Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-507/2024 14.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs sonuncunun əlilliklə bağlı dayandırılmış təqaüdünü bərpa etdirəcəyinə köməklik etmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2022-ci il tarixdə saat 17:20-də ünvan 2 ünvanda yerləşən “Bazarstore” marketdə olan “emanat” ödəmə terminalı vasitəsi ilə 100 manat, saat 17:23-də 2000 manat, saat 17:26-da 1250 manat və saat 17:31-də 100 manat, mobil bank tətbiq vasitəsi ilə 50 manat, xx.xx.2022-ci il tarixdə saat 14:52-də Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən “Araz” marketdə olan “emanat” ödəmə terminalı vasitəsi ilə 2000 manat, saat 14:55-də 2000 manat, saat 15:02də 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 20:02-də ünvan 3 ünvanda yerləşən “Bravo” Hipermarketdə olan “emanat” ödəmə terminalı vasitəsi ilə 500 manat və 2000 manat, xx.xx.2022-ci il tarixdə saat 17:36-da ünvan 3 ünvanda yerləşən “Bravo” Hipermarketdə olan “emanat” ödəmə terminalı vasitəsi ilə 2000 manat olmaqla bank hesabına köçürtdürməklə, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən “hərbi geyim” mağazasının qarşısında 2000 manat olmaqla ümumilikdə 15000 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə bir neçə ildir tanışdırlar. Başqa sahələrdə də əməkdaşlıqları olmuşdur. Mətanət xanımın bildirdiyinin əksinə o, pulu borc kimi almışdır. Sonradan münasibətlərin niyə bu həddə çatdığını başa düşmür. O da polisə şikayət edib. Ona olan borcunun bir qismini qaytarmışdır. Pulu olan işi ilə bağlı yatırmışdır. Lakin Gömrük xidmətində problemləri olmuşdur. Ona görə söz verdiyi pulu vaxtında qaytara bilməmişdir. Ziyanın tam ödənilməsini nəzərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun indiyə kimi nə polisə, nə məhkəməyə işi düşməyib. Təqsirləndirilən şəxs hər şeyi yalan danışır. O, Milli Təhlükəsizlik Nazirliyində işləyən zaman çanaq sümüyündən xəsarət almışdır. Bununla əlaqədar ona ikinci qrup əlillik verilmiş və təqaüdə çıxmışdır. Təqaüdü 2021-ci ildə dayandırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs müraciət etmişdir. Lakin verdiyi vədi yerinə yetirməmişdir. 2022-ci ilin mart ayından pulunu ala bilmir. Ona demişdi ki, öz ailə üzvlərinin də pensiya işini düzəldib. Pul ödəmədiyini görüb polisə şikayət etmişdir. Ancaq polisə şikayətindən sonra ona pul ödəməyə başlayıb. Ziyanın tam ödənilməsinə baxmayaraq təqsirləndirilən şəxsdən şikayətçidir. 2 ildir ki, bütün əsəbləri pozulub. Aralarında barışıq yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, baxılan iş artıq 2 ildir ki, gedir. Zərərçəkmiş şəxs ilə o çox uzun illərdir ki, rəfiqədirlər. Hətta bacı kimidilər. Onun bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə hər dəfə danışan zaman əsəb keçirmişdir. Təqsirləndirilən şəxs nə Zərərçəkmiş şəxs təqaüd işinə kömək etmişdir, nə də etdiyi vədə əməl edə bilmədikdən sonra pulunu qaytarmışdır. Çox pis vəziyyətdir. O, belə olacağanı gözləməzdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə 35 ildir ki, yaxın dost və rəfiqədirlər. Onlar bir-biriləri ilə yaxın olduqları üçün hər birilərində baş verən hadisələr barədə xəbərdar olurlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu pensiya məsələsi ilə bağlı vermişdir. Hər hansı borcdan söhbət getməyib. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar Zərərçəkmiş şəxs xanımla uzun müddətdir ki, yaxındırlar. Təqsirləndirilən şəxs qiyabi tanıyır. Mətanət Ramillə telefonla danışan zaman telefon səsucaldıcıda olurdu və onlar hər şeyi eşidirdilər. Ramil telefonda deyirdi ki, guya pulları həkimlərə verib. Yalanlarla işi uzatdı. Onlar da rəfiqələri olaraq Mətanətə artıq Ramil Teyyyubovun onu aldatdığını və polisə şikayət etməli olmasını bildirmişdirlər. Bildiyinə görə, Mətanət Ramil hissə-hissə 15000 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, övladları ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs 1990-cı ildən tanıyır. Mətanət uşaqlıq rəfiqəsidir, bir məhəllədə böyümüşlər. Mətanət hazırda Bakı şəhəri Nərimanov rayonunda yerləşən 10 nömrəli X10 Məktəbində (UGİM) cüdo-güləş üzrə məşqçi müəllim işləyir. Rəfiqə kimi münasibətləri çox yaxşıdır, ailəvi dostdurlar. Mütəmadi olaraq görüşürlər. Mətanətin İİ qrup əlil kimi təqaüd aldığını bilirmiş. 2021-ci ilin təxminən iyun ayında Mətanət təqaüdünün kəsildiyini deyərək bərpa etdirmək üçün üsullar axtardığını söhbət əsnasında deyirmiş. 2022-ci ilin təxminən sentyabr-oktyabr aylarında Mətanətlə görüşən zaman onunla danışığından başa düşmüş ki, təqaüdünün bərpa olunmasına kömək olunması üçün Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Mətanət ona və digər rəfiqələrinə Ramilə təqaüdünün bərpa olunması üçün ümumilikdə 15.000 manat pul verəcəyini demişdir. Demək olar ki, onlar rəfiqələr birlikdə tez-tez görüşürmüş. Aradan bir müddət keçdikdən xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mətanətlə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, R.Quliyev küçəsində yerləşən “Bravo” Hipermarketdə görüşmüşdür. Marketdə Mətanət təqaüdünü bərpa etməyə köməklik edən Ramil adlı şəxslə telefonda danışırmış. Həmin vaxt Mətanət telefonda danışdığı üçün 2000 manat pulu ona verərək marketdə quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsi ilə Ramil adlı şəxsin kartına köçürməyini xahiş etmişdir. Bu zaman Mətanət ona Ramilin kartının nömrəsini demiş, o, da Mətanətin verdiyi 2000 manat pulu Ramil adlı şəxsin kart hesabına köçürmüşdür. Sonradan görüşən zaman Mətanət ona 2022-ci ilin oktyabr və noyabr aylarında hissə-hissə olmaqla müxtəlif vaxtlarda kəsilmiş təqaüdünü bərpa etdirmək üçün ümumilikdə 15.000 manat pulu Ramil adlı şəxsə verdiyini demişdir. Mətanət çox vaxt birlikdə olduqları üçün həmin pulları Ramil adlı şəxsə göndərərkən də onlara deyirmiş. Sonradan 2023-cü ilin avqust ayında Mətanət Ramilin onu aldatdığını, verdiyi pulu ələ keçirdiyini, bu səbəbdən şikayət edəcəyini onlara demişdir. Hətta o, da Mətanətə bu barədə polisə şikayət etməsini bildirmişdir. Mətanət onun və digər rəfiqələrinin yanında Ramilə zəng edərək telefonda səsucaldan rejimdə Ramil ilə danışırmış. Mətanətlə Ramilin danışıqlarını onlar da eşidirmiş. Mətanət Ramil adlı şəxslə telefonda danışan zaman bir neçə dəfə Mətanətin yanında olmuşdur. X4 həmişə vaxt istəyərək pulunu qaytaracağını desə də qaytarmırmış. X6 pulunu qaytarmadığını görüb bu barədə polisə şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç vaxt görüşməmiş, Ramili qiyabi tanıyır, Mətanət həmişə Ramil ilə telefonda danışan zaman yanında olduğu üçün səsini və Mətanətlə danışığını eşitmiş, Mətanətin 2022-ci ilin oktyabr və noyabr aylarında müxtəlif tarixlərdə hissə-hissə olmaqla Təqsirləndirilən şəxs kəsilmiş təqaüdünün bərpa olunması üçün ümumilikdə 15.000 manat pul verdiyini bilir, Ramilin Mətanətdən 15.000 manat pulu kəsilmiş təqaüdünün bərpa edilməsi üçün aldığını və köməklik edə bilməməsi səbəbindən qısa zaman ərzində qaytaracağını telefonda danışan zaman Ramilin özü də təsdiq etdiyini eşitmişdir. Mətanət bir dəfə xx.xx.2022-ci il tarixdə onunla görüşən zaman verdiyi 2000 manat pulu Mətanətin yanında Ramilin kartına köçürmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kəsilmiş təqaüdünü bərpa etdirmək istəyən zaman tanıdığını bilir, onların arasında elə də yaxın münasibət olmadığını, bu səbəbdən aralarında ədavət, düşmənçilik, qərəzli münasibətlər, hər hansı borc məsələsi olmasının mümkün olmadığını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2010cu il təvəllüdlü X1, xx.xx.2011-ci təvəllüdlü X3 adlı uşaqları vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Lakin şikayətçidir, onunla barışmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, ilk dəfə cinayət törətməsini, ailəli olmasını və himayəsində 2 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi və ondan götürülmüş “Azərbaycan Beynəlxalq Bank” və “Rabitəbank”a aid sonuncuya məxsus kart hesablarına, Zərərçəkmiş şəxs tərəfindən pul köçürülməsi ilə əlaqədar çıxarışlar və Zərərçəkmiş şəxs könüllü olaraq istintaqa təqdim etdiyi və ondan götürülmüş 09 ədəd ödəniş qəbzlərinin əsli, Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” ani mesajlaşma proqramında aparılmış yazışmaların köçürüldüyü 10 səhifədən ibarət sənəd surətləri və audio səs danışıqlarının köçürüldüyü 02 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi və ondan götürülmüş “Azərbaycan Beynəlxalq Bank” və “Rabitəbank”a aid sonuncuya məxsus kart hesablarına, Zərərçəkmiş şəxs tərəfindən pul köçürülməsi ilə əlaqədar çıxarışlar və Zərərçəkmiş şəxs könüllü olaraq istintaqa təqdim etdiyi və ondan götürülmüş 09 ədəd ödəniş qəbzlərinin əsli, Təqsirləndirilən şəxs ilə aralarında “WhatsApp” ani mesajlaşma proqramında aparılmış yazışmaların köçürüldüyü 10 səhifədən ibarət sənəd surətləri və audio səs danışıqlarının köçürüldüyü 02 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-507/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-507/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver