Məhkəmə qərarları › İş №1(004)-512/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-512/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-512/2025 02.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs: xx.xx.1985-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, B.Mirzəyev küçəsi, ev 14-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 aprel 2025-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Mersedes Sprinter» markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna arxa sağ şüşəsini açmaqla salonda olan 165 manat nağd pulu, 120 manat dəyərində «Nokia 5310» markalı mobil telefonu, ümumi dəyəri 470 manat olan «Sapfir» və «Apple» markalı 02 ədəd qulaqcıqları, ümumi dəyəri 150 manat olan «İphone» və «TPS» markalı 02 ədəd USB naqilləri, ümumi dəyəri 70 manat olan 02 ədəd «Raybon» markalı eynəkləri, 250 manat dəyərində «JVC Jump Starter» markalı «Poverbank» və ümumi dəyəri 250 manat olan «Aventus» və «Shaikh» markalı 02 ədəd ətirləri gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1.475 (min dörd yüz yetmiş beş) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 aprel 2025-ci il tarixdə gecə saatlarında ünvan 2 ünvanında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Wolksvagen Crafter» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna arxa sol şüşəsini açmaqla salonda olan 100 manat dəyərində «70 X4 A 200» markalı videoqeydiyyatçını (videoreqistarotor), 50 manat dəyərində 01 ədəd «Boya BYM1DM» markalı mikrafonu, 20 manat dəyərində 01 ədəd «X3» markalı yaddaş kartını (flashkart) və 12 manat qəpik pulları gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 182 (yüz səksən iki) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə 03 iyun 2025-ci il tarixdə saat 03 radələrində Yasamal rayonu, H.ünvan 3 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs3 məxsus qeyd edilən yerdə saxladığı «Opel Astra» markalı ** ED *** dövlət qeydiyyat nömrəli avtomobilinin içərisindən 1950 manat dəyərində «Lenovo» markalı notbukla kompüter adapterini, 25 manat dəyərində kompüter sıçanını, 25 manat dəyərində kompüter çantasını və 4 ədəd bank kartlarını gizli olaraq talayıb, həmin kartlardan 1 ədəd «Leo» bank kartından 24 manat 40 qəpik pulu kart üzərindən xərçləməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 2.024 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 27 apreldə oğurluq etmişdir. Amma sprinterə girməmişdir. Girdiyi maşın çeşqa idi. Oradan notebook aparmışdır. Amma yiyəsinə qaytarmışdır. İstintaqda özləri yazıb, o da imzalamışdır. Niyə imzalayıb bilmir. İttiham aktı ilə tanış olmuşdur. Orada qeyd edilən eynək, moqnitofon və digər satılmayan şeylər onun nəyinə lazımdır. Onları hara sata bilər? Kamera görüntüsündə maşına girməyi var, başqa iş görməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, səhər namaza oyanmışdır. Eşidib ki, kartından pul vəsaitlərinin çıxılması barədə telefonuna bildirişlər gəlib. Tez banka zəng edib. Ona bildiriblər ki, onlarda hər hansı problem yoxdur. Kartını yoxlayıb, yerində yox idi. Maşını yoxladıqda, kartlarının olmadığını və 23 manat pulunun oğurlandığını başa düşüb. Təqsirləndirilən şəxs kompüter masasını da oğurlamışdır. 102 xidmətinə məlumat verib. Onlar gəlib maşını yoxlayıblar, əl izi götürüblər. Axşama məlumat gəlib ki, oğru tutulub. Kompüterini də qaytarıblar. Amma başa düşmür ki, ikinci ehtiyat açarı niyə götürüb. Şikayətçi deyil. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ondan niyə oğurluq edib bilmir. Ayın tarixi yadında deyil. Volksvagen sprinter nəqliyyat vasitəsi olub, öz adınadır. Oğru maşına 2 dəfə girib. Maşından manatlıqlar aparmışdır. Həmçinin videoregistrator, mikrofon, fleşka götürmüşdür. Avtobus turistlər üçündür. Adıgedən şəxsi tanımır. Polis ona video göstərib. Videoda şəxs maşının içinə girir. Bir az maşının içində fırlanır. Sonra çıxır. Boyu və digər əlamətləri şəxsə uyğun gəlir. Şikayət və tələbi yoxdur, şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə günü işdən gəlirdi, gec idi. Hadisə olan ərazidə o həmişə maşını kameranın altında saxlayırdı, lakin hadisə günü şadlıq sarayında toy olduğundan həmin yerdə yer olmadığı üçün maşınını aparıb qaranlıq yerdə saxlayıb. Səhər işə getmək üçün maşınına minəndə görüb ki, maşından oğurluq ediblər. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, paltar satdığı yerin yaxınlığında yəni Yasamal rayonu Moskva prospekti 52№-li ünvanda yerləşən kafedə oturub yeyib içən vaxt kafeyə tanışı Təqsirləndirilən şəxs gəlmişdir. O, Sənanı 2025-ci ilin may ayından tanıdığını, belə ki, sonuncu tez-tez qeyd edilən kafeyə gəlib getdiyini, Sənan ona yaxınlaşıb əlində olan çantanın içərisində notbuku ona təqdim edərək saxlamasını, səhər gəlib götürəcəyini xahiş etdikdən sonra o, Sənandan həmin notbuku götürmüşdür. Yeyib içəndən sonra içərisində notbuk olan çantanı özü ilə yaşadığı evə aparmışdır. Səhər tezdən ona polis əməkdaşları zəng edərək Sənanın ona saxlaması üçün verdiyi notbukun oğurluq olduğunu, həmin noutbuku Sənan avtomobilin içərisindən oğurladığını və təcili olaraq Yasamal rayon Pİ-nin 29-cu Polis şöbəsinə gəlib notbuku təhvil verməyi xahiş etmişlər. O, da dərhal qeyd edilən şöbəyə gəlib notbuku təhqiqatçıya təhvil vermiş, bu barədə protokol tərtib olunmuş və o, həmin protokola imza etmişdir. İş materiallarında olan "xxxx" MMC-dən alınmış xx.xx.2025-ci il tarixli LP-093/2025ci il saylı mütəxəssis rəyindən görünür ki, «Lenovo» markalı notbukun, notbuka aid çantanın, kompüter adapterin, kompüter sıçanın xx.xx.2025-ci il tarixə olan qiyməti 880 manat təşkil edir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-44/2-6587 saylı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanda vətəndaş Zərərçəkmiş şəxs1 Nazar oğluna məxsus “Mersedes” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobildən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş ələ barmaq izləri xx.xx.2025-ci il tarixdə Bakı şəhər BPİ-nin kriminalistik Təhqiqatlar şöbəsinə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl barmaq izləri Bakı şəhər Baş polis İdarəsinin Kriminilastik tədqiqatlar Şöbəsində quraşdırılmış “NEC-İBW” sisteminin məlumat bazasında olan şəxslərin əl-barmaq izləri ilə müqayiəsə edilmişdir. Müqayiəsəli tədqiqat nəticəsində əl-barmaq izlərindən 01 ədədinin (Nizami RPİdən ADİS-nin məlumat bankına daxil olan) xx.xx.1985-ci ildə Göyçay rayonu Potu kəndində anadan olmuş, Təqsirləndirilən şəxs sağ əlinin ovcu 01 dəfə (pəncərənin iç tərəfindən götürülmüş) əksi ilə eynilik təşkil edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin təqsiri, onun istintaq və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin bir-biri ilə uzlaşan, ardıcıl və iş materialları ilə təsdiq olunan ifadələri, habelə hadisə yerindən aşkar edilmiş və təqsirləndirilən şəxsə məxsus olduğu müəyyən edilmiş əl izləri ilə tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqdim olunmuş sübutlar bir-birini tamamlayır, aralarında ziddiyyət yoxdur və cinayət hadisəsinin başvermə mexanizmini dolğun şəkildə təsdiqləyir. Təqsirləndirilən şəxsin müdafiə mövqeyi isə iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni onun Sprinterə girmədiyini, sənədləri məcbur döyüldüyü üçün imzaladığını və polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sənədlər ilə tam təkzib edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı Təqsirləndirilən şəxs müraciəti əsasında əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsində aparılmış araşdırma materialı üzrə cinayət hadisəsi müəyyən olunmadığından iş üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin iş materiallarında olan Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sağ qasıqda, sol saidin önündə köhnə çapıq toxuması aşkar edilmişdir. Həmçinin Xətai Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin müvəqqəti saxlama yerinə qəbul olunmuşdur. Qəbul olunan zaman bədənində heç bir xəsarət aşkar edilməmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər də eyni xarakterli cinayət əməlini törətməsinə görə məhkum olunmasını, lakin bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməsini cinayətin residivi kimi qiymətləndirir. Bu hal təqsirləndirilən şəxsin islah olunmadığını, cinayətkar davranışının davamlı xarakter daşıdığını və cəmiyyət üçün təhlükəliliyinin artdığını göstərir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və cinayətin təkrar törədilməsinə uyğun olmalı, həm islah, həm də yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. İş üzrə materiallarında olan xx.xx.2025-ci il tarixli ərizəyə əsasən, Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş üzrə materiallarında olan xx.xx.2025-ci il tarixli ərizəyə əsasən, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş üzrə materiallarında olan xx.xx.2026-cı il tarixli ərizəyə əsasən, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi törətdiyi əməl üzrə əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 2 gün həbsdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-324/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış “Lenovo” markalı notbuk, notbuka aid çanta, kompüter adapteri, kompüter sıçanının Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərcu, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar