Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-481/2024 10.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, Pərvin Asif oğlu Ələsgərovun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ev 34-də qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2024-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu «Kubinka» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitələr və psixotrop maddələr"in İ siyahısına daxil edilmiş Xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 7,09 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlamaqla daşımış. xx.xx.2024-cü il tarixdə saat 13:50 dəqiqədə ünvan 1 ünvanda Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Yasamal RPİ-nə gətirilmiş və üzərində axtarış və götürmə aparılan zaman, əynindəki bej rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə Xeyli miqdar təşkil edən təmiz çəkisi 7,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 3 nəfər polis əməkdaşı onu evinin qarşısından tutub bölməyə aparıb. Bölmədə olarkən ona narkotik vasitəni boynuna götürməyi tələb etmişlər. O, ilk öncə razılaşmamış, daha sonra isə polis əməkdaşları tərəfindən ona pisxoloji təsir olduqdan sonra boynuna götürmüşdür. Suallara cavab olaraq, Təqsirləndirilən şəxs axırıncı dəfə narkotik vasitəni tutulandan 3 ay qabaq aldığını, tutulan vaxtı üzərində narkotik vasitə olmadığını, göstərdiyi xüsusatlarla bağlı heç yerə şikayət etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 may 2024-cü il tarixdə ünvan 3-də qeydiyyatda olan və yaşayan xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ NMB-ə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə özü və Yasamal RPİ NMB-nin kiçik əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və 29 may 2024-cü il tarixdə saat 13:20-dən saat 13:50-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma əməliyyat əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin günü saat 13:50-də ünvan 3 ünvanında Təqsirləndirilən şəxs saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-ə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki bej rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində kanaplya adlandırdığı narkotik vasitə olan marixuana olduğunu, həmin maddəni bu gün səhər saatlarında “Kubinka" adlanan ərazidə tanımadığı qaraçıdan 30 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 7,09 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadır. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olurdu. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki berj rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli selofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 29 may 2024-cü il tarixdə səhər radələrində «Kubinka» deyilən yerdən tanımadığı qaraçıdan şəxsi istifadəsi üçün 30 manat pul ödəyərək aldığını bildirmişdir. Sol yan cibindən isə bir ədəd qara rəngli Samsung A 6 markalı ***- ***-**-** nömrə istifadə olunan mobil telefon çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, ot mənşəli, spesifik qoxuya malik psixotrop maddə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürülmüş, bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir ( i.v. 35-36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 30 may 2024-cü il tarixli, 3-16-16/2-7/866 №-li rəyindən görünür ki, Üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə......” yazıları olan bir ədəd zərfdə 1 (bir) ədəd şəffaf sellofanda olan təmiz çəkisi 7,09 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir – qurudulmuş marixuanadır ( i.v. 42-45). “Maddi sübut kimi tanınma haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş narkotik vasitənin götürülməsini videoçəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 1 ədəd diskin cinayət işi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.83). “Maddi sübut kimi tanınma haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 7,09 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, qalıq qalmış 7,04 qram qurudulmuş marixuana saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (i.v.84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 iyul 2024-cü il tarixli, 4559 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşdan yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür ( i.v. 86-87). “Sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi barədə” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyətinə heç bir təsiri olmadığından Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində 31 may 2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin olması istintaq materialları ilə tam təkzib edildiyindən, bu hissədə barəsində həmin xüsusatla əlaqədar cinayət təqibi üzrə icraatın rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 7,09 qram narkotik vasitə olan qurudulmuş mariuxananın əldə etmə mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılıb əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Yasamal RPİ-nin 28-ci PŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdimetmə kimi qiymətləndirilməməsinin nəzərə alınması, şəxsi axtarış və götürmə zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs oğundan aşkar olunaraq götürlmüş 1 ədəd qızıl Samsunq A 6 markalı mobil telefonun iş üzrə sübut əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılması, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi işin digər halları ilə təsdiq edildiyindən, şahidlər Şahid1, Şahid2 ifadələri, Təqsirləndirilən şəxs üstündən narkotik vasitənin götürülməsi barədə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol, eləcə də videoçəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 1 ədəd «DVD» disk, həmin diskə baxış protokolu, cinayət işi üzrə məhkəmə bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi 30 may 2024-cü il tarixli 7/866 saylı rəy, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2024-cü il tarixli 4559 saylı rəy, iş üzrə maddi sübut kimi tanınmış 7,09 qram narkotik vasitə olan qurudulmuş marixuananın sübut kimi qiymətləndirilməsi, qərarın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurora təqdim edilməsi qərara alınmışdır (i.v.90-97). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 05 qram olan marixuana xeyli miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xususilə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 3 nəfər polis əməkdaşının onu evinin qarşısından tutub bölməyə apardığını, bölmədə olarkən ona narkotik vasitəni boynuna götürməyi tələb etdiklərini, onun isə ilk öncə razılaşmadığını, daha sonra isə polis əməkdaşları tərəfindən ona pisxoloji təsir olduqdan sonra boynuna götürdüyünü, axırıncı dəfə narkotik vasitəni tutulandan 3 ay qabaq aldığını, tutulan vaxtı üzərində narkotik vasitə olmadığını, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Həmçinin ona qarşı irəli sürülmüş ittihamdan narazı (qanunsuz) olduğu barədə məhkəməyədək icraat dövründə prokurorluq orqanlarına və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmə müraciət etməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə əynindəki bej rəngli şalvarının sağ yan cibindən 1 ədəd selofana bükülmüş maddəni təqdim etmiş, həmin büküm açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün 30 manata “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla,yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə, saat 13:50-dən tutulmuş hesab edilmişdir (i.v. 25). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin müdafiə edilməsindən imtina edilməsi barədə” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Vüsal Şahbazovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi, qərarın icra olunmasından ötrü Yasamal RPİ-nə göndərilməsi qərara alınmışdır (i.v.67- 69). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 31 may 2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.70-71). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.76). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X8 adında övladları vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin (yetkinlik yaşına çatmayan övladının olmasını) həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik maddə olan qurudulmuş marixuananın qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 7,04 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-481/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-481/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver