Məhkəmə qərarları › İş №1(004)-51/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-51/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-51/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Balakən rayonu, Gərəkli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Balakən rayon, Gərəkli kəndində yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Yasamalı rayonu C.Cabbarlı küçəsində yerləşən “Ağ Çiçəyim” gül salonunun qarşısı ilə piyada hərəkət edən zaman həmin mağazanın qarşısında yerləşən səkinin üzərində Zərərçəkmiş şəxs həmin yerdə olan pişiyə yemək vermək üçün qoyduğu özünə məxsus 1 ədəd İphone 12 Pro Max markalı **********17076 İMEİ kodlu mobil telefonunun olmasını görüb ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra gizli yolla oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 3000 (üç min) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,fiziki və psixi cəhətdən sağlamdır, heç bir dispanserdə qeydiyyatda durmur, Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə sərbəst şəkildə yazıb oxumağı bacarır. O, bildirmişdir ki, 2 ildir ki, narkotik vasitə aludəçisidir. Bu məqsədlə gündəlik narkotik vasitə üçün 15-20 manat pul verməli olur. Rəsmi iş yeri olmadığından günəmuzdçu işləyir. İş tapa bilməyəndə narkotik üçün pul tapmaqda çətinlik çəkir. Balakən rayonunda yaşasa da arada gəzmək üçün Bakı şəhərinə gəlir. xx.xx.2022-ci il tarixdə işsiz olduğundan Bakı şəhəri Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “Ağ Çiçəyim” gül salonunun qarşısı ilə piyada hərəkət edən zaman həmin mağazanın qarşısında səkinin üzərində 1 ədəd İphone 12 Pro Max markalı mobil telefon onun diqqətini çəkmiş və bu zaman telefondan bir qədər aralıda adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs pişiyə yemək verdiyini görmüşdür. Beləcə asta yerişlə telefona sarı getmiş və ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra telefonu gizli yolla oğurlayaraq cəld şəkildə oradan uzaqlaşmışdır. Bundan sonra telefonu satmaq məqsədilə Bakı şəhəri 20 Yanvar dairəsi adlanan yerdə telefon dükanları olan yerə getmiş bir iki dükana müraciət etmiş, üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün heç bir dükan ondan həmin telefonu almamışdır. Həmin vaxt orada adı sonradan ona məlum olan Şahid1 görmüşdür. Həmin şəxsə yaxınlaşıb telefonun onun üzünə məxsus olduğunu, koda düşmüş olduğunu və bu məqsədlə telefonu satmaq niyyətində olduğunu bildirərək telefonu neçəyə sata biləcəyi barədə məsləhət almışdır. Sonuncu öz növbəsində telefonun oğurluq olub-olmadığını ondan soruşduqda o, bir daha telefonun onun özünə məxsus olmasını bildirmişdir. Belə olan təqdirdə Elçin ona şəxsiyyət vəsiqəsinin üzərində olduğunu və telefonu satmaqda köməklik edə biləcəyini və bunun müqabilində ondan müəyyən qədər pul alacağını bildirmişdir. O, bu şərtlə razılaşmışdır. Elçin telefon dükanına daxil olaraq sözü gedən telefonu öz telefonu adı ilə 200 manata satmış, həmin puldan 50 manat özünə götürmüş, geri qalan 150 manatı isə ona vermişdir. Daha sonra o, oradan uzaqlaşmışdır. Törətdiyi əməli qismən etiraf etməsini, səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Xırdalan şəhərində yaşasa da tez-tez alış-veriş üçün Bakı şəhərinə gedib gəlir. 20.07.222-ci il tarixdə saat 18.00 radələrində paltar mağazalarına baxmaq üçün Bakı şəhəri C.Cabbarlı küçəsində yerləşən “Ağ Çiçəyim” gül salonunun qarşısında olan zaman yol kənarında sahibsiz pişiyi görmüş və pişiyin ac olduğunu görüb pişiyə yemək almaq istəmişdir. Bu məqsədlə üzərində olan əşyaları və ona məxsus bir ədəd İphone 12 Pro Max markalı **********17076 İMEİ kodlu mobil telefonunu səkinin üzərinə qoyub pişiyi isə səkinin yanına qoyub səkinin yaxınlığında olan mağazaya daxil olub dərhal həmin yerə qayıtmışdır. Pişiyə yemək verib əşyalarını götürmək istəyəndə əşyaları yerində olsa da mobil telefonunun yerində olmadığını görmüşdür. Ətrafa nəzər salmış və anlamışdır ki, naməlum şəxs tərəfindən onun mobil telefonu oğurlanmışdır. O dərhal həmin telefon nömrəsinə atrafdakı bir şəxsdən xahiş edib, zəng eləmiş, həmçinin anasına da zəng edib bu barədə bildirmişdir. O və anası oğurlanmış telefona bir neçə dəfə zəng etmiş, əvvəl əvvəl telefon zəng çalsa da, telefonu açmamışlar, sonradan isə telefonu söndürmüşlər, zəng çatmamışdır. Bundan sonra əmin olmuşdur ki, telefonunu oğurlayıblar, bu səbəbdən də polisə şikayət etmişdir. Bununla da ona 3000 (üç min) manat məbləğində maddi ziyan dəymişdir. Ekspert rəyi ilə mobil telefonunun dəyəri 1600 (min altı yüz) manat qiymətləndirilsədə o, bu halla razı deyil və telefonunun dəyərinin 3000 ( üç min) manat olması iddiasındadır. Odur ki,təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın dəymiş maddi ziyan hissəsinin 3000 (üç min) manat dəyərində qiymətləndirilməsini xahiş edir. Hazırda da ona dəyən ziyan ödənilməmişdir, təqsirləndirilən şəxs və onun atası onun anasını aldadaraq hərdən bir söz deyərək telefonun pulunun verəcəklərini bildirmişqlər, lakin sonradan bundan yayınmışlar və hazırkı vaxtadək də ziyanı ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin ağır formada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri 20 Yanvar dairəsi adlanan yerdə telefon dükanları olan yerdə durmuşdur. Həmin vaxt tanımadığı şəxs ona yaxınlaşıb bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Onun İphone 12 Pro Max markalı mobil telefonu koda düşübdür, həmin telefonu satmaq istəyir, lakin üzərində şəxsiyyət vəsiqəsi yoxdur deyə sata bilmir. Onun üzərində şəxsiyyət vəsiqəsi olub-olmadığını soruşmuşdur. O, Fəridə həmin telefonun oğurluq olub-olmadığını soruşduqda Fərid bildirmişdir ki, telefon onun özünə məxsusdur, oğurluq deyildir. O, Fəridə inanıb telefonun oğurluq olmadığına əmin olduqdan sonra bildirmişdir ki, üzərində şəxsiyyət vəsiqəsi vardır və ona hörmət edəcəksə telefonu satmaqda köməklik edə bilər. Fərid razılaşmış və telefonu ona vermişdir. O, tanımadığı, adını sonradan bildiyi Bəxtiyar adlı şəxsin işlədiyi telefon dükanına daxil olmuş və bildirmişdir ki, telefon onundur, koda düşüb deyə satır. Bəxtiyar telefonun oğurluq olub-olmadığını soruşduqda o, bildirmişdir ki, telefon onundur və oğurluq deyildir, sadəcə koda düşdüyü üçün satır. Bundan sonra Bəxtiyar telefonu yoxlamış və onun şəxsiyyət vəsiqəsini götürüb kserosürətini çıxarmış və həmin telefonu ehtiyat hissəsi kimi 200 (iki yüz) manata almışdır. O, 200 manatı alıb Fəridə vermiş və Fərid həmin puldan ona 50 (əlli) manat hörmət etmişdir. Onlar dostcasına xoş təəssüratla ayrılmışdırlar. Sonradan polislər onu idarəyə dəvət edəndə bilmişdir ki, həmin telefon oğurluqdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 20 Yanvar dairəsi adlanan yerdə telefon dükanını icarəyə götürüb işlədir. İşlənmiş telefonların alqı-satqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən, 19 radələrində tanımadığı, adını sonradan bildiyi Şahid1 dükana yaxınlaşmış və özünə məxsus 1 ədəd İphone 12 Pro Max markalı mobil telefonunun olduğunu və telefonu koda düşdüyü üçün satmaq istədiyini demişdir. O, Elçindən telefonun kimə məxsus olmasını, cinayət yolu ilə əldə edibetmədiyini sorğu-sual etmişdir. Elçin ona telefonun özünə məxsus olduğunu, heç bir oğurluq, yaxud cinayət yolu ilə əldə edilmədiyini demişdir. Bundan sonra o, həmin şəxsin şəxsiyyət vəsiqəsini götürüb kserosurətini çıxarmış və həmin telefonu ehtiyat hissəsi kimi 200 (iki yüz) manata almışdır. Telefonu aldıqdan sonra 350 (üç yüz əlli) manata tanımadığı şəxsə ehtiyat hissəsi kimi satmışdır. Dəfələrlə bu kimi hallar olur və heç vaxt neqativ hal baş verməmişdir. Sonradan polislər onu idarəyə dəvət edəndə bilmişdir ki, həmin telefon oğurluqdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5503 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İphone 12 Pro Max” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1600 manat müəyyən olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsin ziyanı ödənilməmişdir. Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitə almaq üçün telefonu oğurlamışdır. Məhkəm cinayətin xarakterini, telefonun narkotik vasitə almaq məqsədilə oğurlanmasını, vurulmuş ziyanın hələ də qaytarılmamasını, zərərçəkmiş şəxsin onunla barışmamasını, şikayətçi olmasını, həmçinin təqsirləndirilən şəxsin məhkəmədən də yayındığını, barəsində axtarış elan edilməsini təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti qismən etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 05 ay (beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar