Məhkəmə qərarları › İş №1(004)-514/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-514/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-514/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, taksi fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Belə ki, o, 15 mart 2024-cü il tarixdə saat 13 radələrində ünvan 2 ünvanda yerləşən plastik qapı-pəncərə sexinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında olan sözlə mübahisə zamanı sonuncunun onun arvadı Şahid1 ilə telefonda danışan zaman təhqir etməsini bəhanə edərək, uca səslə onun ünvanına nalayiq ifadələr işlədib ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafda olan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan həmin ünvanda üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi istintaqa məlum olmayan kəsici-deşici əşyanın küt hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə vuraraq ona başın təpə-ənsə nahiyəsinin əzilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaqla, bundan sonra, hərəkətlərini davam etdirərək, həmin küçədə 94A ünvanında yerləşən “ZZ Bərbər Studio” adlı bərbərxananın içərisində yumruq, sillə və əl zərbələri ilə Zərərçəkmiş şəxsyin sifət nahiyəsinə bir neçə dəfə vuraraq ona üst dodağın şişkinliyi, içəri səthinin qançırı və səthi əzilmiş yarası, sol qulaq seyvanının sıyrığı ilə nəticələnən həm ayrı-ayrılıqda, həm də, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşayır. 2001-ci il tarixdə Şahid1 ilə rəsmi nikahla ailə həyatı qurmuş, 30 aprel 2015-ci il tarixdə həmin nikahdan qız övladı dünyaya gəlmişdir. O, Şahid1 ilə ailə həyatı quranda onun Rəsul və Hüseyn adlı övladları olmuşdur. Hazırda Hüseynin 18 yaşı vardır. Sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs aralarında baş verən məlum mübahisədən əvvəl tanımamış, onunla heç bir münasibəti olmamışdır. 2023-cü ilin yazyay aylarında təxminən 4 ay müddətində Rusiya Federasiyasının Moskva şəhərində olmuş, orada işləmiş, hazırda taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin yay aylarında Rusiya Federasiyasının Moskva şəhərində olan zaman arvadı Şahid1 ünvan 3 ünvanında yerləşən plastik qapı-pəncərə sexini işlədən Zərərçəkmiş şəxs plastik qapı və pəncərə sifariş vermiş, Zərərçəkmiş şəxs də Asif adlı usta göndərmiş, arvadı Sona da Asif adlı şəxsə iş gördürmüş, ona müəyyən məbləğdə usta pulu vermiş, lakin Asif adlı şəxs işi yarımçıq gördüyü üçün arvadı Sona Zərərçəkmiş şəxs zəng edərək ona iradlarını bildirmiş, pulu geri qaytarmalarını tələb etmiş, Elnar da Asifin özü ilə danışmasını bildirmiş, Sona da Elnara Asifi onun göndərdiyini, pulu da o, qaytarmalı olduğunu bildirmiş, nəticədə Elnar və Asif pulu qaytarmadıqları üçün arvadı Sona ilə Elnar arasında telefon danışığı zamanı sözlə mübahisə baş vermiş, mübahisə zamanı Elnar Sonanı həm şifahi olaraq, həm də mesajla təhqir etmiş, bundan sonra oğulluğu Hüseyn Elnarla danışarkən onların arasında olan sözlə mübahisə zamanı Elnar Hüseyni də təhqir etmişdir. O, Elnarın arvadı Sona, oğulluğu Hüseyni təhqir etməsini 2024-cü ilin mart ayının ortalarında bilmişdir. 2024-cü ilin mart ayının ortalarında oğulluğu Hüseyn ona zəng edərək bu barədə məlumat vermiş, Zərərçəkmiş şəxs təhqir etdiyini Sona ona bildirmiş, o, da Elnarın mobil telefon nömrəsini öyrənərək ona zəng edib özünü təqdim etməklə görüşmək istədiyini bildirmişdir. Elnar onunla çox aqressiv danışmış, ondan onunla həmin formada danışmamasını deyərək, hansı səbəbdən ailə üzvlərini söydüyünü soruşduqda, Elnar da işlərinin olduğunu, onunla danışmağa vaxtı olmadığını deyib, əcəb edib söydüyünü bildirmiş, onun bu sözləri ona pis təsir etmiş, onunla görüşmək istədiyini bildirmiş, Elnar 1-2 gün ərzində müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. Onun fəaliyyət göstərdiyi qapıpəncərə sexinin yerini tanıyırmış, nəticədə, 15 mart 2024-cü il tarixdə 13 radələrində Zərərçəkmiş şəxsyinin işlətdiyi plastik qapı-pəncərə sexinin qarşısından keçərkən orada duran şəxslərdən birindən sexin üstündəki mobil nömrənin kimə məxsus olduğunu soruşduqda, həmin şəxs nömrənin ona məxsus olduğunu, adının da Elnar olduğunu bildirmiş, ona yaxınlaşaraq özünü təqdim edib onunla danışan Sonanın əri Rahib olduğunu bildirmiş, ona bir daha səhv edib qadını təhqir etdiyini bildirmiş, Elnara Sonanı təhqir etdiyinə görə ondan ən azından qadın olduğuna görə üzr istəməli olmasını bildirmiş, o, isə üzr istəməyəcəyini deyərək, yaxşı edib təhqir etdiyini bir daha bildirmiş, ona əl-qol atmağa başlamışdır. O, Elnara ağıllı olmasını, belə hərəkətlər etməməsini bildirəndə, Elnar ona təpik atmış, onun təpiyi onun sağ əlinə dəymiş, bu zaman o, Elnarı itələyəndə Elnar onun nəslinin ünvanına təhqiramiz sözlər işlətmiş, o, da əsəblərini cilovlaya bilməmiş, əli ilə sillə ilə bir dəfə sifət nahiyəsindən vurmaqla sinəsindən itələmiş, oradan çıxıb getmiş, bundan sonra, Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsinə dəvət olunduqda Zərərçəkmiş şəxs onun barəsində şikayət etdiyini bilmişdir. Zərərçəkmiş şəxs vurduğu üçün təqsirli bilsə də, xuliqanlıq etmədiyi üçün özünü Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu, Hacıhətəmli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində ünvanını bilmədiyi fərdi yaşayış evində kirayədə yaşayır. 2021-ci il tarixdən hazırkı dövrə qədər ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək, orada plastik qapı-pəncərə sexi işlədir. Sonradan şəxsiyyətləri ona məlum olan Şahid1 2023-cü ilin yay aylarında, Təqsirləndirilən şəxs isə 2024-cü ilin mart ayında tanımış, onlarla əvvəllər aralarında heç bir münasibət, eləcə də, ədavət və ya narazılıqları olmamış, qohumluq əlaqələri də yoxdur. 2023-cü ilin yay aylarında Şahid1 işlətdiyi plastik qapı-pəncərə sexinə yaxınlaşaraq qapı, pəncərə sifariş etmiş, həmçinin, Şahid1 ondan evində təmir işləri etdirmək, qapı, pəncərənin yerlərini düzəltdirmək üçün usta təklif etməyini xahiş etmişdir. O, da ona tanıdığı Asif adlı şəxsin usta kimi işlədiyini, lakin onun gördüyü işə bələd olmadığını, yaxşı və ya pis iş görüb-görmədiyini bilmədiyini deyərək, Asif adlı şəxsin mobil telefon nömrəsini ona vermiş, özü ilə danışıb razılaşmalarını bildirmiş, Sona da onunla razılaşmış, bundan sonra, Sona ona 450 manat dəyərində dəmir qapı sifariş vermiş, o, qapını düzəltmiş, bir müddətdən sonra qapı hazır olduqdan sonra Sona ona iki ay ərzində 450 manatı tam ödəmişdir. Təxminən 1 ay sonra Sona ona zəng edərək Asif adlı şəxsin onun evində gördüyü işlərdən narazı qaldığını, ona əlavə olaraq 60 manat pul verdiyini bildirərək, Asif adlı şəxslə əlaqə saxlayaraq pulunu qaytarmağına köməklik etməli olduğunu demiş, o, da Sonaya Asif adlı şəxslə özünün danışıb razılaşdığını, ona nə qədər pul verdiyini bilmədiyini demiş, hər bir halda o, bundan sonra Asif adlı şəxsi gördükdə ona Sona adlı şəxsin 60 manat pulunu geri istədiyini dedikdə, Asif adlı usta paltarlarının, təmir əşyalarının Sonanın evində qaldığını, Sonanın həmin əşyaları verəcəyi təqdirdə ona 60 manatı qaytaracağını bildirmişdir. Bundan sonra Sona ona zəng etdiyi zaman ona bu barədə Asifə dediyini, Asiflə əlaqə saxlamasını bildirmiş, bundan sonra, Sona ona dəfələrlə zəng edirmiş, o isə narahat olurmuş, ona bildiyinə görə Asif adlı şəxsin artıq xarici ölkəyə işləmək üçün getdiyini bildirmiş, çünki o, maraqlandıqda Asif adlı şəxsin ölkədə olmadığını, xarici ölkəyə işləmək üçün getdiyini eşitmişdir. Bundan sonra, Sona yenə dəfələrlə ona zəng edərək Asif adlı şəxsin ünvanına təhqiramiz sözlər deyərək pulunu qaytarmasını ondan tələb edirmiş. O isə ona daha ona zəng etməməsini bildirmiş, Sona artıq telefon zəngi zamanı onu da təhqir edirmiş, qadın olduğuna görə səbr edirmiş, ona fikir vermirmiş. 13 mart 2024-cü il tarixdə Şahid1 ona zəng edərək pulunu tələb etdiyi zaman ona pulu Asif adlı şəxsə verdiyini, ondan tələb etməli olduğunu bildirdikdə, Sona onu yenə də nalayiq sözlərlə təhqir etmiş, əsəbi olduğu üçün onun söyüşlərinə söyüşlə cavab verməklə, hətta təhqiramiz mesaj yazmaqla telefonu söndürmüşdür. Bundan sonra, ona bir nəfər şəxs zəng edərək ilk növbədə Sona ilə münasibətinin olduğunu demiş, sonra da özünü Sonanın oğlu kimi təqdim etmiş, onunla görüşmək istədiyini bildirib onu görüşə dəvət etmişdir. O, onun söyüşlərinə söyüşlə cavab verərək telefonu söndürmüş, bundan sonra da, istifadə etdiyi mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən bir nəfər şəxs zəng edərək adının Rahib olduğunu deyib, Sonanın əri olduğunu, onunla görüşmək istədiyini bildirmişdir. O, da ona hansı məqsədlə ona zəng etdiyini soruşduqda, Rahib Sonanı təhqir etdiyi üçün onunla görüşmək istədiyini qeyd etmişdir. Rahib adlı şəxsə Sonanın onun heç bir günahı olmadığı təqdirdə onu təhqir etdiyi üçün əsəbiləşib onu təhqir etdiyini bildirərək, hər bir halda üzrxahlıq etmiş, lakin Rahib onunla görüşməyi tələb edərək onu nalayiq ifadələrlə təhqir edirmiş, o, isə hər hansı bir mübahisə, dava-dalaşın baş verməsindən ehtiyat etdiyi üçün Rahiblə görüşməkdən yayınırmış. 15 mart 2024-cü il tarixdə saat 13 radələrində o, ünvan 5 ünvanında yerləşən işlətdiyi plastik qapı-pəncərə sexinin qarşısında olan zaman bir nəfər şəxs ona yaxınlaşaraq sexin qarşısıda yazılmış mobil nömrənin kimə məxsus olduğunu soruşduqda, nömrənin ona məxsus olduğunu demiş, həmin şəxs adının Elnar olub-olmadığını soruşduqda isə adının Elnar olduğunu bildirmişdir. Bundan sonra, həmin şəxs onunla danışanın Rahib olduğunu deyərək niyə həyat yoldaşının telefonuna təhqiramiz mesaj yazması və təhqir etməsinə görə aralarında mübahisə yaranmış, bir-biri ilə sözlə əllə mübahisə etmişdir. Rahib onu vurduqdan sonra isə olanları xatırlamadığını bildirmişdir. Sonradan orada yerləşən “ZZ Bərbər Studio” adlı bərbərxanaya başını yumaq üçün daxil olmuş, həmçinin, xəsarət aldığına görə Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsinə gedərək Rahib barəsində ərizə ilə müraciət etmişdir. Mübahisə qısa müddət ərzinə baş vermişdir, mübahisəni heç kim görməmişdir, o, Rahibin əlində nəsə olduğunu görsə də nə olduğunu bilmir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri, ünvan 6 ünvanda yaşayır. “Metafor” reablitasiya mərkəzində psixopedaqoq işləyir. Təqsirləndirilən şəxs əridir. 2001-ci il tarixdə onunla rəsmi nikahla ailə həyatı qurmuş, 30 aprel 2015-ci il tarixdə həmin nikahdan qız övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxslə ailə həyatı quranda onun Rəsul və Hüseyn adlı övladları olmuşdur. Hazırda oğlu Hüseynin 18 yaşı vardır. Sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs 2023-cü ilin yay aylarından tanıyır. Həmin dövrdən əvvəlki dövrlərdə Zərərçəkmiş şəxs əvvəl tanımamış, onunla heç bir münasibəti olmamışdır. 2023-cü ilin yay aylarında əri Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində olan zaman o, valideynlərinə məxsus evdə müəyyən təmir işləri aparırmış, ünvan 3 ünvanında yerləşən plastik qapı-pəncərə sexini işlədən Zərərçəkmiş şəxs plastik qapı, pəncərə sifariş vermiş, Zərərçəkmiş şəxs də Asif adlı usta göndərmişdir. Asif pəncərənin, qapının yerini açmış, Elnar da qapı, pəncərəni gətirərək yerinə qoymuş, onların gördüyü işlə tanış olduqdan sonra bərbad vəziyyətdə iş gördüklərini müəyyən etmiş, Elnara ya işlərini tam görüb qutarmalarını, ya da ki, pulunu geri qaytarmalarını bildirmişdir. Elnar isə Asif adlı şəxsin artıq hazırda xarici ölkədə olduğunu, ya gəlib işi sona kimi çatdıracağını, ya da ki, pulu geri qaytaracağını bildirmiş, həmçinin, Asif adlı şəxsə yol pulu kimi 60 manat da pul vermiş, Elnara Asif adlı şəxsdən 60 manatı da alaraq geri qaytarmasını bildirmiş, lakin Elnar nə təmir işini başa çatdırmış, nə də ki, onun pulunu geri qaytarmamışdır. Ona görə də, Elnarla telefon danışığı zamanı aralarında sözlə mübahisə baş vermiş, mübahisə zamanı Elnar onu təhqir etmiş, sonra da təhqiramiz xarakterli mesaj da yazmışdır, ona görə də, bunu bilən oğlu Hüseyn də onunla əlaqə saxlayaraq mübahisə etmiş, bir-birilərini təqhir etmişlər, bundan sonra, Rahibə zəng edərək bu barədə məlumat vermişdir. Rahib də məsələni özünün həll edəcəyini bildirmiş, dəfələrlə Rahib Zərərçəkmiş şəxs zəng edərək onunla görüşmək istədiyini desə də, Elnar ona müxtəlif bəhanələr edərək görüşməkdən yayınmış, 15 mart 2024-cü il tarixdə saat 14 radələrində Rahib ona zəng edərək Zərərçəkmiş şəxsylə onun qapı-pəncərə sexinin qarşısında dalaşdığını, onu vurduğunu, Elnarın da polisə şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanda yaşayır. İşləmir. Rusiya Federasiyasında anadan olsa da, 3 yaşından Bakı şəhərində yaşayır, Bakı şəhərində azərbaycan dili üzrə orta məktəbdə oxumuş, ona görə də, rus dilini bilmir. Şahid1 anasıdır. Anası Sona atası rəhmətə getdikdən sonra 2001-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikahla ailə həyatı qurmuş, onların nikahlarından 2015-ci il tarixdə bacısı dünyaya gəlmişdir. Sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs görməmiş, lakin onunla bir dəfə telefonda danışmışdır. 2023-cü ilin yay aylarında anası Şahid1 Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində olan zaman babasının evində müəyyən təmir işləri aparırmış, ünvan 3 ünvanında yerləşən plastik qapı-pəncərə sexini işlədən Zərərçəkmiş şəxs plastik qapı, pəncərə sifariş vermiş, Zərərçəkmiş şəxs də bir nəfər usta göndərmiş, həmin usta yaxşı iş görmədiyi, anası Sonadan 60 manat pul aldığı üçün anası ondan pulunu geri istəmək üçün Elnara zəng etmiş, pulu istədikdə Elnarla aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Elnarla anası bir-birilərini təhqir etdiyi üçün anası bunu ona demiş, o, Elnarla bir dəfə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, lakin o, onunla görüşməkdən imtina etmiş, anası lnu sakitləşdirmiş, əri Təqsirləndirilən şəxs zəng edərək məlumat vermiş, bundan sonra, Rahib ona dəfələrlə zəng edib anasını nə səbəbə təhqir etdiyini soruşmaqla onunla görüşmək istədiyini bildirmiş, lakin Elnar Rahiblə görüşməkdən yayınırmış, 15 mart 2024cü il tarixdə saat 14 radələrində Rahib evə gəlmiş, Elnarla onun işlətdiyi qapı-pəncərə sexinin qarşısında aralarında mübahisə, dava-dalaş olduğunu bildirmiş, bundan sonra, Elnar onun barəsində şikayət etdiyi üçün Rahibi Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsinə dəvət edib aparmışlar. İş üzrə Şahid2 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Rahiblə Zərərçəkmiş şəxs arasında olan mübahisənin, dava-dalaşın şahidi olmamış, ona görə də, Zərərçəkmiş şəxs həmin xəsarətləri yetirən şəxsin Rahib olduğunu deyə bilməmiş, Rahib də Zərərçəkmiş şəxs xəsarət yetirib-yetirməməsi barədə bir söz deməmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 167A-da qeydiyyatda olmaqla, ünvan 8 ünvanında kirayədə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs yaşadığı binanın yanında plastik qapı-pəncərə sexi işlədir. Elnarı oradan tanıyır. O da namaz qılan şəxsdir. Təqsirləndirilən şəxs da hərdənbir yaşadığı binanın qarşısında görürdü. Adları qeyd olunan şəxslərin heç biri ilə əvvəllər ədavəti, narazılığı, düşmənçiliyi olmamışdır. Qohumluq əlaqəsi də yoxdur. 15 mart 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı binanın qarşısında olmuş, bu zaman səs-küy eşitmiş, ətrafda olan şəxslərin də narahat olduqlarını görmüş, nəzər saldıqda Zərərçəkmiş şəxs işlətdiyi plastik qapı-pəncərə sexinin qarşısında Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini, bir-birilərini təhqir etdiklərini görmüş, onların yanına çatanda Təqsirləndirilən şəxs əlində olan cib bıçağının dəstəyi ilə Zərərçəkmiş şəxs başının arxa hissəsinə bir neçə dəfə vurduğunu görmüş, onlara yaxınlaşıb Rahibə iradlarını bildirərək, bıçağı cibinə qoymasını, ətrafda camaatın olduğunu, etdiyi hərəkətin ayıb olduğunu, ətrafdakı şəxslərin narahatçılığına səbəb olduğunu bildirmiş, ətrafda olan tanımadığı şəxslər baş vermiş mübahisə, dava-dalaşı görüb narahat olsalar da, qorxu keçirdərək onlara yaxınlaşmamışlar, çünki Rahibin əlindəki bıçağa görə çox adam ürəklənib Rahibi kənara çəkə bilmirmiş, o, Rahibi kənara çəkmiş, ona iradlarını bildirərək bıçağı cibinə qoymasını tələb etmiş, Rahib bıçağı şalvarının cibinə qoysa da onlar arasında olan mübahisənin dayanmamasını, Rahibin Zərərçəkmiş şəxs üzərinə hücum çəkmək kimi niyyətinin olmasını görərək, bunu özünə qarşı hörmətsizlik bilmiş, sözünə qulaq asmadığı üçün oradan uzaqlaşıb evinə qalxmış, bundan sonra, onlara arasında nə baş veribsə, məlumatı olmamış. Rahibin bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs başına zərbələr vurması nəticəsində Elnarın başının arxası qanamış, evə qalxan zaman Elnar başından aldığı xəsarətini ona göstərmiş, ona gedib xəstəxanada müayinə olunmasını bildirmişdir. İş üzrə Şahid5 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan mübahisə, dava-dalaş 5-10 dəqiqə ərzində davam etmiş, onlar bir-birilərinə söyüş söyürmüşlər, ətrafda tanımadığı 10- 15 nəfər şəxs olmuş, Rahibin bıçaqla Elnara xəsarət yetirməsi ətrafdakı şəxslərin narahatçılıqlarına səbəb olsa da, onlar qorxu keçirdiklərindən Rahibə Elnara yaxınlaşa bilməmişlər, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında “ZZ bərbər studio” adlı bərbərxananın içərisində olan dava-dalaşın şahidi olmamış, Rahibə bıçağı şalvarının cibinə qoymasını, ətrafdakı şəxslərin narahatçılığına səbəb olduğunu bildirəndə o, bıçağı şalvarının cibinə qoysa da, onlar arasında olan mübahisənin dayanmamasını, Rahibin Zərərçəkmiş şəxs üzərinə hücum çəkmək kimi niyyətinin olmasını görərək, bunu özünə qarşı hörmətsizlik bilmiş, sözünə qulaq asmadığı üçün oradan uzaqlaşıb evinə qalxmış, bundan sonra, onlara arasında nə baş veribdiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid X1 elan olunmuş ifadəsindən görünür ki, ünvan 9 ünvanda yaşayır. 2016-cı ildən ünvan 10 yerləşən «ZZ Bərbər Studio» adlı bərbərxanada bərbər işləyir. İşlədiyi bərbərxanada 3 nəfər bərbər işləyir. İşlədiyikləri bərbərxananın qonşuluğundakı binanın zirzəmisində qapı-pəncərə sexində işləyən Elnar adlı şəxsi tanıyır. Elnar bir neçə dəfə bəbərxanaya gəlib onun üzünü-başını qırxmış, onunla yaxın münasibətim olmamışdır. Alman dilini öyrənmək üçün «28 May» metrosunun yaxınlığında yerləşən kursa gedib-gəlir, həftənin 2-ci və 4-cü günlərində kursa gedir. Həmçinin evdə də hazırlaşır. Ona görə də işə günorta radalərində, yəni saat 13 radələrindən sonra gəlir. İş üzrə şahid X2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rahib adlı şəxsi tanımır, Elnarın dediklərinin şahidi olmamış, həmin vaxt işdə olmamış, lakin işə gələndən sonra həmin hadisəni danışan insanlardan eşitmiş, həmin hadisə zamanı bərbərxanada kimlərin olmasından məlumatı olmamış, bəlkə də Elnar mübahisə zamanı bərbərxanaya qaçıb girməyib, ola bilsin ki, yalan deyir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, X2 ilə oxşar ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, Rahib adlı şəxsi tanımır, Elnarın dediklərinin şahidi olmamış, həmin vaxt işdə olmuş, lakin küçədə səs-küy olduğunu eşitmiş, həmin vaxt azyaşlı uşağın saçını kəsirmiş, ona görə də uşaq ağlayırmış, onun saçını tez düzəltməyə çalışırmış, eyni zamanda Elnar yalan deyir, həmin vaxt onların işlədikləri bərbərxanaya girməmiş, müştərini yola salandan sonra küçəyə çıxmış, Elnarla kiminsə dalaşdığını eşitmiş, lakin Elnarı görməmiş, həmin vaxt bərbərxanada müştəri azyaşlı oğlan uşağı, onun anası olmuş, o, isə isə tək olmuş, iş yoldaşları həmin vaxt işdə olmamış, Rahibi əvvəllər tanımamış, lakin həmin hadisədən sonra Rahib bərbərxanaya gəlib ona, digər iş yoldaşlarına saçını düzəltdirmiş, həmin vaxt Elnarla mübahisə edən həmin şəxsin olduğunu bilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin 15 mart 2024-cü il tarixli 296 nömrəli ekspert rəyində göstərilmişdir ki,

1. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - başın təpə-ənsə nahiyəsinin əzilmiş yaraları, üst dodağın şişkinliyi, içəri səthinin qançırı və səthi əzilmiş yarası, sol qulaq seyvanının sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.

2. Yuxarıda qeyd olunan xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi nəticəsində törənməsi inkar olunur. ( i.v. 18-21) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin 21 iyun 2024-cü il tarixli 29/296 nömrəli əlavə ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - başın təpə-ənsə nahiyəsinin əzilmiş yaraları, üst dodağın şişkinliyi, içəri səthinin qançırı və səthi əzilmiş yarası, sol qulaq seyvanının sıyrığı, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 15.03. 2024-cü il tarixdə əmələ gələ bilərdi, bu xəsarətlərdən başın təpə-ənsə nahiyəsinin əzilmiş yaraları kənar şəxs tərəfindən bir neçə dəfə qatlanan cib bıçağının dəstəyi ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, üst dodağın şişkinliyi, içəri səthinin qançırı və səthi əzilmiş yarası, sol qulaq seyvanının sıyrığı kənar şəxs tərəfindən yumruq, sillə və əl zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (i.v. 139-143) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X5 Şəxsin 08 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xəstəxanada müalicədə olmadığı göstərilmişdir. (i.v. 59) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 1997-ci il tarixdə Naxçıvan Qarnizonu Hərbi Tribunalının hökmü ilə Azərbaycan Respublikası CM-in 241-ci maddəsi ilə (köhnə redaksiya) təqsirli bilinərək, barəsində seçilmiş 4 il azadlıqdan məhrum etmə cəzası hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmış və döyüşən orduya göndərilmiş, 20 sentyabr 2001-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 130.1 və 334.1-ci maddələri ilə təqsirli bilinərək, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67-ci maddəsinə əsasən, Naxçıvan Hərbi Məhkəməsinin 28 iyul 1997-ci il tarixli hökmü ilə CM-in 42-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 4 il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə qismən birləşdirilərək, üzərində qəti olaraq 5 il azadlıqdan məhrum etmə saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq şərti sınaq müddəti 3 il təyin olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli amnistiya qərarının 3.4-cü bəndinə əsasən, azad olunmuşdur. (i.v. 45-47) Bundan başqa, Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 17 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış, 05 mart 2022-ci il tarixdə cəzanın müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 123-134) 19 iyul 2024-cü il tarixdə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 145-146) 22 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 113-114) 19 iyul 2024-cü il tarixli “seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (i.v. 162-163) Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməməsi kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, təqsirləndirilən şəxs həyat yoldaşını telefonda təhqir etməsi səbəbindən zərərçəkmiş şəxslə əvvəl mübahisə etmiş, sonradan təsadüfən görüşərkən aralarında qarşılıqlı münaqişə baş vermişdir. Nəticədə zərərçəkmiş şəxsin işlədiyi sexin qarşısında baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Göstərilən hallarla əlaqədar tərəflər arasında mübahisəli vəziyyət həmin vaxt hadisələrin təsadüfi axını nəticəsində yaranmış və münaqişəyə çevrilmişdir. Beləliklə faktiki olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə Şahid1 telefonda sonuncu tərəfindən nalayiq ifadələr işlətməsi və mesaj yazmasına irad bildirən Təqsirləndirilən şəxslə aralarında baş vermiş mübahisə ilə bağlı yaranmış şəxsi münasibətlər zəminində baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı, həm də səbəbsiz olmamış, konkret səbəbdən – Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid1 dediyi və yazdığı nalayiq ifadələrlə bağlı üzrxahlıq etməkdən imtina etməsi ilə əlaqədar olaraq aralarında davam edən münaqişəli münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qisas motivindən və anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirməsi təqsirləndirilən şəxsin həyat yoldaşına nalayiq ifadələr işlətməsi ilə əlaqədar olaraq aralarındakı şəxsi münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz. Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128ci maddəsi ilə də tövsif olunmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz hadisəni Təqsirləndirilən şəxs silah qismində bıçaqdan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə əllə və silah qismində istifadə etdiyi bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirməklə törədilməsi olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda zərərçəkmiş şəxsə silah qismində istifadə etdiyi bıçaqla vurmaqla ictimai qaydanı pozması qeyd olunduğu halda, ittihamda istinad olunan silah qismində istifadə olunan bıçaq maddi sübut kimi götürülməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Zərərçəkmiş şəxs sağlamlıqlarına yüngül zərər vurulması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin hadisə təqsirləndirilən şəxsin deyil, məhz əvvəldən baş vermiş mübahisə zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə gedişində, ümumilikdə zərərçəkmiş şəxslərin qanunazidd davranışının təsiri, belə münasibətlərin pozulması nəticəsində yəni, təqsirləndirilən şəxsin həyat yoldaşına telefonda söyüş söyməsi, sonra da nalayiq ifadələrlə dolu mesaj yazmasına görə təqsirləndirilən şəxs tərəfindən qisas zəminində hazırki iş üzrə əməli törətmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurması, yəni xəsarətin yetirilmə anı qısa zaman kəsiyində və təqsirləndirilən şəxsin iş yerinin qarşısında baş verdiyindən orada ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, cəmiyyətdə hansısa narahatçılığına səbəb olması, hadisə baş verən əraziyə kənar şəxslərin toplaşması aparılmış ibtidai istintaq və məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, yəni formalaşmış qisas motivindən zərərçəkmiş şəxsin ilk olaraq təqsirləndirilən şəxsin ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməsinə görə və anidən formalaşan şəraitdən qaynaqlanmış və habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində bıçaqdan və ya digər əşyadan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən, həm də yalnız bir şahidin ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlində nəsə olduğunu desə də, nə olduğunu görmədiyini bildirmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar