Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-49/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: “Yusif Allahverdiyev və partyorları” vəkil bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 Təqsirləndirilən şəxs: xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, ünvan 2 ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 15 aprel 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən şəxsi satış məqsədi olmadan 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,815 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 15 aprel 2023-cü il tarixdə saat 15:30-da Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki qara rəngli üzərində «Adidas» yazısı olan idman şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 0,815 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Yasamal rayonu X12 ev 29 A ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşıb keçməklə saxlanc yerinə qanunsuz daxil olaraq həmin həyətyanı sahədə yerləşən yaşayış olmayan evdən aliminium materialdan hazırlanmış Türkiyə istehsalı olan ümumi uzunluğu 3 pm olmaqla cəmi dəyəri (1pmx 200) 600 manat təşkil edən aksessuarları ilə birgə pəncərə profillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs umimilikdə 600 manat miqdarında ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 may 2023-cü il tarixdə günorta saatlarından 15 may 2023-cü il tarixdə günorta saatlarınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, X12 29 A ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşıb keçməklə saxlanc yerinə qanunsuz daxil olaraq həmin həyətyanı sahədə yerləşən yaşayış olmayan iki ədəd fərdi yaşayış evlərinin birinci, ikinci və üçüncü mərtəbələrində quraşdırılmış alüminium materialından hazırlanmış Türkiyə istehsalı olan ümumi uzunluğu 69 pm olmaqla cəmi dəyəri (1 pm x 200 manat) 13800 (on üç min səkkiz yüz) manat təşkil edən aksesuaları ilə birgə pəncərə profillərini və alüminium materialından hazırlanmış Türkiyə istehsalı olan, 2 və 3 qat temperli paket sistemli şüşələri saxlamaq üçün nəzərdə tutulan ümumi uzunluğu 400 pm olmaqla cəmi dəyəri (1 pm x 6,5 manat) 2600 (iki min altı yüz) manat təşkil edən profilləri təkbaşına, cinayətkar əməllərinin davamı olaraq isə 15 may 2023-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin ünvanda alüminium materialından hazırlanmış Türkiyə istehsalı olan ümumi uzunluğu 3 pm olmaqla cəmi dəyəri (1 pm x 200 manat) 600 (altı yüz) manat təşkil edən aksesuaları ilə birgə pəncərə profillərini eyni üsulla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 17000 (on yeddi min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, oğurluq etmişdir, lakin narkotik vasitə ilə bağlı maddə ilə razı deyildir. O, cəmisi 2 ədəd pəncərə götürmüşdür. Onu polislər evdən gəlib aparıblar. Onu evdən götürərkən üzərində narkotik vasitə olmayıb. Daha sonra ona təzyiq olunduğuna görə o, bütün sənədləri imzalamışdır. Oğurluqla bağlı onu deyə bilər ki, o məhəllədə dayanmışdır. Elmir ona yaxınlaşıb aliminium olduğunu və gedib götürməyi təklif etmişdir. O da onunla getmişdir. Gedib həmin yerdən 2 ədəd aliminium pəncərə çərçivəsi götürmüşlər. Daha sonra Elmir ona gedib həmin çərçivələri təhvil verməyi təklif etmişdir. O da razılaşmışdır, getmişdirlər. Lakin Elmir gec qayıtdığına görə o onu gözləməmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarındakı sorğu-sual zamanı həmçinin bildirmişdir ki, Elmir ona satdığı çərçivədən pul verəcəyini desə də, verməmişdir. Birinci Elmiri tutublar. İlk dəfə polislər onu narkotikə görə aparıblar, ikinci dəfə isə may ayında oğurluğa görə. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2009-2016-cı illərdə Daxili Qoşunların xüsusi təyinatlısında xidmət etmişdir. Oradan təxris olduqdan sonra avtomobil alıb onunla pul qazanmağa başlamışdır. Daha sonra qəza keçirtdiyinə görə maşın əlindən çıxmışdır. Bundan sonra dəmir yığıb aparıb satmağa başlamışdır. Bir gün yarımtikili olan, hasarı yarımçıq olan bir evə girmişdir. Adətən oradan dəmirləri yığırmış. Bir gün tamahına aldanıb pəncərə çərçivələrini də oğurlamışdır. Birinci dəfə görmüşdür, lakin götürməmişdir. Daha sonra Eldara demiş və gedib birlikdə götürmüşdürlər. Həmin evə cəmi 2-3 dəfə girmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun tarixlər uzun çəkib deyə tam yadında qalmayıb. Onlara aid olan ev sahəsinin pəncərələri dağıdılıb, sökülüb, aparılıb, ümumi ziyan dəyib. Ona dəyən ziyan ödənilməyib, təqsirləndirilən şəxslərdən şikayətçidir. İbtidai istintaq zamanı verdiyi ifadəni tam təsdiq edir. O zaman pəncərəni düzəldən şirkəti çağırdılar, ziyanın məbləğini hesabladılar. Ziyan montajla birlikdə 20000 manat olmalıdır. Təqsirləndirilən şəxs iki pəncərə yox, dörd pəncərə də çıxarsaydı o şikayət etməzdi. O evin qiymətini özü görüb. 3 mərtəbə evdir, 2 ədəd, 3 mərtəbənin pəncərəsi aparılıb, evlərə 40.000 avro pul ödəmiş, 6 mərtəbənin pəncərəsini yararsız hala salıblar, profillər çıxarılıbsa demək ki, şüşələr də qırılıb. Profillər xaricdən gətirtdirilib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə yerinə gedəndə tarix tam yadında deyil, adı qeyd olunan profillərin, şüşələrin qırıldığını, götürüldüyünü görmüşdür. Ondan sonra ərazidəki metal sexlərini axtarmağa başlamışdır, metal sexlərindən birində də onların profillərini görmüş və sahibinə xəbər vermişdir. O, Nairin dostudur, ara-sıra evin vəziyyəti və təmir işləri ilə bağlı gedib baxırdı. 3 mərtəbəli evdir, bütün pəncərələri olub. 1-ci mərtəbədən etibarən şüşələr qırılmışdı, dağıdılmışdı, hamısı qırılmışdı, səhv etmirsə 2 ev birlikdə 26 pəncərə yox idi. Çıxdı axtarmağa ki, çox güman ki, metal kimi verəcəklər, elə də oldu. Ərizə ilə evin sahibi şikayət etdi, o da gördüyü üçün getdi. Yararsız profillər idi, lazımsız, ola bilər müstəntiq qeyd edib ki, qaytarılıb, ancaq yararsız idi. Kənarda şüşələr var idi, profillər şüşə sındırılmayanda çətin sökülür, onun ən rahat söküntüsü şüşələri sındırıb sökməkdir, bəziləri var idi, şüşə saxlayan profilləri götürüb şüşəni böyük olduğuna görə kənara atmışdılar, belə də var idi, amma bir çoxu da şüşə sınanda profillər daha rahat çıxır, şüşələr sınmışdı, sınan şüşələr də orada idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə Bakıya gəlmişdir, Elmiri orada tanımışdır, yaxşı münasibətləri olmuşdur, ondan sonra o, rayona getmiş, keçən ilin aprel ayında yenidən Bakıya qayıtmışdır. Günlərin bir günü Elmirlə rastlaşmış, oradan-buradan hal-əhval tutmuşlar və ayrılmışlar, bir neçə gün sonra Elmir yaxınlaşmışdır ki, bir metal var, qapının profilidir. istəyib-istəmədiyini soruşmuşdur. Profilə baxmışdır ki, onda plastikdir, bu metaldır, ona yaramır. Demişdir ki, yox ona yaramır, demişdir ki, bəs bunu necə edək? O da demişdir ki, yaxınlarda metal qəbulları var, onların birinə versin. Elmir demişdir ki, o, onlarla dalaşmışdır, ondan almırlar ya da ucuz qiymətə alırlar, ora getmək istəmir, tanıyırsa ozü aparsın versin. O da əvvəldən tanıyırmış, Rəşadla tanışlığı olmuşdur, profili aparıb Rəşada vermişdir, pulunu isə alıb gətirib Elmirə vermişdir. Üstündən bir gün keçmişdir ki, Rəşad zəng edib ki, polis əməkdaşları yaxınlaşıb onu soruşurlar, buraya gəlsin. O da getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bu iş tam yadında deyil, izahatda qeyd eləmişdir, üstündən xeyli vaxt keçib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bəli təqsirləndirilən şəxsləri tanıyır. Onlar elə önəmli bir mal gətirmirdilər, çöldən-bayırdan mal da, zir-zibil, selofan, plasmasbelə şeylər. Bir dənə qapı-pəncərə gətiriblər. Qapı-pəncərinin neçə kiloqram olduğu yadımda deyil. Elmir qapı-pəcərə profili gətirmişdi. 23 kilo yazmışdı. Elmir yanıma tək gəlmişdi. Profilləri iki manatdan almışdı, 23 kiloqram hardasa 46 manat edir. Malın oğurluq olduğunu bilmirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğurluq olan alüminium profil onların metal qəbuluna gətirilib verilib. Sonradan məlum olmuşdur ki, bu uşaqlar götürüblər onu, amma onlar şəxsən gətirməyiblər, o onları görməmişdir. Onların yaxınlığında İlkin adlı şəxs var, o da qapıpəncərə profil sexində işləyir, ona veriblər, o da gətirib ona, o ondan almışdır, ona görə almışdır ki, qapı-pəncərə sexində işləyir, oranın tullantıları olduğuna görə almışdır. Başqa hansı məntəqəyə, nə qədər profil gətirib bilmir. Digər məntəqələrə profil verib-vermədiyini bilmir. Amil də metal qəbulunda işləyir. Amilə profil aparmaqları barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən aprel ayının əvvəllərində İİ Alatava ev 63 A ünvanının qarşısında E.Eldarı saxlayaraq 29-cu Polis Şöbəsinə gətirmişdirlər. PŞ-də üzərinə baxış keçirilən zaman üzərindən heroin adlanan narkotik vasitə aşkarlanmışdır. Xidmətdə onunla birlikdə Şahid6 olub. Şəxsi yaşadığı yerin qarşısında saxladılar. Tarix olaraq aprel ayında, səhv etmirsə 15-i olmalı idi. Günorta saatları idi. Şəxsdən çıxan narkotik vasitə heroin idi. Özü də etiraf edib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, İİ Alatavada sahə inspektorudur, orada Eldarın müəyyən məlumatları verilmişdir onlara, bilirdilər ki, həm narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur, həm də özü istifadəçisidir, onlar da saxlamışlar, saxlayan zaman gətirmişlər 29-cu Polis Şöbəsinə, üzərindən də həmin büküm də olan heroin aşkarlanmışdır. İstintaqda verdiyi məlumatı da təsdiqləyir. Xeyr, tutanda şəxsə təzyiq olmayıb, vətəndaş təqsirli şəxsdir, narkotik vasitə aludəçisidir, qaçmağa cəhd göstərir, onlar da məcbur saxlamalıdır onu. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6479 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş hər birinin uzunluğu 1,5 metr olan üzərində aksessuarları olan 2 ədəd Türkiyə istehsalı olan alüminium pəncərə hissələrini və 12 ədəd ümumi uzunluğu 72 pm olan pəncərə profillərinin, ümumi sahəsi 26 kvadratmetr aksessuarları ilə birlikdə 12 ədəd pəncərələrin, ümumi uzunluğu 400 pm olan pəncərələrin şüşə saxlayan profillərin, ümumi sahəsi 40 kvadratmetr olan sındırılmış pəncərə şüşələrinin ayrı-ayrılıqda 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 13780,00 (600+13180) manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2241 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,815 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 4938 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər onlara qarşı elan edilmiş ittihamda özlərini qismən təqsirli bilsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 may 2023-cü il tarixdə günorta saatlarından 15 may 2023-cü il tarixdə günorta saatlarınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Yasamal rayonu X12 29 A ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşıb keçməklə saxlanc yerinə qanunsuz daxil olaraq həmin həyətyanı sahədə yerləşən yaşayış olmayan iki ədəd fərdi yaşayış evlərinin birinci, ikinci və üçüncü mərtəbələrində quraşdırılmış alüminium materialından hazırlanmış Türkiyə istehsalı olan ümumi uzunluğu 69 pm olmaqla cəmi dəyəri (1 pm x 200 manat) 13800 (on üç min səkkiz yüz) manat təşkil edən aksesuaları ilə birgə pəncərə profillərini və alüminium materialından hazırlanmış Türkiyə istehsalı olan, 2 və 3 qat temperli paket sistemli şüşələri saxlamaq üçün nəzərdə tutulan ümumi uzunluğu 400 pm olmaqla cəmi dəyəri (1 pm x 6,5 manat) 2600 (iki min altı yüz) manat təşkil edən profilləri təkbaşına, cinayətkar əməllərinin davamı olaraq isə 15 may 2023-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin ünvanda alüminium materialından hazırlanmış Türkiyə istehsalı olan ümumi uzunluğu 3 pm olmaqla cəmi dəyəri (1 pm x 200 manat) 600 (altı yüz) manat təşkil edən aksesuaları ilə birgə pəncərə profillərini eyni üsulla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 17000 (on yeddi min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6479 nömrəli rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən mallar (hər birinin uzunluğu 1,5 metr olan üzərində aksessuarları olan 2 ədəd Türkiyə istehsalı olan alüminium pəncərə hissələrini və 12 ədəd ümumi uzunluğu 72 pm olan pəncərə profillərinin, ümumi sahəsi 26 kvadratmetr aksessuarları ilə birlikdə 12 ədəd pəncərələrin, ümumi uzunluğu 400 pm olan pəncərələrin şüşə saxlayan profillərin, ümumi sahəsi 40 kvadratmetr olan sındırılmış pəncərə şüşələrinin) ayrı-ayrılıqda 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 13780,00 (600+13180) manat müəyyən edilir. İstintaq orqanı ekspertiza təyin edib müvafiq rəy aldığı halda əsassız olaraq zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın miqdarını 17000 (on yeddi min) manat müəyyən etmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın miqdarının 13780 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 3 dəfə məhkum edilmişdir. Sonuncu dəfə o, Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 144.2.3 və 144.2.5-ci maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs1 həmin hökmlər üzrə məhkumluqları ödənilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Daha sonra onun barəsində xx.xx.2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, hazırda həbsdədir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 02 gün, 11 ay 01 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Lakin Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, hazırda həbsdədir. İş materiallarında olan sənədlərə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı övladları vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 ailəli olmasını və himayəsində 2 övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış 02 ədəd aluminium pəncərə profillərinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək, Azəraycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 2 (iki) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azəraycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3cü maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hesabı ilə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 28 gün (bir il 5 ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi məhkəmə-kimyəvi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 (səksən bir) manat Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(0042)-15/2022 saylı hökmü ilə təyin olunmuş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı ilə əvəzləşdirilmiş 11 ay 1 gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq, 02 il 03 ay müddətinə (iki il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd aluminium pəncərə profillərinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,765 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi məhkəmə-əmtəəşünaslıq ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 50 manat (əlli manat) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən həmin məbləğin yarısı olmaqla, hər birindən bərabər məbləğdə pul tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partyorları” vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partyorları” vəkil bürosunun vəkili Müdafiəçi4 ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-49/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-49/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver