Məhkəmə qərarları › İş №1(004)-49/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-49/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-49/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, mərhum Təqsirləndirilən şəxs hüquqi varisi X2 iştirakı ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamışdır. Belə ki, o, 24 avqust 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,202 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və 24 avqust 2022-ci il tarixdə saat 14:30 dəqiqədə ünvan 3 ünvanın qarşısında Yasamal RPİ-nin 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz qara rəngli zolaqlı yay köynəyinin sol üst cibindəki qırmızı rəngli qeyd kitabçasının arasında olan bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,202 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində özünü həmin əməlin törədilməsində təqsirli bilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 337447 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. İş materiallarına əlavə edilmiş 472868 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə N.T.Əsədullayeva arasında nikah xx.xx.2021-ci il tarixdə Səadət Sarayında bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada isə Əsədullayeva soyadı verilmişdir. Mərhum Təqsirləndirilən şəxs həyat yoldaşı X2 həyat yoldaşının hüquqi varisi qismində tanınması üçün ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla sonuncu təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmışdır. Cinayət işinin 41-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4526 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs təqdim etdiyi maddə...” yazı və imzalar olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,202 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 102-110-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,152 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd DVD-R diski maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin müvəqqəti saxlanc yerinə təhvil verilmiş, DVD-R diski isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan mərhum Təqsirləndirilən şəxs hüquqi varisi N.T.Əsədullayevanın ərizəsindən görünür ki, həyat yoldaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ona görə də Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölməsini nəzərə alaraq, Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, təqsirləndirilən şəxsin hüquqi varisi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğu üçün Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin müvəqqəti saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,152 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 88 (səksən səkkiz) manat təqsirləndirilən şəxs öldüyü üçün dövlətə aid edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə iclaslarında dövlət hesabına təyin edilmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə tərəfindən dövlət hesabına təyin edilmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.5, 43, 300.1.7, 305 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,152 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 88 (səksən səkkiz) manat təşkil edən ekspertiza xərci dövlətə aid edilsin. Məhkəmə tərəfindən dövlət hesabına təyin edilmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar