Məhkəmə qərarları › İş №1(004)-48/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-48/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-48/2025 03.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 89 nömrəli evdə bacısının həyat yoldaşı X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,292 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamini 10 manat pul verməklə əldə edib üstündə saxlayaraq daşımış, 13 aprel 2024-cü il tarixdə saat 12:25 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin X3 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı şəffaf selofana bükülmüş 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,292 qram ağ rəngli kristallardan ibarət maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2 il müddət olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olmadığını və döyüldüyü üçün həmin axtarış zamanı üzərindən çıxan psixotrop maddənin ona aid olması ilə bağlı etiraf edəcəyinə dair polis əməkdaşları ilə razılığa gəldiyini bildirmişdir. Sonuncu mahkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, polis əməkdaşları tərəfindən döyülmədiyini, psixotrop maddənin ona məxsus olduğunu və törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 aprel 2024-cü il tarixdə Nail adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Yasamal RPİ-nin X5 əməliyyat məlumatı daxil olmuşdur. Nail adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Yasamal rayon prokuroruna və Yasamal rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, üzvüləri isə o və Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı İlqar Xəlilov təyin olunmuşdur. Bundan sonra Nail adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat qrupunun üzvüləri ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 12:25 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 89 nömrəli evin qarşısında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış, xidməti vəsiqəsini göstərmiş, özünü ona təqdim etmiş və həmin şəxs özünü onlara təqdim etmiş, ad və soyadının Nail Cəfərov olduğunu onlara bildirmişdir. Həmin vaxtı Nail Cəfərovun yanında dayanmış şəxslərin də özlərini təqdim etməsini xahiş etmişdir. Həmin şəxslər özlərini təqdim edərək ad və soyadlarının Şövqi Hətəmov, Cəmilə Məmmədova və Təqsirləndirilən şəxs olduqlarını bildirmişlər. Həmin şəxslərin üzərində şəxsi axtarış keçirilməsi prosessual hərəkətinin aparılması zərurəti yarandığından bu barədə xx.xx.2024-cü il tarixdə qrupun rəhbəri tərəfindən raport ilə idarə rəisinə məruzə olunmuşdur. Bundan sonra Yasamal RPİ-nin inzibati binasında yerləşən otaqda onun, Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı İlqar Xəlilovun və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd büküm kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi 01 ədəd büküm kütlə psixotrop maddə metamfetamindir və özü istifadə eltmək məqsədilə ünvan 5 ünvanın qarşısından üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Şahid2 təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmadığını və onun tərəfindən deyilənlərin yalan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məcidzadə X12 Etibar Zahir oğlu ilə eyni məzmunlu ifadə verərək ittihamda göstərilən halları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs Mirakif oğlunu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs Mirakif oğlu əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristal formalı metamfetaminə bənzər psixotrop maddə aşkar olundu. Ondan həmin maddənin nədən ibarət olduğunu soruşduqda o, bildirdi ki, həmin bükümün içərisində psixotrop maddə patıdır. Psixotrop maddəni kimdən əldə etdiyini soruşduqda o bildirdi ki, ünvan 6 ünvanın yanında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs Mirakif oğlunun üzərindən aşkar olunmuş naməlum maddə ekspertizaya təqdim etmək üçün təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli zərflə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs Mirakif oğlu əynindəki şalvarın sol yan cibindən istifadə etdiyi içərisində ***-***-**-** nömrə olan tünd göy rəngli “Samsung S7” markalı telefon təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirən zaman üzərindən qanunla qadağan olunan heç bir əşya və ya predmet aşkar olunmadı ( i.v.29-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 14 aprel 2024-cü il tarixli, 6/2000 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42...” dairəvi möhür əksi və “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs –imza, üç-imza, Təhqiqatçı: A.Qədiməliyev –imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,292 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.36-40). “Mobil telefona baxış keçirilməsi haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 13 aprel 2024-cü il tarixdə Yasamal RPİ-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman onun təqdim etdiyi 01 ədəd “Samsung S 7” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə 13 aprel 2024-cü il tarixdə Yasamal RPİ-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman onun təqdim etdiyi 01 ədəd “Samsung S 7” markalı mobil telefonun sim kart üçün nəzərdə tutulmuş yerində 01 ədəd ***-***-**-** saylı mobil sim nömrə olduğu müəyyən edilmiş, həmin nömrəyə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən heç bir SMS mətnləri və mobil nömrə zəngləri aşkar edilməmişdir (i.v.68). Təqsirləndirilən şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, o, özünə məxsus içərisində sim kart olan 01 ədəd Samsunq S7 markalı mobil telefonu istintaq şöbəsindən təhvil götürmüşdür (i.v.68). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator X7nın 03 avqust 2024-cü il tarixli, 5315 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v.107-108). “Sübutların qiymətləndirilməsi haqqında” 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın öz qüvvəsində saxlanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə metamfetamini şəxsi axtarış keçirilərkən təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsunq S7” markalı mobil telefonun 06 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qaytarılmasının istintaq materiallarında nəzərə alınması, Təqsirləndirilən şəxs ifadəsi toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 6/2000 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsin Ambulator X7 Komissiyasının verdiyi 03 avqust 2024-cü il tarixli, 5315 saylı rəyləri, 13 aprel 2024-cü il tarixli şəxsi axtarış protokolu, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zaman tərtib edilmiş 01 ədəd diskin cinayət işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi və həmin xüsusatları təsdiq edən sənədlərin ayrılaraq Bakı şəhəri, Yasamal rayon prokurorluğuna göndərilməsi, X10 barəsində ********* nömrəli, X16 barəsində ********* nömrəli, X11 barəsində ********* nömrəli cinayət işlərinin istintaq edilməsi ********* nömrəli cinayət işinin istintaq materiallarında nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,292 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmalı və ekspertiza tədqiqatından qalıq qalmış 0,242 qram psixotrop maddə metamfetaminin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v.124-132). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallarla, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 daxil olmuş xx.xx.2024-cü il tarixli, 1/3207 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X6 müraciət etməyib. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı ilkin məhkəmə iclasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olmadığını və döyüldüyü üçün həmin axtarış zamanı üzərindən çıxan psixotrop maddənin ona aid olması ilə bağlı etiraf edəcəyinə dair polis əməkdaşları ilə razılığa gəldiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin ona qarşı irəli sürülmüş ittihamdan narazı (qanunsuz) olduğu barədə məhkəməyədək icraat dövründə prokurorluq orqanlarına və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallarla, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır ki, onun döyülməsi iddiası inandırıcı olmamaqla məhkəmədə verdiyi ilkin ifadəsi təkzib olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, polis əməkdaşları tərəfindən döyülmədiyini, psixotrop maddənin ona məxsus olduğunu və törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün ünvan 6 ünvanın yanında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, sonuncu məhkəmə iclasında verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdə, saat 12:25-dən tutulmuş hesab edilmişdir (i.v.20). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 5(004)-468/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (i.v.47). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Rüfət Mustafazadənin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Hüseynov X4 Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.59-60). “Qətimkan tədbiri seçmək haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.61-62). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ tərəfindən AR CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, xx.xx.2014-cü ildə material AR CPM-nin 40.2.2-ci maddəsi ilə rədd edilmişdir (i.v.69-70). “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilməsi və tutulduqda Suraxanı RPİ-nin İstintaq Şöbəsinə təqdim edilməsi qərara alınmışdır (i.v.71). “Cinayət işi üzrə icraatın dayandırılmasına dair” 14 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.72). 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə Yasamal RPİ-nin İŞ-də yerləşən xidməti otağa gələrək istintaq orqanı tərəfindən axtarıldığını və səhhətində problemlər olduğu bir müddət müalicə aldığını, hazırda könüllü olaraq istintaqa gəldiyini bildirmişdir (i.v.74). “Cinayət işinin icraatının təzələnməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v.75). “Qətimkan tədbiri seçmək haqqında” 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.120-122). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 1(004)-497/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim edilmiş 11 yanvar 2025-ci il tarixli, 3-16-17/40/2-750/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq 10 yanvar 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə məhkəmədən gizlənərək qətimkan tədbirinin şərtlərini pozmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi və məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu və məhkəmə istintaqı zamanı axtarışla tutularaq saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “28 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, məhkəmə istintaqı zamanı tutularaq 09 yanvar 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək saxlandığı 25 gün müddət, cəmi 27 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 ay 24 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 01 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 0,242 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “28 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “28 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar