Məhkəmə qərarları › İş №1(004)-513/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-513/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-513/2025 13.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 4 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,573 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:11-də ünvan 2 ünvanda saxlanılaraq üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan kiçik cibindən ağ rəngli sellofana bükülmüş 02 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,263 qram və 0,310 qram təşkil edən ümumilikdə 0,573 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki il olar ki, narkotik maddələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə tarixdə axşam radələrində Yasamal rayonunda olan zaman polis əməkdaşları mobil telefonla çəkiliş edərək ona yaxınlaşıb narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra mobil telefonla çəkiliş davam edərək üzərində qeyri-qanuni nə varsa, təqdim etməsini bildirmişlər. Şalvarın sağ yan cibinin üstündə olan saat cibindən 02 ədəd sellofana bükülmüş narkotik vasitə olan kakosu və digər əşyalarını çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və onlar 02 ədəd bükümü qablaşdırmışlar. Daha sonra çəkiliş dayandırılmış və polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Həmçinin üzərindən aşkar olunan narkotik vasitə heroini xx.xx.2025-ci il tarixdə günorta saatlarında 100 manata Bayıl qəsəbəsindən tanımadığı şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 13 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 27-ci polis şöbəsinə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və onun iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi dair qərar qəbul etmişlər. Yasamal rayon ərazisin də Təqsirləndirilən şəxs saxlayaraq üstünü yoxlayacaqlarını bildirmişlər. Yaxalanmış Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, əynində olan mavi rəngli cins şalvarın sağ cibinin üzərində yerləşən balaca saat cibindən iki ədəd ağ sellofanda saxladığı 02 ədəd bükülünü təqdim edərək həmin kütlənin narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Üzərindən çıxan narkotik vasitələri tanımadığı şəxsdən xx.xx.2025-ci il tarixdə səhər saatlarında əldə etdiyini qeyd etmişdir. Həmçinin əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Redmi 10” markalı mobil telefon və bank kartları, sol əlində saxladığı açar toplusu, arxa sağ cibindən 01 ədəd siqaret qabı, sağ cibinin üzərindəki saat cibliyindən isə 1 ədəd astma xəstələrinin nəfəs ala bilməsi üçün istifadə edilən aparatı təqdim etmişdir. Bundan sonra aşkar edilmiş bükümlər bir ədəd zərfə qoyulmaqla qablaşdırılaraq, ağzı möhürlənməklə üzəri imzalarla təsdiq edilmiş və bank kartları, açar toplusu, siqaret qutusu, astma xəstələrinin nəfəs ala bilməsi üçün istifadə olunan aparat və bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra həmin şəxslə bağlı qanuni tədbir görülməsi üçün Təqsirləndirilən şəxs onlar tərəfindən Yasamal RPİ-nin 27-ci PŞ-yə gətirilmişdir. Bundan sonra həmin şəxs və həmin şəxsdən götürülmüş əşyaların qablaşdırıldığı 01 ədəd zərf həmçinin 01 ədəd DVD disk Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı Mahir Məhərrəmova təqdim edilmişdir. Təhqiqatçı tərəfindən təqdim olunan 01 ədəd ağ rəngli zərfə və DVD diksə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs, onun, Şahid3 və Şahid1 adları və imzaları olan zərfə zərf açılmamaq şərti ilə baxış keçirilmiş, zərfin üzərində olan imzaları iştirakçılar təsdiq etmişdirlər. Daha sonra 01 ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid1 məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PŞnin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 86.8 və 445-ci maddələrini rəhbər tutaraq tərtib etmişdir həmin protokolu ondan ötrü ki, daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş “əməliyyat-axtarış tərtibinin keçirilməsi haqqında” qərara müvafiq olaraq 1. Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 2. Hazırda videoçəkiliş aparan Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə ə/m polis leytenantı Şahid2, Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin (və ya psixotrop maddələrin) qanunsuz dövriyyəsində şübhəli olan, 3. Saxlanılan şəxslər Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:11-də Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev prospekti 1054 ünvanında yaxalanmışdır. Yaxalanmış xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaxalanmasınm səbəbləri barədə məlumat verilməklə, ona tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçinin olmadığını (və ya olduğunu), həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini (və ya etdiyini) bildirmişdir. Yaxalanmış Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olundu və vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, əynində olan mavi rəngli cins şalvarın sağ cibinin üzərində yerləşən balaca saat cibindən iki ədəd ağ sellofanında saxladığı 02 ədəd bükülünü təqdim edərək, həmin kütlənin narkotik vasitə (və ya psixotrop maddə) olan “heroin” olduğunu bildirmiş, üzərindən çıxan narkotik vasitələrini tanımadığı şəxsdən xx.xx.2025-ci il tarixdə səhər saatlarında əldə etdiyini bildirmişdir. Həmçinin əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Redmi 10” markalı mobil telefon və bank kartları, sol əlində saxladığı açar topası, arxa sağ cibindən 01 ədəd siqaret qabı, sağ cibinin üzərində saat cibliyindən 01 ədəd astma üçün aparat çıxarıb təqdim etmişdir. Bundan sonra aşkar edilmiş bükümlər bir ədəd zərfə qoyulmaqla qablaşdırılaraq, ağzı möhürlənməklə, üzəri imzalarla təsdiq edildi və bank kartları, açar topası, siqaret qutusu, astma aparatı, bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından şübhəli şəxs Yasamal RPİ-nin 27-ci PŞ-yə gətirildi və orada xidməti otaqların birində protokol tərtib olundu. Protokol ucadan oxundu, iştirakçılar tərəfindən əlavə və qeydlər daxil olmadı (i.v. 11-13). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Məhərrəmov Mahir oğlu Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən 1. Yasamal RPİ-nin 27-ci Pş-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, 2. Yasamal RPİ-nin 27-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid3, 3. Yasamal RPİnin 27-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 4. şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal RPİ-nin 27-ci PŞ-nə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Yasamal rayonu ərazisində daşınması ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 13 iyun 2025-ci il tarixdə, saat 23:11 dəqiqədə Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 1054 ünvanının qarşısında olan zaman saxlanılaraq əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinin üstündə olan saat cibindən 02 bükümdə narkotik vasitə olan kakosa bənzər kütlə aşkar edilərək 01 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və DVD diskə baxış keçirilmiş, üzərində Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 və Şahid2 adları və imzaları olan zərfə zərf açılmamaq şərti ilə baxış keçirilmiş, zərfin üzərində olan imzaları iştirakçılar təsdiq etdilər. Daha sonra 1 (bir) ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirildi. DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı «Samsung» markalı videokamera vasitəsi ilə Daxili İşlər Nazirliyinin Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 oğlu tərəfindən video çəkiliş aparıldı (i.v. 18-19). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 iyun 2025-ci il tarixli, 6/2199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №168”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram və 0,310 qram, ümumi təmiz çəkisi 0,573 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 45-49). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal Rayon RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 icraatında Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında, 307 nömrəli xidməti otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Yasamal RPl-nin 27-ci PŞ-dən daxil olmuş, DVD-R formatındakı disk məlumatlarına baxış keçirmiş, baxış zamanı DVD-R diskdə olan məlumatlara “HP” markalı kompyuterdən istifadə edilərək baxılacaqdır. Baxış zamanı məlum olmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 13 iyun 2025-ci il tarixdə qeydə alınmışdır. Qaranlıqda telefon işığı ilə çəkiliş aparılan yer Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 1054 ünvanıdır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 yanında dayanmış şəxslər Yasamal RPl-nin 27-ci PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid3, Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və polis əməkdaşları tərəfindən saxlanmış Təqsirləndirilən şəxsdur. Çəkilişin davamında əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman həmin şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibinin üzərində olan saat cibliyindən sellofana bükülmüş 02 ədəd bükülünü təqdim edir. Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Təqsirləndirilən şəxs bükümlərdə olan maddəni kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, bu maddəni 13 iyun 2025-ci il tarixdə səhər saatlarında Bayıl qəsəbəsi ərazisindən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 100 manata aldığını, sonradan istifadə etmək üçün üzərində saxlayaraq daşıdığını bildirir. Vətəndaş Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni boş zərf götürülərək, zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq qablaşdırılır, DİN-in müvafiq nömrəli möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanır. Daha sonra əynində olan paltarlara baxış keçirilir və hər hansı qeyriqanuni əşya aşkar olunmur (i.v. 98). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 28 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal Rayon RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 icraatında Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında 307 nömrəli xidməti otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Yasamal RPİ-nin 27-ci PŞ-dən daxil olmuş, DVD-R formatındakı disk məlumatlarına baxış keçirmiş, baxış zamanı DVD-R diskdə olan məlumatlara “HP” markalı kompyuterdən istifadə edilərək baxılacaqdır. Baxış zamanı məlum olmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 14 iyun 2025-ci il tarixdə qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı Mahir Məhərrəmovun xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 yanında dayanmış şəxslər Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid3, Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və polis əməkdaşları tərəfindən saxlanmış Təqsirləndirilən şəxsdur. Çəkilişin davamında təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış zərfə açmadan baxış keçirir və daha sonra 01 ədəd DVD diskdəki görüntülərə baxır. Bundan sonra zərfi ekspertizaya göndərilməsi üçün özündə saxlayır. Protokol bütün iştirakçılar tərəfindən imzalanır (i.v. 102). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 avqust 2025-ci il tarixli, 5000 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 104-105). “Mobil telefona baxış keçirilməsi haqqında” 16 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Mahmud Sarıvəlli, Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi 10” markalı mobil telefona baxış keçirmiş, mobil telefona baxış keçirildikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə sübut əhəmiyyətli hər hansı bir material aşkar edilməmişdir (i.v. 107). “Sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və Təqsirləndirilən şəxs həmin hissədə təqsirsizliyini təsdiq edən sənədlərin surətinin çıxarılaraq ibtidai araşadırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd bükümdəki maddə, təmiz çəkisi 0,573 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,473 qram qalığı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri Yasamal RPl-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən 0,573 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktını özündə əks etdirən 02 ədəd DVD diskin sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin mənbəyinin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən material ayrılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Yasamal RPİ-nin 27-ci PŞ-yə göndərilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə heroini təqdim etməsinin könüllü təqdim etmə kimi qəbul edilməməsi, iş üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokol, şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 02 ədəd disk və digər istintaq sənədlərinin iş üzrə sübut növü kimi qəbul olunmaqla ********* nömrəli cinayət işinə əlavə edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 110-118). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması barədə” 14 iyun 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə saat 23:11 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v. 33). “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 14 iyun 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində toplanmış materialın istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İş-nə göndərilməsi qərara alınmışdır (i.v. 53). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 14 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır (i.v. 57). “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə” 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə şübhəli şəxs: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, ali təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş Təqsirləndirilən şəxs həbsdə saxlanılmaqdan azad edilməsi və saxlanıldığı Yasamal RPİ-nin MSY-dən buraxılması qərara alınmışdır (i.v. 60-61). “Şübhəli şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, ali təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 63-64). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 67-68). “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq Mahmud Sarıvəllinin 16 iyun 2025-ci il tarixli vəsatətinin müdafiəsindən imtina edilməsi qərara alınmışdır (i.v. 84-86). “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, ali təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 87-88). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 103). Təqsirləndirilən şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Mahmud Sarıvəllinin xidməti otağında ona məxsus götürülmüş 01 ədəd “Redmi 10” markalı mobil telefonu işlək vəziyyətdə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Mahmud Sarıvəllidən əlbəəl təhvil almışdır (i.v. 108). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə üzərindən aşkar edilmiş 0,573 qram narkotik vasitə olan heroini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etmiş, onu yalnız şəxsi istifadəsi üçün saxlamışdır. Miqdar baxımından bu maddə qanunla müəyyən edilmiş “xeyli miqdar”a aid edilsə də, konkret halda onun həcmi ağır ictimai təhlükə törədəcək səviyyədə olmamış, yayılma və satış məqsədinə xidmət etməmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər məhkum olunmamasını, sabit yaşayış şəraitinə malik olmasını, ailə və sosial vəziyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyət üçün yüksək təhlükə törətmədiyi, islah olunması və gələcəkdə analoji əməllərdən çəkinməsi üçün azadlıqdan məhrum edilməsinə ehtiyac yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi həm törədilmiş əmələ adekvatdır, həm cəzanın məqsədlərinə cavab verir, həm də ədalətlilik və humanizm prinsiplərinə uyğundur. Bu cəza növü onun davranışına hüquqi qiymət verilməsini təmin etməklə yanaşı, islah olunmasına və gələcəkdə cinayətdən çəkindirilməsinə kifayət qədər təsir göstərəcəkdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalı (CM-93.1.2),, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroinin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdən 15 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş narkotik vasitə olan 0,473 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “4 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar