Məhkəmə qərarları › İş №1(004)-510/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-510/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-510/2022 04.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 aprel 2022-ci il tarixdə saat 08:05 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs2 əynində olan şalvarın sağ yan cibindən sonuncuya məxsus 7 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq və 4 ədəd 1 manatlıq əskinazları çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 734 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 may 2022ci il tarixdə saat 18:45 radələrində Bakı Metropoliteni QSC-nin «Gənclik» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «Gənclik» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs3 əynində olan şalvarın sol yan cibindən sonuncuya məxsus 5 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq əskinazları çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 570 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 iyun 2022-ci il tarixdə saat 08:30 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs1 əynində olan şalvarın sağ yan cibindən sonuncuya məxsus 2 ədəd 50 manatlıq və 4 ədəd 20 manatlıq əskinazları çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən bir otaqdan ibarət fərdi yaşayış evinə daşıyaraq saxlamış, 03 iyun 2022-ci il tarixdə saat 17:10 radələrində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı həmin evə baxış keçirilən zaman evin içərisindəki çarpayının altından bir ədəd bükümdə təmiz çəkisi 0,437 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Sumqayıt şəhərində yerləşən 3 nömrəli tam orta məktəbdə təhsil almış, Azərbaycan dilində latın qrafikası ilə yazıb oxumağı bacarır, tərcüməçiyə ehtiyacı olmadığını və ifadəsinin müstəntiq tərəfindən kompüter vasitəsi ilə yazılmasına etiraz etmədiyini bildirmiş, ünvan 4 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri Yasamal rayonu 4-cü Yasamal 198 ünvanında kirayədə tək yaşayır, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 şikayət ərizəsi ilə tanış olmuş və bildirmişdir ki, işsiz olduğu üçün, eləcə də maddi vəziyyətinin pis olması səbəbindən şəxsi məsrəflərini və tələbatlarını ödəmək üçün metroda cibgirlik etmək fikrinə düşmüş, metronun “28 may” stansiyasında sıxlıq olduğuna görə orada cibgirlik etməyinin əlverişli şərait olduğunu düşünüb xx.xx.2022-ci il tarixdə saat 07:55 radələrində metronun “28 may” stansiyasına düşmüş, həmin vaxtı platformada sərnişin sıxlığı olmuş, həmin vaxtı “28 may” metrosunun platformasında dayanmış, bu vaxtı bir nəfər təxminən 50-57 yaşlarında bir kişinin platformaya yaxınlaşdığını görmüş, həmin vaxt ad soyadını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs2 təqib etmiş, Zərərçəkmiş şəxs2 metronun “28 may” stansiyasının platformasında dayanmış, Dərnəgül stansiyası istqamətində hərəkət edəcək qatarı gözləməyə başlamış, həmin tarixdə saat 08:05 radələrində “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar gəlmiş, Zərərçəkmiş şəxs2 arxası ilə gedərək onu təqib etmiş, Zərərçəkmiş şəxs2 qatara minənə kimi onu təqib etmiş, sonra Zərərçəkmiş şəxs2 və ətrafda olan sərnişinlərin ona fikir vermədiklərinə tam əmin olduqdan sonra qatarın qapısının qarşısında Zərərçəkmiş şəxs2 əynindəki şalvarın sağ yan cibinə əlini üst tərəfdən toxundurmuş, Zərərçəkmiş şəxs2 əynində olan şalvarın sağ yan cibində pul olduğunu hiss etmiş, amma hansı məbləğdə pul olmasını əvvəlcədən bilmirmiş, bundan sonra platformada yaranmış sıxlıqdan istifadə edərək sağ əlini Zərərçəkmiş şəxs2 əynində olan şalvarın sağ yan cibinə salaraq onun cibindəki pulu oğurlamış və oğurladığı pulu cibinə qoymuş, daha sonra qatara minməyib geri qayıdaraq platformada gözləmiş, metronun “İnşaatçılar” stansiyasına getməli olduğundan metronun “28 may” stansiyasının platformasında dayanaraq “Dərnəgül” stansiyası istiqamətində hərəkət edəcək qatarı gözləməyə başlamış, bir neçə dəqiqə sonra “Dərnəgül” stansiyası istiqamətində hərəkət edəcək qatar gəlmiş, metronun “28 may” stansiyasında “Dərnəgül” metrosu stansiyası istiqamətində hərəkət edən qatara minmiş, metronun “İnşaatçılar” stansiyasına gəlib metrodan çıxaraq bir başa kirayədə yaşadığı evə gəlmiş, evdə olan zaman oğurladığı pulu saymış, Zərərçəkmiş şəxs2 cibindən ümumilikdə 734 manat pul oğurladığını bilmiş, Zərərçəkmiş şəxs2 cibindən oğurladığı 734 manat pulu öz məsrəflərini və tələbatlarını ödəməkdən ötrü xərcləmişdir. Bundan başqa, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 şikayət ərizəsi ilə tanış olmuş və bildirmişdir ki, işsiz olduğu üçün, eləcə də maddi vəziyyətinin pis olması səbəbindən şəxsi məsrəflərini və tələbatlarını ödəmək üçün metroda cibgirlik etmək fikrinə düşmüş, metronun “Gənclik” stansiyasında sıxlıq olduğuna görə orada cibgirlik etməyinin əlverişli şərait olduğunu düşünüb xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində metronun “Gənclik” stansiyasına düşmüş, həmin vaxtı platformada sərnişin sıxılığı olmuş, metronun “Gənclik” stansiyasının platformasında dayanmış, həmin vaxt təxminən 50-55 yaşlarında bir kişinin platformaya yaxınlaşdığını görmüş, həmin vaxt ad soyadını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs3 təqib etmiş, Zərərçəkmiş şəxs3 metronun “Gənclik” stansiyasının platformasında dayanmış və “Dərnəgül” stansiyası istqamətində hərəkət edəcək qatarı gözləməyə başlamış, həmin tarixdə saat 18:45 radələrində “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar gəlmiş, Zərərçəkmiş şəxs3 arxası ilə gedib onunla birlikdə qatara minmək istəyərkən Zərərçəkmiş şəxs3 və ətrafda olan sərnişinlərin ona fikir vermədiklərinə tam əmin olduqdan sonra qatarın qapısının qarşısında Zərərçəkmiş şəxs3 əynindəki şalvarın sol yan cibinə əlini üst tərəfdən toxundurmuş, Zərərçəkmiş şəxs3 əynində olan şalvarın sol yan cibində pul olduğunu hiss etmiş, amma hansı məbləğdə pul olmasını əvvəlcədən bilmirmiş, bundan sonra platformada yaranmış sıxlıqdan istifadə edərək sol əlini Zərərçəkmiş şəxs3 əynində olan şalvarın sol yan cibinə salaraq onun cibindəki pulu oğurlamış və oğurladığı pulu cibinə qoymuş, daha sonra qatara minməyib geri qayıdaraq platformada gözləmiş, metronun “İnşaatçılar” stansiyasına getməli olduğundan metronun “Gənclik” stansiyasının platformasında dayanaraq “Dərnəgül” stansiyası istiqamətində hərəkət edəcək qatarı gözləməyə başlamış, bir neçə dəqiqə sonra “Dərnəgül” stansiyası istiqamətində hərəkət edəcək qatar gəlmiş, metronun “Gənclik” stansiyasında Dərnəgül metrosu stansiyası istiqamətində hərəkət edən qatara minmiş, metronun “İnşaatçılar” stansiyasına gəlib metrodan çıxaraq bir başa kirayədə yaşadığı evə gəlmiş, evdə olan zaman oğurladığı pulu saymış,Zərərçəkmiş şəxs3 cibindən ümumilikdə 570 manat pul oğurladığını bilmiş, Zərərçəkmiş şəxs3 əynindəki şalvarın sol yan cibindən gizli yolla oğurladığı 570 manat pulu öz məsrəflərini və tələbatlarını ödəməkdən ötrü xərcləmişdir. Bundan başqa, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 şikayət ərizəsi ilə tanış olmuş və bildirmişdir ki, işsiz olduğu üçün, eləcə də maddi vəziyyətinin pis olması səbəbindən şəxsi məsrəflərini və tələbatlarını ödəmək üçün metroda cibgirlik etmək fikrinə düşmüş, metronun “28 may" stansiyasında sıxlıq olduğuna görə orada cibgirlik etməyinin əlverişli şərait olduğunu düşünüb 02 iyun 2022-ci il tarixdə saat 08:20 radələrində metronun “28 may” metrosuna düşmüş, həmin vaxtı platformada sərnişin olduğundan sıxlıq yaranmış, “28 may” metrosunun platformasında dayanmış, bu vaxtı bir nəfər orta yaşlı kişinin platformaya yaxınlaşdığını görmüş, həmin vaxt ad soyadını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs1 təqib etmiş, Zərərçəkmiş şəxs1 metronun “28 may” stansiyasının platformasında dayanmış, “Dərnəgül” stansiyası istqamətində hərəkət edəcək qatarı gözləməyə başlamış, həmin tarixdə saat 08:30 radələrində “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar gəlmiş, Zərərçəkmiş şəxs1 arxası ilə gedib onunla birlikdə qatara minmək istəyərkən Zərərçəkmiş şəxs1 və ətrafda olan sərnişinlərin ona fikir vermədiklərinə tam əmin olduqdan sonra qatarın qapısının qarşısında Zərərçəkmiş şəxs1 əynindəki şalvarın sağ yan cibinə əlini üst tərəfdən toxundurmuş, Zərərçəkmiş şəxs1 əynində olan şalvarın sağ yan cibində pul olduğunu hiss etmiş, amma hansı məbləğdə pul olmasını əvvəlcədən bilmirmiş, bundan sonra platformada yaranmış sıxlıqdan istifadə edərək sağ əlini Zərərçəkmiş şəxs1 əynində olan şalvarın sağ yan cibinə salaraq onun cibindəki pulu oğurlamış və oğurladığı pulu cibinə qoymuş, daha sonra qatara minməyib geri qayıdaraq platformada gözləmiş, metronun “İnşaatçılar” stansiyasına getməli olduğundan metronun “28 may” stansiyasının platformasında dayanaraq “Dərnəgül” stansiyası istiqamətində hərəkət edəcək qatarı gözləməyə başlamış, bir neçə dəqiqə sonra “Dərnəgül” stansiyası istiqamətində hərəkət edəcək qatar gəlmiş, metronun “28 may stansiyasında “Dərnəgül” metrosu stansiyası istiqamətində hərəkət edən qatara minmiş, metronun “İnşaatçılar” stansiyasına gəlib metrodan çıxaraq bir başa kirayədə yaşadığı evə gəlmiş, evdə olan zaman oğurladığı pulu saymış, Zərərçəkmiş şəxs1 cibindən ümumilikdə 180 manat pul oğurladığını görmüş, Zərərçəkmiş şəxs1 cibindən oğurladığı 180 manat pulu öz məsrəflərini və tələbatlarını ödəməkdən ötrü xərcləmiş, əvvələr Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tanımamış, xx.xx.2022-ci il tarixdə Bakı Metropolitenin PŞ-in CAQ-nun əməkdaları tərəfindən metronun “İnşaatçılar” stansiyasında saxlanılan vaxtı, polis şöbəsinə gətirilən zaman və polis şöbəsində olarkən ona qarşı fiziki zor tətbiq edilməmiş, qeyd olunan törətmiş olduğu cibgirlik cinayət hadisələrini törədərkən ona heç kim köməklik göstərməmiş və məsləhət verməmiş, hadisə ilə bağlı heç kimin məlumatı olmamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə onun və hüquqlarını müdafiə edən vəkil X8, Bakı Metropolitenində Polis Şöbəsinin CAQnun əməkdaşları Zaur Almazov, Səhman Məmmədov və Murad Sadıqov tərəfindən kirayədə yaşadığı ünvan 6 ünvanına baxış keçirilmiş, baxış zamanı yaşadığı bir otaqlı evin içərisində sağ tərəfdə yerləşən çarpayının alt hissəsində gizlədərək şəxsi istifadəsi üçün saxladığı 01 bükümdə şəffaf rəngli sellofanın içərisində narkotik vasitə olan heroini, bir ədəd sınıq şüşə ampulanı, 4 ədəd 2 ml və bir ədəd 5 ml həcimli şpris, 7 ədəd pambıq tamponları, 01 ədəd açılıb-qatlanan bıçağı götürərək polis əməkdaşlarına təqdim etmiş, yaşadığı evdən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki narkotik vasitə heroin ona məxsus olduğunu, həmin bükümü evdə saxlamaqda məqsədi şəxsi istifadəsi üçün almış, həmçinin təqdim etdiyi 4 ədəd 2 ml və bir ədəd 5 ml həcimli şprisdən narkotik vasitə heroini ineksiya yol ilə qəbul etməkdən ötrü istifadə etdiyini bildirmiş, habelə təqdim etdiyi 01 ədəd açılıb-qatlanan bıçağı isə evdə meyvə doğramaq üçün istifadə etdiyini bildirmişdir. 077-586-51- 75 saylı GSM mobil nömrəni istifadə edir, ***-***-**-** saylı GSM mobil nömrə öz adınadır, Təxminən bir il olar ki, narkotik vasitə olan “kakos” yəni heroindən istifadə edir, «Kakos» əslində heroin narkotik vasitəsidir. Sadəcə olaraq heroin narkotik vasitəsini «kakos» deyərək adlandırır, narkotik vasitə olan heroini ineksiya yolu ilə istifadə edir, təxminən 2 il olar ki, atası X11 vəfat etmiş, anası X6 ankoloji yataq xəstəsidir, anası X2 ayrı yaşadığını, narkotik vasitə istifadəçisi olduğundan anası X3 xəbəri olmadığını qeyd etmiş, Sumqayıt şəhərində tanımadığı və anket məlumatları, eləcə də əlaqə nömrəsini bilmədiyi şəxsdən narkotik vasitə olan heroinin bir bükümünü 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, narkotik vasitə olan heroinin satışı ilə heç vaxt məşğul olmadığını qeyd etmiş, özü narkotik aludəçisidir, gündəlik «kakos» narkotik vasitəsindən istifadə edir, narkotik vasitə qəbul etdiyinə görə əvəllər məhkum olunmamış, xx.xx.2022-ci il tarixdə kirayədə yaşadığı ünvan 6 ünvanında çarpayının alt hissəsindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki narkotik vasitə heroin ona məxsusdur, həmin bir ədəd bükümdə olan narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün almışdır. Maddi imkanı olmadığı üçün vurulmuş ziyanı ödəyə bilməmişdir. Ailəli olmasını, uşağının olmasını, əməlini etiraf etməsini, peşman olmasını nəzərə alaraq y üngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxslərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yaşayır. Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 4 ünvanında ATS 538/539-da nəzarətçi mühəndis vəzifəsində işləyir, o evdən çıxan vaxtı əynində olan şalvarının cibində 734 manat pul olmuş, xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində metronun “28 may” stansiyasına düşmüş, platformada dayanaraq “Dərnəgül” metrosu istiqamətində hərəkət edən qatarı gözləmiş, təxminən saat 08:05 radələrində “Dərnəgül” metrosu istiqamətində hərəkət edən qatar gəlmiş və qatara minməyə başlamış, qatara minən zaman sıxlıq olmuş,metronun “Elmlər Akademiyası” stansiyasında qatardan düşmüş və şalvarının sağ cibinə baxdıqda 734 manat pulunun cibindən oğurlandığını aşkar etmiş, həmin vaxt başa düşmüşdür ki, metronun “28 may” stansiyasının platformasında yaranan sıxlıqda “Dərnəgül” metrosu stansiyası istiqamətində hərəkətdə olan qatara minən zaman naməlum şəxs şalvarının sağ yan cibindən 734 manat pulu oğurlamış, hadisə nəticəsində ona 734 manat maddi ziyan dəymiş, onun cibində 7 ədəd 100 manat, 1 ədəd 20 manat, 1 ədəd 10 manat və 4 ədəd 1 manat əskinazlar olduğunu qeyd etmiş, şalvarının cibindən 734 manat pulu oğurlayan şəxsi görməmiş, pulunun oğurlanması faktını metronun “Elmlər Akademiyası” stansiyasında qatardan düşdükdən sonra aşkar etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhər Nərimanov rayonu X.Şuşinski küçəsində yerləşən işlədiyi 20 saylı Vəkil Bürosundan işdən çıxıb 133 saylı avtobusa minib “Gənclik” metrosunun yaxınlığında olan dayanacağa gəlmiş, buradan “Xalqlar Dostluğu” stansiyasına getməli olmuş, həmin tarixdə saat 18:45 radələrində “Gənclik” metrosuna daxil olub “Həzi Aslanov” metrosu istiqamətində hərəkət edən qatara minmiş, qatarda sıxlıq olduğu üçün ayaq üstə dayanmış, qatar metronun “Xalqlar Dostluğu” stansiyasında saxladıqdan sonra qatardan düşüb eskalatorla yuxarı qalxmağa başlamış, eskalatorda olan zaman əynində olan şalvarının sol yan cibində 570 manat pulu olmadığını naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, daha sonra metrodan çölə çıxıb yaşadığı ünvana gedərək DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, metronun Gənclik stansiyasında qatara minən zaman onun arxasınca əynində tünd rəngli gödəkcə olan təxminən 55-57 yaşlarında bir kişi minmiş, həmin şəxs ona çox yaxın durmuş və özünü çox narahat aparırmış, həmin şəxsin qatardan harada düşdüyünü görməmiş, həmin şəxsdən şübhələndiyini bildirmiş, 570 manat pulu 5 ədəd 100 manat, 1 ədəd 50 manat, 1 ədəd 20 manat əskinazlardan ibarət olmuş, 570 manat pulunun oğurlandığını metronun “Xalqlar Dostluğu” stansiyasında eskalatorla yuxarı çıxış istiqamətinə gedən zaman aşkar etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında qeydiyyatda olsa da, ünvan 10nda ailə üzvləri ilə birlikdə yaşayır, xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində yaşadığı ünvandan çıxıb metro ilə “20 yanvar” stansiyasına getmək üçün piyada “28 may” metrostansiyasına gəlmiş, evdə olan zaman 180 manat pulu götürərək şalvarının sağ yan cibinə qoymuş, həmin pul əskinazları 2 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq əskinazlardan ibarət olmuş, metronun “28 may” stansiyasının platformasında dayanaraq “Dərnəgül” metrosu istiqamətndə hərəkət edən qatarı gözləməyə başlamış, təxminən saat 08:30 radələrində “Dərnəgül” metrosu istiqamətində hərəkət edən qatar gəlmiş, qatara minməyə başlamış, qatara minən zaman sıxlıq olmuş, qatara mindikdən sonra qapılar bağlanmış və qatar “Dərnəgül” metrostansiyası istiqamətində hərəkətə başlamış, həmin vaxt şalvarının sağ yan cibinə əlini salmış, cibinə baxdıqda 180 manat pulunun cibində olmadığını və oğurlandığını aşkar etmiş, həmin vaxt ona aydın olmuşdur ki, metronun “28 may” stansiyasında qatara minən zaman naməlum şəxs platformada yaranmış sıxlıqdan yararlanaraq onun şalvarının sağ yan cibindən 180 manat pulu oğurlamış və nəticəsində ona 180 manat maddi ziyan dəymiş, şalvarının sağ yan cibindən 180 manat pulu oğurlayan şəxsi görməmiş, pulunun oğurlanması faktını qatarın içərsində qatar hərəkətdə olan zaman aşkar etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmişlərə qarşı etdiyi oğurluq hadisələrinin Bakı Metropoliteninin kameralarında qeydə alınmış görüntülərin köçürüldüyü DVD diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı flaş-karta məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin (üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı) törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3172 № saylı ekspert rəyinə əsasən tədqiqatına təqdim edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №37 dairəvi möhür əksi olan” “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,437 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd sınıq şüşə ampulada, 4 ədəd 2 ml və bir ədəd 5 ml həcmli şprisdə, 7 ədəd pambıq tampoda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün onun çəkisini müəyyən etmək və bir ədəd bükümdə heroində müqayisəli tədqiqat aparılması mümkün deyildir. (heroinin təmiz çəkisi: 0,437 qram, sərf edildi: 0,05 qram, qalıq 0,387 qram). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 4790 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabiodlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 29, 177.1-ci maddəsi ilə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum edilmişdir. Cərimə cəzası dövlət büdcəsinə tam ödənilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat İdarəsində saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, bir ədəd sınıq şüşə ampulada, 4 ədəd 2 ml və 1 ədəd 5 ml həcmli şprisdə, 7 ədəd pambıq tampoda narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar olunaraq götürülmüş tədiqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deçici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd flaş kart, oğurluq hadisələrinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 03 ay (iki il üç ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 03 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 129 manat (yüz iyirmi doqquz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat İdarəsində saxlanılan qalıq çəkisi 0,387 qram olan narkotik vasitə olan heroin və heroin izləri aşkar edilmiş 01 ədəd sınıq şüşə ampula, 4 ədəd 2 ml və 1 ədəd 5 ml həcmli şpris, 7 ədəd pambıq tampon, həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş tədiqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deçici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd flaş-kart, oğurluq hadisələrinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar