Məhkəmə qərarları › İş №1(004)-498/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-498/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-498/2022 21.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağıza bükülmüş kustar üsulla hazırlanmış, qəhvəyi rəngli, təmiz çəkisi 1,147 qram təşkil edən narkotik vasitə olan heroini 10 manat pul müqabilində alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 17:00-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün həmin polis bölməsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 1,147 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. 26 avqust 2022-ci il tarixdə günorta saatlarında narkotik vasitə olan heroin almaq istəyirmiş, saat təxminən 15 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan əraziyə getmiş və narkotik vasitə satıcısı kimi üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsi görüb ona yaxınlaşaraq narkotik vasitə kakos lazım olduğunu bildirmişdir. Həmin şəxsdən 10 manat müqabilində 01 ədəd gümüşü rəngli kağız bükümdə içində narkotik vasitə olan heroin almış və dərhal oradan uzaqlaşmışdır. Həmin narkotik vasitəni əynində olan tünd rəngli cins şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir ki. axşam istifadə edər. 26 avqııst 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində ünvan 3 ünvanının qarşısında tək dayanmış və bu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib bildirmişlər ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşlarıdır. Ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib Yasamal RPİ-nin 26-cı PB-yə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 26-cı PB-nin inzibati binasına getmişdir. Orada barəsində araşdırma aparılması təhqiqatçı Ramil Qafarova həvalə edilmişdir. 26-cı Polis Bölməsində ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 26-cı PB-yə dəvət edilərək ona təqdim olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrim izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş və müdafiəçinin iştirakı ilə qərarla tanış olub onu imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçimin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan tünd rəngli cins şalvarın sağ yan cibində saxladığı, içində narkotik vasitə kakos olan 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin bükümü açaraq içində olan maddəni iştirakçılara göstərmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə olan kakosdur. Fasilələrlə 1 ilə yaxındır ki, həmin maddənin istifadəçisidir, çəkmə yolu ilə narkotik vasitəni qəbul edir, aşkar edilən maddəni həmin gün, saat 15 radələrində “Kubinka” adlanan ərazidə, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün alıb yaşadığı evə gətirmiş, saat təxminən 17 radələrində polis əməkdaşları tərəfindən yaşadığı binanın qarşısında saxlanılmış və əməkdaşlarla birlikdə 26-cı Polis Bölməsinə gəlmişdir. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd büküm içərisindəki kakos maddəsi ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkil və polis əməkdaşları tərəfindən imzalanmışdır. İstifadə etdiyi narkotik vasitəni müxtəlif şəxslərdən almışdır, onların heç birini tanımır. Sonuncu dəfə narkotik vasitə əldə etdiyi şəxsdən əvvəllər də bir neçə dəfə narkotik vasitə almışdır. Özü narkotik vasitə istifadəçisidir, narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır. Lakin sonuncu dəfə aldığı 01 ədəd bükümdə olan kakosdan istifadə etməmişdir. Narkotik vasitə heroini heç kimə satmamışdır, heç kimə də bağışlamamışdır. Sonuncu dəfə ona narkotik vasitə heroin satan şəxsin anket məlumatları ona məlum deyil. Həmin şəxsi üzdən tanıyır, arıq bədən quruluşlu, orta boylu, 40-45 yaşlarında qaraşın oğlandır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əməliyyat müvəkkili işlədiyi Yasamal RPİ-nin 26-cı PB-nin ərazisində 26 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs Yasamal ray onu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumatın yoxlanılması üçün 26-cı Polis Bölməsinin rəhbərliyindən icazə alınmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o olmuşdur. 26 avqust 2022-ci il tarixdə saat 17:00 radələrində Yasamal rayonu, Ə.Quliyev küçəsi 40 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə əlaqədar Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PB-nin inzibati binasına gəlmişdir. Bundan sonra otaqların birində Elçinə özünü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmiş və sonra Elçinin narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olması bildirilərək təhqiqatçı tərəfindən müdafiəçi seçmək hüququ izah edilmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz elmədiyini bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elçinə üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd rəngli cins şalvarın sağ van cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, üzərində başqa qanunsuz əşya yoxdur. 01 ədəd gümüşü rəngli kağız büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı X4 bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümün içində olan maddə narkotik vasitə heroindir, həmin tarixdə saat 15:00 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almış və həmin gün saat 17:00 radələrində polis əməkdaşları tərəfindən Yasamal rayonu, Ə.Quliyev küçəsi 40 ünvanının qarşısında saxlanılmışdır. Aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, həmin zərf “Zərflər üçün 170” möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4570 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 170” dairəvi möhür əksi, “vət.şübhəli şəxs Təqsirləndirilən şəxsH” sözləri, soyadlar və imzalar qeyd edilmiş 01 zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,147 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 4808 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 26 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,097 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar