Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-48/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Babalı oğlunun iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə metallik civəni əldə etmə, saxlama, daşıma və göndərmə cinayətini törətmişdir. Belə ki, o, qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, Azərbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş zəhərli maddələr siyahısına daxil edilmiş, zəhərli və zəhərləyici maddələrə aid, insan orqanizminə təsir dərəcəsinə görə təhlükəli hesab edilən ümumilikdə 1134 qram metal parıltıya malik metallik civə maddəsini satış məqsədilə əldə edib daşıyaraq öz işlədiyi ünvan 3 ünvanında yerləşən avtomobil emalatxanasında saxlamış, xx xxxxxx 2020-ci il tarixdə satmaq məqsdilə 01 ədəd tibbi şprisdə 09 qramını Şahid1 vasitəsi ilə göndərmiş, sonuncunun bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə (DTXnin) verdiyi məlumat əsasında həmin xitmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtanş tədbiri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 18:00-da ünvan 3 ünvanında yerləşən avtomobil emalatxanasına baxış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli və zəhərləyici maddələrə aid bir ədəd 0,5 lt plastik «Coca-Cola» butulkasında təmiz çəkisi 1125 qram və bir ədəd şprisdə təmiz çəkisi 9 qram olmaqla ümumi təmiz çəkisi 1134 qram civə maddəsi işlədiyi emalatxananın saxlanc yerindən DTX-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Yasamal rayonu, Şərifzadə küçəsi 13/17 ünvanında yerləşən emalatxanada avtomobillərin səs boğucularının ustası işləmişdir. Həmin emalatxananı Habil adlı şəxsdən ayda 500 manat ödəməklə icarəyə götürmüşdür. Onun işlədiyi emalatxana ilə yanaşı bir neçə obyekt yan-yana yerləşir və həmin cərgənin arxasında «Yasamal» qəbiristanlığı yerləşir. 2016-cı ilin yay aylarında həmin sexi təzə-təzə icarəyə götürdüyü vaxtlarda maraq üçün emalatxananın arxa tərəfində yerləşən qəbiristanlıqdakı qəbirlərin arasında gəzən zaman hasarın yanında ayağı bir 0,5 lt plastik «Coca-Cola» butulkasına ilişmiş, ağır nəyəsə dəydiyini hiss edərək götürüb içərisinə baxdıqda maye şəkilində ağır maddə olduğunu görmüşdür. Həmin maddə ağır olduğundan onda maraq doğurmuş və o, həmin maddənin nə olduğunu bilmək üçün özü ilə götürüb sexə aparmışdır. Sexdə plastik butulkanın üzərini su ilə yumuş və qapağını açmışdır. Qapağı açan zaman qapaqda olan maye damcıları yerə düşmüş və yerdə hərəkət etdiyindən o həmin maddənin civə olduğunu bilmişdir. Həmin dövrdən civə sexdə bir küncdə qalmışdır. Təxminən 2-3 ay sonra emalatxanaya mühərrik yağı gətirən tanışı Dövlət Təhlükəsizlik Xidmətinin (keçmiş MTN) işçisi olan "Davud" adlı şəxsə həmin maddəni göstərib civə olduğu üçün saxlamağa qorxduğunu bildirmiş və sonuncu DTX işçisi olduğu üçün nə etmək lazım olduğu ilə maraqlanmışdır. Davud həmin maddənin balaca bir hissəsini götürüb yoxladıb ona bir məlumat verəcəyini demişdir. Təxminən beş gün sonra Davud götürdüyü maddəni qaytarıb onun civə olduğunu və heç bir təhlükəli tərkibi olmadığını demişdir. Həmin dövrdən sözügedən butulkanı emalatxananın bir küncünə atmış və yadından çıxıb qalmışdır. Daha sonra Davud bir müddət ona mühərrik yağları gətirmiş, lakin sonradan onlar alver etməmişlər. Təxminən 26-xx xxxxxx 2020-ci il tarixlərdə Davud onunla «WhatsApp» sosial şəbəkəsi ilə əlaqə saxlayıb həmin civənin onda qalıb-qalmadığını soruşmuş, o, emalatxananın bir tinində olan taxta ayaqaltının aşağı hissəsinə baxaraq həmin plastik butulkanı görüb Davuda civənin hələ də onda olduğunu bildirmişdir. Davud civəni yenidən yoxlatdırmaq üçün kiçik bir hissəsini ona verməsini istəmiş, o Davuda etiraz etməmişdir. Davud ertəsi gün gələrək tanış adamlara yoxlatdırmaq üçün 10 ml-lik şpris vasitəsilə həmin civədən bir qədər götürüb getmişdir. xx.xx.2020-ci il tarixdə Davud «WhatsApp» vasitəsilə ona bildirmişdir ki, götürdüyünü ona geri göndərir. O, Davuda demişdir ki, əgər özü gətirirsə gətirsin, başqa şəxslə göndərmək istəyirsə, onun yanına başqa adam göndərməsin, civəni atsın. Davud isə adamın artıq emalatxanaya çatdığını bildirmişdir. Həmin vaxt tanımadığı bir nəfər şəxs emalatxanaya daxil olub “Rafiq kimdir” deyə soruşmuş, o, Rafiq olduğunu dedikdən sonra həmin şəxs sellofana bükülmüş şprisi piştaxtanın üzərinə qoyub Davud müəllimin göndərdiyini demişdir. Həmin şəxs emalatxanadan çıxdıqdan sonra xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində emalatxanaya özlərini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər daxil olmuş və onu yaxalayaraq civənin olduğu plastik butulkanı istəmişlər. O həmin əməkdaşlara civənin olduğu butulkanın divarda qoyulmuş boşluqda olduğunu bildirmiş, onlar həmin butulkanı götürmüş və onunla birlikdə özləri ilə aparmışlar. O, Davudun həmin civəni hansı məqsədlə yoxlatdırmasını bilməmişdir. Davud ondan civənin bir qismini istəmiş, əgər hamısını istəsəydi civənin hamısını ona verəcəyini bildirmişdir. Davud ondan həmin civəni satmaq istəyibistəmədiyini, hansı qiymətə satmaq istədiyini soruşmuş o, isə bunu bilmədiyini demişdir. Davud civəyə görə ona 70.000 manat məbləğində pul verdiklərini bildirmiş, o isə sonuncuya onun qiymətini bilmədiyini demişdir. Həmin vaxt Davud ondan qırmızı civənin olub-olmadığını soruşmuş, o isə olmadığını bildirmişdir. O, hüquq mühafizə orqanlarına civə tapmağı barədə məlumat verməkdən qorxduğu üçün, hər hansı bir hüquq mühafizə orqanına zəhərli maddə civə tapmağı barədə məlumat verməmiş, Davudu isə bir müddətdir tanıdığından və ondan işi ilə əlaqədar bir neçə dəfə avtomobil yağları aldığından, ona etibar edib bu barədə məlumat vermişdir. Onun həmin civəni satmaq niyyəti olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, bir daha belə əməl törətməyəcəyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü idarə etdiyi “Opel" markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur və bu yolla özünün və ailəsinin dolanışığını təmin edir. 2020-ci ilin əvvəllərində, idarə etdiyi avtomobilin “səsboğucusu” xarab olduğundan ünvan 3 ünvanında yerləşən avtomobil emalatxanasına gedib orada usta işləyən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi ustaya müraciət etmişdir. Həmin vaxtdan mütəmadi olaraq avtomobilində nasazlıq olan zaman bir neçə dəfə Rafiqin yanına gedib ona müraciət etmişdir. Rafiqlə münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində “Opel" markalı avtomobilində nasazlıq olduğundan Rafiqin işlədiyi ünvan 3 ünvanında yerləşən avtomobil emalatxanasına getmiş və ondan avtomobilinə baxaraq nasazlığını təmir etməsini xahiş etmişdir. Rafiq ona etiraz etməmiş və avtomobildə olan nasazlığın aradan qaldırılması üçün avtomobilə baxmışdır. Emalatxanada olarkən Rafiqlə aralarında avtomobil detalları, katalizator, həmçinin məişət əşyalarının detallarından söhbət yaranmışdır. Həmin vaxt Rafiq ona soyuducu mühərrikləri və digər adını hazırda xatırlamadığı məişət əşyalarının müxtəlif detallarında zəhərli maddə metal civə olduğunu demiş, o isə Rafiqə bu barədə məlumatının olmadığını, zəhərli maddə metallik civənin qadağan edilmiş maddə olduğunu bildirmişdir. Rafiq isə ona işlədiyi və həmin vaxt söhbət etdikləri emalatxanada zəhərli maddə metal civə saxladığını, həmin maddənin çox dəyərli olduğunu və əgər tanışlarından kimsə istəsə onda olan zəhərli maddə metal civə sata biləcəyini bildirmişdir. O emalatxanadan çıxdıqdan sonra dərhal bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işləyən və tanışı olan Elnur Ağayevə məlumat vermişdir. Elnur isə ona həmin civədən bir az götürməsini, daha sonra baxacağını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Rafiqin yanına gedib ona həmin civədən bir qədər verməsini, onu bir nəfər şəxsə göstərəcəyini, həmin şəxsin civəni istəsə alacağını bildirmiş, Rafiq ona etiraz etməmişdir. Rafiq içərisində zəhərli maddə civə olan 01 ədəd sellofana bükülmüş bir ədəd tibbi şprisi ona təqdim etmiş, o isə həmin şprisi aparıb Elnura vermişdir. Elnur ona baxdıqdan sonra onu qaytarmasını istəmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində həmin zəhərli maddə olan civəni aparıb Rafiqin işlədiyi sexdə onun özünə qaytarmış, bundan sonra isə onu DTX-nin əməkdaşları həmin yerdə saxlamışlar və oradan zəhərli maddə olan civəni götürmüşlər. Təqsirləndirilən şəxs əvvəllər özündə zəhərli maddə metal civə olduğunu və həmin metal civəni işlədiyi ünvan 3 ünvanında yerləşən avtomobil təmiri emalatxanasında saxladığını ona deməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs zəhərli maddə metal civəni almaq istəyən tanışı olduğundan ona satmaq məqsədilə keyfiyyətini yoxlamaq üçün tanışına göstərmək üçün vermişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün və onun barəsində qanuni tədbir görülməsi üçün içərisində zəhərli maddə civə olan 01 ədəd sellofana bükülmüş bir ədəd tibbi şprisi ondan götürmüş və dərhal bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işləyən tanışı Elnur Ağayevə məlumat vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:45 radələrində ünvan 3 ünvanında yerləşən avtomobil təmiri emalatxanalarının yaxınlığından keçərkən, mülki geyimdə olan bir nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərməklə özünü təqdim etmiş və Azərbaycan Respublikası DTX-nin əməkdaşı olduğunu, keçiriləcək əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış, əvvəllər tanımadığı, ad, soyad və digər anket məlumatlarını bilmədiyi şəxsin işlədiyi avtomobil təmiri emalatxanasına baxış keçiriləcəyini bildirmiş və baxış zamanı hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişdir. O, DTX-nin əməkdaşının xahişinə etiraz etməmiş və onunla birlikdə emalatxanaya getmişdir. Emalatxanaya gəldikdə ondan başqa tanımadığı bir nəfər şəxsin də hal şahidi kimi dəvət olunduğunu görmüşdür. Onlara Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra, bir nəfər əvvəllər tanımadığı, DTX-nin əməkdaşları tərəfindən təqdim edildikdən sonra "Təqsirləndirilən şəxs" olduğunu bildiyi şəxsin qanunsuz olaraq zəhərli maddə metalik civənin satışı ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş və onun işlədiyi emalatxanaya baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra DTX-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sonuncular emalatxananın saxlanc yerindən bir ədəd 0,5 lt plastik «Coca-Cola» butulkasında və bir ədəd şprisdə civəyə oxşar maddə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Bundan sonra emalatxanadan 01 ədəd "Samsung Duos" markalı, 01 ədəd "İfcane" markalı, 01 ədəd “Benq-Siemens" markalı, 01 ədəd "Nokia" markalı, 01 ədəd “Samsung" markalı, 01 ədəd "Samsung’ markalı və 01 ədəd “Samsung J330’ markalı mobil telefonlar bir ədəd qara rəngli kitabca, X1 adına olan 01 ədəd AB №116327 seriyalı “Nissan Maxima" markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, X2 tərəfindən Təqsirləndirilən şəxs avtomobili idarə edə bilməsi üçün verilmiş etibarnamə, "Mercedes Benz C220” markalı **- UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin AD № 793059 seriyalı qeydiyyat şəhadətnaməsi, 02 ədəd kiçik ölçülü üzərində müxtəlif qeydlər olan kağız parçaları, 01 ədəd Təqsirləndirilən şəxs məxsus xarici pasport, 01 ədəd bıçaq aşkar edilərək DTX-nin əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs emalatxananın saxlanc yerindən aşkar edilmiş 01 ədəd 0,5 lt plastik «Coca-Cola» butulkasında və bir ədəd şprisdə olan maddənin zəhərli maddə hesab edilən civə olduğunu, onu 2016-cı ilin yay aylarında işlədiyi emalatxananı təzə icarəyə götürdüyü vaxtlarda maraq üçün emalatxanın arxa tərəfində yerləşən qəbiristanlıqdakı qəbirlərin arasında gəzdiyi zaman hasarın yanından yerdən tapdığını və işlədiyi emalatxanada saxladığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolu imzalayaraq doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs işlədiyi avtomobil təmiri emalatxanasına baxış keçirilərkən Azərbaycan Respublikası DTX-nin əməkdaşları tərəfindən ona qarşı zor və ya təzyiq tətbiq edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan DTX-nin VBİ 4-cü şöbəsinin əməliyyat müvəkkili, leytenant Tamerlan Orduxanov tərəfindən tərtib edilmiş və Təqsirləndirilən şəxs, hal şahidləri Şahid3, Şahid2 və əmliyyat müvəkkili Tamerlan Orduxanov tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəhərli maddə metalik civənin satışı ilə məşğul olmasında şübhəli bilindiyindən onun işlədiyi ünvan 3 ünvanında yerləşən avtomobil təmiri emalatxanasına baxış zamanı müəyyən edilmişdir ki, emalatxananın saxlanc yerindən bir ədəd 0,5 lt plastik «Coca- Cola» butulkasında və bir ədəd şprisdə civəyə oxşar maddə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Bundan sonra emalatxanadan 01 ədəd “Samsung Duos" markalı, 01 ədəd "İfcane" markalı, 01 ədəd “Benq-Siemens" markalı, 01 ədəd “Nokia" markalı, 01 ədəd “Samsung" markalı, 01 ədəd “Samsung" markalı və 01 ədəd “Samsung J330" markalı mobil telefonlar bir ədəd qara rəngli kitabça, X1 adına olan 01 ədəd AB №116327 seriyalı “Nissan Maxima" markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi, X2 tərəfindən Təqsirləndirilən şəxs avtomobili idarə edə bilməsi üçün verilmiş etibarnamə, “Mercedes Benz C220" markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin AD № 793059 seriyalı qeydiyyat şəhadətnaməsi, 02 ədəd kiçik ölçülü üzərində müxtəlif qeydlər olan kağız parçaları, 01 ədəd Təqsirləndirilən şəxs məxsus xarici pasport, 01 ədəd bıçaq aşkar edilərək DTX-nin əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, emalatxananın saxlanc yerindən aşkar edilmiş 01 ədəd 0.5 lt plastik «Coca-Cola» butulkasında və bir ədəd şprisdə olan maddə zəhərli maddə hesab edilən civədir, o, 2016-cı ilin yay aylarında işlədiyi emalatxananı təzə-təzə icarəyə götürdüyü vaxtlarda maraq üçün emalatxanın arxa tərəfində yerləşən qəbiristanlıqdakı qəbirlərin arasında gəzdiyi zaman- hasarın yanından yerdən metal civəni tapıb işlədiyi emalatxanada saxlamışdır (i/v 8-11). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx xxxxxxxx 2020-ci il tarixli 03/206m saylı məktubundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş 0,5 litrlik “Coca-cola” plastik qabın içərisində və 10 milliqramlıq şpirisin 3 milliqramı qədərində civəyə oxşar maddə xx xxxxxxxx 2020-ci il tarixdə Nazirliyin Mülki Müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyası tərəfindən “Merkury Tracker 2000” cihazı ilə laborator yoxlamadan keçirilmiş və qeyd edilən kimyəvi maddənin 1144 qram və 9 qram “Bazel” konvensiyasının H 6.1 koduna uyğun zəhərlilik dərəcəsinə görə 1-ci sinif fövqəladə təhlükəli və güclü təsirli zəhərli maddələr qrupuna aid olan yüksək toksiki civə maddəsi olduğu müəyyən edilmişdir və xx xxxxxxxx 2020-ci il tarixdə qeyd edilən civə maddəsi DTX-nə təhvil verilmişdir (i/v 109). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1747 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş kağız bağlamadakı 01 ədəd qapağında "Coca-Cola” yazısı olan plastik butulkada 1125 qram və 01 ədəd şüşə bankada 9 qram, ümumilikdə 1134 qram çəkidə metal parıltıya malik maddələr metallik civədir. Metallik civə Azərbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələrin siyahısı”na (2 nömrəli əlavə) daxildir. Qərarda qoyulmuş “Təqdim edilən maddələrin insan orqanizminə təhlükəlilik dərəcəsi nədir?” sualı ekspertin səlahiyyətinə aid olmadğından cavablandırılmır. Civənin ümumi çəkisi 1134 qram olmuş, 1 qram tədqiqata sərf edilmiş, 1133 qram qalıq qalmışdır (i/v 62- 65). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3/1063 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə dəyişikliklər edilməmişdir (i/v 181-183). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi emalatxanadan aşkar edilərək götürülmüş 01 ədəd qapağında “Coca-Cola” yazısı olan plastik butulkada 1125 qram və 01 ədəd şüşə bankada 9 qram, ümumilikdə 1134 qram çəkidə metal parıltıya malik maddələr metallik civə maddi sübut kimi tanınsın və qalıq qalmış 1133 qram hissəsi saxlanılması üçün Yasamal RPİ-nin Saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs işlədiyi emalatxanadan aşkar edilərək götürülmüş bir ədəd bıçaq, 01 ədəd “İFCANE” markalı, bir ədəd “Samsung” markalı “GT-E1232D”, 01 ədəd “BENQ-SİEMENS” markalı “JASB1A” modelli, 01 ədəd “Samsung” markalı “S5830İ” modelli, “Samsung Galaxy J3” markalı “SM- J330F” modelli, “Samsung Galaxy S4” markalı “GT-İ9505” modelli, 01 ədəd “Nokia” markalı “6700 classic” modelli mobil telefonlar, AB NQ 116327 seriyalı "Nissan Maxima" minik markalı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, həmin avtomobili idarə etmək üçün verilmiş etibarnamə və kitabça saxlanılması üçün Yasamal RPİ-nin Saxlanc yerinə təhvil verilməsi, “Mercedes Benz C220” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin AD № 793059 seriyalı qeydiyyat şəhadətnaməsinin X3 təhvil verilməsinin nəzərə alınması, istintaq zamanı 01 ədəd “xxxx” MMC-dən daxil olmuş CD diskin və 01 ədəd “xxxx” MMC-dən daxil olmuş CD diskin cinayət işi materiallarına əlavə edilməsinin nəzərə alınması, istintaq zamanı 01 ədəd yaddaş kartının cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınması qərara alınmışdır (i/v 194-207). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 144). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 24-25, 106-108). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün qismən etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi, baxış protokolu, maddi sübut və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli Qanunundan görünür ki, metallik civə və onun duzları (texniki sənədi olan ölçən, işıqlandırıcı və digər cihazların tərkibində olduqda və həmçinin belə cihazların idxalı və ixracını nəzərə almamaqla) güclü təsir edən zəhərli maddədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə, törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsinin Saxlanc yerində saxlanılan 1133 qram çəkidə civə dövlət nəfinə müsadirə edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsinin Saxlanc yerində saxlanılan bir ədəd bıçaq, 01 ədəd “İFCANE” markalı, bir ədəd “Samsung” markalı “GT-E1232D”, 01 ədəd “BENQ-SİEMENS” markalı “JASB1A” modelli, 01 ədəd “Samsung” markalı “S5830İ” modelli, “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli, “Samsung Galaxy S4” markalı “GT-İ9505” modelli, 01 ədəd “Nokia” markalı “6700 classic” modelli mobil telefonlar, AB NQ 116327 seriyalı "Nissan Maxima" minik markalı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, həmin avtomobili idarə etmək üçün verilmiş etibarnamə və kitabça Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilməli, istintaq zamanı 01 ədəd “xxxx” MMC-dən daxil olmuş CD disk və 01 ədəd “xxxx” MMC-dən daxil olmuş CD disk və 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 227,55 (iki yüz iyirmi yeddi manat, əlli beş qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-283/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs vəkil X5 imtina etmiş, onun hüquqlarını şəxsi vəkili Müdafiəçi Babalı oğlu müdafiə etməyə başlamışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə sərf edilmiş vaxtın 15 (on beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X6 işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 1133 qram çəkidə civə dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsinin Saxlanc yerində saxlanılan bir ədəd bıçaq, 01 ədəd “İFCANE” markalı, bir ədəd “Samsung” markalı “GT-E1232D”, 01 ədəd “BENQ-SİEMENS” markalı “JASB1A” modelli, 01 ədəd “Samsung” markalı “S5830İ” modelli, “Samsung Galaxy J3” markalı “SM-J330F” modelli, “Samsung Galaxy S4” markalı “GT-İ9505” modelli, 01 ədəd “Nokia” markalı “6700 classic” modelli mobil telefonlar, AB NQ 116327 seriyalı "Nissan Maxima" minik markalı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, həmin avtomobili idarə etmək üçün verilmiş etibarnamə və kitabça Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilsin. İstintaq zamanı 01 ədəd “xxxx” MMC-dən daxil olmuş CD disk və 01 ədəd “xxxx” MMC-dən daxil olmuş CD disk və 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 227,55 (iki yüz iyirmi yeddi manat, əlli beş qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-48/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-48/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver