Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-510/2023 01.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, əvəllər məhkum olunmayan, Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ev 31/33-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 19 aprel 2023-cü il tarixdə səhər radələrində Bakı şəhəri, Nəsimi rayonundakı «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan təmiz çəkisi 0,382 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə tarixdə saat 11:45 radələrində ünvan 1 ünvanda Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə dəvət edilmiş və 27-ci Polis bölməsində onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən, həmin narkotik vasitə onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 01 büküm narkotik vasitə olan heroin alıb şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 11-12 radələrində ünvan 3 ünvanının qarışısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİnin 27-ci PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və ya hər hansı maddələrin olub-olmadığını soruşmuşlar və o səmimi olaraq polis əməkdaşlarına üzərində heroin adlanan narkotik vasitə olduğunu bidirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 27-ci polis bölməsinə getmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükülmüş vəziyyətdə olan narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o 27-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşıması və istifadə etməsi barədə Yasamal RPİ-nin 27-ci PB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 19 aprel 2023-cü il tarixdə o, və həmin bölmənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 19 aprel 2023-cü il tarixdə, saat 11:45 radələrində ünvan 1 ünvanının qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə 27-ci PB-nə gəlmiş və orada xidməti otaqların birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bundan sonra Orxan təklifə əsasən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü könüllü оlаrаq çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan narkotik vasitə olan heroindir. Həmin heroini həmin gün Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 84-85-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, hazırda Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində çalışır. 19 aprel 2023-cü il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə Bakı şəhəri, Yasamal rayonu razisində «Orxan» adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında işlədiyi Yasamal RPİ-nin 27-ci PB-nin digər əməkdaşı ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, əməliyyat qrupunun üzvləri ilə birlikdə «Orxan» adlı şəxsin müşahidə olunduğu Yasamal rayon, Naxçıvani küçəsi 30 saylı ünvanın qarşısında, saat 11 radələrində gələrək, orada əməliyyat mövqelərini seçərək, müşahidə apardıqda, həmin yerdə «Orxan» adlı şəxsin əməliyyat məlumatında bildirilmiş zahiri əlamətlərinə uyğun gələn şəxsi görüb ona yaxınlaşaraq, özlərini təqdim etmişdirlər. Həmin vaxt saxlanılan «Orxan» adlı şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, Orxan özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və Orxanın əməliyyat məlumatında bildirilmiş «Orxan» adlı şəxs olmasına əmin olaraq, Orxana narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə məlumatlarının olduğunu bildirib, üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-nin 27-ci PB-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək razılaşmış və oradan birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə əlaqədar vəkil dəvət olunmuş və Yasmal RPİ-nin 27-ci PB-nin inzibati otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində sarımtıl rəngli, toz şəkilində, spesefik iyli narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Bununla bağlı Təqsirləndirilən şəxs şifahi sorğu aparılarkən, həmin bükümün içərisində narkotik vasitə olan “heroin” olduğunu və üzərində aşkar olunmuş həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, həmin büküm tərəflərindən qablaşdırılaraq götürülmüş və 168 nömrəli möhürlə möhürlənmişdir. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmış, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin Orxanın üzərinə şəxsi axtarış və götürmə aparılarkən Orxana qarşı hər hansı bir təzyiq və yaxud da fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (i.v. 35-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 20 aprel 2023-cü il tarixli 6/2297 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №168” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs götürülmüş büküm; Təqsirləndirilən şəxs –imza, iştirakçılar: iki – imza,Tərtib etdi: T.Əzizov – imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0.382 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 45-49) “Diskə baxış keçirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı, otaqda ümumilikdə 5 nəfər şəxslərin olduğu görünür. Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı Tahir Əzizov özünü təqdim etdikdən sonra, orada iştirak edən, Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkili Müdafiəçi, Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 təqdim edir, daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən iştirakçıların hüquq və vəzifələri izah edilir, həmçinin Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» aparılmasının əsaslarını izah edir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək həmin bükümdə narkotik vasitə olan «heroin» olduğunu, Yasamal rayonu, «Kubinka» deyilən ərazidə öz şəxsi istifadəsi üçün üzdən tanıdığı şəxsdən 20 manat müqabilində əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Aşkar edilmiş bir ədəd büküm zərfdə qablaşdırılaraq götürülür. Baxış keçirilmiş faylda olan çəkiliş 08 dəqiqə 44 saniyədə bitir. (i.v. 55) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 nəticələrinə dair 26 sentyabr 2023-cü il tarixli 6144 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 98-99) “Sübutların qiymətləndirilməsi barədə” 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində 19 aprel 2023-cü il şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş xalis çəkisi 0,382 qram çəkidə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan 0,332 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin saxlanılmasından ötrü Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 101-107) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0.382 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 23) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 71-73) “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 77-78) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 83) AZE №12571329 şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X8, AZE №12771558 şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X6, AZE №12771559 şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxsdur. (i.v. 67) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.332 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 19 aprel 2023cü il tarixdən 21 aprel 2023-cü il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.332 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-510/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-510/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver