Məhkəmə qərarları › İş №1(004)-495/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-495/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-495/2022 25.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonunda yerləşən “Sovetski” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofandan olan bükümdə olmaqla ümumi təmiz çəkisi 1,207 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üstündə saxlamaqla daşımış, 28 iyun 2022-ci il tarixdə saat 19:00 dəqiqədə ünvan 2 ünvanı qarşısında Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq İdarənin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofandan olan bükümdə təmiz çəkisi 1,207 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəlidir, himayəsində 3 yaşında övladı var. Hazırda o, Bayıl qəsəbəsində yerləşən köşkdə tütün məmulatlarının satışı ilə məşğuldur, bununla da ailəsini dolandırır. Təxminən 2-3 ildir ki, narkotik vasitə heroindən istifadə edir. 28 iyun 2022-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri Yasamal rayonu Sovetski deyilən yerdə bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 10 manata 1 ədəd bükümdə narkotik vasitə heroin əldə etmiş və əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 19:00-da o, Yasamal rayonu V.Əliyev küçəsi 39 ünvanı qarşısında olduğu zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar və özlərini təqdim edərək Yasamal RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonuncular ona özünü təqdim etməyini söyləmişlər və o xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu, Bakı şəhəri Yasamal rayonu Şəhriyar küçəsi ev 2 mənzil 17 ünvanında yaşadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadə edilməsində şübhəli olduğunu bildirmişlər və onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O razılaşmış və həmin əməkdaşlarla birlikdə həmin polis idarəsinə getmişdir. Orada ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün ona dövlət vəsaiti hesabına vəkil ilə təmin olunacağını bildirmişlər, o etiraz etməmişdir. Bundan sonra ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o, həmin siyahıdan vəkil Müdafiəçi1 dəvət edilməsini istəmişdir. Bundan sonra həmin vəkil dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra həmin polis idarəsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoymağı təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı, onu saxlayaraq polis idarəsinə gətirmiş həmin iki nəfər polis əməkdaşları və vəkil Müdafiəçi1 var idilər. O da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli bükümü cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümdə nə olduğu soruşulanda o bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə olan heroin var. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən açılmış və ona baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa bir əşya aşkar olunmamışdır. Sonra isə onun təqdim etdiyi həmin büküm 1 ədəd zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin zərfdə olan onun üzərindən aşkar edilmiş heroin ekspertizaya göndərilmişdir. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o əməliyyat müvəkkili işlədiyi Yasamal RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ilə birlikdə 28 iyun 2021-ci il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ev 39 qarşısında olduqları zaman, orada zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Onlar həmin şəxsdən kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, xx.xx.1993-cü ildə ünvan 4 ünvanında yaşadığını demişdir. Həmin vaxt o və Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və bununla bağlı Təqsirləndirilən şəxs Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə Yasamal RPt-nin inzibati binasına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququ olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs təqdim edilmiş siyahıdan Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra Müdafiəçi1 müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmiş, sonra isə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcəkdir və üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli və tozşəkilli maddə aşkar olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisində olan maddə “kakos” adlanan narkotik maddə olan heroindir və həmin maddəni sonuncu həmin gün səhər saatlarında Yasamal rayonunda yerləşən “Sovetski” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində əldə etmişdir. Bundan sonra həmin büküm bağlanaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərində başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm zərfə qoyulmuş və zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış 01 ədəd büküm içərisində olan maddənin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Əlavə olaraq Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və narkotik vasitəni əldə etdiyi mənbə barədə hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3587 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” imza sözləri olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 1,207 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli 4389 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOPİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıliıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 28 gün (on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 05 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat (səksən bir manat) Təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,157 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar