Məhkəmə qərarları › İş №1(004)-502/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-502/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-502/2022 25.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 04 iyun 2022-ci il tarixdə saat 09 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,034 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,209 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib idarə etdiyi Ravon-Nexia markalı **-PS-*** dövlət nömrə nişanlı avtomobilin qabaq oturacaqlarının tən ortasında quraşdırılmış saxlanc yerində saxlayaraq daşımış, xx.xx.2022-ci ıl tarixdə saat 18:30-da ünvan 3 ünvanının qarşısında olarkən Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı polis bölməsinə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra onun idarə etdiyi Ravon-Nexia markalı 99PS124 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonundakı qabaq oturacaqların tən ortasında quraşdırılmış saxlanc yerindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 1.034 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0.209 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamındən istifadə edir. Adətən qəbul etdiyi narkotik vasitəni və ya psixotrop maddəni «Kubinka» küçəsində tanımadığı kişi cinsli şəxslərdən pul ilə alaraq istifadə etmişdir. 04 iyun 2022-ci il tarixdə ünvan 5 ünvanının qarşısında avtomobildə əyləşən vaxt ona iki nəfər mülki geyimdə kişi cinsli şəxs yaxınlaşıb özlərini Yasamal RPİ- nin 26-cı PB-nin əməkdaşı kimi təqdim etmişlər. Həmçinin həmin şəxslər ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğunu ehtimal etdiklərini bildirib onun özləri ilə birlikdə ərazi üzrə Yasamal RPİnın 26-ci polis bölməsinə getməsini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək Yasamal RPİ-nin 26-cı polis bölməsinə getmişdir. Polis bölməsinə çatdıqda şəxsiyyəti müəyyən edilmiş, həmçinin Yasamal RPİ- nin 26-cı PB-nin təhqiqatçısı Anar Həmidli tərəfindən polis bölməsinin xidməti otaqlarından birində ona hüquqları izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bır əşyanı, maddəni təqdim etməsi tələb edilmişdir. Polis əməkdaşlarına üzərində daşınması və saxlanılması qanunsuz hesab edilən heç bir əşya olmadığını, lakın idarə etdiyi avtomobilin salonunda narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Sonra üzərində şəxsi axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç bır əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra proses iştirakçıları ilə birlikdə bölmənin qarşısında saxladığı avtomobilə baxış keçirilmişdir. Bu zaman avtomobilin salon hissəsində saxlanc qutusunda olan bir ədəd sellofan bükümə bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin və bir ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim edərək psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı polis bölməsində əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə saat 18:30-da ünvan 6 ünvanının qarşısında saxlanılmışdır. Ona qanunsuz olaraq narkotik vasitə əldə etməsində şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psıxotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarını təqdim edərək üzərində başqa heç bir əşya olmadığını, lakin idarə etdiyi avtomobilin salonunda narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki, şalvarın yan və arxa ciblərinə o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun idarə etdiyi Ravon-Nexia markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobili açar ilə açaraq salonun əlcək qutusundan bir ədəd şəffav sellofana bükülümüş vəziyyətdə və bir ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumatın məruzə edilməsinə dair raportda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qeyd olmuşdur. Lakin aparılmış istintaq zamanı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir. Həmçinin, müəyyən olmuşdur ki, üzərindən aşkar olunmuş yuxarıda göstərilən narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamıni öz istehlakı üçün qanunsuz əldə edərək üzərində saxlamışdır. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitə hesab edilən heroini və psixotrop maddə olan metamfetamini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bır alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır.Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 04 iyun 2022-ci il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmişdir. Bölmədə ona hüquq və vəzifələri izah olunmuş, vəkillə müdafiəsi təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Təqsirləndirilən şəxs oğlu əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarını təqdim edərək üzərində başqa heç bir əşya olmadığını, lakin idarə etdiyi avtomobilin salonunda narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki, şalvarın yan və arxa ciblərinə o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun idarə etdiyi Ravon- Nexia markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobili açar ilə açaraq salonun əlcək qutusundan bir ədəd şəffav sellofana bükülümüş vəziyyətdə və bir ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılaraq o, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd idarə etdiyi Ravon-Nexia markalı avtomobilin açarını təqdim edərək üzərində heç bir qanunla qadağan edilmiş əşya olmadığını və qeyd edilən avtomobildə narkotik vasitə saxladığını bildirmişdir (səh. 34-35). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 04 iyun 2022-ci ıl tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Ravon-Nexia markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs avtomobilinin salonunda qabaq oturacaqlarının tən ortasında quraşdırılmış saxlanc yerindən bır ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan bükümü təqdim edərək içərisində narkotik vasitə hesab edilən heroin olduğunu və bir ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş vəziyyətdə bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir (səh. 36-37). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 04 iyun 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” və “baxış keçirilməsi haqqında” protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki avtomobil açarını təqdim edərək idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Daha sonra maddi sübut kimi tanınmış digər diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra idarə etdiyi Ravon-Nexia markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qabaq oturacaqların tən ortasında quraşdırılmış saxlanc yerindən bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu və bir ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş vəziyyətdə bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 04 iyun 2022-ci il tarixdə saat 09 radələrində «kubinka» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən öz istifadəsi məqsədi ilə hər birini 20 manata alaraq özündə saxladığını və göstərilən maddənin birinin narkotik vasitə olan heroin, digərinin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X2 21 07.2022-ci il tarixli 6565 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır (səh.115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli 6/3166 Nə-li məhkəmə-kimyəvi ekspert rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs" sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1.034qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0.209 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamındır (səh. 43-48). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2022ci il tarixli 3653 №-li məhkəmə-narkoloji ekspert rəyi ilə təsdiq olunur ki, X1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 104-105). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 90). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Vmas portalından çıxarışdan görünür ki, Ravon Nexia R3 Minik markalı **-PS-*** dövlət qeydiyyat nişanı avtomobil “Azərnaş Alyans" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsusdur (səh. 13). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş 01 ədəd bükümdə təmiz çəkliərı 1.034 qram və 0.209 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin eləcə də şəxsi axtarış və götürmə zamanı Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən 1 ədəd CD disk, həmçinin nəqliyyat vasitəsinə baxış keçirilərkən çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən 1 ədəd CD disk 21 sentyabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır (səh. 122-132). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 06.2022-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh. 23). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (səh. 75-80). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablanmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0.984 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq 0.159 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 502/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 45 (qırx beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0.984 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq 0.159 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar