Məhkəmə qərarları › İş №1(004)-48/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-48/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-48/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx.xx.1983-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır xəsarət yetirmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən təkər təmiri sexinin otağında tanıdığı Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncunun ona icarə verdiyi “Hyunday Elantra” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin ön örtüyünün açılması nəticəsində maşının zədələnməsinə görə heç bir günahı olmadığını və buna görə pul verməkdən imtina etməsinə baxmayaraq Zərərçəkmiş şəxs ondan 600 manat pul istəməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub xuliqanlıq niyyəti ilə sonuncu əli ilə onun baş nahiyəsindən vuraraq ona sağ almacıq nahiyəsinin şişkinliyi ilə müşayiət olunan sağ almacıq sümüyünün yerdəyişmiş sınığı kimi nəticələnən xəsarətlər yetirib sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən saxğlamığa az ağır xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən 5 gün qabaq öz maşını xarab olduğuna görə ustada idi, ondan maşın götürmüşdür. Bundan əvvəl dəfələrlə götürmüşdür. Ondan hər dəfə götürdüyü kimi maşın istəmiş, rayondan qayıdan vaxt, Ağdaş magistral yolunda getdiyi yolda, 120 km/saat sürət yox idi da, amma orada 120 km/saat sürət həddi var, 110 km/saat idi, gedən yolda kapot öz-özünə açıldı, zədələndi, köhnə, 2014-cü ilin maşını idi, hardasa 400-500 manatlıq xərci var idi, yenə də o, gedib qəza etməmişdir, getdiyi yolda olmuşdur. Gəlib biraz narazıçılıq edib, onunla biryerdə işləyən bir adam var, onun yaxını idi, yəni onlar ailəvi yaxındırlar. Ona zəng vurub, o deyib maşını götüzdürsün oradan o həll edəcək. Bir müddət keçib, artıq bu ondan pul tələb etməyə başlayıb ki, 1300 manat verəcək. Deyib səbəb nədir, deyib onu ya o özü düzəltdirsin, özü bildiyi kimi, işlənmiş maşındır, ölüxanadan götürər ya hardansa, hardasa onun 400 manata yaxın xərci var idi. Deyib belə ona 200-300 manat köməklik kimi edər, onu özün həll etsin, edirsə. Deyib 200 manat yox, 600 manat, yarıbayarı, 650 manat edir, 600 manat o qoysun, 600 manat o, 1200-1300 manat onun xərci var. Onu artıq ona borc kimi yanaşırdı. Elə bil artıq boynuna qoyub, hər dəfə də yığır onu, o barədə onu narahat edir də, pul necə oldu? Öz maşınını vermişdir moykaya, harda ki hadisə olub, moykanın sahibi ilə də münasibəti var, o da onun kəndçisidir, Zəngilanlıdır. O yığan vaxt buna deyib ki, filankəs var onunla belədir, o da deyib ki, onlar rayondan onunla biryerdə qonşudurlar, deyib o yaxşı adam deyil, şər adamdır, o özü onunla danışar, onun işi yoxdur. Onun yanında onu yığıb, deyib ki, Emin də yaxındı, o da onun kəndçisidir, 200-300 manat versin həll etsin bu işi. O deyib ki, yox, o girişməsin, o özü ondan alacaq pulu. O gəlməyib çağıranda. Üstündən 2-3 ay keçəndə, həmin vaxt ona zəng gəlib, hardasa günorta 12:00 idi, o mikrorayonda Kamal adlı şəxs ilə hansı ki, indi istəyirdi şahid qismində xahiş edir ki, o da gəlsin, o yanında olub. Onlar gediblər öz işlərinin dalınca bu zəng vurub ona ki, bəs gələ bilər moykaya Elbursun yanına, həmin o şəxsin yanına, kəndçisinin yanına, onu çağırır ora. O da deyib gələrəm. Üstündə də hardasa 270-280 manat pul olub, düşünüb ki, yəqin Elbrus onunla danışıb, mehribançılıqla, gəlim orda fikirləşib ki, 250 manat verər ona əl sıxarlar ki, yəni olub, keçib, o niyyətlə. Gəlib girib tək, yanındakı oğlan-oturan, motoru söndürmədən düşüb, ona deyib ki, 1 dəqiqə görüşüb gəlir. Bilməyib axı o onu hansısa niyyətlə çağırır ora, gəlib girib ki, 10-12 nəfər oğlan var, tanıdığı da var, tanımadığı da var. Gəlib, görüb abu-hava biraz başqa cürdü, insanı danlamağa, təhqir etməyə çağırarlar, o abu-hava idi. O da onu tanıyır, münasibət var, onunla belə danışmağı onun üçün heç cürə alınmırdı, çünki o ona iki-üç kəlimə deyib ki, onunla bu nə danışıqdır danışır o? Guya onunla münasibəti yoxdu ki, tanımır onu, tanımadığı adamların içində onunla belə danışır. Otaq 6-7 metrlik otaq idi, başlayıb orada yeriməyə, əli ilə də belə edib ki, biraz səsinin tonunu aşağı salsın, o dediyi kimidir, ona deyib. Deyib ki, onunla belə danışmasın, o ilk dəfə deyil ki onu tanıyır. Artıq yaxınlaşıb onunla üzbəüz, deyib ona səsinin tonunu salsın aşağı, deyib onun necə özünə aid tondursa onunla danışır o, söyüş söymək istəyəndə vurmuşdur onu. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, zərərvuran onu çağırıb, Elburusla birləşib Yasamalda “Kaktus” restoranının yanında yığışdıqları yerə çağırıblar və orada vurublar, onun ona borcu var idi. Onlar dəfələrlə onu çağırıblar, o da deyib onun vaxtı yoxdur, gələ bilmir, sonra gəlib, söhbət edəndə onu vurub, 2-3 dəfə yumruqla vurub, sonra qaçıb çölə, əlində nəsə ilə gəlib, uşaqlar aralayıb, o da oturub maşına qaçıb. Bir yumruq sağdan vurdu, hələ də müalicəsi gedir, bir yumruq da soldan vurdu, sonra Fuad ayırdı, qaçdı çölə, maşının cibindən soyuq silahı əlinə götürdü, gələndə uşaqlar üstünə atıldı, o da maşına oturdu qaçdı. Onun Qaya adlı dostu xahiş etdi deyə şikayətçi olmadı, hazırda heç bir şikayəti yoxdu. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Günorta idi, Yasamal rayonunda, “ATV” kanalının yanında onun obyekti var, avtoyuma məntəqəsidir, Əhməd oraya gəlib, ondan soruşub ki, Emin buradadır? Deyib, yox, deyib gəlməyib? Deyib gəlməlidir ki, deyib hə, gəlməlidir. 10 dəqiqə keçib, Emin gəlib, söhbət ediblər, Əhməd qışqıra-qışqıra danışıb, yeriyib Eminin üstünə, Emin də onu vurub. Obyektinin qabağında otaq da var, orada Əhmədlə Emin söhbət edirdi, o da yemək yeyirdi, Əhməd biraz qışqıra-qışqıra danışıb, Eminin üstünə gedib, Emin də onu vurub. Emin gedəndən sonra Əhməd onların yanında yarım saat qalıb, çənəsində problem yox idi, özü də oturdu maşınına sürdü getdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tarix yadında qalmayıb, o ofisə gələndə Əhmədlə çöldə görüşüblər, onun əmioğlu dediyi adamın çağırdığını və bu məsələnin həll olunması ilə bağlı “Kaktus” restoranı tərəfə getmişlər, bağlı yer idi, içəri giriblər, orada söhbət edirmişlər. Emin gəlib, aralarında yüngül aqressiya olub, kapotla bağlı idi, onun üzü də əks tərəfə idi, davalıq bir şey gözləmirmiş o, səsə görüb ki, artıq dalaşdılar, ayırıblar, Emin çıxıb. Dava kapot məsələsinə görə düşdü, Emin dedi ki, kapotun xarabdır niyə deməmisən, Əhməd də dedi ki, 300 km yol sürülüb, niyə gedəndə yox, qayıdanda olub, yəqin kapotu açmısan, Emin də dedi ki, açsam nə olacaq. BU söhbətdən yarandı. Belə danışırdılar, aqressiya ilə gedirdi, böyük bir şey deyildi. O, ikinci yumruğu gördü, deyəsən iki dəfə vurdu. Əhməd yıxılmaq kimi yox, arxaya getdi, o, ona baxa bilmədi, məcbur idilər vuranı ayırsınlar. Ondan sonra Emin çıxdı, öz maşınına tərəf getdi, yenə qayıdanda gördü ki, artıq camaat var, o da çıxdı getdi. Emin qapıdan çıxıb gedəndən sonra Əhmədin üstünə gəlmirdi, o, gördü ki, Emin maşınından 5 addım atdı, sonra geri maşınına oturdu getdi. Maşından uzaqlaşıb onlara tərəf gəlirdi, yəqin gördü adam var, sakitləşdi, maşınına oturdu getdi. Yəni onların üstünə gəlmək istəyirdi, arada məsafə var idi, onlar qapının ağzında idilər, maşın da aralıda idi, gördüyü o oldu ki, Emin maşınından 5 addım gəldi, sonra dərhal maşınına oturdu getdi. Əlində bir şey gözümlə görməmişəm. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07 fevral 2022-ci il tarixli, 137 nömrəli ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ almacıq nahiyəsinin şişkinliyi ilə müşayiət olunan sağ almacıq sümüyünün yerdəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 127.2-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4, 181.2.2, 181.2.5, 228.4, 315.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılıb. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla məhkəməyə müraciət edilmiş, Bakı Şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün həbsdə qalmışdır. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə olmuşdur. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Bundan sonra Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin məhkəməyə ünvanladığı məktubdan və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-472/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Xətai Rayon Məhkəməsinin 4(011)-472/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 il 05 ay 28 gün (iki il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xərai Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli, 4(011)-472/2024 saylı qərarı ilə 28 iyun 2024-cü il tarixdən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 460 (dörd yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar