Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-490/2025 27.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx xxxxxx 1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, evli, orta ixtisas təhsilli, "xxxx" MMC-də sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 09:15-də “BCD” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, 2011-ci il istehsalı, "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan, “Hyundai County” avtobus markalı **- JD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə M.Həsənov küçəsi istiqamətində avtobus zolağı ilə 40 km/saat sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun bu tələblərinə riayət etməyərək, həmin yolun A.M.Şərifzadə küçəsi 662-676 ünvan qarşısından keçən hissəsində, yolun sol tərəfindən sağ tərəfinə doğru piyada keçən, xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncuya - sağ qasıq sümüyünün, sol oma sümüyünün sol yarısının, hər iki bazu sümüyün proksımal ucunun sınığı, burun sümüklərinin yerdəyişən sınığı, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, beldən aşağı hissənin və çanağın əzilməsindən ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli xəsarətlər yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zavodda sürücü işləyir. Dayancaqdan çıxırdı. Avtobusda bir neçə nəfər var idi. Təzə tərpənmişdir ki, soldan qarşısına qəfil adam çıxıb. Sürəti saatda 40-45 km/saat olardı. Üzü Şamaxinka istiqamətinə irəliləyirdi. Xanım ölü nöqtə deyilən yerdən çıxıb. Əlində telefon danışadanışa yolu keçirdi. O, sağ istiqamətə əyləci sıxıb. Lakin saxlamağa imkan olmayıb. Törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını, zərər çəkən şəxsə dəyən ziyanın ödənildiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, buna görə də onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, evdən aptekə çıxmaq üçün getmişdir. Hər gün keçdiyi yol idi. O, yolu keçəndə hamı dayanmışdı, artıq addımını atanda, bilib ki, vuracaq. Sonradan təqsirləndirilən şəxsin səsini eşidib ki, vuran o idi. Bu insanı xəstəxanaya zorla gətizdiriblər. Xidməti ancaq təcili yardım çağırmaq olmuşdur. Onunla insan kimi davranmayıb. Üçüncü qrup əlildir. Xəstəxanada gəlib halını soruşmayıb. Eşitdiyinə görə orada kiməsə 1000 manat pul verib. 2 ay yerdə yatmışdır, öz xərcini özü çəkib. Desəydi ki, imkanı yoxdu, anlayardı. Amma heç baş çəkməyib. Hər dəfə MRT-yə 300 manat xərci çıxırdı. 8 sınığı var. Hazırda artıq təqsirləndirilən şəxslə barışdığını, dəymiş maddi ziyanın tam ödənildiyini, bununla əlaqədar təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, hadisəni görməmişdir. Sadəcə avtobusun mülkiyyətçisi olan hüquqi şəxsin hüquqşünasıdır. Məlimat verilib ki, avtobus cərimə meydançasındadır. Videonu da görmüşdür. Təhqiqatçıya yaxınlaşıb, lazımi prosedurları görüb avtobusu meydançadan çıxardıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Namiq onları işdən evə aparırdı. Hadisə saniyənin onda birində baş verdi. O, yuxulayırdı. Maşın ani dayanıb. Maşının sağa doğru meyilləndiyini hiss edib. Əvvəl elə bilib, maşına dəyib. Sonra görüb, yerdə adam uzanıb. Xanım üzü üstə uzanmışdı. 10 dəq sonra özünə gəlib, deyib ki, qolu ağrıyır, qarnının üstünə qoy. O, onun qolunu istədiyi formaya salıb. Namiq tapşırıb ki, qadınla məşğul oub. Çünki onu polis aparıb. Namiq sonra gəlib, Namiqin yoldaşı qohumları, həmçinin qız tərəf hamı xəstəxanada idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onlar gecə növbəsindən işdən çıxırdı. Ondan başqa servis avtobusunda 3 nəfər də var idi. O, sürücünün arxasında sağ tərəfdə oturmuşdu. Yəni hər şeyi görürdü. İşıqforun qırmızı işığı yanırdı. Minik maşınları gözləyirdi. Marşrut avtobusuna aid yol xətti açıq idi. Anidən zaldakı bu qadın avtobusun qarşısında çıxdı. Qeyd edir ki, çıxarkən telefonla danışırdı və maşın gələn istiqamətə yox, əks istiqamətə baxırdı. Yolu görmürdü. Maşınların arasından peyda oldu. Sürücü nəqliyyat vasitəsini saxlaya bilməzdi. İstəmədən toxunma oldu. Qadın yerə yıxıldı. O, ilk yardımı göstərdi. Ümumiyyətlə sıx yer olduğundan elə ən birinci onların sərnişinləri xanıma yaxınlaşdı. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 519 saylı, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər - sağ qasıq sümüyünün, sol oma sümüyünün sol yarısının, hər iki bazu sümüyün proksımal ucunun sınığı, burun sümüklərinin yerdəyişən sınığı, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, beldən aşağı hissənin və çanağın əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomobillə vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 8/1321 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1,2. Hyundai County markalı, 77JD552 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən ona vurulmuş ziyanı tamamilə ödədiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Onun cəzalandırılmasını istəmədiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla da məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmçinin həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə göndərilməlidir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə göndərilməlidir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülk iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat (səksən beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-490/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-490/2025
27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver