndirilən şəxs işin məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin pozuntular aşağıdakılardan ibarətdir. Belə ki, ittiham aktı iş materiallarını əks etdirmir. İrəli sürülmüş ittiham qeyrimüəyyəndir. Çünki iş materiallarındakı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi göstərilən narkotik vasitə olan heroinin çəkisi “3,237 qram” təşkil etdiyi göstərilmişdir. Lakin ittiham aktının giriş-təsviri-əsaslandırıcı hissələrində təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi göstərilən narkotik vasitə olan heroinin çəkisinin gah “3.237 qram”, gah da “3,237 qram” kimi göstərilmişdir. İttihamın nəticə hissəsində isə irəli sürülmüş ittihamda narkotik vasitənin çəkisinin “3.237 qram” olması göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, durğu işarələri olan nöqtə və vergül işarələri rəqəmlərlə birlikdə işlədildikdə fərqli mənalara malik olur. Ədədlər tam ədədlər və kəsr ədədlər ola bilir. Kəsr ədədlərdə tam hissə ilə kəsr hissə vergül işarəsi ilə, yəni “,” işarə ilə biri birindən ayrılır. Onluq kəsrlərdə kəsr hissənin mərtəbə vahidləri ondabirlər - 0,1, yüzdəbirlər - 0,01, mindəbirlər - 0,001 və s.-dir. Onluq kəsrlərin kəsr hissəsində vergüldən sağa doğru hər bir mərtəbə vahidi özündən əvvəlkindən 10 dəfə kiçikdir. Hazırkı ittiham aktının nəticə hissəsindəki istifadə edilmiş nöqtə, yəni “.” işarəsi ümumiyyətlə kəsr ədədlərin yazılışında istifadə edilmir. Yəni “.” işarəsi, yəni nöqtə işarəsi ədədlərdə tam və kəsr hissəsini biri-biindən ayıran işarə kimi istifadə edilmir. Buna görə də ittihamdakı “3.237 qram” yazılışı cinayət işi materiallarına münasibətdə və ümumiyyətlə riyazi baxımdan narkotik vasitənin kütləsini ifadə edən ədəd kimi qeyri müəyyən formada ittihamdır. Həmin nöqtə işarəsi bəzi hallarda kalkulyatorlarda, hesablayıcı maşınlarda, maliyyə sənədlərində tam ədədlərin yazılışında “minlikləri” ayırmaq üçün istifadə edilir. Məsələn 2.000, 10.000, 23.000.000 yazılmaqla müvafiq olaraq - iki min, on min, iyirmi üç miliyon ədədlərini göstərmək üçün istifadə edilir. Bu səbəbdən də ittihamda “3.237 qram” yazısının ifadə elədiyi məna “üç tam mində iki yüz otuz yeddi qram” kimi qəbul edilə bilmir. “3.237 qram” yazılışının mənası “üç min iki yüz otuz yeddi qram” kimi, yəni 3 kiloqram 237 qram mənasını verir. Bununla da hazırkı ittihamın nəticə hissəsində göstərilən narkotik vasitənin miqdarı cinayət işi materiallarında olan ekspertiza rəyinə və ittiham aktının təsviri-əsaslandırıcı hissələrində göstərilənlə münasibətdə qeyri müəyyən formada yazıldığından, verilmiş ittiham CPM-nin 7.0.20-ci maddəsində müəyyən edilmiş tələblərə zidd olaraq konkretləşdirilməmişdir. Bundan əlavə ittiham aktında təqsirləndirilən şəxsin səciyyələndirən hallar kimi göstərilmişdir ki, o, məhkum olunmuş şəxsdir. İttiham aktında təqsirləndirilən şəxsin əməllində “cinayətlərin residivi” məsuliyyətinin ağırlaşdıran hal kimi göstərilmişdir. Bu hal ittiham aktının təsviri əsaslandırıcı hissəsində belə saslandırılmışdır ki, DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respubikası CM-in 177.2.1, 177.2.2-ci maddələri ilə 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməsi tərəfindən vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə sınaq müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə görə “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmii qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə şəxsin “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə” məhkumluq ödənilmiş hesab olunur. Həmçinin həmin Məcəllənin “83.4-1. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.” Əjdər Alışovun cinayəti 28 aprel 2022-ci il tarixdə törədən zaman məhkumluq müddəti ödənilməmişdir. Belə olan halda o, əvvəllər məhkum olunmuş şəxs kimi qəbul olunmalıdır. Bununla bağlı məhkəmə ilk olaraq qeyd edir ki, CPM-nin 140.0-cı maddəsinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər: 140.0.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi — məhkəmə hökmünün surəti CPM-nin 289.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsi səciyyələndirən hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Lakin cinayət işi materiallarına ümumiyyətlə təqsirlləndirilən şəxs barəsində əvvəllər çıxarılmış hökmün surəti, cəzadan şərti olaraq vaxtından əvvvəl azad edilmə barədə məhkəmə aktının surəti əlavə edilməmişdir. Müstəntiq həmin məhkəmə aktlarını tələb edib, iş materiallarına əlavə etməmişdir. Bundan əlavə ittiham aktında bir tərəfdən göstərilir ki, şəxs az ağır cinayət törətdiyinə görə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və xx.xx.2019-cu ildə məhkəmə qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilib. Belə olan halda CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə olduğu halda, xx.xx.2019-cu ildə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması nəzərə alınarsa, hazırkı ittihamda göstərilən cinayətin isə xx.xx.2022-ci il tarixdə törədildiyi göstərildiyi üçün, ümumiyyətlə məhkumluq ödənilmişdir. Lakin hansısa səbəbdən, ittiham aktında əsaslandırılmadan, müstəntiq CM-nin 83.4-1-ci maddəsinə istinad edib və qeyd edib ki, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Halbuki CM-nin 83.4-1-ci maddəsi əsas cəzadan azad olunmuş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddətinin əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanmasını tənzimləyir. Yəni müstəntiqin istinad etdiyi CM-nin 83.4-1-ci maddəsi əlavə cəza olduğu təqdirdə, məhkumluğun ödənilməsi məsələlərini tənzimləyir. Müstəntiq ittiham aktında ümumiyyətlə təqsirləndirilən şəxsin əlavə cəzasının olub olmamasını, vardırsa hansı hökmə əsasən əlavə cəzasının olmasını qeyd etməmişdir. İttiham aktında təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara səthi yanaşılmışdır. İttiham aktındakı təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar cinayət işinin materiallarını əks etdirmir. Bundan əlavə CPM-nin 289.7-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. Lakin iş materiallarında olan ittiham aktında məhkəməyə çağırılmalı olan şəxslərin siyahısında göstərilən şahidlərin ifadələri olan işin vərəqləri kimi göstərilmiş məlumatlar səhv olmuşdur, cinayət işinin materialları ilə uyğun deyildir.. Belə ki, siyahıda göstərilib ki, Şahid4 ifadəsi “03” cild, iş vərəqə 28-31. Lakin həmin cilddəki, həmin vərəqədə Şahid3 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair protokolun bir hissəsi olmuşdur. Ümumiyyətlə “03” cilddə Şahid4 ifadəsi mövcud olmamışdır. Siyahıda göstərilib ki, Şahid3 ifadəsi “03” cild, iş vərəqə 06-09. Lakin həmin cilddəki, həmin vərəqədə “cinayət işinin icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar (səhifə 6), Yasamal rayon prokuroruna ünvanlanmış məktub (səhifə 7), təqsirləndirilən şəxsin Yasamal RPİ MSY-yə köçürülməsi barədə müstəntiqin Yasamal rayon prokuroruna ünvanladığı vəsatət (səhifə 8-10) olmuşdur. Siyahıda göstərilib ki, şahid X2 ifadəsi “02” cild, iş vərəqə 123-127. Lakin həmin cilddəki, həmin vərəqələrdə ümumiyyətlə hər hansı bir şahidin ifadəsi olmamışdır, müxtəlif təşkilatlara ünvanlanmış məktublar olmuşdur. Siyahıda göstərilib ki, Şahid2 Ağaekərim oğlunun ifadəsi “02” cild, iş vərəqə 135- 139. Lakin həmin cilddəki, həmin vərəqələrdə ümumiyyətlə hər hansı bir şahidin ifadəsi olmamışdır, 135-137-ci səhifələrdə telefon danışıqlarının və məlumatların ələ keçirilməsi barədə Yasamal rayon prokurorunun Yasamal Rayon Məhkəməsinə ünvanladığı təqdimat, 138-139-cu səhifələr isə həmin təqdimat üzrə çıxarılmış məhkəmə qərarından ibarət olmuşdur. Siyahıda göstərilib ki, Şahid6 ifadəsi “02” cild, iş vərəqə 141-145. Lakin həmin cilddəki, həmin vərəqələrdə ümumiyyətlə hər hansı bir şahidin ifadəsi olmamışdır, 141-143-cü səhifələrdə müstəntiqin Yasamal RPİ 29-cu PB-yə ünvanladığı əməliyyat tapşırığı, 144-cü səhifə Şahid3 portal məlumatı, 145-149-cu səhifələrdə Şahid3 ifadəsi olmuşdur. Bununla da sadalanan nöqsanlar onu deməyə əsas verir ki, ittiham aktının tərtibinə səthi yanaşılmışdır. İttiham aktı cinayət işinin materiallarını əks etdirmir. Halbuki, CPM-nin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Bununla da həm ittiham aktında narkotik vasitənin miqdarı qeyri müəyyən əks etdirilmiş, cinayət işi materiallarını əks etdirməmiş, həm təqsirləndirilən şəxsin səxsiyyətini səciyyələndirən hallar, bununla bağlı nəzərə alınmış hallar cinayət işi materiallarını əks etdirməmiş, hökm, cəzadan vaxtından əvvəl şərti azad edilmə barədə məhkəmə aktları müstəntiq tərəfindən tələb edilib cinayət işi materiallarına əlavə edilməmiş, ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Belə olan halda ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, ittiham aktındakı qeyri müəyyənlik, ittiham aktının cinayət işi materiallarını əks etdirməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına da gətirib çıxarır. Çünki «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəllənin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Göründüyü ki, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Bu da müstəntiq tərəfindən cinayət qanunvericiliyi tələblərinin kobud surətdə pozulması deməkdir. Qeyd olunan hallar həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə, kobud pozuntulara yol verilməsi ilə nəticələnmişdir. Bu hal CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Belə ki, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X3 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Bununla da cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, şəxsə verilmiş ittiham dəqiq deyildir, ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirmir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi qiymətləndirilmişdir. CPM-nin 301.1.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, həmçinin CPM-nin 301.1.2-ci maddəsinə əsasən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə və CPM-nin 301.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldıqda, məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Lakin hazır cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Çünki yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuya yol verildikdə CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Hazırkı iş üzrə müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-cı il tarixdən hesablanmışdır. Sonuncu dəfə həmin qətimkan tədbirinin müddəti Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Beləliklə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırkı qərar qəbul edildikdən sonra artıq “həbs” qətimkan tədbirinin müddətinin bitməsinə 07 gündən az vaxt qalır. Ona görə də məhkəmə hesab edir ki, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılanda həbsdə saxlama müddəti bitdiyi üçün həmin müddət uzadılmalıdır. Məhkəmə sadalanan nöqsanların aradan qaldırılması üçün bu mddətin 01 ay, yəni 07 noyabr 2022-ci il tarixədək müəyyən edilməsini mümkün hesab edir. CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.5, 303, 306-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılsın. Qərarın bu hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-476/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-476/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver