Məhkəmə qərarları › İş №1(004)-480/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-480/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-480/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Ağcabədi rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Minəxorlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində xx.xx.2023-cü il tarixli etibarnamə əsasında idarə etdiyi X3 məxsus boz metallik rəngli “Honda İnsight” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 566-cı məhəllədə yerləşən “Boltega" geyim dükanının qarşısında yerləşən yolda “Elmlər Akademiyası" metro stansiyası istiqamətində 30 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətə başlarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin tələblərini pozaraq, yolu sağ zolaqdan sola doğru manevr etdirərək onunla eyni istiqamətdə sol zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Grand Moto" markalı mopedlə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ qalça darağının yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən xəsarətlər alıb sağlamlığına “Az Ağır” zərər vurmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilərək göstərmişdir ki, anası və qardaşları ilə birlikdə yaşayır. Subaydır, hazırda heç bir yerdə işləmir. Hadisə baş verənədək boz rəngli “Honda insight” markalı **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə gündəlik icarə əsasında idarə edib taksi fəaliyyəti ilə məşğul olumuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində etibarnamə ilə idarə etdiyi boz rəngli “Honda insight" markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avto servisə maşının mühərrikinin yağını dəyişməyə gedərkən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə “Elmlər Akademiyası" metro stansiyası istiqamətində yolun sağ hərəkət hissəsi ilə 30 km sürətlə hərəkət edirmiş. Həmin vaxt yolda sıxlıq olduğu üçün sürəti çox deyilmiş. O. hərəkətdə olan zaman qarşısında hərəkət edən markasını və qeydiyyat nişanını xatırlamadığı avtomobil dayandığı üçün sola dönmə nişanını yandıraraq sağ hərəkət zolağından sol hərəkət zolağına çıxmaq istədikdə sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi moped onun idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Həmin zərbədən Fərid mopeddən yerə yıxılmışdır və o dərhal avtomobili saxlayıb yerə düşmüşdür. Fəridə yaxınlaşaraq xəsarət alıb-almamasını soruşduqda, Fərid ona narahat olmamağını, yaxşı olduğunu, bu hadisə barədə heç kimə məlumat verməməyini demişdir. O, da dərhal həmin ərazidə işləyən bibisinin əri Zahidə zəng edərək yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Bir az sonra Zahid də hadisə yerinə gəlmişdir. O, Zahidlə birlikdə Fəridi idarə etdiyi avtomobilə mindirərək “Semaşko" deyilən xəstəxanaya aparmışlar. Xəstəxanada Fəridi müayinə etdikdən sonra ona həkim resept yazaraq ev şəraitində müalicə almağı məsləhət görmüşdür. Bundan sonra Fəridə həkimin dediyi dərmanları da alaraq onu yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən evinə aparmışdır. O, hadisə baş verdikdən sonra bir-iki gün Fəridlə telefon əlaqəsi saxlayaraq halını soruşduqda Fərid ona narahat olmamağını vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Sonra Fəridin anası ona zəng edərək Fəridin vəziyyətinin pis olduğunu, yeriyə bilmədiyini, onu həkimə aparmaq lazım olduğunu demişdir. O, da Fəridin yaşadığı evə getmişdir. Orada təcili tibbi yardıma zəng edərək Fəridi yenidən “MRT" müayinəsi etdirmək üçün “Semaşko" deyilən xəstəxanaya aparmışlar. Fəridi müayinə etdikdən sonra onun sağ çanaq sümüyündə sınıq xəsarəti olduğu məlum olmuşdur. Bundan sonra Fəridi anası ilə birlikdə evlərinə aparmışdır. Sonradan Fəridin onun barəsində polisə şikayət etməsini bilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Eyni zamanda ona verilmiş suala cavab olaraq bildirmişdir ki, zərəçəkmiş şəxslə barışmaq və ona vurulmuş ziyanın aradan qaldırılması məqsədi ilə iki min manat məbləğində pulu onlara təklif etmişdir lakin qarşı tərəf daha artıq məbləğdə pul tələb etdiyindən aralarında razılığın əldə edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, "VL studio" tədris mərkəzində riyaziyyat müəllimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində özünə məxsus "Grand Moto" markalı mopedlə Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti ilə təxminən 30-40 km/saat sürətlə “Elmlər Akademiyası” istiqamətində yolun sol hərəkət hissəsi ilə hərəkət edirmiş. Həmin vaxt qarşısında onunla eyni istiqamətdə yolun sağ hərəkət hissəsində hərəkətdə olan boz rəngli "Honda insight" markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən sol hərəkət zolağına dönmə edərək onun hərəkət etdiyi yola çıxmışdır. O, həmin vaxt əyləci sıxsa da idarə etdiyi moped məsafə az olduğu üçün həmin avtomobilin qabaq sol qanadına dəyərək toqquşmuşdur. O, aldığı zərbədən mopedlə birlikdə yerə aşmışdır. Nəticədə mopedi əzilmiş, o, isə xəsarət almışdır. Bundan sonra "Honda insight" markalı avtomobilin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobildən düşərək ona yaxınlaşmışdır. Yaqub onu öz avtomobilinə əyləşdirmiş və xəstəxanaya aparmışdır. Xəstəxanada onu müayinə etdikdən sonra ayağının əzildiyini bildirmişlər. Ona ilkin tibbi yardım göstərildikdən sonra Yaqub onu yaşadığı evə gətirmişdir. Evdə olan zaman ağrıları artmağa başlamışdır. Anası zəng edərək Yaquba onu təkrar müayinə etdirmək lazım olduğunu demişdir. Bundan sonra təcili tibbi yardım avtomobili ilə onu xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra onun sağ qalça sümüyünün sınması məlum olmuşdur. Həkim ayağının cərrahi əməliyyat olunmalı olduğunu bildirmişdir. Həmin vaxtdan sonra sürücü Yaqub onunla əlaqəni kəsərək ona maddi yardım göstərməmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməmişdir, ondan şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, övladları ilə birlikdə yaşayır, hazırda musiqi məktəbildə fortopiano müəlliməsi işləyir. Zərərçəkmiş şəxs onun doğma oğludur. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində o, yaşadığı evə yaxınlaşan zaman küçədə evin qarşısında boz rəngli "Honda İnsight" markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan oturacağında oğlu Fəridin əyləşdiyini görüb ona yaxınlaşmışdır. O, Fəridə niyə evə getmədiyini soruşduqda, Fərid ona idarə etdiyi mopedlə yol-nəqliyyat hadisəsi törətdiyini və xəsarət aldığını, narahat olmamağını bildirmişdir. Bundan sonra sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə birlikdə Fəridi evə aparmışlar. Evdə olan zaman Fərid huşunu itirmişdir. O, dərhal 103 xidmətinə zəng edərək təcili tibbi yardım çağırmışdır. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım xidmətinin həkimləri evə gəlmişlər. Həkim Fəridə ilkin tibbi yardım göstərdikdən sonra çıxıb getmişdir. O, evdə olan zaman Yaqubun idarə etdiyi boz rəngli "Honda insight" markalı avtomobil ilə oğlunun idarə etdiyi mopedin toqquşmasını, nəticədə oğlunun sağ ayağından xəsarət almasını bilmişdir. Yaqub söhbət əsnasında ona Fəridə nə lazım olsa maddi köməklik edəcəyini demişdir. Sonradan Yaqub çıxıb getmişdir. Həmin gecə Fəridin ağrıları kəskinləşmişdir. O, Yaquba zəng edərək Fəridin ayağında olan ağrıların kəskinləşdiyini bildirərək səhəri gün gəlib onunla birlikdə Fəridi xəstəxanaya müayinə etmək üçün aparmağı demişdir. Yaqub da ona səhər gələcəyini bildirmişdir. Səhəri gün o Yaqubla birlikdə Fəridi "Semaşko” xəstəxanasına müayinə olunmaq üçün aparmışlar. Xəstəxanada həkimlər Fəridin ayağını rentgen müayinəsi etdikdən sonra Fəridin sağ ayağının əzildiyini bildirmişlər. Bundan sonra onlar evə qayıtmışlar. Yaqub onları evə düşürdükdən sonra çıxıb getmişdir. Həmin gün axşam saatlarında Fəridin ağrıları yenidən kəskinləşmişdir. O. Yaqubun telefonuna zəng etsə də əlaqə qura bilməmişdir. Bundan sonra o, Fəridi Travmatologiya xəstəxanasına aparmışdır. Orada Fəridi həkim müayinə edən zaman Fəridin sağ qalça sümüyünün sındığını və müalicə yazaraq evdə yataq şəraitində müalicə olunmağını tövsiyyə etmişdir. O, da Fəridi evə gətirmişdir. Bundan sonra Fəridin müalicəsini evdə davam etdirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 01 iyun 2023-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti ünvanında yerləşir. (i.v. 7-13) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Honda İnsight markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. (i.v. 18- 20) “Qətimkan tədbirinin seçilməsi barədə” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. (İ/V 107) Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Yasamal rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 153 nömrəli rəyində göstərilmişdir ki, 2003-cü il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ qalça darağının yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan “Sağ topuğun küt travması” diaqnozunun obyektiv əlamətləri qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. (İ/V 36-38) Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1539 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Honda İnsight markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. (İ/V 55-58) DİN-in BDYPİ-nə bilavasitə tabe olan İmtahan Qeydiyyat İdarəsinin xx.xx.2023cü il tarili məktubundan görünür ki, BDYPİ-nə bilavasitə tabe olan İmtahan Qeydiyyat İdarəsinin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “BC" kateqoriyalı BA 060851 nömrəli sürücülük vəsiqəsi verilmiş və həmin günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. (İ/V 82) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V 73) “Sübutların qiymətləndirilməsi barədə” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin predmetləri olmuş Təqsirləndirilən şəxs idarə etdiyi X3 məxsus boz metallik rəngli “Honda insight” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyini “Grand Moto" markalı moped maddi sübut kimi tanınmış, “Honda insight” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 və “Grand Moto" markalı mopedin isə sahibi Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi özünün etirafı, şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətləri ilə bağlı protokollar və işin digər materialları ilə tam sübuta yetirilir onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasəntəqsirləndirilən ləndirilən şəxs Təqsirləndirilən şəxs əvəllər məhkum olmamasını, törətdiyin əməli səmimi olaraq etiraf etməsi halını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə maddi sübut olan “Honda insight” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Grand Moto" markalı mopedin sahiblərinə qaytarılması nəzərə alınmalı və iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Honda insight” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Grand Moto" markalı mopedin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar