Məhkəmə qərarları › İş №1(004)-498/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-498/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-498/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, subay, Abşeron rayonu Quşçuluq massivi, Osman Sərvərli küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 08 iyun 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri,Yasamal rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan kəsiyi bükümünün içərisində təmiz çəkisi 0,382 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 20 manata əldə edib üzərində saxlayaraq daşımış.xx.xx.2023cü il tarixdə saat 13:50-də Yasamal RPİ- nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti 3166 ünvanının qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,382 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda yaşayır.Təxminən 30 ildir ki, narkotik vasitələrədn istifadə edir.Hal-hazırda heç bir yerdə işləmir.xx.xx.2023-cü il tarixdə saat 13:50-də Yasamal rayonu Tbilisi prospekti 3166 ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb 27-ci PB-nə dəvət etmişlər.Polis bölməsinə gətirilərkən sonra o bildirmişdir ki, 30 ildir ki, narkotik maddələrdən istifadə edər və hazırda da üzərində narkotik maddə vardır. PB-nə gətirildikdən sonra müdafiəçi dəvət etmişlər və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər.O da üzərində saxladığı içərisində narkotik maddə olan bükülünü çıxarıb polis əməkdaşına təqdim etmişdir.Üzərindən aşkar edilmiş narkotik maddə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında “Kubinka” deyilən yerdən üzdən tanıdığı və əvvəllər də bir neçə dəfə narkotik maddə aldığı şəxsdən 20 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır.O narkotik vasitə aldığı həmin şəxsi ətraflı tanımır, əvvəllər də ondan bir neçə dəfə narkotik maddə almış,lakin onun harada yaşadığını və adının kim olduğunu bilmir. Əldə etdiyi narkotik maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. O, narkotik alüdəçisi olduğuna görə həmin maddəni almış və istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılarkən və PB-nə gətirilərkən, eyni zamanda PB-də ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda faktiki olaraq Abşeron rayonu Quşçuluq massivi, Osman Sərvərli küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-ci PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir 08 iyun 2023-cü il tarixdə qərərsiz mənbədən daxil olmuş məlumata görə, Abşeron rayonu Xırdalan şəhəri nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlmatı daxil olmuşdur. Məlumat əməliyyat marağı kəsb etdiyindən yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat- axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Onun tərəfindən raportla Yasamal RPİ-nin 27-ci PB-nin rəisinə məruzə edilmiş, polis bölməsinin rəisi tərəfindən 08 iyun 2023-cü il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o və həmçinin bölmənin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da daxil edilmişdir. 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək cinayət başında saxlanması məqsədi ilə əməliyyat tədbirinə başlanılmışdır.xx.xx.2023-cü il tarixdə saat ll:50-dən saat 13:50-dək Təqsirləndirilən şəxs soraqlaşması həyata keçirilmiş, keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs Yasamal rayonu,Tbilisi prospekti 3166 ünvanın qarşısında görüb ona yaxınlaşaraq Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra saxlanılan şəxsə şəxsiyyəti haqqında məlumat verməsini tələb etdikdə həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs onun narkotk vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu izah edib onun üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs kimi özünü onlara təqdim edən şəxs buna etiraz etməyib onlarla birlikdə 27-ci PB-nin inzbati binasına gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs,əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli selafona bükülmüş bir ədəd öz dediyinə görə içərisində narkotik maddə heroin olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş maddə “heroin” deyilən narkotik vasitədir, həmin narkotik maddəni 08 iyun 2023-cü il tarixdə, səhər saatlarında “Kubinka” deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə (saat 13:50 dəqiqədən) Bakı şəhəri Yasamal RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 27). «Şəxsi axtarış və götürmə aparılması” haqqında 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında Yasamal RPİ-nin 27-ci PB- nin baş təhqiqatçısı, polis mayoru Nəsimi Seyidzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli selafona bükülmüş bir ədəd öz dediyinə görə içərisində narkotik maddə heroin olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş maddə “heroin” deyilən narkotik vasitədir, həmin narkotik maddəni 08 iyun 2023-cü il tarixdə, səhər saatlarında “Kubinka” deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata almışdır. xx.xx.2023-cü il tarixdə saat 13:50-də ünvan 5 ünvanının qarşısında olarkən mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılmış və 27-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş, baxışın nəticəsi barədə protokol tərtib edilmiş,tərtib edilmiş protokolun düzgünlüyü Təqsirləndirilən şəxs və baxış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir.Bu barədə protokol tərtib edildikdən sonra şəxsi axtarış və götürmənin gedişatıməks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. (İ/V. 34-35) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 08 iyun 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli selafona bükülmüş bir ədəd öz dediyinə görə içərisində narkotik maddə heroin olan bükülünü təqdim etmiş və təqdim edilmiş narkotik vasitənin götürülməsi faktını bir daha təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 81-83). “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ/V. 84-85). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/326l№-li rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs imza» yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,382 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Ekspertiza tədqiqinin dəyəri 88 manat təşkil edir (İ/V. 43-46). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4615 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 101-102). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (İ/V. 92-93). “Sübutların qiymətləndirilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 0,382 qram çəkidə narkotik vasitə heroin isə 10 iyun 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq tədqiqat keçirildikdən sonra qalan 0,332 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İ/V. 123-133). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik maddə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Quşçuluq massivi, Osman Sərvərli küçəsində yerləşən nömrəsiz fərdi evini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,332 qram olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-498/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Quşçuluq massivi, Osman Sərvərli küçəsində yerləşən nömrəsiz fərdi evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərini (hüdudlarını) tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,332 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar