Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-514/2022 17.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X2, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X11 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, o ailədə ənənələrə uyğun milli ruhda tərbiyə almışdır. Voleybol idman növü üzrə Azərbaycan yığma komandasının üzvü olmuşdur həmişə idmanda əldə etdiyim müvəffəqiyyətlərlə daima Azərbaycan bayrağını yüksəklərə qaldırmışdır. X1 ilə uşaqlıqdan bir məhəllədə böyümüş, ailəvi yaxın olmuşlar. Zeynalov Saməddin özü də idmançıdır, eyni idman klubunda uzun illər birgə məşq keçmişlər. Barəsində şikayət etdiyi X9 X7in həyat yoldaşıdır. Onlar ailəlikcə birbirinin xeyir-şər işlərində iştirak etmişlər. Həsənova Səbinə ailə qurduqdan sonra faktiki olaraq onun həyatına “qəsd” edir, mütəmadi olaraq onu alçaldır, barəsində təhqiredici sözlər yayır və əsassız olaraq böhtanlar atır. xx.xx.2022-ci il tarixində Həsənova Səbinə bütün mənəvi, əxlaqi hədləri və cinayət qanunvericiliyinin tələblərini aşaraq barəsində təhqiredici, insanın şərəf və ləyaqətini alçaldan böhtan xarakterli materiallar tərtib edərək bir sıra sosial şəbəkərdə və xəbər saytlarında yaymışdır. Bununla da onu faktiki olaraq rüsvay etmişdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqı prinsiplər, xidmət və icmtimai fəaliyyətlə bağlı cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. X10 onun barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymaqla cinayət əməlini başa çatdırmışdır. Həsənova Səbinə yetkinlik yaşına çatmış sağlam bir insandır və bu hərəkətləri bir başa qəsdlə törətmişdir. Həmin hərəkətləri törətməklə onu təhqir etmişdir. İşin faktiki halları və hazırki şikayətinə əlavə etdiyi sübutlar X4 yuxarıda göstərilən cinayət əməlini törətməsini sübuta yetirir. X4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrinin tərkibi olması ilə əlaqədar ifşa edərək cinayət məsuliyyətinə cəlb edib cəzalandırılmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X11 şikayətin icraata qəbul edilməsini, X4 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayət vermiş şəxs X8 məşğuliyyət növü və vəzifəsi, törədilməsi ehtimal olunan cinayətin harada və nə vaxt baş verməsi göstərilməmişdir. Həmçinin şikayət verildiyi tarix və yer qeyd edilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X6 göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X6 göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-514/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-514/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver