Məhkəmə qərarları › İş №1(004)-504/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-504/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-504/2022 01.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 11, mənzil 24-də qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə N.Hikmət küçələrinin kəsişməsində, 3 saylı “ASAN xidmət” mərkəzinin arxa hissəsində özünə məxsus “Toyota Corolla” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı, **- SX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə təhlükəsiz hərəkət etməsi üçün yol verməməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncunun ona irad bildirməsini bəhanə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla həmin ünvanda heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən zərbələr vuraraq sonuncuya sağ göz yuvasının hematoması (yumşaq toxumaların arasında qan yığılması), sol göz yuvası nahiyəsinin şişkinlik və qançırı halında əzilməsi, alının sağ yarısının sıyrığı, sağ maksilar sinusun aşağı ön, medial və sağ göz yuvasının aşağı divarında yerdəyişmiş sınıqları, sağ almacıq sümüyünün qövsünün sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 24 may 2021-ci il tarixdə saat 15:40 radələrində özünə məxsus “Toyota Carolla” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili Kənar dairəvi yolla idarə edərək “MİDA” sosial evlərin qarşısındakı dairədən dönüb “ASAN-3” mərkəzinin binası istiqamətdə hərəkət edən zaman arxası ilə sürətlə gələn “Mercedes” markalı yük avtomobili ona yol verməyini təkidlə tələb etmiş və arxadan siqnal verərək onun normal hərəkət etməyinə mane olmuşdur. Bu vaxt dostu Qadir avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. O yolda həmin avtomobilə yol vermiş və həmin avtomobil onu ötüb keçmişdir. Qarşıda ASAN-3 xidmət mərkəzinin yaxınlığında işıqforun qırmızı işığında hər ikisi avtomobili saxlamışlar. Bu vaxt o “Mercedes” markalı avtomobilin sürücüsünə sürətlə avtomobil idarə etdiyinə görə irad bildirmişdir. Həmin şəxs ona kobud tərzdə cavab vermişdir. O bundan əsəbiləşərək həmin şəxsə avtomobildən düşməyi və münasibətləri aydınlaşdırmağı təklif etmişdir. İkisi də avtomobildən düşmüş, söhbət edən zaman həmin şəxs çox emosiyalı şəkildə danışırmış. Həmin şəxs əli ilə onun üz nahiyəsinə vurmuş və bu vaxt gözündə olan gün eynəyi az qala onun üzünü yaralayacaqmış. Şahinin bu hərəkəti onu əsəbiləşdirmiş və o sol əli ilə yumruqla bir dəfə Şahinin sifətinin sağ nahiyəsinə vurmuşdur. Onun zərbəsindən sonra həmin şəxs öz üzünü tutub ondan uzaqlaşmış və öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. O da öz avtomobilinə əyləşib həmin yerdən uzaqlaşmışdır. Sonradan ona zəng gəldikdə bilmişdir ki, həmin şəxs onun barəsində polisə şikayət etmişdir. Hadisə zamanı əlində hər hansı silah, yaxud əşya olmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını, ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını və ilk dəfə məhkum olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 24 may 2021-ci il tarixdə özünə məxsus “Mercedes” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonunda yerləşən “MİDA” sosial evlərin qarşısından 3 saylı “ASAN xidmət” mərkəzi istiqamətdə hərəkətdə olan zaman N.Hikmət küçəsi ilə Şərifzadə küçələrinin kəsişməsində dövlət qeydiyyat nişanı yadında qalmayan “Toyota Corolla” markalı avtomobilin sürücüsü ona yol verməmiş, bundan başqa hərəkətinə mane olmaqla qəza vəziyyəti yaratmışdır. O birtəhər həmin avtomobili ötmüş və ötən zaman əli ilə ona işarə edərək bu cür avtomobil idarə etməsinə görə ona irad bildirmişdir. Lakin irad bildirən zaman həmin şəxsə qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Qarşıda işıqforun qırmızı işığı yandığı üçün o orada avtomobilini saxlamışdır. Həmin Toyota markalı avtomobil də onun avtomobilinin yanında saxlamış və sürücüsü avtomobildən düşərək ona tərəf gəlmişdir. Görmüşdür ki, həmin avtomobilin ön sərnişin oturacağında bir oğlan da əyləşib, lakin həmin şəxs avtomobildən düşməmişdir. O avtomobildən düşərək həmin şəxsə izah etmək istəyirmiş ki, yol hərəkəti qaydalarını pozmaqla onun hərəkətinə təhlükə yaradır. Bir-biri ilə emosiyalı şəkildə danışdıqları üçün əl-qol hərəkətləri edirmişlər. Bu vaxt əli istəmədən həmin şəxsə toxunmuş və bu vaxt həmin şəxs gözlənilmədən bir dəfə çox sərt formada onun sifətinin sağ tərəfindən bir dəfə yumruqla vurmuşdur. Zərbədən sonra sifət nahiyəsində kəskin ağrı hiss etmiş və üzünü tutmuşdur. Bundan sonra həmin şəxs ona heç nə deməyərək öz avtomobilinə əyləşmiş və oradan uzaqlaşmışdır. O həmin avtomobilin markası, dövlət qeydiyyat nişanını yadında saxlamış və DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə şikayət etmişdir. Bundan sonra onu polis bölməsinə dəvət etmişlər və orada ərizə, izahat yazıb həmin şəxsdən şikayət etmək istədiyini bildirmişdir. Sonradan xəstəxanaya gedib müayinə olunduqda məlum olmuşdur ki, burun, göz nahiyəsində sümüklər sınıb. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb. Hadisə 24 may 2021-ci il tarixdə saat 15:40 radələrində ünvan 1 ünvanında yerləşən 3 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığında baş vermiş, 1-2 dəqiqə davam etmiş və şahidi olmamışdır. Mübahisə zamanı hər ikisi çox əsəbi və emosional olmuş, ona görə də ola bilər ki, onun əli istəmədən Eldarın üzünə, yaxud gözündə olan eynəyə dəysin. Çünki əl-qol hərəkətləri ilə mübahisə edirmişlər. Onu vurmamışdan əvvəl Eldarın da əli onun sifətinin sol nahiyəsinə bir dəfə dəymişdir. Hadisə zamanı onları ayırmaq istəyən şəxs olmamışdır. Hadisə zamanı nə onun, nə də Eldarın əlində hər hansı silah, yaxud silah qismində istifadə ediləcək əşya olmamışdır. Sifətinin sağ nahiyəsində olan xəsarət Eldarın sərt yumruq zərbəsi nəticəsində yaranmış və sınıq xəsarətləri əmələ gəlmişdir, lakin sifətinin sol hissəsində olan xəsarət ola bilər ki, mübahisə başlayan zaman Eldarın əli üzünə dəydiyi üçün yaranmışdır, hadisədən çox uzun müddət keçdiyindən bəzi xüsusatları tam dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Təqsirləndirilən şəxs ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 109-111-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 25-28-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 məhkəmə tibb ekspertizasının 25 may 2021-ci il tarixli, 434 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ göz yuvasının hematoması (yumşaq toxumaların arasına qan yığılması), sol göz yuvası nahiyyəsinin şişkinlik və qançırı halında əzilməsi, alının sağ yarısının sıyrığı, sağ maksilar sinusun aşağı ön, medial və sağ göz yuvasının aşağı divarında yerdəyişmiş sınıqları, sağ almacıq sümüyünün qövsünün sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göəstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir.Yuxarıda qeyd olunan xəsarətlər vət.Zərərçəkmiş şəxs özüözünə yetirə bilməsi və yıxılma nəticəsində törənməsi inkar olunur. Cinayət işinin 55-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 fevral 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 112-114-cü vərəqələrində olan AZ-İV seriyalı 670494 saylı, AZ-İV seriyalı 677761 saylı və AZ-İV seriyalı 728093 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs, anası isə X3r. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş və hazırda ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə onun xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını, ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını və ilk dəfə məhkum olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 127.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və onun üzərinə Abşeron rayonunun və Bakı, Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun və Bakı, Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar