Məhkəmə qərarları › İş №1(004)-491/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-491/2022

05.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-491/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X11 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Məlikzadə 86A ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 12 iyul 2022-ci il tarixdə saat 09 radələrində Nəsimi rayonu “Kubinka” adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında bir ədəd siqaretin ağ kağızına bükülmüş içərisində 0.078 qram psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofana bükülmüş içərisində 1.317 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, həmin tarixdə saat 10:50-də Yasamal RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Yasamal rayonu, Təbriz Xəlil küçəsi ilə Mirzəağa Əliyev küçəsinin kəsişməsində yerləşən sökülmüş boş ərazidə saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd siqaretin ağ kağızına bükülmüş içərisində 0.078 qram psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş içərisində 1.317 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, o Abşeron rayonu,Xırdalan şəhəri, Məlikzadə 86A ünvanında ailəsi ilə birlikdə yaşayır.Təxminən bir ilə yaxındır ki,bədənində aqrılar olduğu üçün narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri,Nəsimi rayonu “Kubinka” adlanan yerdən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manat dəyərində bir ədəd siqaretin ağ kağızına bükülmüş içərisində psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin almış və sonradan istifadə etməyi üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 10:50-də Yasamal rayonu, Təbriz Xəlil küçəsi ilə Mirzəağa Əliyev küçəsinin kəsişməsində yerləşən sökülmüş boş ərazidə olarkən narkotik vasitəni istifadə etmək istəyərkən əvvəllər tanımadığı bir nəfər kişi cinsli şəxs ona yaxınlaşaraq onda olan narkotik vasitədən həmin şəxsə də istifadə etməsi üçün verməyini xahiş etmişdir.O isə həmin kişi cinsli şəxsə buradan uzaqlaşmağını bildirmişdir. Bu zaman polis geyimində olan üç nəfər şəxs onlara yaxınlaşdığını gördükdə onun üzərində narkotik vasitə və psixotrop maddə olduğundan yanında olan sonradan adının Samir olduğunu bildiyi şəxslə birlikdə qaçmağa çalışmışdır.Lakin polis əməkdaşları dərhal onları saxlamışdır.Daha sonra özlərini təqdim etdikdən sonra onu və Samiri Yasamal RPİ-nin 26cı PB-nə gətirmişdirlər. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları vəkilin iştirakı ilə üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişdirlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmişdir. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin ağ kağızına bükülmüş içərisində psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin təqdim etmişdir. Ondan aşkar edilmiş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək, müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış,zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki,o psixotrop maddə və narkotik vasitəni hər dəfə başqabaşqa şəxslərdən alır və aldığı şəxsləri yalnız üzdən tanıyır,ünvanlarını bilmir.Heç vaxt psixotrop maddə və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hal-hazırda Yasamal RPİ-nin PPXB-də polis nəfəri kimi çalışır. 12 iyul 2022-ci il tarixdə onunla birlikdə Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 da xidmət aparıblar. Həmin tarixdə saat 10:50-də Yasamal rayonu, Təbriz Xəlil küçəsi ilə Mirzəağa Əliyev küçəsinin kəsişməsində yerləşən sökülmüş boş ərazidə iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüş və həmin şəxslərə yaxınlaşıblar. İki nəfər şəxs onları gördükdə qaçmağa başlamış və onlar dərhal iki nəfər şəxsi tutmuşlar.Təqsirləndirilən şəxs qaçmasının səbəbini soruşduqda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onlar iki nəfər şəxsi Yasamal RPİ-nin 26-ci PB-nə gətirmişlər.PB-də məlum olmuşdur ki,həmin şəxslər xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1990-ci il təvəllüdlü X4r. Daha sonra həmin şəxslərin hər ikisinə dövlət hesabına vəkil dəvət edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs Bakı şəhəri, 22 saylı vəkil bürosundan dəvət edilmiş Müdafiəçi1 iştirakı ilə Yasamal RPİ-nin 26-ci PB-nin təhqiqatçısı,polis mayoru Rüfət Mustafazadə tərəfindən bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üstünə qoysun bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd siqaretin ağ kağızına bükülmüş içərisində psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə oxşar maddə kütləsini çıxarıb könülli təqdim edərək, həmin narkotik 12 iyul 2022-ci il tarixdə saat 09 radələrində Nəsimi rayonu,Kubinka adlanan ərazidən 10 manat qarşılığında üzdən tanıdığı,lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və qanunsuz olaraq heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı polis mayoru Rüfət Mustafazadə tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroini qablaşdırılıb zərfə qoyulmuş,bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs sənədləşmə aparılarkən bildirmişdir ki,üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni və narkotik vasitəni üzdən tandığı,lakin anket məlumatlarını bilmədiyi şəxsdən Nəsimi rayonu,Kubinka adlanan ərazidən hər biri 10 manat olmaqla 20 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 16-cı vərəqəsində olan 12 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 103-105-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 iyul 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 62-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2022-ci il tarixli 6/3772 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülən 01 ədəd bükümdə təmiz çəkisi 1.317 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.078 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin 63-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 114 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 128-134-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0.048 qram psixotrop maddə metafetamin, 1,217 qram narkotik vasitə heroin və 01 ədəd DVD diski maddi sübut kimi tanınmış, psixotrop maddə və narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 3785 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 125-127-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən 02 il məcburi əməyə cəlb edilməklə azadlıqdan məhrumetmə, xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 15 il azadlıqdan məhrum edilmişdir və xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 123-124-cü vərəqələrində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı 2 övladı vardır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİnin 26-cı PB-nin xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Rüfət Mustafazadə, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyam təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd siqaretin ağ kağızına bükülmüş içərisində psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoydu. Sorğu zamanı bükülünün birinin içərisindəki psixotrop maddə metamfetamin və bir bükülünün içərisində narkotik vasitə hesab olunan heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirələn baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə və narkotik vasitə zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülərlə, digər iş materialları ilə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 1995-ci il tarixli hökmü ilə 02 il müddətinə məcburi əməyə cəlb edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 oktyabr 2000-ci il tarixli qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 24 sentyabr 2014-cü ildə cəzasının sonu ilə azad olunmasına baxmayaraq 12 iyul 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 12 iyul 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx.xx.2022-ci il tarixli, 3785 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,048 qram psixotrop maddə metafetamin, 1,217 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 31 saata görə 186 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,048 qram psixotrop maddə metafetamin, 1,217 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 31 saata görə 186 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar