Məhkəmə qərarları › İş №1(004)-492/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-492/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-492/2025 13.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Babək pr-də yerləşən iş yerində, yəni Bakı Regional Qaz İstismarı İdarəsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən xidməti otağında olarkən 21 iyul 2025-ci il tarixdə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər X7 otağına daxil olaraq yüksək səslə danışaraq özünə məxsus olan mobil telefonla icazə olmadan onu çəkməyə, çəkiliş edəedə şərh verməyə başladı. Onun qeyri-qanuni hərəkətlərinə sakit tərzdə münasibət bildirsə də, onu eşitmək istəmir, ittihamlarını səsləndirməyə davam edirdi. Çox keçmədi şər, böhtan və təhqir dolu video “İnstaqram” və “Tik-Tok” sosial şəbəkəsində olan səhifələrdə yerləşdirildi. Məhkəməyə 1 ədəd CD diskdə təqdim edilən videçəkilişdə yer alan çıxışın mətni belədir: “Bu şəxs, baxın, cənab Prezidentimiz, möhtərəm Mehriban xanım, bu şəxs Raufdur, camaatdan pul yığır, mənim də deməli, götürüb məni camaatı öyrədib məndən şikayət ediblər, Baxın, Departament rəisin müavinidir. Özü də dələduzdur. Hörmətli Mehriban xanım, Cənab Prezidentimiz, xahiş edirəm, mənə köməklik göstərin. Bu adamlar, bütün hamıdan pul yığırlar, qara kassasdır. “Azəriqaz İB”-nin İstismar departamentinin rəis müavinidir. Sizdən çox xahiş edirəm Mehriban xanım, cənab Prezidentimiz, mənə köməklik göstərin, sizdən xahiş edirəm, Bunlar, məni, deməli şikayət yazıblar, özü də gedib prokurorluğa da deyiblər ki, adı nədir, buna hədə-qorxu gəlin, bunu işdən çıxardaq. Mən Sizdən artıq dərəcədə xahiş edirəm, hörmətli cənab Prezidentimiz, mənə köməklik göstərin. Bax bu şəxs məndə sübutlar var camaatdan pul alır, özü də gedib mənim əmrimi göstəriş verib, kardlar şöbəsinə, mənim əmrimi saxlayır. Deyir ki, səndən şikayət edəcəm. Şikayət olunur, hörmətli cənab Prezident, şikayət olunurolunsun, mən razıyam. Amma bir söhbət var ki, mənim əmrimi versinlər hörmtli cənab Prezidentimiz, Mehriban xanım!” Barəsində ittiham etdiyi şəxs tərəfindən təhqir xarakterli, yalan və həqiqətə uyğun olmayan, təhqiramiz, xarakterli, şərəf və ləyaqətinə toxunan, ictimaiyyət də işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. Muradov Eminin əməlində CM-in 147.2 və 148-ci maddələrinin tərkibini yaradan hallar mövcuddur. Barəsində şikayət verilən şəxs xüsusi ittiham qaydasında şikayət verən barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları KİV-si sayılan xəbər portalında yayaraq ona böhtan ataraq və təqsirsizlik prezumpsiyasını pozaraq onu bir sıra cinayətlərdə, o cümlədən ağır cinayətlər törətməkdə (dələduzluq, mənimsəmə, təkrar rüşvət alma ) ittiham etməklə Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Göstərilənlərə əsasən E.N.Muradovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və həmin Məcəllənin 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin Məcəllənin 147.2-ci maddənin sanksiyasında göstərilən ən ağır cəza - 3 il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi X5 bildirmişdir ki, hazırki şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, şikayət ərizəsində şikayətin verildiyi yer qeyd edilməmişdir. Bundan əlavə şikayət vermiş şəxs şikayətdə ümumi formada qeyd edib ki, E.N.Muradov bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmış, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Lakin, şikayətçi ərizəsində böhtan və təhqir xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olmasını göstərməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasını göstərməmişdir. Həmçinin şikayətçi barəsində şikayət verdiyi şəxs E.N.Muradovnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.2, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etmədən şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində şikayətin verildiyi yer göstərilməmişdir. Bundan əlavə şikayətçi barələrində şikayət verdiyi şəxs E.N.Muradovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.2, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmalarını fərqləndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs E.N.Muradovun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, E.N.Muradova göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 11 saata gorə 121 (bir yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X6 göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 11 saata gorə 121 (bir yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar