Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-476/2025 20.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X5 ilə rəsmi nikahda olmuş, nikahdan bir övladı dünyaya gəlmişdir. X3 iddia ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4749/2024 saylı 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Birgə nikah dövründə əldə olunmuş əmlakların bölüşdürülməsi məqsədi ilə aralarında olan mübahisənin həlli üçün onun iddiası əsasında Sabunçu rayon məhkəməsində bir mülki işə baxılmış, digəri üzrə iş üzrə icraat dayandırılmışdır. Öz növbəsində X5 ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixində 13 saylı mediasiya təşkilatında bağlanmış “Barışıq sazişinin” etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işə hakim Aydan Oruclunun sədrliyi ilə baxılmışdır. O, yalnız sonuncu məhkəmə iclasında iştirak etdiyi və əvvəlki məhkəmə iclaslarında nümayəndəsi və vəkili ilə təmsil olunduğu üçün əvvəlki məhkəmə iclaslarının gedişi ilə maraqlandırda və iclasların audio-videoyazısı ilə tanış oduqda ona məlum oldu ki, 08.05.25-ci il tarixdə keçirilmiş məhkəmə iclasının 24-cü dəqiqə 38 saniyəsindən 24-cü dəqiqə 42 saniyəsinə qədər olan müddət aralığında X5 onun barəsində “Lalə dələduzdur, həm də dələduzun böyüyüdür” ifadəsini bildirirək onu dələduzluqda, həm də külli miqdarda dələduzluqda ittiham etmişdir. X5 bu sözləri ilə onu tanımadığı və onunla hər hansı qohumluq əlaqələrinin olmadığı şəxslərin - məhkəmə hakiminin, katibinin, onun vəkilimin, öz vəkilinin, məhkəmə iclasında iştirak edən tanımadığı digər şəxslərin yanında şərəf və ləyaqətini alçaltmış, ona böhtan atmışdır. Qeyd olunan böhtan hakim Aydan Oruclu tərəfindən məhkəmə prossesinin açıq elan edildikdən sonra deyilib və X3 dediyi bu böhtan audiovideo çəkilişlə qeydə alınıb. O, hazırda mühasib vəzifəsində çalışır. Cəmiyyət arasında hörməti və öz çəkisi var. Açıq keçirilən məhkəmə prosesində keçmiş həyat yoldaşı X5 tərəfindən onun haqqında "Lalə dələduzdur, həm də dələduzun böyüyüdür” deməsi ilə onun tərəfindən cinayət əməlində ittiham olunmuş, ona böhtan atılmışdır. Həmçinin keçmiş həyat yoldaşı X5 tərəfindən şərəf və ləyaqəti qəsdən əvvəllər tanımadığı insanların yanında ona böhtan atıldığından ağır stress yaşayır. Bu hal onu psixi gərginliklər yaşamsına səbəb olub, ona ciddi şəkildə mənəvi zərbə vurulmuşdur. Bu səbəbdən X3 AR CM-147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edir. AR CM-nin 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əlavə olaraq qeyd edir ki, dediklərinin həqiqət olmasını aydınlaşdırmaq üçün hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsində olduğu üçün həmin məhkəməyə sorğu verib audio-video yazılışı aparılan məhkəmə prossesinin protokolun əldə edib tanış olmaqla bu halı müəyyən edilə bilər. Çünki həmin məhkəmə işi X3 apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir və hakim Cəmilə Musayevanın icraatındadır (iş № 2(103)-4714/2025). Göstərilənləri nəzərə alaraq, E.T.Əliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini və cəzalandırılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs L.C.Kərimova şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, onun icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs E.T.Əliyev bildirmişdir ki, o, xüsusi ittiham qaydasında verilmiş şikayətlə razı deyildir. Belə ki, xüsusi ittiham qaydasında şikayət AR CPM-nin 293.3.1-293.1.7 maddələrinin tələblərini pozmaqla tərtib edilmişdir, bundan başqa barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə AR CM-nin 147.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətləri yoxdur. Bundan başqa, şikayət ərizəsindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət əsassızdır və şikayət etmiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir. Belə ki, o, məhkəmə iclasında öz fikrini bildirmiş, kimisə təhqir etməmişdir. O, bütüt əmlaklarını L.Kərimovaya vermişdir, ona qalan yalnız borcları olmuşdur. O, uövladlarının anası barədə heç bir böhtan xarakterli fikir səsləndirməmişdir. Odur ki, xüsusi ittihamçı L.C.Kərimova tərəfindən onun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsi zəruridir. Göstərilənləri nəzərə alaraq, barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs E.T.Əliyevin müdafiəçisi Müdafiəçi xüsusi ittihamm qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Həmçinin, şikayət ərizəsindəki bu nöqsandan irəli gələrək şikayətçi tərəfindən digər bir qüsura da yol verilmişdir. Belə ki, şikayətçi şikayət ərizəsində E.T.Əliyevin onu külli miqdarda dələduzluqda ittiham etməklə böhtan atması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş edir. Halbuki, AR CM-nin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Göründüyü kimi, bu hissədə şikayətçi öz ərizəsində xarakter və ictimai təhlükəlilik kimi keyfiyyət və kəmiyyət xüsusiyyətindən irəli gələn cinayətlərin təsnifatının differensiasiyası məsələsinə biganə yanaşmış, nəticədə şikayət ərizəsinin məzmununda uyğunsuzluq və ziddiyyətə yol vermişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs E.T.Əliyevin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, E.T.Əliyevə göstərilmiş hüquqi xidmətə görə «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 11 saata gorə 121 (bir yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Kredo» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X4 göstərilmiş hüquqi xidmətə görə «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 11 saata gorə 121 (bir yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Kredo» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-476/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-476/2025
20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver