Məhkəmə qərarları › İş №1(004)-509/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-509/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-509/2023 29.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Prospekt Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs: xx.xx.1980-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikintiyə rəhbərlik edilməsi zamanı onun tərəfindən işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır xəsarət almasına səbəb olmuşdur. Belə ki, o, fiziki şəxs qismində fərdi sahibkar kimi "xxxx" MTK tərəfindən Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində tikilmiş G3 nömrəli yaşayış binasında həmin MTK ilə bağladığı xx.xx.2017-ci il tarixli 25/01 nömrəli podrat müqaviləsinə əsasən işçilərin təminatlandırılması, təminatı, təzhicatı və təhlükəsizliyinə görə öhdəliyini öz üzərinə götürüb həmin işlərə rəhbərlik etdiyi və sair işləri həyata keçirdiyi zaman “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”-nın 2.26, 4.2 bəndlərinin tələblərinə uyğun olaraq, 1,3 m-dən artıq hündürlükdə və hündürlük düşgüsü sərhədindən 2 m-dən az məsafədə yerləşən iş meydançasının kənarları DÜST 12.4.059- 89/Dövlət standartının tələblərinə uyğun olaraq müvəqqəti qoruyucularla çəpərlənməli, çəpərlənmə mümkün olmadığı halda, hündürlükdə görülən işlər DÜST 12.4.089-86 və DÜST 12.3.107-83 tələblərinə uyğun qoruyucu kəmərdən istifadə olunması ilə yerinə yetirilməli, işlərin təhlükəsiz aparılmasını təmin edən ayaqaltılar və digər ləvazimatlar hazırki başlığın və 12.2.12-75 DÜST-ün, 24259-80 DÜST-ün və 24258-80 DÜST-ün tələblərinə uyğun olmalı, “İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr. Ümumi tələbləri." 12.2.012-75 DÜST-ün (dövlət standartın) tələblərinin 23-cü bəndinin tələbinə uyğun olaraq, bütün tipli ayaqaltılar adamların yıxılmasının və müxəlif predmetlərin düşməsinin qarşısını alan çəpərlərlə təmin olunmalı, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”-nın 5.27.3, 5.45 bəndlərinin tələblərinə uyğun olaraq, məhəccərlər və başqa qoruyucu qurğular, platformalar, döşəmələr, konsollar, dayaqlar, köndələn atılan tirlər, pilləkənlər, panduslar asan quraşdırılmalı, etibarlı bərkidilməli, lazımi hasarlanmanın olmasını yerinə yetirməli olduğu halda, qeyd olunan tələblərə əməl etməyərək tikintidə işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla onunla işçi kimi faktiki olaraq əmək münasibətlərində olmuş Zərərçəkmiş şəxs tərəfindən aparılan təmir işləri yəni həmin yüksək mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin, 1 nömrəli mənzilində taxta ayaqaltının üzərində işləyən vaxt divara vurulmuş mismarın möhkəmliyinin yoxlanılması zamanı hadisənin texniki səbəbi olan Zərərçəkmiş şəxs yüksəklikdən yıxılmasının qarşısının alınması üçün sonuncunun istifadə etdiyi taxta ayaqaltının ətrafını müvəqqəti qoruyucular və qoruyucu kəmərlə təmin etməyərək, həmçinin Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların keçirilməsini həyata keçirməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda buna cinayətkarcasına etinasız yanaşmaqla təmir işlərini həmin təhlükəsizlik işlərini təmin etmədən davam etdirdiyindən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə taxta ayaqaltının üzərində olduğu zaman divara bərkidilmiş mismarın sınaraq beton səth üzərinə düşməsi nəticəsində səbətdən sol mil sümüyünün tipik yerinin pərçimlənmiş, yerdəyişən sınıqları kimi dərəcələrinə ehtiyatsızlıqdan görə sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına və bununla da tikintidə yenidənqurma və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərərin vurulmasına səbəb olmuş real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddət fiziki şəxs qismində MTKlarla podrat müqavilələri bağlayaraq podrat işləri ilə məşğul olmuşdur. xx.xx.2017-ci il tarixdə "xxxx" MTK-nın rəhbərliyi ilə podrat müqaviləsi bağlamış, həmin müqavilədə fiziki şəxs qismində podratçı kimi tanınmışdır. MTK-nın icraçı direktoru X1 isə sifarişçi qismində tanınmışdır. Həmin müqaviləyə əsasən sifarişçi göstərilən xidmətlərin qarşılığında xidmət haqqını vaxtında podratçıya ödənilməsini təmin etməli olmuş, podratçının isə hüquq və öhdəlikləri xidmətin aparılmasını öz qüvvəsi və işçilər vasitəsi ilə təmin etmək, işçiləri lazimi olan bütün texniki təhlükəsizlik qaydaları ilə tanış etmək, onların həmin qaydalara tam, dəqiq, lazımınca əməl etmələrinə nəzarət etmək, təhlükəsizliyi təmin etmək üçün işçiləri zəruri olan bütün geyim, alət, avadanlıq, ləvazimatlarla təmin etmək, “Sifarişçi”nin sifarişi əsasında görüləcək işləri keyfiyyətlə, tələb olunan müddətdə icra etmək, bunları etmək üçün də lazımı təhlükəsizlik qaydalarına əməl etmək olmuşdur. Hesablaşma qaydasına görə hər ay görülən işlərlə bağlı podratçı tərəfindən sifarişçiyə akt təqdim olunmalı, sifarişçi də bunun qarşılığında ödəniş etməli idi. Müqaviləni öz aralarında bağladıqdan sonra öz işçilərini yığmış və sifarişçinin müqaviləyə əsasən tələb etdiyi işləri etməyə başlamışdır, bu zaman hər bir işçi ilə əmək müqaviləsi bağlamışdır. xx.xx.2022-cü il tarixdə özü başqa yerdə olub, həmin gün işçilər zəng vurmuş və Zərərçəkmiş şəxs adlı bənnanın taxta ayaqaltında yıxıldığını, xəsarət aldığını demişlər. Hadisə haqqında məlumat alan kimi dərhal “Feba MTK“ya məxsus G3 nömrəli binaya getmiş, Zərərçəkmiş şəxs yıxıldığını görmüş və digər işçilərin köməkliyi ilə onu ayağa qaldırıb 7-ci mkr-da yerləşən dövlət xəstəxanasına aparmışdır Həmçinin bu zaman digər podratçı tanışı olan Şahid3la əlaqə saxlamış və xəstəxanaya gəlməsini xahiş etmişdir. Həkim Zərərçəkmiş şəxs baxmış və zədəsinin yüngül olduğunu bildirmişdir. Həkim bəzi dərmanlar yazmış və Şahid3 həmin dərmanları alıb Zərərçəkmiş şəxs vermişdir. Xəstəxanadan çıxdıqdan sonra, Zərərçəkmiş şəxs cibinə pul qoymuşlar və Ağdaş rayonuna yola salmışdır. Zərərçəkmiş şəxs zədəsinin yüngül olduğu və 1 həftəyə gəlib təzədən işləyəcəyini düşündüyü üçün onu işdən çıxarmamışdır. Lakin sonuncu Ağdaş rayonuna getmiş və zəng vurub pul istəmişdir. Zərərçəkmiş şəxs şikayət eləməsindən qorxduğu üçün ona əlavə pul vermiş və köməklik etmişdir. Lakin Sevindik ondan daha çox miqdarda pul istəmiş, kreditini bağlamasını xahiş etmişdir. Bu onun imkanı xaricində olduğundan ondan imtina etmişdir. Daha sonra Sevindiyin ondan şikayət etdiyini bilmişdir. O isə qayda-qanun çərçivəsində bu işin həll olunmalı olduğunu bildirmiş və pulu verməmişdir. Zərərçəkmiş şəxsə dəymiş bütün zərəri ödədiyini, əməlindən səmimi peşman olduğunu, ailəsinin yeganə qazanc mənbəyi olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ildə podratçı Təqsirləndirilən şəxslə əmək müqaviləsi bağlamış, bu müqaviləyə görə “Melissa Group”-a məxsus olan "xxxx" MTK-da bənna kimi işləmişdir. Müqavilə bağladıqdan sonra həmin inşaat ərazisinə gəlmiş və işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə H.Zərdabi küçəsində yerləşən “Melissa Group” şirkətinə məxsus "xxxx" MTK yeni inşa edilmiş G3 nömrəli binanın tikintisində bənna işləri görərək, arakəsmə divarlarının tikintisini aparmış, taxta ayaqaltının üzərinə çıxmış və tavana beton mismarı vurmuşdur. Beton mismarının möhkəmliyini yoxlamaq üçün adətən, ip atıb dartaraq möhkəmliyi yoxlamış, lakin bu dəfə ip atıb yoxlamaq istəyəndə ip qırılmış və mismardan tutub dartıb möhkəmləyini yoxlamaq istəyəndə mismar çıxmışdır. Beləliklə, taxta ayaqaltının üzərində büdrəmiş və ağzı-üstə zərblə beton səth üzərinə düşmüşdür. Taxta ayaqaltının hündürlüyü təxminən 1,20 metr olmuş, ayaqaltının yanında təhlükəsizlik üçün nə məhərrəc, nə kəmər olmamışdır. Əslində məsul şəxs yəni podratçı buna nəzarət etməli olsa da, podratçı Təqsirləndirilən şəxs belə məsələlərə nəzarət etməmişdir. Yıxıldıqdan sonra adını xatırlamadığı şəxslər podratçı Təqsirləndirilən şəxs məlumat vermiş və sonuncu inşaat sahəsinə gəlmişdir. E.Ağamlıyev onu öz şəxsi maşının arxasında əyləşdirmiş və xəstəxaya aparmışdır. Lakin xəstəxanada rentqen aparatı olmadığı üçün yenidən maşına minmiş və “İstanbul” hospitalına getmişlər. Orada rentqen aparatında müayinə olduqdan sonra həkim onda sol mil sümüyün 1/3-nin köndələn, az yerini dəyişən, qəlpəli sınığı və sağ biləyin qayığa bənzər sümüyünün lateral hissəsinin natamam, yerini dəyişmiyən sınığı aşkar etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu yola salmış və müxtəlif vaxtlarda hüquq mühafizə orqanlarına müraciət etməmək üçün 100-200 manat arası pul göndərmişdir. 2022-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs bir kağıza imza atdırmış və mühafizəçi kimi işə götürəcəyini bildirsə də, işə götürməmiş, bir iki dəfə pul göndərmişdir. Sonra isə ümumiyyətlə telefonlarıma cavab verməmişdir. Razılaşsaq da, sonradan onun vədinə əməl etməyəcəyini görüb prokurorluğa müraciət etmişəm. Təqsirləndirilən şəxsdən şikayəti olmadığını, lakin işləmədiyindən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Feba MTK-da zərərçəkmiş şəxs Həsənov Sevindiklə birlikdə işləmişdir. Hadisə günü işçilər məlumat vermişlər ki, Zərərçəkmiş şəxs yıxılmışdır. O da kömək məqsədilə ona yaxınlaşmış və onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs onun qardaşıdır. Bilmişdir ki, qardaşı Təqsirləndirilən şəxs ona bütün lazımi köməklik göstərmiş və müalicə xərclərini çəkmişdir. Lakin Zərərçəkmiş şəxs əlavə pul istəmiş, kredit borcu olduğunu və həmin borcun Təqsirləndirilən şəxs tərəfindən ödənilməli olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Əlimərdan oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, hadisə günü yan otaqda işləyən zaman Haqverdiyev Sevindiyin səsini eşitmişdir. Digər otağa keçmişdir ki, ona kömək etsin. Bu zaman görmüşdür ki, Sevindik əllərini tutub və yerə sıxılmışdır. Nə olduğunu soruşanda kazyoldan yıxıldığını bildirmişdir. O da Elçin müəllimə xəbər etmiş, onu xəstəxanaya aparmışlar. Tikintidə işləyən zaman onlara bütün texniki tələblər izah edilmiş, imzalar çəkdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, hadisə yerində olmamışdır, çünki özü "xxxx" MTKda işləmir. Yalnız podratçı həmkarı Təqsirləndirilən şəxslə həmin MTK-da bina tikintisi ilə bağlı işçi göndərməsi barədə razılaşmışdır. Həmin MTK-ilə podrat müqaviləsinə əsasən işləri podratçı kimi Təqsirləndirilən şəxs götürmüş, Zərərçəkmiş şəxs onun işçisi olmuşdur. Hadisə barədə işçilər xəbər vermiş, bundan sonra Elçin Ağamlıyev ona zəng vurmuş və hadisə baş verdiyini, tez xəstəxanaya gəlməsini bildirmişdir. 7-ci mkr-da yerləşən dövlət xəstəxanasına getmiş və Zərərçəkmiş şəxs təxminən 1,0 metr hündürlükdən yıxıldığını və qollarını zədələdiyini görmüşdür. Həkim Zərərçəkmiş şəxs baxmış və zədəsinin yüngül olduğunu bildirmişdir. Həkim bəzi dərmanlar yazmış və dərmanları alıb Zərərçəkmiş şəxs vermişlər. Xəstəxanadan çıxdıqdan sonra, Zərərçəkmiş şəxs cibinə pul da qoymuşlar və Ağdaş rayonuna yola salmışlar. Hətta Zərərçəkmiş şəxs zədəsinin yüngül olduğundan və qısa müddətdə işə qayıdacağını düşündüklərindən onu işdən çıxarmamışlar. Lakin sonuncu Ağdaşa getmiş və zəng vurub pul istəmişdir, ilkin mərhələdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şikayət etməməsi üçün pul vermişdir. Zərərçəkmiş şəxs taxta ayaqaltının üzərinə çıxmış, beton mismarını tavana vurarkən mismarın möhkəmliyini yoxlamaq məqsədi ilə mismardan tutub sallanmış, mismar qopmuş, Sevindik bunun nəticəsində taxta ayaqaltının üzərində müvazinətini qoruya bilməmiş və beton səth üzərinə yıxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmətibbi ekspertiza və X4” X7 xx.xx.2023-cü il tarixli, 537 №- li məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol mil sümüyünün tipik yerinin pərçimlənmiş, yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, taxta ayaqaltıdan beton səth üzərinə yıxılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2022-cü il tarixə uyğundur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5080 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən “Melissa Group” şirkətinə məxsus "xxxx" MTK tərəfindən yeni inşa edilmiş G3 nömrəli binada arakəsmə divarlarının inşası ilə əlaqədar quraşdırılmış ayaqaltının iş meydançasının kənarlarının hasarlanması (çəpərlənməsi) təmin olunmadan təhlükəli halda istifadə olunduğuna görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarf’nın 2.26, 4.2 bəndlərinin, “İşlərin təhlükəsiz görülməsini təmin edən vasitələr.Ümumi tələbləri.” 12.2.012-75 DÜST-ün (dövlət standartın) 23 bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının” 5.27.3, 5.45.3 bəndlərinin tələbləri həmin işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 222.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də Cinayət Məcəlləsinin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materialları və zərər çəkmiş şəxsin özünün ifadəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, ilk dəfə bu növ təsnifatdakı cinayəti törətməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxslə barışmaq üçün cəhdlərini, ailəli olmasını, himayəsində 4 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə Probasiya Xidmətinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 102 (yüz iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Prospekt vəkil bürosunun vəkili X2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Prospekt vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar