Məhkəmə qərarları › İş №1(004)-51/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-51/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-51/2024 15.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, mənzil 14-də qeydiyyatda olmaqla Azərərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə təkrar dələduzluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 X4 mühafizəçi kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, 18 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsində yerləşən “Köz Tantuni” restoranı qarşısında 1000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 oğlu Şahid3 Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, 25 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 31 ünvanında 2000 manat pulunu və 26 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 2000 manat pulunu alıb ələ keçirməklə vahid niyyətlə əhatə olanan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs3 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2, qardaşı Zərərçəkmiş şəxs2, tanışı Şahid2 və Zərərçəkmiş şəxs2 özünü X1 təhsil almaları üçün sənədləşmə işlərini həll edəcəyi barədə yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 26 may 2022-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən atıcılıq mərkəzinin yaxınlığında 850 manat, 28 may 2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli məktəbin yaxınlığındakı Araz supermarketin qarşısında 1500 manat, 01 iyun 2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli məktəbin yaxınlığındakı Araz supermarketin qarşısında 850 manat, 03 iyun 2022-ci il tarixdə 53 nömrəli məktəbin yaxınlığındakı Araz supermarketin qarşısında 2010 manat, 03 iyun 2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli məktəbin yaxınlığındakı Araz supermarketin qarşısında 700 manat, 07 iyun 2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli məktəbin yaxınlığındakı Araz supermarketin qarşısında 500 manat, 08 iyun 2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli məktəbin yaxınlığındakı Araz supermarketin qarşısında 500 manat, 10 iyun 2022-ci il tarixə Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli məktəbin yaxınlığındakı Araz supermarketin qarşısında 1000 manat, 11 iyun 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 450 manat, 12 iyun 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 750 manat, 15 iyun 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 840 manat, 17 iyun 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 960 manat, 18 iyun 2022-ci il tarixdə mən Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli məktəbin yaxınlığındakı Araz supermarketin qarşısında 680 manat, 22 iyun 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 600 manat, 23 iyun 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 600 manat, 24 iyun 2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən 53 nömrəli məktəbin yaxınlığındakı Araz supermarketin qarşısında 900 manat, 27 iyun 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 615 manat, 29 iyun 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 870 manat, 01 iyul 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 350 manat, 06 iyul 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 2075 manat, 10 iyul 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 2200 manat ,15 iyul 2022-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Sizin Stomotoloq” adlı klinikanın qarşısında 1800 manat pulunu alıb ələ keçirməklə vahid niyyətlə əhatə olanan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs2 21600 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bəhruzun hissə-hissə pulunu almışdır, 18.000 manat ziyandır, 3.000 manatını qaytarmışdır, cəmi 21.000 manat olub, Zərərçəkmiş şəxs3 4.000 manatı tam şəkildə qaytarmışdır, sadəcə Zərərçəkmiş şəxs1 1.000 manatı qalıb. O heç kəsə deməyib ki, gətirib pul versin, əvvəllər Xarici İşlər Nazirliyində işlədiyi üçün orada əlaqələri olmuşdur və həmişə viza almışdır, lakin bu dəfə niyəsə alınmamışdır. Həmçinin bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsində də barəsində hökm çıxarılmışdır. Həmin hökmdən şikayət verməmişdir. Əməlindən səmimi peşman olmasını, bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Yeni Yasamalda kafedə işləyir, yay vaxtı idi, Oruc gəlib, oturub, demişdir ki, nə əcəb bu vəziyyətdə burda işləyirsən, mühafizəçi kimi niyə düzəlmirsən? Demişdir ki, neçəyə işləyirsən, o da demişdir ki, 15 manata, demişdir ki, mənim əlim çatır. Orda da uşaqlar var demişdilər ki, Rüfət müəllim var, mühafizəçi düzəldən adam. Oruc demişdir ki, o onunla işləyib, indi pensiyadadır, yaxın adamdır, o onu işə düzəldə bilər. Həmin vaxt da övladı dünyaya gəlmişdir, demişdir ki, onun üçün də rahatlıq olsun, o, qəsəbədə qalır, rahat yer olsa işləyər. Demişdir ki, ona 1.000 manat verərsən, 1000 manata o düzəldər o işi. O da kasıb adamdır, 15 manata işləyən adamdır, övladı da təzə dünyaya gəlib, ona da bir rahat yer lazımdı ki, evinə yaxın olsun, demişdir ki, orda bir liman açılıb, orda düzəldə bilər onu, 1000 manat civarında, sonra qayıdıb demişdir ki, 1.500 manat elə, onu mühafizə rəisi düzəldir, ən azından bilir ki, mühafizə rəisi işləməlidir ki, o mərhələyə qalxmalıdır. Ona demişdir ki, Etalonda qalır, ama Etalonda qalmırmış (Etalon-orada yaşayış binalarıdır), demişdir ki, orda qalır, gəlib pulu alıb ondan, hərbi biletin şəklin, doğum haqqında şəhadətnamənin şəklin, şəxsiyyət vəsiqəsinin şəklin çəkdi telefona, dedi 1-2 günə xəbər edəcək, işə çıxar, o 1-2 gün getmişdir. Sonra maraqlanmışdırlar ki, orda elə adam qalmır, Getcontact-a girib görmüşdürlər ki, “dolandırıcı”, “maşennik” kimi şeylər yazıblar, silinmiş taglar da olmuşdur, orda da çox şeylər yazmışdılar. Ondan sonra demişdir ki, pulu qaytarsın, xalası oğlu zəng eləmişdir, danışmışdır, sonra xalası oğlunu bloka atmışdır. Demişdi pulumu qaytar, bir gün, iki gün, üç gün, elə gedib. Ondan sonra o restoranda da görsənməmişdir, gəlib-getməmişdir də. Yazışmalar var, demişdir ki, versə polisə ondan inciməsin, demişdir yaxşı, demişdir kasıb uşaqdır, o, 15 manata işləyən adamdır borc alıb vermişdir o pulu ona, demişdir ki, narahat olmasın düzəldəcək. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Oruc qardaşının işlədiyi dükana dəfələrlə gedib, neçə dəfə ona müraciət edib ki, o onu göndərəcək, viza verəcək ona Amerikaya təhsil yolu ilə. 1 il ərzində dükana neçə dəfə gedib-gəlib, orucluq ayları imiş, o da kollecdən qəbul almışdır, bir də görmüşdür ki, qardaşı Bəhlul demişdir ki, Oruc gəlmişdi, ona demişdir ki, qardaşı kollecdən qəbul alıb, vizaya görə müraciət üçün kömək göstərməyi deyib. Bu da onunla axşam vaxtı whatsapp vasitəsilə danışmışdır, demişdir ki, səhər görüşək, o ona demişdir ki, kollecə getmək üçün səfirliyə getməlidir, bu demişdir ki, 100 faiz o onu arxayın edir ki, viza ala bilməyəcək, boş-boş pulu gedəcək ora-bura, nəsə inandırmışdır onu, demişdir ki, sabah görüşək. Səhər Avtovağzal ətrafında, atçılıq tərəfdə səhər-səhər idi görüşmüşlər, o da pulla gəlib, ona demişdir ki, ilkin etapda 1.200 manat nə qədərsə puldur, 850 manatı verəcək, qalanını da hissə-hissə, demişdir ki, yaxşı, gəlmişlər, danışmışlar, demişdir ki, bəs nə işləyir, onu bu qədər inandırır, demişdir ki, o, Xarici İşlər Nazirliyinin nümayəndəsidir, bəs o, Xarici İşlər Nazirliyinin təhsil yolu ilə onları 1 illik oxumağa göndərəcəkdir. 1 ildən sonra vaxtı bitdikdən sonra yenidən qayıtmalıdırlar ölkəyə təzədən 2-ci müraciət verilməlidirlər. O, da 1-ci etapda 850 manat vermişdir, demişdir ki, bəs onun bir tanışı var, Nicatdır, onu da həll edə bilər, demişdir ki, yaxşı. Nəsə pulu vermişdir, 2-ci sənədləri demişdir ona pasportu vermişdir ona, 2-ci etapda məhkumluğa görə Asan Xidmətdən arayış verilməlidir demişdilər. Belə-belə etapla o, hər dəfə ona filan sənəd gətir vermişdir, çox sənədlər imiş, elə bil ki, pasportun kserokopyasını götürsün, bunu versin, bu qədər, 250 manat birinə versin, hissə-hissə alırmış, sonra o ona demişdir ki, bəs Nicatı düzüb qoşmuşdur, Nicatı da əvvəlcədən pul vermişdir, Nicatla da görüşmüşlər, sonra Bəhlulla da. Ona dəymiş ziyandan yalnız 3000 manat ödənilmişdir, ümümilikdə 21600 manat ziyan dəymişdir. Hazırda şikayətçidir, vurulmuş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, sport mağazasında işləyirdi, bu qardaş, Oruc onlara neçə dəfə gəlibgedib, o ona neçə dəfə mal satmışdır, idman paltarı, ayaqqabısı. X7 Nazirliyindən kimi istifadə edib, iştirakçı kimi istifadə edib, neçə dəfə gəlib-gedib, o da bunun nömrəsini almışdır, qardaşı Bəhruza vermişdir. Bəhruz doğma qardaşıdır, ondan sonra qardaşı ilə iş görüblər, bəs demişdir buna qardaşı pedaqojiyə, xaricə hazırlaşır, bu da demişdir ki, narahat olma, o, tez düz-qoş edəcək qardaşının işini, ondan sonra bunlar qardaşı ilə özləri iş görüblər. Bildiyinə görə qardaşı Oruca 21600 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, heç bir ədavət və düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs, iş yoldaşı olan Bəhruzun sayəsində tanımışdır, Bəhruzun yanında görmüşdür və o vədləri verəndə o da onun yanında olmuşdur, həmişə də olmasa, bəzi hallarda olmuşdur, Təqsirləndirilən şəxs verdiyi sözlərə ki, o XİN-in işçisidir, o özü səfirlikdə işləyir və Bəhruzun sənədlərini düzəlməsində ona kömək edəcəyinə görə ondan dəfələrlə az-az məbləğdə pullar alıb və dediyi vədə də əməl etməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)–52/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirli bilinib, ona CM-nin 66.5ci maddəsinə əsasən 2 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)–52/2024 saylı hökmü 20 fevral 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli xx.xx.2024-cü il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)–52/2024 saylı hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarındakı zərər çəkmiş Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli teleqramına əsasən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(005)–52/2024 saylı hökmü ilə o, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkməsi ilə əlaqədar barəsində qətimkan tədbiri seçilməmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)–52/2024 saylı hökmü ilə təyin olunmuş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)–52/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar