Məhkəmə qərarları › İş №1(004)-479/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-479/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-479/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 avqust 1981-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 06 iyun 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,302 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 16:40-da Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq 27-ci polis bölməsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,302 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 20 ildir ki, narkotik vasitə olan heroini ineksiya yolu ilə qəbul edir. Bundan əvvəldə iki dəfə qanunsuz olaraq narkotik vasitə əldə etmə daşıma və istifadəsi ilə məşğul olduğu üçün məhkum olunmuş və sonuncu dəfə 2015-ci il tarixdə azadlığa buraxılmışdır. Həmin vaxtdan indiyə kimi müxtəlif işlərdə işləyib əldə etdiyi qazancla narkotik vasitə alıb istifadə etmişdir. Narkotik vasitələrdən istifadə onda asılılıq yaratdığı üçün həmin maddələrdən istifadə etməyəndə dözülməz ağrıları olduğunu qeyd etmişdir. Bu səbəbdən son vaxtlar ağrıları olduqca əsasən, “kakos” kimi bilinən narkotik vasitə olan heroin qəbul etmişdir. 06 iyun 2023-cü il tarixdə saat 11:00 radələrində narkotik vasitə almaq üçün Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün gümüşü rəngli kağızla bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli “kakos” kimi bilinən narkotik vasitə heroini alıb əynində olan qara rəngli idman şalvarının sol yan cibinə qoymuşdur. Həmin narkotik vasitə heroin bükümünü cibində gizlədərək bir müddət şəhərdə gəzinib daha sonra yaşadığı Yasamal rayonuna qayıtmışdır. Həmin tarixdə, yəni 06 iyun 2023-cü il tarixdə saat 16:40da Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 15 ünvanının qarşısında piyada şəkildə hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişdir. O həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib, polis bölməsinə dəvət etmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyib Yasamal RPİnin 27-ci polis bölməsinə getmişdir. Orada xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli idman şalvarının sol yan cibində gizlətdiyi içərisində narkotik vasitə heroin olan 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükültidəki maddənin nə olduğunu və qeyd olunan maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, həmin biikülüdəki maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir. Həmin maddəni həmin gün, yəni 06 iyun 2023-cü il tarixdə saat 11 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Yasamal RPİ-nin 27-ci PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi altında Yasamal RPİ-nin 27-ci PB-nin polis baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə tərəfindən 06 iyun 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:40-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 15 ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq sonuncuya özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, istifadəsi və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib sonuncunu Yasamal RPİ-nin 27- ci PB-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bir ədəd büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində qəhvəyi rəngli toz şəkilli maddə olması müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda Ziya bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir və həmin narkotik vasitəni xx.xx.2023cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edimiş ifadəsindən görünür ki, o da Şahid1 ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsustatları bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 iyun 2023-cü il tarixdə saat 16:40 dəqiqədən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X4 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 25). «Şəxsi axtarış və götürmə aparılması” haqqında 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X2 üzərinə şəxsi axtarış və götürmə aparılarkən o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd öz dediyinə görə içərisində narkotik maddə heroin olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş maddə “heroin” deyilən narkotik vasitədir, həmin narkotik maddəni 6 iyun 2023-cü il tarixdə, səhər saatlarında “Kubinka” deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. xx.xx.2023-cü il tarixdə saat 16:40-da ünvan 3 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və 27-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş, baxışın nəticəsi barədə protokol tərtib edilmiş,tərtib edilmiş protokolun düzgünlüyü Təqsirləndirilən şəxs və baxış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Bu barədə protokol tərtib edildikdən sonra şəxsi axtarış və götürmənin gedişatıməks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. (İ/V. 38-39) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 6 iyun 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən gümüşü rəngli selafona bükülmüş bir ədəd öz dediyinə görə içərisində narkotik maddə heroin olan bükülünü təqdim etmiş və təqdim edilmiş narkotik vasitənin götürülməsi faktını bir daha təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 8 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 81-82). “Qətimkan tədbirinin seçilməsi haqqında” 8 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ/V. 83-84). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3211 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №168” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi maddə...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,302 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir.(İ/V. 46-48). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3581 nömrəli rəyinindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimuliyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 93-94). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 93.1.4-cti maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci ildə Milli Məclisin xx.xx.2007-ci il tarixli “Amnistiya” qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 180.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 29 və 66.3cü maddələri tətbiq edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci ildə cəzasının sonun ilə azad edilmişdir. xx.xx.2013-cü ildə Xətai rayon polis idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. xx.xx.2013-cü ildə Azərbaycan Respublikası CPM- nin 39.1.3-cü maddəsi ilə xitam edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 ilmüddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (İ/V. 102-104). “Sübutların qiymətləndirilməsi haqqında” 1 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 0,302 qram çəkidə narkotik vasitə heroin isə 7 iyun 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq tədqiqat keçirildikdən sonra qalan 0,252 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İ/V. 127-133). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun 3(004)- 4254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri dəyişdirilərək onun barəsində” həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda o halı da nəzərə alır ki, hazırkı cinayət işinin ibtidai istintaqı davam edərkən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Yəni bu hal onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs baxmayaraq ki, barəsində cinayət işi vardır narkotik vasitələrdən istifadə etməyi davam etdirmişdir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,252 qram narkotik vasitə - heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-479/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,252 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar