Məhkəmə qərarları › İş №1(004)-482/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-482/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-482/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İslam Əli oğlunun sədrliyi, Əliyeva Aysel Seymur qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs oğu Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 09 may 2023-cü il tarixdə saat 06:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 2, "xxxx" MTK-nın qarşısında ictimai yer hesab edilən binanın həyətində həmin binada yaşayan Zərərçəkmiş şəxs ona insanların yatıb istirahət etdiyi vaxtda yaşadığı evdə səs-küy salmasını, qonşuluq münasibətlərinə məhəl qoymamasını, eləcə də qonşuluqda yaşayan şəxslərə hörmətsizlik etməsini irad kimi bildirdikdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs haqlı iradlarını cüzi səbəb kimi bəhanə gətirib sonuncu ilə mübahisə edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla öz üstünlüyünü nümayiş etdirib ucadan səs-küy salaraq həmin binada yaşayan insanların narahatçılığına səbəb olub cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib zor tətbiq etməklə qəsdən əli ilə Zərərçəkmiş şəxs baş, sifət, boyun, ayaq nahiyələrinə yumruq zərbələri vuraraq ona burun nahiyəsinin şişkinlik halında əzilməsi, sol alın-gicgah nahiyəsinin və burun belinin qançırları, boyunun, onurğa sütunun döş şöbəsinin yuxarı hissəsinin, hər iki bazunun və sol saidin sıyrıqları kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən, sol yanağın içəri səthinin əzilmiş yarası ilə müşayiət olunan həmin yanağın şişkinliyi və sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin mart ayının sonlarında qeyri-rəsmi münasibətdə olduğu Fəridə ilə tanışı vasitəsi ilə tanıdığı Anara məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 2 ünvanda yerləşən "xxxx" MTK blok 4, 7-ci mərtəbədə yerləşən evində bir müddət qalmışdır. O, həmin mənzildə yaşadığı müddət ərzində divar qonşuluqda yaşayan sonradan adını bildiyi Zərərçəkmiş şəxs dəfələrlə divarı döymüşdür. Orxan hər dəfə ona divar arxasından nalayiq ifadələr işlətsə də, o, qonşu olduqları üçün heç bir söz deməmişdir. Bu minvalla gecə saatlarında Orxan onun qaldığı mənzilin divarını döyərək sakit durmağını demişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində o, Fəridə ilə sözlə mübahisə edən zaman Orxan divarı döyərək ona küçə söyüşləri söymüşdür. O da “aşağı düş sənə başa salacam” sözlərini demişdir. O da Orxanla söhbət etmək üçün aşağı həyətə düşmüşdür. O, həyətə düşən kimi Orxan ona yaxınlaşaraq ünvanına nalayiq küçə söyüşləri söymüşdür, o isə ona yumruq zərbəsi ilə vurmuşdur. Aralarında mübahisə olmuş, bundan sonra Orxanın anası həyətə düşmüş və bir nəfər tanımadığı kişi ilə onları ayırmışdır. Bundan sonra o, evə qayıtmışdır. Sonradan Orxanın barəsində polisə şikayət etdiyini bilmişdir. Orxanla aralarında dalaşma xx.xx.2023-cü il tarixdə saat 06:45 radələrində yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 2 ünvanda yerləşən "xxxx" MTK-nın binasının qarşısında baş vermişdir. Həmin vaxt orada ikisi olmuşlar. Sonradan Orxanın anası və tanımadığı bir nəfər şəxs onlara yaxınlaşmışdır. Dalaşma təxminən 3-5 dəqiqə davam etmişdir. Orxan Həmidli ilə dalaşan zaman onun sifət, baş, boyun nahiyələrinə yumruqla zərbələr endirmiş, Orxan da onun sifətinə yumruq zərbəsi və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmuşdur. Son olaraq o, özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və ona dəymiş ziyanın ödənildiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, anası ilə birlikdə 2015-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 2, "xxxx" MTK, 5-ci blok, 130 nömrəli mənzildə yaşayır. Mənzil 7-ci mərtəbədə yerləşir. Təxminən 2023-cü ilin mart ayının sonlarında yaşadıqları binanın 4-cü blokunda 7-ci mərtəbədə yaşadıqları mənzilin divar qonşuluğunda yerləşən mənzilə kirayəçi köçmüşdür. Həmin şəxslər bir kişi və bir qadından ibarət olmuşdur. Həmin şəxslər yaşadıqları müddət ərzində mütəmadi olaraq günün müxtəlif saatlarında, adətən isə gecə saatlarında yüksək səslə nalayiq ifadələr işlədir, yüksək səslə musiqi oxudurar, arada isə münaqişə edirdilər. O, bir neçə dəfə bu barədə evin sahibi Anara zəng edərək məlumat vermişdir. Məlumat verməyinə baxmayaraq həmin narahatlıqlar davam edirdi. O, hətta yaşadıqları mənzilin səs gələn divarını dəfələrlə döyürdür ki, həmin şəxslər sakitləşsinlər. Hətta bu barədə binanın komendantına da məlumat vermişdir. Lakin həmin kirayəçilər buna məhəl qoymayaraq əməllərinə davam edirmişlər. xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində həmin kirayəşinlərin səsinə yuxudan oyanmışdır. Anası İradə də səs-küyə yuxudan oyanmışdır. O, əsəbiləşərək divarı döyüb həmin şəxsləri sakit olmağa çağırmışdır. Bu zaman həmin evdən bir nəfər oğlan ona “həyətə düş səninlə işim var sözlərini” demişdir. O da həmin şəxsə dəfələrlə ev sahibi və binanın komendantı vasitəsi ilə məlumat göndərsə də, məni şəxsən görüb iradını bildirmək üçün evdən çıxaraq binanın həyətinə düşmüşdür. Həmin vaxt sonradan adını bildiyi Elməddin də həyətə düşmüşdür. Elməddin pilləkəndən düşərək ona tərəf yaxınlaşmışdır. Həmin vaxt mən Elməddinə niyə səs-küy saldıqlarını irad bildirmək istədikdə Elməddin onun üzərinə gələrək çiyin nahiyyəsindən tutmuşdur. Bu zaman o, əsəbi olduğu üçün ona yumruq zərbəsi ilə vurmuşdur. Həmin vaxt anası İradə evdən düşərək onlara yaxınlaşmışdır. Aralarındaki mübahisə təxmini 3-4 dəqiqə çəkmişdir. Son olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin olmadığını bildirərək bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 ünvanda yerləşən 286 nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə müəllimə işləyir. 2015-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 2, "xxxx" MTK, 5-ci blok, 130 nömrəli mənzildə oğlu Zərərçəkmiş şəxsla birlikdə yaşayırlar. Təxminən 2023-cü ilin mart ayının sonlarında yaşaqları binanın 4-cü blokunda 7-ci mərtəbədə yaşadıqları mənzilin divar qonşuluğunda yerləşən mənzilə kirayəşinlər köçmüşdür. Həmin şəxslər bir kişi və bir qadından ibarət olmuşdur. Həmin şəxslər yaşadıqları müddət ərzində mütəmadi olaraq günün müxtəlif saatlarında, adətən isə gecə saatlarında yüksək səslə nalayiq ifadələr işlədirdi, yüksək səslə musiqi oxudurdular, arada isə münaqişə edirdilər. Oğlu Orxan bir neçə dəfə bu barədə evin sahibi Anara zəng edərək məlumat vermişdir. O da öz növbəsində binanın komendantına bu barədə məlumat vermişdir. Məlumat verməyinə baxmayaraq həmin narahatçılıqlar davam edirdi. xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində öz otağında oğlunun səs-küyünə yuxudan oyanmışdır. Oğlu Orxanın əsəbiləşdiyini eşidib onun yanma getmişdir. Orxan divarı döyüb həmin şəxsləri sakit olmağa çağırmışdır. Bu zaman həmin evdən bir nəfər oğlan Orxana “həyətə düş səninlə işim var sözlərini” demişdir. Orxan da evdən çıxaraq binanın həyətinə düşmüşdür. O, oğluna düşməməyini desə də, onu dinləməyərək həyətə düşmüşdür. Aradan bir neçə dəqiqə keçdikdən sonra artıq narahat olub oğlum Orxanın arxası ilə həyətə düşmüşəm. Onların dava etdiyini görüb aralamağa çalışsam da, aralaya bilməmişəm. Komendat gələndən sonra onları ayıra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 2 ünvanda yerləşən "xxxx" MTK-da komendant işləyir və ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Zərərçəkmiş şəxs komendantı olduğu binada 5-ci blokda 7-ci mərtəbədə anası ilə birlikdə yaşayır. İşini adətən binanın kommunal xidmətlərinə nəzarət etməkdən ibarətdir. Belə ki, binada kirayə yaşayan şəxslər olduqda, ev sahibindən kirayəşinlərin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətlərini də məlumat üçün alır. Təxminən 2023-cü ilin mart ayının sonlarında binanın sakini Anar Tağıyevə məxsus evə bir oğlan və bir qız köçmüşdür. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində İradə xanım ona zəng edərək oğlu Orxanı Anarın evində yaşayan şəxsin döydüyünü, kömək etmək üçün həyətə düşməyini xahiş etmişdir. O da dərhal paltarımı geyinib həyətə düşmüşdür. Həyətə düşdükdə İradə xanımın oğlu Orxanı tutaraq evə tərəf apardığını, digər sonradan adını bildiyi Anarın evində qalan Təqsirləndirilən şəxs isə binada yaşayan Elşənin qolundan tutub oturacağa tərəf apardığını görmüşdür. O, İradə xanımı oğlu Orxanla birlikdə bloka tərəf yola salmışdır. Bundan sonra, həyətdə olan Elməddinə yaxınlaşmışdır. O, onlara yaxınlaşan zaman danışıqlarından eşitmişdir ki, Elməddin Orxanı döymüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 10 may 2023-cü il tarixli 507 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun nahiyəsinin şişkinlik halında əzilməsi, sol alın-gicgah nahiyəsinin və burun belinin qançırları, sol yanaq nahiyəsinin şişkinliyi və sıyrığı, həmin yanağın içəri səthinin əzilmiş yarası, boyunun, onurğa sütunun döş şöbəsinin yuxarı hissəsinin, hər iki bazunun və sol saidin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə sol yanağın içəri səthinin əzilmiş yarası ilə müşayiət olunan həmin yanağın şişkinliyi və sıyrığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, burun nahiyəsinin şişkinlik halında əzilməsi, sol alın-gicgah nahiyəsinin və burun belinin qançırları boyunun onurğa sütunun döş şöbəsinin yuxarı hissəsinin, hər iki bazunun və sol saidin sıyrıqları isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 16 may 2023-cü il tarixli 549 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – sol əlin barmağının və sol bazunun piqmentasiya sahələri (keçmiş sıyrıq yerləri), döş qəfəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini qeyd edərək, təqsirləndirildiyi maddənin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyanın tam ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 09 may 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələr arasında hər hansı ziddiyyət yoxdur və həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs 09 may 2023-cü il tarixdə saat 07 radələrində ünvan 3 ünvanda yerləşən yaşayış binasının həyətində qonşusu Təqsirləndirilən şəxs ilə söhbət zamanı aralarında yaranmış mübahisə nəticəsində sonuncuya yumruq zərbəsi endirmiş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Həm təqsirləndirilən şəxsin ifadəsi, həm də zərərçəkmiş şəxs və şahidin ifadələri ilə müəyyən edilmişdir ki, ittihamda qeyd edilən hadisə zamanı ətrafda digər şəxslər olmamış, yalnız zərərçəkmiş şəxsin anasının çağırışından sonra ətrafdaki şəxslər köməyə gəlmişdir. Yəni ittihamda qeyd edilən mübahisə binanın həyətində olmuş və zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmışdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 18 avqust 2022-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə binanın komendantının otağında olmuş və Zərərçəkmiş şəxs hərəkəti nəticəsində (yəni onu vurması nəticəsində) Təqsirləndirilən şəxs ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, hadisə ətrafdan heç kimin olmadığı bir mühitdə yəni səhər saatlarında baş vermiş, bundan əlavə Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirildiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət hadisəsinin xx.xx.2023-cü il tarixdə saat 07 radələrində binanın həyətində baş verməsi və orada zərərçəkmiş şəxsin anası Şahid1 başqa heç kimin olmaması, daha sonra İradə Cabbarovun çağırışı ilə komendant Şahid2 gəlməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasına səbəb isə sonuncunun onu vurması olduğu iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilmiş və bunun əksini sübut edən ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, ətrafdan heç kimin olmadığı bir şəraitdə yəni, komendantın otağında, bilavasitə Zərərçəkmiş şəxs qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxsin sağlamlığına zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli, Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar